Təsadüflər, keçmişə qayıda bilməmək, kommunizmin çirkin üzü

Tarix:16-11-2018, 09:41 Baxış Sayı:134

Təsadüflər, keçmişə qayıda bilməmək, kommunizmin çirkin üzü


Geriyə qayıdıb, verdiyimiz qərarları dəyişə bilsəydik həyatımız başqa bir səmtə doğru axardı. Amma belə halın mümkün olmadığı və insan həyatı bir dəfə yaşadığı üçün verdiyi qərarların yüngüllüyündən, ağırlığından asılı olmayaraq onunla ömürlük yaşamağı bacarmalıdır. Tale və təsadüflər zəncirindən hörülmüş hörümçək bağına bənzər hadisələrin içində yaşayan müxtəlif insanların hansı halda qərarının yüngül, hansı halda ağır olması çox maraqlıdır. Çünki verdiyimiz qərar təkcə bizim deyil, digər insanların, hətta bir ölkənin də vəziyyətini dəyişməyə qadirdir. Bu yaxınlarda oxuduğum “Varlığın Dözülməz Yüngüllüyü” əsərində də verilən qərarların nə qədər ağır və ya yüngül olması, əsərin sonrakı gedişatına necə təsir göstərməsi mənim üçün çox maraqlı bir mənzərə yaratdı. Milan Kundera yazdığı bu əsərdə kiçik, bir o qədər anlamsız məsələlərdən böyük, ciddi məsələlərə özünəməxsus şəkildə keçid etməyi bacarıb.
Əsəri sadəcə dörd obraz və bir it üzərində quran yazıçı təsadüflərin həyatımıza təsirindən, insanın daim verdiyi qərarları geriyə qayıtmaqla dəyişmək istəyindən, SSRİ-nin kommunizm ideyasını Çexiyanı ələ keçirərək daha da geniş ərazilərə yaymasından, kiçik sayılacaq xəyanətlərin böyük xəyanətlərə yol açmasından, bədən və ruh arasında ölçüyə gəlməz əlaqələrdən və s. mövzulardan bəhs edib.
Həkim Tomaş həyatda nə istədiyini bilməyən insanlardan sadəcə biridir. Peşə həyatında işləri normal gedən, amma ailə həyatında bir o qədər uğurlu olmayan Tomaş oğlunu görməkdən imtina edərək keçmişi unutmağa çalışır. Təsadüfən getdiyi bir barda Tereza ilə tanış olan, ona öz ev ünvanı verən Tomaşın bu nöqtədən sonra həyatındə dəyişiklik olur. Tereza ilə Tomaşın ilk görüşü yazıçının qeyd etdiyi kimi altı təsadüfün üstündə qurulub. Sadəcə bir təsadüf yerindən oynasa idi, bu görüş baş verməzdi. Həmin ilk görüşdən sonra Tereza Çexiyanın şəhərə bir o qədər də uzaq olmayan kəndindən Praqaya qatarla gedib–gəlməyə başlayır. Evindən, anasından uzaqlaşmağa qərarlı bu qız üçün həyatın yeni səhifəsi açılır. Milan Kundera Tereza ilə anası arasında uçurumu çox gözəl şəkildə qeyd edib. Anası ehtiyatsızlıqdan, daha doğrusu təsadüf nəticəsində uşağa hamilə qalır. Terezanı dünyaya gətirən anası qızına qarşı heç sevgi bağı hiss etmir. Bir müddət sonra sevgisini başqa bir kişinin qucağında tapan qadın ərinin ölümündən sonra qızı ilə birgə həmin kişinin evinə köçür. Daha dörd uşaq həyata gətirən qadın öz gözəlliyi itirməsi, yaşlanması səbəbindən Terezaya qısqanclıq duymağa başlayır. Cavanlığındakı bədən quruluşunu qızında görən qadının halını müəyyən etmək çətin deyil. Bu qısqanclığı duyan Tereza elə bu səbəbdən bədəninə nifrət edir, içində gəzdirdiyi ruhunu tapmaq üçün Tomaşın yanına köçür. Burada verilən ikitərəfli qərarın ağırlığı və ya yüngüllüyü mübahisəli məsələdir. Tomaş qızın yanında qalmasını istərsə də, sonradan verdiyi qərarın ağırlığını çiyinlərində hiss edir. Məsuliyyət onu boğur. Tomaş Terezanı sevir. Ona görə yanında saxlayır.
Xəyanət məsələsi də əsərdə gözəl işlənib. Tomaşın Terezaya xəyanəti, Terezanın Tomaşa xəyanəti, Fransın arvadına xəyanəti, Sabinanın isə bütün dünyaya xəyanəti. Xəyanətin başlıca səbəbi nədir? Tomaş buna belə açıqlama gətirir ki, sevgi və seks ayrı-ayrı məfhumlardır. Bədən və ruh kimi. Tomaş Terezaya ruhən bağlı olsa da, bədəni başqa qadınlara, ən çox da Sabinaya bağlı qalır. Terezada isə məsələ başqa cürdür. O bədəni ilə ruhu arasında mübarizə edir. Ruhuna daha çox bağlı olsa da bədəni ona xəyanət edir. Frans isə xəyanətə daha çox sevdiyi qadını tapmaq üçün baş vurur. Atasını uşaq yaşda itirən Frans anasına ömür boyu ürəkdən bağlanır. Anasının ölümündən sonra Frans bütün qadınlarda öz anasını axtarır. Əsərdə qeyd olunduğu kimi sevginin ona zərbə endirməsindən çox qorxur. Sonda Sabinanin xəyanətinin səbəbinə baxanda şahidi oluruq ki, onun xəyanəti ilk ailəsinə qarşı olur. Onu hər şeydən qoruyan ata və anasına qarşı. Sonradan ailə üzvlərini itirən qız səhv etdiyini anlasa da, xəyanətləri ard- arda sıralayır. Artıq bir dəfə xəyanət edən həmişə xəyanət etməyə məcbur olar. Bunu bir vərdiş halına gətirir. SSRİ- nin Çexiyanı işğal etməsi ilə bağlı yazıçı əsərində kommunizmə nifrətini bütünlüklə qusur. Tereza işğal zamanı küçələrdə şəkil çəkməyə başlayır. Hər şeyi olduğu kimi aparatının yaddaşına həkk edir. Sonradan həmin şəkilləri sataraq Çexiyada mövcud vəziyyəti bütün dünyaya çatdırmağa çalışır. Terezadan fərqli olaraq Tomaş ölkədən çıxmaq planları qurur. Tereza ilk növbədə buna razı olmasa da sonradan Tomaş ilə birlikdə Cenevrəyə getməyi qəbul edir. Yeni şəhərdə Tereza Karenin adlı iti ilə uzunmüddət qala bilmir və ərindən xəbərsiz geriyə Çexiya qayıdır. Bundan birinci şok keçirən Tomaş sonradan rahatlaşır. Çiynindəki ağırlıqdan qurtulub, həyatın yüngüllüyə qovuşan Tomaş rahatlığın bənzəsiz eyforiyasına qapılır. Bu yüngüllük bir müddətdən sonra onu darıxdırır. O yenidən ağırlığı öz çiyninə götürüb Çexiyaya Terezanın yanına gedir. Verdiyi qərarın ağırlığını sərhədi keçəndə anlayır. Kommunizmin hər keçən gün gerçək üzü ilə rastlaşan ziyalılar səhv etdiklərini anlayır. Özlərini xalqın vicdanlı vətəndaşları kimi aparmağa səy göstərirlər. Tomaş bu halı görərək əsəbləşir. “Edip” adlı məqalə yazaraq qəzetlərə göndərir. İlk növbədə onun məqaləsini bəyənirlər. Amma məqalənin sadəcə üçdə bir hissəni çap olunur. Məqalədə ziyalıların, hökümət adamlarının səhvlərindən nəticə çıxarıb, yaxalarını kənara çəkməməli, Edip kimi məsələdən xəbərdar olmasalar belə özlərini sərt şəkildə cəzalandırmaları lazım olduğu Tomaş tərəfindən qəti şəkildə qeyd olunur. Buna görə Tomaş işdən qovulur. Ona yazdığı məqalədən imtina etməyi təkid etsələr də Tomaş buna razı olmur. Pəncərə yuyan işləyən keçmiş həkimi kəşfiyyatçılar daim izləyir. Sonda Tereza ilə birgə Tomaş kəndə köçməyi qərarlaşdırır. Yazıçı Frans ilə Tomaş arasında xarakter fərqlərini Sabinanın dilindən bizə çatdırır. Frans fiziki cəhətdən nə qədər güclü görünsə də, daxilində balaca uşaqdan fərqlənmir. Ailəsini, qızını Sabinaya qurban verən Frans Sabina tərəfindən ağır xəyanətlə üzləşir. Çünki Sabina ailə həyatı üçün yaradılmayıb, onun sevgi məcarəları həmişə gizli qalmalı, kişilərin arvadları tərəfindən bilməməlidir. Bundan başqa Sabina Fransı bir kişi kimi görə bilmir, Tomaşı ondan üstün tutur. Tomaş ilə Sabinanı birləşən papaq əsərdə xüsusi yer tutur. Bu papaq həm yaddaş kimi, həm iki insan arasında xatirə kimi, həm kişiliyin xüsusi detalı kimi çıxış edir.
Əsərin “böyük yürüş” başlığında Milan Kundera kommunizmin maskasını cırıb tullayır. Onu yeni gözəl həyat şüarın altında hansı niyyətlərin yatdığını üstüörtülü də olsa qeyd edir. Frans dostlarının təkidiylə Kamboçaya müharibədən əziyyət keçmiş insanlara yardım kompaniyasına qoşulur. Ora gedən də Amerika əsgərləriylə rastlaşırlar. Amerika və SSRİ arasında böyük münaqişə, kommunizmin amerikan müğənni tərəfindən pislənməsi fransızlara pis təsir göstərir. Onlar öz ideologiyalarını müdafiə edib, burada ideologiyanın düzgün insanların əlində olmamasını qeyd edirlər. Yazıçı bu başlıq altında yazdığı fikirlərlə nə Amerikanı, nə SSRİ-ni, nə də Fransın qoşulduğu kompaniyanı haqlı sayır. “Böyük Yürüş”ü Frans dövlətlərin əsl niyyətlərinin maskalanması adlandırır. İnsanlarda yaradılan tanrılara xas toxunulmazlıq abidəsi əsərdə kommunizmin “kiç” adı altında öz mənəvi dəyərini qazanır. “Kiç”in hərfi mənası başqa olsa da burada insanın mahiyyətində gözlə qəbul edilməyən nə varsa onu öz görünüş sahəsindən uzaqlaşdırmaq anlamında işlədilir. Kiç bir çox şeyi yalançı mənada müqəddəsləşir. Sonda yazıçı insanlar və heyvanlar arasındakı əlaqəyə də toxunur. Həmçinin əsərdə Dekartın "insan eynən tanrı kimi bütün digər canlıların sahibidir" fikri xüsusilə vurğulanır və heyvanlara bir mexanizm kimi yanaşma kəskin tənqid olunur. Fridrix Nitsşenin küçədə gedərkən bir atın amansız qamçı ilə döyülməsi səhnəsinə şahidlik etməsini, bu əziyyətə dözə bilməyib atın boyuna sarılaraq ağlamasını Nitsşenin Dekartın əvəzinə heyvanlardan üzr istəməsi kimi yozur.

Nəcəf Əsgərzadə
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ