Əkmə qəm ağacı

Tarix:17-10-2018, 21:37 Baxış Sayı:120

Əkmə qəm ağacı
Vaqif Əlixanlının nəsri və publisistikası

Vaqif Əlixanlı - bu tanınmış publisist və istedadlı yazıçının ilk əsəri ilə neçə il öncə "Azərbaycan" jurnalı səhifələrində tanış olmuşam.

"Əkmə qəm ağacı..." adlı bu povest kino üçün nəzərdə tutulmuşdu. Və həmin povestdə təbii ki, kinossenari ünsürləri də diqqəti cəlb edirdi. Povest çap olunduqdan sonra yaxşı yadımdadır ki, ədəbi ictimaiyyətdə yaxşı qarşılandı. "Əkmə qəm ağacı..." dünya ədəbiyyatının korifeylərindən olan böyük fars şairi Ömər Xəyyamın həyatına həsr olunmuşdu. Hiss olunurdu ki, Vaqif Əlixanlı Ömər Xəyyamın həyatı və yaradıcılığı ilə bağlı mənbələrə bələddir, hətta Hüseyn Cavidin "Xəyyam" pyesinin də bu mövzuya həsr edilməsi onu qorxutmamışdı.

"Əkmə qəm ağacı..." tarixiliklə müasirliyi birləşdirən bir əsərdir. Müəllifin məqsədi heç də o olmamışdı ki, Ömər Xəyyamın tərcümeyi-halını, ömür yolunu və bir şair kimi yaradıcılığını tarixi həqiqətlərə uyğun canlandırsın, necə deyərlər, ard ba-ard düzsün. O belə bir həqiqəti nəzərə çarpdırmışdı ki, sənətkar və zaman problemi bütün əsrlər üçün əzəlidir. Azərbaycan ədəbiyyatında da bu problemin bədii inikasını bir çox əsərlərdə izləyə bilərik.
"Əkmə qəm ağacı..." povestində Ömər Xəyyamla yanaşı Məlikşah və Nizamülmülk kimi obrazlar da təqdim olunur. Müəllif Ömər Xəyyam obrazını daha dolğun şəkildə vermək üçün həmin iki obrazı da istər-istəməz mükəmməl canlandırmağa səy etmişdir. Çünki Ömər Xəyyamın taleyi böyük türk sultanı olan Məlikşahın və onun vəziri Nizamülmülkün taleləri ilə bağlı olmuşdur. Onların hər ikisi Ömər Xəyyamı böyük şair, münəccim və riyaziyyatçı kimi tanımış, daim onun məsləhətlərini dinləmişlər.

Vaqif Əlixanlı Ömər Xəyyamı heç də çoxlarının düşündüyü kimi şərab alüdəçisidir, deyə - təsvir etməmişdir. Ömər Xəyyam əsərdə üç aspektdə nəzərə çarpır: şair, münəccim və filosof. Doğrudur, şair kimi ondan az danışıır. Ancaq münəccim və filosof kimi Ömər Xəyyam daha dolğun canlandırılır.

Kino üçün nəzərdə tutulduğuna görə povestdə təsvir olunan hadisələr daha dinamik və sürəklidir; bir hadisə digərini əvəz edir. Bu hadisələr öz gözlənilməzliyi ilə də diqqəti cəlb edir.

O zaman bu povesti mütaliə edəndə mənə ən çox xoş təsir bağışlayan Vaqif Əlixanlının təhkiyə tərzi, dilinin emosionallığı, bədii təsvir vasitələrinin mükəmməlliyi və təsvir edilən səhnələrin hər birinin təsirliliyi oldu. Hiss olunurdu ki, Vaqif Əlixanlının bu povestdə ən başlıca uğuru məhz onun bədii dilindədir. Povestin final hissəsində Ömər Xəyyamın özünün yaratdığı, həmişə orada ulduzların hərəkətini seyr edərək müşahidələr apardığı, riyaziyyata dair əsərlərinin yazdığı, rübailərini qələmə aldığı rəsədxananı yandırırlar (ümumiyyətlə povestdə bədii konfilikt çox qüvvətli və nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir, bu ondan irəli gəlirdi ki, həm təsvir olunan dövrün özü, həm də Ömər Xəyyamın həyatı faciəli və dramatik olmuşdur).

"...Göyün üzünü tüstü bürümüşdü və Ömər məsələnin nə yerdə olduğunu indicə başa düşdü.
...Ömər ayaqyalın, başı açıq qaçırdı...
...Neçə illər bundan əvvəl bir uşaq beləcə qaçırdı. Evləri sarı, evlərini bürüyən od-alova sarı beləcə qaçır.... alova yaxınlaşırdı.
...Ömər çatanda rəsədxana yaxşı qalanmış tonqala bənzəyirdi, alovun səsindən ağız deyəni qulaq eşitmirdi. Ömər içəri can atdı, neçə illər bundan əvvəl yanan evlərinə girməyə beləcə can atmışdı. Uşağın qollarından tutub, onu qoymamışdılar... uşaq ağlayır, anasını çağırırdı.
- Kitablar qalıb orda... yazılıarım!!! - deyə Ömər bağırırdı... Ömər ağlayırdı, Ömər hönkürürdü... birdən əllərindən çıxıb alovun içərisinə atıldı...
... Uşaq onu tutanların əlindən çıxıb alovun qucağına atıldı... və əlində oddan qarsalanmış, ancaq hələ yanmayan Qurani-Kərim evdən bayıra sıçradı.
... qara geyimli arvadlar Qurani-Kərimi onun əlindən alıb öpdülər, gözlərinin üstünə qoydular. Uşağa tərs-tərs baxıb getdilər. Uşaq tək qaldı. O, içini çəkə-çəkə, titrək əlləri ilə kitabı götürüb dodaqlarına yaxınlaşdırdı, gözlərini yumdu... sonra da başını Kitablar Kitabının üstünə qoyub yuxuladı"

Vaqif Əlixanlının "Qulam, adım şah Xətai" "Karvansara" povestləri də tarixi mövzuda qələmə alınıb. Və hər iki povest də öncə qeyd etdiyimiz tarixlə müasirlik vəhdət halındadır. Oxucu bu povestlərdə tarixə həm tarix kimi, həm də bu günün nöqteyi-nəzərindən yanaşır.
Əkmə qəm ağacı
"Qulam, adım şah Xətai" povesti adından göründüyü kimi, Şah İsmayıl Xətaiyə həsr edilmişdir. Özü də bu povest elə bir dövrdə yazılmışdı ki, Şah İsmayıl Xətai haqqında görkəmli yazıçılarımız - Əzizə Cəfərzadənin, Fərman Kərimzadənin, Əlisa Nicatın tarixi romanları çap olunmuşdu. Vaqif Əlixanlının povesti də öz bədii sanbalı etibari ilə adını çəkdiyimiz həmin tarixi romanlardan heç də geridə qalmır. Povestdə Şah İsmayılın həyatı ilə bağlı yalnız bir neçə əsas hadisə təsvir olunur: onu yanına xarici ölkələrdən elçilərin gəlməsi, Sultan Səlimlə münasibətlərinin kəskinləşməsi, şiəliklə bağlı fikir və mülahizələri, Çaldıran döyüşünə hazırliğı və həmin döyüşdə məğlub olması. Povestdə maraqlı və oxucunun diqqətini cəlb edən səhnələr daha çoxdur. Məsələn povestdə göstərilir ki, düşmən bir məmləkətdən bir təlxək əsir götürülür. Həm də o təlxək sünnidir. Şah İsmayıl onu öldürmür və sarayda da hamıya tapşırır ki, buna toxunmasınlar. Bu adam hətta məni acılasa belə, ona heç bir söz deyilməməlidir. Amma sonda Şah İsmayılın şiəliyi üstün gəlir, çünki Sünni qətiyyətlə ona deyir ki, siz o döyüşə getməyin. Bu şöhrətli türk dünyasını bir-birindən ayıracaq, müsəlman dinimizə ayrılıq və nifaq salacaq. Ancaq Şah İsmayıl ona qulaq asmır, Yavuz Sultan Səlimlə döyüşə hazırlaşır. Tarixdən məlumdur ki, bu döyüşdə o məğlub olur.

Vaqif Əlixanlının "Karvansara" povestində isə XIX əsrdə-Rusiyanın tədricən Azərbaycanı işğal etməsi, xanların birləşə bilməmək faciəsi təsvir olunur. Bu povestdə də haqqında söz açdığımız əvvəlki povestlərə xas olan süjet sürəkliliyi, hadisələrin sürətlə bir-birini əvəz etməsi diqqəti cəlb edir.
Vaqif Əlixanlı bir nasir kimi deyil, bir publisist kimi daha çox tanınır və əlbəttə, burada qeyri-adi, təəccüb doğuran heç nə yoxdur.

Onun publisistikası özünəməxsusluğu və özəllikləri ilə seçilir və həm məzmunca, həm də formaca başqa müəlliflərin yazılardan fərqlənir.
Vaqif Əlixanlının publisistik yazılarını səciyyələndirən bir neçə cəhəti açıqlamaq istəyirəm.

Birincisi; Vaqif Əlixanlının publisistik yazılarının əsas, aparıcı mövzusu var-bu da mədəniyyət aləminin, radionun, TV-nin, teatrın, kinonun, mətbuatın və bu sahədə fəaliyyət göstərən curnalistlərin həyatı ilə bağlı mövzudur. Başqa müəlliflərin yazılarında da ara-sıra bu mövzulara müraciət olunur, amma Vaqif müəllimin yazılarında həmin mövzu geniş və əhatəlidir, deyərdik ki, lap konsepiual xarakter daşıyır.Bununla yanaşı, Vaqif Əlixanlı onu düşündürən digər mövzulara da müraciət edir, həyatın, gnrçəkliyin ən aktual problemləri, ictimai-siyasi həyatın olayları, dünyada baş verən hadisələr, günümüzün ağrı-acıları da onun publisistikasında əhəmiyyətli yer tutur.

İkincisi; Vaqif Əlixanlının yazıları həcminə görə yığcamdır, 2,3, 4 səhifəlik yazılardır və bu yığcam yazılarda onun fikir demək məharəti, söz söyləmək qüdrəti kifayət qədər hiss olunur. Həm də oxunaqlıdır bu yazılar.

Üçüncüçü; Təbii ki, Vaqif Əlixanlının da ustadları, müəllimləri olub. Biz İxtisas müəllimlərini nəzərdə tutmuruq. Mənəvi müəllimlər göz önünə gəlir və fikrimizcə, Vaqif Əlixanlının yazılarında iki ustadın-Mirzə Cəlil Məmmədquluzadənin və Üzeyir Hacıbəylinin yaxşı mənada dəst-xətti özünü göstərir.

V.Əlixanlı bu iki ustaddan həqiqəti əks etdirməyi, sözü cəsarətli deməyi öyrənir, ironiya, rişxənd, kinayə, sarkazm, ümumiyyətlə satirik gülüşə məxsus olan bütün bədii təsvir vasitələrinə müraciət etməyi mənimsəyir.

"Əkmə qəm ağacı" kitabında təqdim olunan publisistik yazılar "Hücrə", "Pəncərə", "İnsan çeşniləri", "Yazı-pozu", "TV-Radio", "Teatr-Sinema-Şou", "Dil məktəbi" başlıqları ilə təqdim edilir .

Daxil oluruq "Hücrə"yə. HÜCRƏ deyəndə müəllif ilk növbədə öz doğulduğu kəndi nəzərdə tutur və BÖYÜK DÜNYA ilə müqayisədə Qubanın Yerfi
kəndi hücrə sayıla bilər.

Vaqifin Yerfisini görməmişəm, amma onun yazılarında Yerfi bütün gözəlliyi ilə rəsm olunub və bu təsvirləri oxuduqca xəyala dalırsan "gsonra ziriş kolunun dibində arxası üstə uzanıb, əllərini başının altında cütləyəsən,o dağların, biçənəklərin üstünə bir sərinlik gətirən bulud əlçiminə tamaşa eləyəsən. Beləcə, yatdığın bir çimirdimi, ya bütöv bir ömürdümü-heç öz xəbərin də yoxmuş"

Kəndlə bağlı yazılarda Vaqifin xatirələr dünyası, yuxularda gördüyü insanlar, təbiətin müxtəlif otları, çiçəkləri, qocalar, ağbirçəklər, analar yada salınır. Bir publisist üçün bəlkə də çödün düzündə bitən gicitkəndən yazmaq da maraqlıdır, elə deyilmi? Amma o yazıda gicitkən sadəcə müəyyən fikirlərin söylənilməsi üçün bir vəsilədir. Və sonda mətləb açıqlanır: "Tər gicitkən bəs deyincə əlimi daladı, indinin özünəcən barmaqlarım od tutub yanır. Sandım ki, Anam mənə öyüd verir, gileylənir, layla çalı rvə mən başımı onun nehrə qoxuyan dizinin üstünə qoyuban bu gün biçənəkdə gördüyüm arıların çəkdiyi baldan da şirin yuxuya gedirəm".

"Hücrə" də müasir kəndin dərdləri də öz əksini tapır və Vaqif Əlixanlı onları da söyləməkdən çəkinmir.

Vaqif Əlixanlının PƏNCƏRƏsi əslində, onun ictimai-siyasi həyata və olaylara bir publisist kimi münasibətini ifadə edir və onun bu silsilədən olan yazılarında Millətin, Xalqın, Məmləkətin ağrı-acılarına birbaşa, ironiyasız, əksər hallarda sərt, bəzən də kövrək duyğuları ilə qarşılaşırıq.

Vaqif Əlixanlının "İnsan çeşniləri" silsiləsi də maraqlı yazılarla diqqəti cəlb edir. Ümumiyyətlə, onun publisistikasında, əksər yazılarda əsas qəhrəman İnsandır, daha doğrusu, İnsanlığın yüksək meyarı olan Şəxsiyyətdir.

Vaqif Əlixanlının sevərək söz açdığı, mərdliyin, kişiliyin, vətənpərvərliyin və sənətkarlığın mücəssiməsi olan Şəxsiyyətlər bunlardır: Şeyx Şamil, Nazim Hikmət, Rəsul Rza, Qara Qarayev Çingiz Aytmatov, Gülhüseyn Hüseynoğlu, Tofiq Quliyevgbir də sadə insanlar.

Bu yazılarda "Qədimdən qədim -Rəsul Rza" Üzeyir bəydən sonra ikinci əvəzolunmaz şəxsiyyətdir ki, Azərbaycan mədəniyyətinə böyük bir təsir göstəribdir və onun kinoya rəhbərlik etdiyi dövrdə "Arşın mal alan" çəkilibdir ki, bütün dünyanı dolaşır. Və "sapandnan yaxından-uzaqdan üstünə yağdırılan daşlara sinə gərməyi onu bir az Nəsimiyə, şirvanlı kinayəsi onu Sabirə bənzədirdi". Qara Qarayev "doğrudan çox kövrək adammış.."Skripka üçün konserti"ndə elə bil insan sanki şüşədən tikilmiş və çilik-çilik olmuş bir binanın qırıntıları üstündə gəzir. Və bəlkə billurdan yoğrulmuş muğam, aşıq havalarıdı, kimsə xıncım-xıncım, sim-sim, pərdə-pərdə doğrayıb töküb və kimsə də bu kopanın arasında nəyisə, hansı pərdənisə axtarır" . Gülhüseyn Hüseynoğlu isə keçib-gedən, üst-üstə qalaqlanan bu illər boyunca zərrəcə dəyişmədi, "İldırım"dan doğulmuş kimi necə vardısa, eləcə qaldı..Xovunda, xasiyyətində, işində-gücündə, qələmində, eləcə də sözündə-əməlində".

Öncə qeyd etdik ki, Vaqif müəllimin publisistik yazılarının böyük bir qismi radio, televiziya, kino, teatr, mətbuat aləmi ilə bağlıdır və bu da səbəbsiz deyil. Vaqif müəllim uzun müddət radioda və televiziyada çalışmış, kinostudiyada baş redaktor əvəzi vəzifəsini icra etmiş, Mədəniyyət Nazirliyində də məsul bir vəzifədə çalışmışdır. Hələ üstəlik, mətbuatda da izi var, hal-hazırda "Qobustan" incəsənət toplusunun baş redaktorudur.Deməli, onun kino, teatr, radio, televiziya və mətbuatla bağlı yazıları professionallıqdan irəli gəlir.

Kitaba onun bir müsahibəsi də daxil edilmişdir və bu müsahibədə indi çoxlarına məlum olmayan bir fakt açıqlanır: Vaqif Əlixanlı əsası 1969-cu ildə qoyulan və indinin özündə də Azərbaycan radiosunda böyük həvəs və maraqla dinlənilən "Bulaq" folklor verilişinin yaradıcılarından biri olmuşdur.
Vaqif müəllimin Radio və TV ilə bağlı yazılarında tənqidi notlar kifayət qədərdir və bunları adi bir curnalist yox, professional bir radio-televiziya işçisi söyləyir. Deyəndə ki, "..ümumilikdə TV-lərimiz toyxananı, yaxud da gecə klublarını xatırladır. Məclisin, yainki tusovkanın ortasında əvvəl lov (haranı sel-su aparıb, hara yanıb kül olub, kimi tutdular və s.), sonra da şou-xəbərlər (hansı sənət ulduzunun ad günüdü, yapon geyşaları kimi suvaqlanmış həmin manıs xalqımızın sevimli şairi filankəsin sözlərinə,-(təbii ki, xalqın sevimlisini heç kəs tanımır), yenə xalqımızın (yazıq xalq!) sevimli bəstəkarı (nə var,-nə vartürkdən, ya özgəsindən oğurlanmış bir-iki geydirmə mahnısı var)gpeşmankəsin qəlbləri riqqətə gətirən musiqisinə (qəbrində çöyrülürsənmi ay Tofiq Quliyev, ay Rəşid, ya sümüyünüz səksəndimi, ay Cahangir, ay Səid?!) hansı klip-şedevrini çəkdirəcəkdi?!"

Mətləbi uzatmadan deyə bilərik ki, TV-lərdə gedən bayağı musiqilər, aparıcıların bir çoxunun dilimizi bilməmələri, bəzi verilişlərin bəsit səviyyəsi, tanınmış ziyalıların deyil, "tanınmış" şou əhlinin mütamadi olaraq verilişlərə cəlb olunması, oxşar mahnıların, oxşar musiqilərin ayaq tutub yeriməsi Vaqif Əlixanlının yazılarında diqqət mərkəzindədir. "Müxtəsəri, bizim TV-lər -uşaq əlində iti ülgüc kimidi. Əl-ayağımızı doğraya-doğraya gedirik. Ağrısını sonra biləcəyik".

Bir də bu həqiqət də nəzərə çarpdırılır ki: "İnsaf naminə deyək ki, Azərbaycan söz sənətinin, doğma dilin keşiyində yaman-yaxşı dayanan yenə də Az. TV-di".

Vaqif Əlixanlının "Əkmə qəm ağacı" kitabı haqqında bu qeydlərimi başa çatdıranda xatırladım ki, mən onu yetmişinci illərdən tanısam da, bu vaxta kimi dəfələrlə qarşılaşsaq da, salam verib salam alsaq da, bircə dəfə olsun belə üz-üzə oturub söhbət belə eləməmişik, yəni açığını deyim, dost olmamışıq. Amma onun irili-xırdalı bütün yazılarını oxumuş, necə deyərlər, oxuyub feyziyab olmuşam.../Ədalət.-2013.-19 iyun.-S.7/

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ