Nigar İsmayılqızının sevən ürəyi...

Tarix:14-09-2018, 17:54 Baxış Sayı:269

Nigar İsmayılqızının sevən ürəyi...
Gecənin bir vaxtı zəng gəlir. Özü də “votsap”a. Bu kimdi görən? -deyə ürəyimdə fikirləşirəm. Axırı xeyir olsun. Yoldaşım da mənim kimi ayıq yatır və bu cür zəngləri məndən qabaq eşidir. Kimdi? -İndi o soruşur. Nə bilim? Bax da. O da baxır və mesajı aça-aça deyir: Sevən ürək. Dikəlirəm. Canıma vəlvələ düşür. Ürəyində oxuyur, qayıdır ki, bir xanımdı, İstanbulda yaşayır, səni tanıyır.

Vay dədə!!! İşə düşdük də!!!

Alıb oxuyuram. Nigar İsmayılqızıdır. Zamanında məndən müsahibələr götürüb, şəklini də qoyub ki, tanıya bilim. İndi İstanbulda yaşadığını deyir və istəyir ki, onun kitabının redaktoru olum. Hər ehtimala qarşı çap olunduğu saytların da adını göndərib.

Səhər saytları açıb oxuyuram. Səliqəli yazılardı, cüzi redaktəyə ehtiyac var.

Razılaşırıq. Sonra mənə yazılarını göndərir, redaktə üçün.

Və...

Və dostlar, mən bir daha əmin oldum ki, qadın nəsri deyilən bir anlam var. Qadınlar düşüncələrlə yox, daha çox hisslərlə yazırlar. Yəni hisslər düşüncəni üstələyir. Onların qəlbi bir ayna kimi bizə açılır. “Sevən ürək”. Əla logindir. Düz yerinə düşüb. Müəllifinə bənzəyir...

Nigar İsmayılqızı Orxan Pamuk vurğunudu. Hər yazısında onun adını çəkir, əsərlərindən və fikirlərindən sitat gətirir...

...Qadınlar təkcə qəlbləri ilə yox, həm də qulaqları ilə sevirlər, elə sevinirlər də. “Qadının qəlbi boşdur, onu doldurmaq lazımdır” deyimi burda yerinə düşür... Qadınlar sevgiyə möhtacdılar. Onlar hər məhrumiyyətə dözərlər, xəyanətə yox. Kişi-qadın sevgisi, Pyer Lotinin Azidəyə sevgisi kimi, bir çox xanımı riqqətə gətirir, onlarda qibtə hissini alovlandırır. Nigar xanım İstanbulu gözəl qadına bənzədir. Bir dəfə dostlardan biri İstanbula ilk səfərini belə xatırlayırdı: “İstanbul üzümə gözəl gəlin kimi açıldı”. Nigar xanım da onu gözəl qadına bənzədir. Yəqin ki, bu əfsanəvi şəhəri igid kişilərə də oxşadanlar var. İndilikdə isə söhbət qadın nəsrindən və duyğusundan gedir.

İstanbula vurğunluq onun qanına və canına hopub. Bəlkə elə ona görə də doğma Bakıdan İstanbula köçüb. Bu şəhərdən fəxrlə danışmaqdan doymur. Onun küçələrini, adamlarını vurğunluqla təsvir edir. Qarı, yağışı, romantik ab-havanı sevir. Qəribəliyi qəfil yoxa çıxdığı kimi, qəfil də peyda olmaqdadır. Sevmək üçün ürəyində yer çoxdu, özü də qəlbi həsir kimi yüngüldür, hara istəsən özüylə daşıya bilər. Sarı gülləri sevir, ona görə də “sarı lalələr alır çiçək bazarından”. Ona görə, sarı güllər ayrılıq yox, sevgi rəmzidir... Deyəsən sevgisi də bütöv, təmənnasızdır. Hər halda mən belə başa düşdüm. Yazıçı nədən yazır yazsın, orda özündən də nəsə var: bir az fərqli, bir az başqa rəng və çalarda...

Nigar İsmayılqızı həyata bir tamaşa kimi baxanlardandır. Özü də bu tamaşaların janrı psixoloji dramlardır: öz müəllifi, rejissoru, obrazları və tamaşaçıları ilə birgə... Dekorlar da yerində - siqaret dumanına kimi...Çox vaxt da tamaşanın impressiariosu Tanrının özü olur...

Nigar İsmayılqızı üslubunda gerçəkçi olsa da, ruhən impressionistdir. Çünki xatirələrlə yaşamağı sevir. Nostalji onun ruhunda və qanındadır. Məşhur deyimi bir qədər improvizə etsək, yaraşar: “Uşaqlıq onun vətənidir”...

Masal adını çox sevir və qızı olsa, ona bu adı verəcək. Mistikaya meylli olmasa da, inanılmaz hadisələrlə çox üzləşib.

Ən əsası: hədiyyə verməyi sevir, yəqin elə almağı da...

Rəngbərəng şərflər, dördkünc çanta və çemodanlar, güllü yaylıqlar onun yol yoldaşıdır...

Nə deyim. Kitab bu günlərdə işıq üzü görəcək. Oxuyun və mənim dediklərimə şərik çıxın. Zövqünüzə inanıram.../525.az/
Avqustun sonu, 2015

Elçin HÜSEYNBƏYLİ

P.S: Uzun zamandır leykozdan (qan xərçəngi) əziyyət çəkən tanınmış yazıçı, jurnalist Nigar İsmayılqızı bu gün vəfat edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ