Ayaz Arabaçı - Müasir Azərbaycan poeziyasının ədəbi trendi

Tarix:5-12-2018, 16:37 Baxış Sayı:164

Ayaz Arabaçı - Müasir Azərbaycan poeziyasının ədəbi trendi
Şeir şairin kölgəsidir, əsli olmayanın kölgəsi düşməz.

Ayaz Arabaçının “Uzaqlar yaxın olsa...” şeirlər kitabını vərəqlədikcə onun özünü - əslini görür oxucu. Bütün parametrlərilə varlığını şeirlərə köçürüb şair. Həyatın gerçəklərini bəzən çılpaq ifadələrə, bəzən poetik pərdələr altında təqdim edərək, oxucunu ən darıxan vaxtlarında belə başqa dünyalara apara bilir. Kitabda o qədər doyumsuz şeirlər var ki... hər şeir insanda fərqli bir dad buraxır.

Şeir duyğulara söykənən sənət növü olsa da, şairlik bir az da zamana qarşı çıxmaq sənətidir. Şair arzularının, xəyallarının, sevgisinin yanında öz dünya-görüşünü, ideyasını, hətta idealını da şeirlərində əks etdirir. Bu baxımdan hər bir şeirin gizli və ya aşkar bir arxa planı, ideyası vardır. Şairin ustalığı ondadır ki, o ideyanı bir şəkildə oxucuya ötürə bilsin. Ayaz Arabaçı şeirləri bu mövzuda yeni dövrün poeziya nümunələrindən sayılır.

Sinir sistemini pozublar göyün,
Buludlar yerində fağır dayanmır...
Papağı deşilib olduğum öyün,
Yağış üç gündü ki, yağır, dayanmır.

Mən ya Göy-Göldəyəm, ya Batabatda,
Kür kimi kükrəyir Dərnəgül yolu.
Köhnə sevgilimtək yağışın altda
Burnunun sallayıb qızılgül kolu...


Elə bu nümunələrdən də göründüyü kimi, A.Arabaçı müasir Azərbaycan ədəbiyyatının yeni ədəbi stilini (trendini) yaratmışdır. Onun həm romantik, həm də realist şeirlərinin əsas qəhrəmanı insandır, əksər şeirləri insan gücünə, səbrinə və qüdrətinə heyranlıq doğuran marş kimi səslənir.
Qələm haqqında şeirlərinin birində yazır:

Bir yaxın dost kimi tutdu əlimdən,
Qəlbimi nə vaxt ki, çuğladı kədər.
Sordu duyğularım damarımdakı,
Son damla qanı da axıra qədər.

Hər şair qələmi haqqı hayqıran,
Silaha dönməsə sonu süqutdur.
Şərəflə qorumaq öhdəliyim var,
Qələm də papaq tək bir atributdur.


Şair hər hansı bir həyati problemi qələmə alarkən realist, sevərkən - arzulara, xəyallara dalarkən romantikdir. “...Toz içindədi bətim-bənizim, toz içindədi qağayım, dənizim. Toz içindədi qızların gülüşü, toz içindədi hər yan – gümüşü.. Tanrım, bu dünyanın tozunu almaq zamanı deyilmi...” Bu ikilik şairin ədəbi xüsusiyyətlərinin qoşa qanadıdır.

Şeirlərinin çoxu dağlara, çöllərə oxunmalıdır – çünki içində partlamağa hazır bir əl bombası gəzdirir. Hər bəndi dolub-daşır. Şair qəlbində yığışıb qalan intizarının səsini yükləyir şeirlərə. O, öz şairlik taleyinin əsiri olub, ağ kağızların bitib tükənməz mürəkkəbindən mədət umur. Sözlərdən tutub qaxır və sonuncu bənddə asır özünü...

A.Arabaçı şeirlərinin təsiri oxucuda heçliyi gözə alıb buxarlanmaq, sonra yağış olub dua kimi yenidən torpağa hopmaq istəyi yaradır. Şair sosial problemlərlə bağlı şeirlərində belə oxucunun estetik zövqünü oxşaya bilir.

Üz aldılar hər qapıdan süləklər,
Koldan-kosdan baş qaldırdı tüləklər,
Gədiklərdə itə döndü küləklər,
Durnaların payız köçü başladı.


Şair zamanın diqtəsilə istər-istəməz leksikonumuza qarışan müasir “yad” terminləri ustalıqla şeirlərində istifadə edirsə də, eyni zamanda dilimizdə az işlənən, arxaikləşməyə doğru gedən söz və ifadələri yenidən dilə qazandırır.

Ayaz Arabaçı zaman-zaman oxucularını həm klassik Azərbaycan ədəbiyyatı haqqında bilgiləndirir, həm də dünya ədəbiyyatı, tarixi haqqında məlumatlandırır. Bu baxımdan ən dar macalda belə oxucu “Uzaqlar yaxın olsa...” şeirlər kitabına sərf etdiyi vaxtı itki hesab etməyəcəkdir.

Ədəbiyyatsız bir toplum dünənsiz və sabahsızdır. Dünənsiz və sabahsız olmamaq üçün bugün bizə Ayaz Arabaçılar lazımdır. A.Arabaçı şeirləri cəsarətlidir, sabah gülə-çiçəyə tutulub-tutulmayacağını bilməyə-bilməyə bu gün oda-alova girə bilir. Və təbii ki, o şeirlərə tərif vermək mənim qələmimin gücü xaricindədir, mən sadəcə bir parçasını izah etməyə çalışdım.

ADİLƏ NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ