Ömər Xəyyamın rübailəri Türkiyə ədəbiyyatında

Tarix:5-12-2018, 20:21 Baxış Sayı:138

Ömər Xəyyamın rübailəri Türkiyə ədəbiyyatında
Sevinc Qəmbərli,
filologiya üzrə fəlsəfə doktoru


Ömər Xəyyam Nişapuri (1048-1131) yüz illər öncədən günümüzə əsərləri, rübailəri, sözləriylə işıq saçmağa davam edən bir dahidir. O, ensiklopedik biliyə malik olmuş, şair, filosof, riyaziyyatçı, astronom kimi fəaliyyət göstərmişdir.Bunlarla yanaşı fizika, tarix, tibb, musiqi də onun maraq dairəsində olmuşdur.

Atası çadırçılıqla məşğul olan şair, Xəyyam (çadır ustası) təxəllüsünü də buradan götürmüşdür. Bununla əlaqədar olaraq el arasında belə bir deyim yaranmışdır: “Atası çadır, oğlu müdriklik çadırı tikdi.” Xəyyam Şərqin İbn Sinadan sonra yetişdirdiyi ən böyük müdriklərdən biridir. Qərbdə “Şərq rezonansının böyük Dantesi” adlandırılan Xəyyamın əsərləri məşhurdur. XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi “Titanik” batarkən böyük məbləğdə sərvətlə yanaşı Xəyyamın qədim əlyazması “Rübayyat”ın olması da məlumdur. Bu da Qərbdə onun yaradıcılığına olan böyük marağın sübutudur.

Dördlüyün bir növü olan rübai fars ədəbiyyatında fəlsəfə poeziyasının geniş yayılmış janrı kimi şöhrət qazanmışdır. Ömər Xəyyam rübai janrının formalaşmasında və onun inkişafında çox böyük rol oynamışdır. Rübailəri mövzu rəngarəngliyi ilə seçilir, onlarda fəlsəfi, didaktik, ictimai, tənqidi motivlər mövcuddur. Burada dünya, Allah, insanın yaradılışı, həyatın mənası, axirət və s. mövzular öz əksini tapmışdır. Onu ümumbəşəri xarakter daşıyan əbədi problemlər narahat edirdi. Elm aləminə ərəbcə rübailərinin toplandığı “Əşarı bil Arabiyyə” əsəri də məlumdur.

Tədqiqatçılar arasında Ömər Xəyyamın rübailərinin sayı haqda fikir ayrılığı vardır. Şairin ədəbi irsini araşdıranlar onun rübailərinin sayı haqda 12-1200 arası müxtəlif fikirlər söyləyirlər. Tapılan əlyazmalara əsaslanaraq Xəyyamın 120 civarında rübainin müəllifi olduğu söylənilir. Güman edilir ki, şairin adına çıxarılan diğər rübailər başqa-başqa müəlliflər tərəfindən qələmə alınmışdır və yanlış olaraq ona aid edilir.
Ömər Xəyyamın rübailəri Türkiyə ədəbiyyatında
Xəyyamın rübailəri 200-dək dilə tərcümə olunub və dünyada ən çox satılan əsərlər sırasındadır. Onun rübailəri bir çox tərcüməçilər tərəfindən qərb oğuzcasına daxil olan Türkiyə türkcəsinə də tərcümə olunmuşdur. Cümhuriyyət dövründə bu işlə, özü də bir çox rübailərin müəllifi olan Yəhya Kamal Bəyatlı məşğul olmuşdur. Daha sonra Abdülbaki Gölpınarlı, Abdulla Cövdət, Yalçın Aydın Ayçiçək, Rüştü Şardağ, Ali Güzelyüz, Nergishan Tekin və b. şairin rübailərini tərcümə edərək irsini öyrənməklə məşğul olmuşlar. Bu dördlükləri türk xalqına sevdirən tərcüməçi isə Səbahəddin Eyuboğlu olmuşdur. Sevgidən, şərabdan, həyat eşqindən bəhs edən Xəyyam insanları maddi dünyanı zövqlə, həvəslə yaşamağa dəvət etmişdir:

Ben olmayınca bu güller, bu serviler yok,
Kızıl dudaklar, mis kokulu şaraplar yok.
Sabahlar, akşamlar, sevinçler, tasalar yok,
Ben düşündükçe var dünya, ben yok o da yok.


Şairin rübailərində tez-tez rast gəlinən şərab motivi sufi ədəbiyyatında olduğu kimi məcazi, rəmzi deyil, həqiqi mənada işlədilir. Xəyyamın “Şərabnamə” adlı əsərində şərab müxtəlif (ictimai, tibbi və s.) baxış bucaqlarından təhlilə cəlb olunur və onun insan həyatındakı yeri yüksək qiymətləndirilir.

Kim demiş haram bilmez Hayyam,
Ben haramla helali karıştırmam.
Senle içilen şarap helaldir,
Sensiz içilen su bile haram.

Xəyyamın yaşadığı dönəm İslam dünyasında bütün zamanları və sərhədləri aşan İntibah dövrü hesab olunur. Səlcuqların saray və şəhərlərində elə bir sosial-mədəni şərait yaranmışdı ki, Xəyyam fərqli dini, fəlsəfi, ictimai düşüncələrini rahatlıqla öz rübailərində ifadə edə bilirdi:

Ben ne camiye yararım, ne havraya,
Bir başka hamur benimki, başka maya.
Yoksul gavur, çirkin orospu gibiyim:
Ne din umrumda, ne cennet, ne dünya!


Müdrik dahi ömrünün sonunda səcdəyə gedərək bu sözləri demiş və bununla da canını tapşırmışdır: “Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir.”

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ