Şairin pis yazmağa haqqı yoxdur - Məmməd Arazın müsahibəsi

Tarix:1-12-2018, 19:15 Baxış Sayı:130

Şairin pis yazmağa haqqı yoxdur - Məmməd Arazın müsahibəsi
MANERA.AZ tənqidçi Vaqif Yusiflinin Məmməd Arazla müsahibəsini təqdim edir:

- «Qələm - mənim söz qardaşım». Deyirlər ki, M.Arazın şeirsiz günləri olmur. Bu, doğrudurmu?

- Məlum həqiqətdir ki, yazıçı əlində qələm ən etibarlı söykənəcək, ən möhkəm dayaqdır. Bu şərtlə ki, qələm sözün əsl mənasında sözə xidmət eləsin, söz xiridarına bələdçi olsun, könül bulandıran əməllərə məqamında söz gülləsi yönəltsin.

Həmişə də yazmaq olmur. Qələmin gücsüz, küskün, bir çöp qədərində olan çağları onun əldə isinməyən saatlarıdır. Təkcə işləyəndə yox, yazıçı düşünəndə, ürəyində misra gumuldayanda da qələm sevinir, ovxarını saxlayır. Bu mənada şersiz günlər – havasız günlərdir.

- «Ürəyimsiz kəlmə yazan deyiləm». Ürək və poeziya. Mənalı assosiasiyadır, elə deyilmi?

- Ürəksiz yazdığım yazılarım olubmu? Yəqin ki, olub. Bir qədər dərinə varsam, deməliyəm ki, çoxdur. Bunlardan «ürəyin xəbəri» yoxdur. Bunlar heç bir ünvanın qəbul eləmədiyi, öz əlimin yonqusundan çıxmayan, günahkarı yenə özüm olan yazılarımdır.

Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı

Bir qədər qeyri-təvazökarlıq etsəm, deməliyəm ki, misra özü izahsız da öz proqramını yaxşı açır. Onun bu «elastikliyinə» əl uzatmağın nə mənası?

- «Mən Araz şairiyəm».

- Araz Azərbaycan torpağının ortasından keçirsə, daha mən haranın şairi ola bilərdim?

- Nəğməsi olmayan, şeiri olmayan
Bir xalqın tarixi yazıla bilməz!

- Mübaliğə deyil ki; xalqın nəğməsi yoxsa, tarixi də yoxdur. Əslində bu, o deməkdir ki, xalqın mənbəyi nəğmə, mənsəbi tarixdir. Nəğmə dildir. Dilsiz danışanları yalnız dilsizlər anlar. Yaşasın bu mübaliğə!

- İlk şeirinizin yazıldığı gün hansı hissləri keçirirdiniz?

- O gün gecəsi olmayan və heç vaxt olmayacaq bir gün idi. O gün bütün sevinc və həyəcanımı büküb əbədi ünvana – Günəşə göndərmişəm. Hər səhər tezdən Günəş üfüqdən boylananda o günü görürəm. «Mənim əvvəli sevinc, sonrası təəssüf olan günüm - deyirəm, - bu qədər qatı açılmamış qayğını mənə tapşırıb, özün biryolluq getdin, niyə?». Ancaq ilk şer ortada yoxdur. O əks-səda getdi, qarşıda o İlahi səsin səpdiyi qayalıqlar qaldı. «Bu da belə bir ömürdü yaşadım».

- Şeirimizin fəxri Səməd Vurğunu necə xatırlayırsınız?

- Səməd Vurğunu çox yaxşı xatırlayıram. Lap elə bil dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına – yatağa düşənə qədər dəfələrlə şer gecələrində, digər məclislərdə, xüsusi ilə, o zaman Natəvan klubunda çox qaynar keçən yığıncaqlarda, Yazıçılar İttifaqının plenum və qurultaylarında onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. O qədər qeyri-adi, nüfuzedici, «qara, işıqla dolu» mənalı gözləri var idi kig Güclü məntiqi vardı. Saatlarla danışsa belə, yəqin bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı. Mübaliğəsiz deyərdim: Onun kimi öz şeirlərini gözəl oxuyan ikinci şair tanımıram. Əllinci illərin gənc şairləri haqqında (eləcə də qələm yoldaşları barədə) necə böyük səxavətlə danışdığı yaxşı yadımdadır!

- «Bu torpaq üstündə bitən Nizami,
Bəşərin ən uca fikir dağıdır»


- Nizami sənəti elə nəhəng dağ silsiləsidir ki, kəşf olunduqca kəşfi əlçatmaz olur; poetik fikir tarixində hələlik ucalığı onunla müqayisə olunacaq zirvə yoxdur. O, Yer kürəsinin bütün nöqtələrindən görünür.

- «Sənət yarışında, söz yarışında
Yüzümüz bir Sabir deyilik hələ»


- Poeziyanın gücünü onun cəmiyyətdə gördüyü işlə ölçsək, mən fikrimə bir daha möhür vururam: deyilik, doğrudan da, deyilik

- «Eh, indi sağ olsa,
Bir ovuc torpaqdan
Bir ölkə düzəldərdi
Nazim dərdi»


- Nazim Hikməti görmək, yaxından dinləmək səadəti mənə də qismət oldu. O, kürsülərdə türk oğlu türk kimi öz xalqını necə qürurla təmsil edirdi! Ürəyinin yarasında öz xalqının dərdini gəzdirirdi. İndi ayıq və ağıllı başlar Türkiyəyə Nazim qapısı açıblar. Heyf ki, bu böyük türk oğluna bir ovuc torpaq yetdi Türkiyədən. O da ki, qəbrinə qismət oldu.

- «Döy qapımı, döy qapımı, Müşfiq küləyi
Əli Kərim qasırğası, qır pəncərəmi».


- Məndən əvvəl həmin mövzuda məndən yaxşı yazmışlara ehtiram işarəsidir bu misralar.

- Əllinci illərin poeziya havasında cavanlara münasibət necə idi?

- Münasibət 50-ci illərin poeziya havasına uyğun idi. Məncə, indinin qayğısı daha çoxdur və daha çox əməli xarakter daşıyır.

- Sizin xalq ədəbiyyatına, folklora münasibətiniz?

- Mənim ilk dərsliyim o kitab oldu - qaynaqlar qaynağı el ədəbiyyatı: nağıllar, dastanlar, bayatılarg Bunlar sinədəftər nənələrin «ifasında» yüksək sənət nümunəsi idi. Onlardan baş götürməyən sənət, məncə, dəhnəsizdir, məcrasızdır, mənsəbi ilğımlardır; folklordan qidalanmayan ədəbiyyata mən belə baxıram.

- Gənc yazıçı və şairlərdən kimi sevirsiniz?

- Həm nəsr sahəsində, həm də şeirdə istedadlı gənclərimiz çoxdur. İndinin gəncliyi bizim nəslin gəncliyindən daha gur, keyfiyyətcə daha qaynar bir axınla gəlir. Gənclik yaşının orta aşırımında kimin nə gücdə olduğu aydınlaşacaq. İstedad oturuşandan sonra öz məhsulunu daha təvazökar, daha sanballı təqdim edir.

Ədəbi gənclik yaxşılı, pisli bütün yaradıcılığı ilə həmişə aydın, obyektiv diqqət işığında olmalıdır. Çap olunma azadlığı ilə təhlil-tənqid azadlığı və ümumi yekun ədəbi gəncliyə münasibəti təyin eləməlidir

- Əsərləriniz haqqında yazılan hansı məqalənin adını xoşluqla xatırlardınız. Ümumiyyətlə, tənqidə münasibətiniz?

- Təxminən 8-10 il bundan əvvəl Dursun Məmmədov adlı bir cavan ədəbiyyatşünas haqqımda məqalə yazmışdı. Məqaləni ifrat tərif yox, duyumlu təhlil üstündə qurmuşdu. Mən çap işinə qarışmadım. Deyəsən, cavan alimin cavan nüfuzu haqqını müdafiə edə bilmədi. Bir-iki il əvvəl gənc alim maşın qəzasında həlak oldu Daha nə demək olar? Haqqımda şair dostlarım, tənqidçi dostlarım çox yazıblar. Çoxundan razıyam. Ümumi sözü xoşlamıram. Tənqid şairin «sarıdığı yumağı» açmalıdır.

- Şair - oxucu barədə fikriniz?

- Şair yaxşı yazmalıdır. Oxucu da bu yaxşını duymalıdır. Bu qarşılıqlı vəzifənin öhdəsindən hansı tərəf gələ bilmirsə, demək, o tərəf yerində deyil. Demək, süd çürüdü, ayran da olmadı.

- Gərəksiz tərif də yuxuya bənzər.

- Mən «özünü ortalığa qoyub» təriflədən sənətkara «kar» deyirəm. Əsl sənət «anadangəlmə başıaşağı olur. Tərifi sağlığa çevirəndə xəcalət çəkir. Gərəksiz tərif əslində təhqirə bənzər.

- Bəs qərəzli tənqid necə?

- Bir dərya tənqidi bir damla qərəz bulandıra bilər. İstər əvvəlində olsun, istər axırında, fərqi yoxdur. Qərəz tənqidin düz sözünə yalan qatacaq. Yalanla da sənət tərs- mütənasibdir.

- Müasir rus və digər xalqların ədəbiyyatından kimləri daha çox sevirsiniz?

- Müasir rus ədəbiyyatında A.Tvardovskidən Y.Yevtuşenkoya qədər oxuyub sevdiyim şairlər çoxdur. Digər xalqların ədəbiyyatında ən çox oxuduğum şair Q.Quliyevdir.

- «Köhnə dağarcığı tumaş yerinə
Bu gün oxucuya satanlar da var».

Poeziyaya gələn, hətta neçə-neçə şeirlər kitabı çap etdirən müəlliflərə üzünüzü tutub nə deyərdiniz?

- Deyərdim: Siz özünüzü bəlkə də yaxşı bir sənət sahibi olmaqdan məhrum elədiniz. Bir özünüzlə üz-üzə oturub fikirləşin, hələ gec deyil. Sonra yaxşı olmaq fürsəti də əldən gedir.

- Müasir ədəbiyyatımızda kənddə gedən dərin sosial, mənəvi və psixoloji dəyişikliklərin bədii inikası sizi təmin edirmi?

- Bu dəyişiklik var, gedir və olacaq. Bu, çox ciddi, gözlə çətin görünən bir prosesdir. Sənət məsələyə bəzi «gündəlikçilərin» yanaşdığı kimi yanaşmır. Çoxları bu dəyişikliyi kənddə hamam və ya təzə klub tikilişində görür, bunun «inikasını» da tələb edirlər. Sənət isə daşyonanın əlindəki daşdan-dəmirdən çox, onun gözlərindəki işığa baxır, çəkicinin səsini yox, qəlbinin döyüntüsünü, dilinin zümzüməsini eşidir. Bu məqamda əl çox iş görür, ya ürək – demək çətindir. Sosial və digər dəyişikliklərin «şəklini çəkmək» sənətin vəzifəsinə daxil deyil. Şer, nəsr, başqa sənət növləri öz qanunları dairəsində vəzifəsini yerinə yetirməlidir.

- «Kənd nəsri», «kənd poeziyası», «şəhər nəsri», «şəhər poeziyası» - bu cür bölgüyə necə baxırsınız?

- Sənət xəritəsində belə bölgü yoxdur. Koroğlunun üverturasını və ya «Kamança»nı hansı bölgüyə daxil etmək olar? Sərt Arktika qışından yazılan əsər əsərdirsə, tropik qurşaqda maraqla oxuyacaqlar.

- Kəndlə sizi hansı xatirələr bağlayır?

- Kəndlə – ata yurdu ilə bağlı xatirələr yalnız özümün baxdığım, yalnız məni göstərən ayna kimidir. Ondan danışmaq, onu təhlil edib nə şəkildəsə təqdim eləmək bu anlarda o aynanı sındırmaq demək olardı. «Qoy, öz əlim aynama daş atmasın».

- «Atamın kitabı» poemasının qəhrəmanı yüz ildən çox yaşamış atanız İnfil kişiydi. Onun xatirənizdən silinməyən, yaddaşınıza əbədi həkk olan sözlərindən, nəsihətlərindən danışa bilərsinizmi?

- Atam əkinçi, biçinçi, suçu, bağban idi. «Atamın kitabı»nda onun bəzi cizgilərini çəkməyə çalışmışam. Onun insani (o, kişini deyərdi) şərtlərindən birinci cəhət yaxşılıq eləmək, əliaçıqlıq, çörəklilik idi. «Filankəs çörəkli adamdır» ifadəsini tez-tez işlədərdi. Doğru-düz danışanlar, sözü üzə deyənlər ikinci yerdə gedərdilər. İstər kişi olsun, istər qadın, belələri «halal adamlardı».

Dilinə yalan gətirəni «itlə qovun, dilinə ilan bağlayın», «yalançı ayağı dəyən şumda toxum göyərməz» - deyərdi. Çox yatan adamları xoşlamazdı. «Ləttinin təknəsi həmişə boş olar, oraq zəmidə, kotan şumda parıldar, yerin belini bel qırar» kəlamları çox işlətdiyi məsəllərdi.
Ailəmizdə onun ömür boyu saat 6-dan gec durduğunu görən olmamışdı. Yataqda isə başını yastığa qoymağı ilə yuxuya getməyi 2-3 dəqiqə çəkərdi.

- «Ana itirmişəm ana yaşında». Dərdinizi təzələmək istəmirəm, sizin şairliyinizə ananız sevinirdimi?

- Anamın yazı savadı yox idi. Ancaq cəhrə üstə özü bayatı, ağı qoşardı. Bu barədə bir yazımda söz açmışam. Folklordan qidalanan şeri çox gözəl duyurdu və təbii ki, oğlunun şeir yazmasına sevinirdi. Şeri oxudardı, xoşuna gəlməyəndə deyərdi: «bunda mənim südüm yoxdur».

- «Adilik sənətin ölümüdür». Viktor Hüqonun bu kəlamını necə izah edərdiniz?

- Sənətdə adilik yazıçını sadəliyə, təbiiliyə deyil, bəsitliyə aparırsa, əlbəttə, «adilik sənətin ölümüdür». Çox gözəl deyilib. Sənət hamının anladığı, hamının deyə bilmədiyi qeyri-adilikdir. Yaxşı ki, dahilik zirvəsinə yalnız dahilər qalxa bilər. Adilər baharın aldatdığı səhra efemerləridir.

- Belə bir məşhur ifadə var: «Yazıçının əlyazmalarından da tər iyi gəlməlidir». Yaxud, başqa ifadə: «Düha – on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir».

- «Yazıçının əlyazmalarından tər iyi gəlməlidir». Mən çox tərləyirəm, tərdən zəhləm gedir. Amma deyiləni məcazi mənada qəbul edirəm, işləklik mənasında. Burada dəqiq ölçü-biçi yoxdur; bədii əsərin neçə faizi zəhmətin və neçə faizi istedadın məhsuludur – ayırd eləmək çətin məsələdir. Söhbət istedadın zəhmətkeşliyindən getməlidir. Dahilər – yazıçı da, alim də, başqa sənət sahibləri də fil gücü ilə işləyən qəddi əyilmişlərdi. «Tənbəlin təknəsi boş olacaq». Burada yaddaşıma həkk olunan məşhur kəlamı xatırlayıram: «dahilik - kəmiyyətdir». Etiraz eləməyə tələsməyək. Kəlam müəllifi nə dediyini yaxşı başa düşür. Təsdiqi ilə inkarını tərəziyə qoyub demək istəyir ki, tolstoyların, hüqoların bu qədər əsərini yalnız ağır zəhmət yarada bilərdi. Bəli, dahilik həm də kəmiyyətdir.

- Qadın gözəlliyi, qadına hörmət, məhəbbət duyğusu illər keçdikcə Sizin poeziyada əbədi mövzuya çevrilir. Nədir bunun sirri?

- Poeziya dil açan gündən indiyədək həmişə qadın mehrindən, qadın hənirindən, yol-yoldaşlığından, ana şərəfindən, yar ünsiyyətindən su içib, mövzu alıb. Qadın «cazibəsindən» uzaqlaşan poeziya müəllifsizdir. Müəllifsiz olan poeziya oxucusuzdur. Mən bu mövzuda yazıram və yaza bilirəmsə, bu, qəlbin diqtəsi, ağlın hökmüdür. «Qələm gəldi əlimə». Səbəb nədir? Qadın qəhrəmanların özündən soruşmaq olar: səbəb nədir?

- Müasir sevənlərə münasibətiniz? Onlara nəyi arzulardınız?

- Sevgi hər zaman sevgidir. Ona münasibət mühitlə, zamanla əlaqədar dəyişir. Onun bəzi «şərtləri» dəyişsə də, sədaqət sədaqətliyində qalsa yaxşıdır. Müasir cavanlara deyərdim: sözünüzlə hərəkətiniz, vədinizlə ilqarınız, səmimiyyətinizlə etibarınız arasında uçurum olmasın.

- Tit Mak Plavtın bu fikrinə necə baxırsınız? – «Bu dünyada gözəl olmaq dəhşətli bir bədbəxtlikdir».

- Bilmirəm, gözəllik deyəndə təkcə xarici cizgilərimi nəzərdə tutursunuz? Bəs insanın daxili gözəlliyi necə? Bunsuz bəşəri tərəqqidən nə danışmaq olar? Bəşərin əsl yolu gözəlliyə gedən yoldur. Bəlkə həmin müəllif təkcə qadın gözəlliyini nəzərdə tutur. Qadın gözəlliyi olmasa, bir qısa ömrü yaşamağa dəyməzdi. Gözəlliyi qorumaq və gözəllərdən qorunmaq lazımdır.

- Müasir məhəbbət poeziyası haqda fikriniz?

- Müasir dövrün havasına uyğun yaxşı məhəbbət şeirləri çoxdur.

- Sizinlə bir dövrdə ədəbiyyata gələnlərdən kimin yaradıcılığını daha çox izləyirsiniz?

- Söhrab Tahirin və Sabir Əhmədovun yaradıcılığını.

- Son illərdə şerimizin hansı uğurları Sizi sevindirir?

- Səs-küydən, ritorikadan uzaq, şerimizin kökə bağlı, obrazlı düşünən, vətəndaş qayəli, dolğun, ictimai-sənət yönlü şairlərimizin uğurları məni sevindirir. Qırxa çatmış, qırxı təzəcə adlamış belə şairlərin bir neçəsi özünü təsdiq edib.

- Bəs bu sahədə Sizi narahat edən cəhətlər?

- Çox da narahatlıq doğurmayan bir cəhəti qeyd etmək istəyirəm, bu da bəzi gənclərin şerlərində forma özbaşınalığıdır. Görürsən, şer onbirliklə başlayır, bir-iki sətirdən sonra şair «nəfəs dərib» sərbəst vəznə keçdi, sonra ondördlüyü iki yerə böldü, arada şer lap məqaləyə döndü. Mən belə şerləri oxuya bilmirəm. Yadıma gəlmir, bəlkə mənim də belə yazılarım var. Şair forma seçməkdə sərbəstdir – o, «ağ» da yaza bilər. Amma, doğrudan da, ağ olsun.

- Son illər bəzi əsərlər istisna olmaqla sadə insanların həyatını yalnız tərənnüm şerləri yazılır, niyə fəhlənin alın təri, kəndçinin qəlb aləmi şerdə seyrək nəzərə çarpır?

- Şeiri kənd əməkçisinə və fəhləyə həsr eləməmək də olar. Bu, şairin öz işidir. Kəndlinin, fəhlənin zövqünə oxşayan şeirlər yazmaqdan boyun qaçıranların isə sənətkar olmasını zaman çətin ki, təsdiq eləyə. Əməkçi insanın həyatına həsr olunmuş yaxşı əsərlərimiz var. Təkrar edirəm: ədəbiyyat hamıdan yazmağı boynuna götürməməlidir. Hamı üçün yazmaq – böyük sənət bu zaman yaranır!

- İnsan və təbiət. Bu mövzu sizin poeziyada mühüm yer tutur. Sizcə, bu problemin həllində poeziyamız nə dərəcədə öz sözünü deyir? Təbiət haqqında, onun poeziyada inikası barədə fikriniz?

- Təbiət sənətin əbədi mövzu mənbəyidir. Xüsusi ilə poeziyanın. Təbiətin incəliklərini poeziya qədər duya biləcək ikinci sənət növü tanımıram. Cəmiyyətdən təbiətə, təbiətdən cəmiyyətə baxan yazıları xoşlayıram. Hazırda təbiətə münasibətdə elə məqam gəlib ki, bütün sənət növləri öz «əsasnaməsinin» birinci, ən qeyri-mümkün halda ikinci maddəsində böyük həyəcanla təbiətin keşiyində durmaqdan söz açmalıdır. Təbiət endogen dağıntısına məruz qalırsa, birinci uçurum sənətin payına düşəcəkdir.

- Siz niyə son illər ədəbi gecələrdən, oxucu alqışlarından uzaq düşmüsünüz?

- Əvvəla, əsasən, görüşlərə getməyə səhhətim imkan vermir. Bir də ortada oxucu diqqətini cəlb eləyən yazı olanda alqış səsi uzaqdan da qulağıma çatır.

- Dünya ədəbiyyatı klassiklərindən kimi daha çox yüksək qiymətləndirirsiniz?

- Bəşər mədəniyyətinin «təsdiqindən keçmiş» klassiklərin çoxu mənim oxucu zövqümdə ünvan tapıb. Ancaq mənim yön tutduğum sənətkarlar cərgəsində birinci yer Nizamiyə məxsusdur.

- Müasir meşşanlara və indi «dəbdə» olan antipodlara münasibətiniz?

- Nə bilim. Heç xüsusi antipod gördüyüm yadıma gəlmir. Axı, onların xüsusi geyim-kecimi yoxdur. Ciddi şer bəşərə yad, qayəsiz, məsləksizlərlə mübarizə vəzifəsini boynuna götürürsə, hardasa antipodla da qarşılaşır.

- Hansı şeriniz daha çox əzizdi? Və hansını çox çətinliklə yazmısınız?

- Daha çox çap olunmamış şeirlərim. Arxivimdə «Fars müğənnisinə» adlı şeirim var. Neçə ildir ki, ümumiləşdirici – son bəndini tapa bilmirəm.

- Şair dostlarınızdan bir çoxu nəsrə, hətta dramaturgiyaya üz tutub. Siz buna necə baxırsınız?

- Şairin bütün janrlarda yazmağa haqqı var. Bircə pis yazmağa haqqı yoxdur.

- Müasir Cənub ədəbiyyatına münasibətiniz?

- Müasir Cənub ədəbiyyatının, ümumiyyətlə, cənublu-şimallı ədəbiyyatın ən nəhəng siması ustad Şəhriyardır. Ara-sıra bizim mətbuatda çap olunan yazılar Cənub ədəbiyyatının (Arazın o tayını nəzərdə tuturam) inkişaf yolunda olduğunu göstərir.

- Niyə son illərdə yaxşı poemalar yaranmır?

- Poema çətin yazıldığı kimi, çətin də oxunur. Görünür, zaman elə-belə, orta səviyyəli poemaların «istehsalını» istəmir. Yaxşı poema nədir? XIX əsrə qayıdaq: «Yevgeni Onegin» səviyyəsində neçə poema saya bilərsiniz? XX əsrin də yaxşı poemaları var. Yaxşı janr ölə bilməz. Yenə də yaranacaq.

- Siz «ədəbi hadisə» anlayışını necə başa düşürsünüz?

- Qəfil, ya qeyri-qəfil, ədəbiyyata nadir istedad gəlib, tutaq ki, onu gec görüblər (fərqi yoxdur), indi onu elliklə təsdiq edirlər. Bu, bir şer toplusu, bir roman və ya bir hekayə də ola bilər. Yaxşıdan əla, əladan yaxşı ədəbi hadisədir. Ancaq mən «mütləq» ədəbi hadisəni qəbul edə bilmirəm. Nisbilik anlayışı mane olur.

- Mustay Kərim, Qaysın Quliyevlə dostluğunuzdan danışın.

- Mustay Kərim və Qaysın Quliyevlə görüşlərim, yaxın salamım olub. Hər ikisindən tərcümələr eləmişəm. Hər ikisi haqqında mətbuatda ürək sözümü demişəm.

- Gələcək planlarınız?

- Yazmaq!

- Sizi sevən oxuculara sözünüz-sovunuz?

- Oxucularıma deyərdim: poeziyanı sevdikləri qədər duysunlar, duyduqları qədər sevsinlər. Bir də arzularıca ömür eləsinlər.

"Azərbaycan" jurnalı
iyun, 1983


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ