Sadəliyin möhtəşəmliyi - Kənan Hacı yazır

Tarix:30-11-2018, 12:50 Baxış Sayı:230

Sadəliyin möhtəşəmliyi - Kənan Hacı yazır
Ayaz İmranoğlu ilə dostluğumuzun hesabatı

Yazının birinci cümləsi həmişə adamın amanını qırır, kələyini kəsir – istər hekayə olsun, istər roman, istərsə də esse. İlk cümləni yazınca beynindən az qala, yüz cümlə keçir, amma nəsə səni qane etmir, ürəyincə olmur. Birinci cümlə mətnin açarıdır, yazdınsa, deməli, artıq mətnin içindəsən.

Yaxşısı budur, birbaşa mətləbə keçim. Ayazdan yazmaq çətindi. Noyabrın tufanlı-ayazlı günündə adının mənasıyla xasiyyəti tərs mütənasib olan bir adam haqqında – uzun illərin dostu-sirdaşı Ayaz İmranoğlu haqqında yazmaq çətin olsa da adama bir qəlb rahatlığı gətirən işdir. Ayazla hər görüşdən sonra ilin hansı fəsli olmasından asılı olmayaraq içimdə həmişə yamyaşıl bir ümid göyərib, tumurcuqlayıb.

Həyatın bütün çətinliklərinə rəğmən üzündə daimi məskən salmış təbəssümü dost-tanışa pay-püşk kimi paylamaqdan yorulmayan Ayaz İmranoğlu mənə dost sözündən də bir köynək yaxın adamdır. Çox-çox illər bundan öncə eyni qəzetə yazılar yazmışıq, bir-birimizi qiyabi olaraq tanısaq da o vaxt ünsiyyət qurmağa tale bizə fürsət verməyib. Bir də gözümü açıb görmüşəm ki, Ayazla mütəmadi görüşüb dərdləşirik, heç fürsətə ehtiyac qalmayıb.

Ayaz sözlə yaşayan, bədii mətni duyan adamdır, diqqətcildir, dostcanlıdır. Gözəl hekayələrin müəllifidir Ayaz. Ayazın ürəyi filtr kimidir; bütün pislikləri ürəyindən keçirib duruldur, hekayələrində də qəmi sevincin gözünə qatıb onun içində əridir. Ayazla hər görüşdən sonra içimdə qəribə bir yüngüllük əmələ gəlir, onun nikbin ovqatı beynimdəki dumanlı fikirləri qovub çıxarır, öz-özümə “həyat gözəldir” deyə pıçıldayıram. Daramatik məqamlarda belə onun üzündəki təbəssümü görəndə öz pəjmürdəliyimdən utanmışam. Sanki onunla ünsiyyətin özü də sosial, psixoloji, terapevtik təsirini göstərir. Bu görüşlər bir növ, terapevtik seansa çevrilir. Biz “Xalqlar dostluğu” metrosunun həndəvərində dostluğumuzun binasını hər görüşdə bir kərpic ucaldırıq.

Mütəmadi görüşsək də bunların heç birini özünə deməmişəm, bu yazıdan oxuyub biləcək. Nədənsə biz özümüzə yaxın, simsar bildiyimiz adamlara ruhumuzun Marian çökəkliyində gizlətdiyimiz məhrəm duyğuları açmaqda çətinlik çəkirik. Bu anlaşılmaz halət də insan mürəkkəbliyinin bir xassəsidir. Yadıma əsgərlik vaxtı anama yazdığım məktublar düşdü. O məktubları arxivimdə qoruyub saxlayıram, illərlə içimdə yığılıb qalan duyğular o məktublara axıb tökülürdü. Anam mənə cavabında yazırdı ki, sən heç vaxt mənimlə bu cür isti, məhrəm söhbətlər eləməmisən, mən səni tanımamışammış... Mən özümü introvert (özünəqapalı) insan tipinə aid edirəm, xarakterim belədir. Allah məni bu cür yaradıb. Ayaz haqqında yazımda anamın yada düşməyində nəsə bir hikmət var.
Sadəliyin möhtəşəmliyi - Kənan Hacı yazır
Onun da, mənim də valideynlərimiz eyni qəbristanlıqda uyuyurlar. Bir dəfə Ayaz məndən soruşdu ki, qəbirüstü ziyarətə gedirəm, sənin ananın məzarı hansı səmtdədir? Ayazın bu sualı içimi titrətdi... O, kəndə gedəndə mənim də anamın məzarına baş çəkən adamdır. Dost sözünün qiymətdən düşdüyü indiki zamanda dostun dostdan əsirgədiyi yaxşılığı heç bir təmənna güdmədən Ayaz gözüyumulu özünə dost bildiyi adam üçün edər. Ayazı Asif Ata Ocağına gətirən içindəki işıq olub. Nurayaz İnamsoy adını ona bu Ocağın qoruyucusu, davamçısı və indiki başçısı Safruh verib. İnsanı bir ömür boyu müşayiət edən fanilik duyğusundan xilas edib onu əbədi dəyərlərə tapındıran bu Ocağın üzvüsənsə, demək Safruhun sınağından yaxşı çıxmısan.

Ayaz bu inamı doğruldub. O, özünün həyat fəlsəfəsini Asif Ata ideyalarında tapıb və bu, onun şeirlərinə, hekayələrinə də yansıyıb. Onun yazıları Asif Ata fəlsəfəsindən qaynaqlanır. Ziyalı sözünün devolvasiyaya uğradığı zamanda Ayaz bir əqidə adamı olaraq cəmiyyətə kristal ziyalı modeli təklif edir. Özü də bunu son dərəcə mütəvazi şəkildə -qışqırıb-bağırmadan, hay-küy salmadan – edir. Həyatın sınaqlarından keçmiş əqidədən qaynaqlanan mənəviyyatı ona imkan vermir ki, şəxsiyyətini zədələyəcək işlərə qol qoysun.

Bu günlərdə Ayazın feyzbukda bir statusuna rast gəldim. Yazırdı: “Gecə-gündüz Ulu Tanrıya üz tutaraq yalvarıram ki, insanlar dünyaya gələndə riyadan, xəbislikdən, kin-küdurətdən, ikiüzlülükdən, yaltaqlıqdan, insafsızlıqdan uzaq olsunlar. Bəzən elələrinə rast gəlirəm ki, düşünürəm, yəqin bunlar mənim Tanrıya yalvarışlarımdan qabaq doğulublar...”

Bu fikirlər Ayazın xarakterini dolğunluğu ilə ifadə edir. Ayaz bəzən sözü üstüörtülü, bəzən eyhamla, bəzən zarafata salıb deyir, anlayan anlayır, anlamayan da onun mənalı gülüşləri altında əzilir.

O, həmişə faydalı işlərlə məşğul olub, erməni vandalizmini tarixi sənədlərlə sübut edən kitablar çap etdirib, Azərbaycanın Milli Qəhrəmanı Ramil Səfərov haqqında ayrıca kitab yazıb, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş vətən oğulları haqqında oçerklər qələmə alıb. Hekayələri, povestləri var. Yeri gəlmişkən, onu da deyim ki, Ayaz nədənsə nəsr kitabını yubandırır. Onun yeganə qüsuru öz yaradıcılığına qarşı səhlənkar münasibətidir. Bu barədə dəfələrlə söhbətlərimiz olub. Məncə, artıq vaxt yetişib. Onun qismətinə qəzetçilik də yazılıb. Bir vaxtlar “Qədim yurd” qəzetini nəşr edirdi, hal-hazırda “İnamın gəlişi” qəzetinin baş redaktorudur.

Bu qədər işlərin müqabilində Ayaz layiq olduğu qiyməti almayıb. Ona görə ki, Ayaz eqosentrik adam deyil, diqqət mərkəzində olmağı sevmir. Heç kimdən heç nə ummadan ləyaqətlə, vicdanla sözə xidmət edir. Onun lüğətində təmənna, təkəbbür sözləri yoxdur. Ədəbi mühitin mürəkkəbliyini, mərhum rejissorumuz Vaqif İbrahimoğlu demiş, müxtərizliyini kənardan və bir az da təəssüflə müşahidə edən Ayaz İmranoğlu bəzi qələm adamlarının yerə-göyə sığmayan təkəbbürünü heç cür sinirə bilmir və bəlkə də elə bu səbəbdən özünü həmişə bu əndişəli, qeylü-qallı mühitdən kənarda saxlayıb. Onun bu cəsarətli həssaslığı məni həmişə düşündürüb və sonda Ayazı haqlı hesab etmişəm.

Təpədən-dırnağa zəhmət adamıdır Ayaz. Sanki zəhmətin yeriyən heykəlidir, zəhmət onun ilk baxışda sərt görünən simasında öz nəqqaşlığını edib. Bu sərt simanın dərinliklərində işıqla dolu bir cüt göz parlayır. Ürəyindəki işıq o sərt cizgiləri yumşaldır, ətrafdakıları da öz haləsinə bürüyür. Sadə adam necə olur deyə soruşsalar mən Ayaz İmranoğlunu nişan verərəm. Onun kimi! – deyərəm. Ayazı bizə sevdirən də onun bu böyük və möhtəşəm sadəliyidir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ