Qadınlıqdan güc alan fəlsəfə - Daosizm

Tarix:16-08-2018, 09:36 Baxış Sayı:109

Qadınlıqdan güc alan fəlsəfə - Daosizm
Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm. Və bu kiçik essedə «Dao De Çinq»in tərcüməsi üzərində işlərkən diqqətimi cəlb etmiş bəzi məqamlar üzərində gəzişəcəm yalnız. Daha artığına iddiam yoxdur. Daosizimin özəl taleyi vardır.

Məsələ ondadır ki, Şərqin Konfutsi, Budda, İsa, Məhəmməd kimi mistik filosoflarından fərqli olaraq Lao Tzı dünya fəlsəfəsinə və dolayısı ilə də bəşər mədəniyyətinə birbaşa böyük təsir göstərə bilmədi. Lokal hadisə, fenomen çərçivələrindən kənara çıxmadı. Hərçənd ayrıca bir fəlsəfi sistem, həyat tərzi, yəni din olaraq həyata vəsiqə aldı.

Bunun, mənə görə, iki əsas səbəbi vardır. Birinci səbəb kifayət qədər bilinəndir və daosizmin elitar, qapalı düşüncə tərzi olması ilə əlaqədardır. Bəlkə də, «qapalı» sözü o qədər də yerinə düşmür, çünki Lao Tzı, prinsipcə, bütöv dünya görüşlü olmaq iddiasındadır və ekzistensiyanın bütün aspektlərinə aid öz «reseptləri», yanaşmaları vardır.

Lakin diqqətlə baxdıqda, konfutsiçilikdən fərqli olaraq, burada sosial, siyasi aspektlərin ciddi işlənmədiyini görmək olur (hərçənd «Dao De Çinq»də imperatorlara, sərkərdələrə ünvanlanan məsləhətlər də mövcuddur).

Məsələn, bu sözləri indi kim ciddiyə ala bilər ki?
"Ölkənin balaca, əhalinin az olması daha yaxşıdır. İnsanların çoxlu alətləri olsa da, onları istifadə etmək lazım deyil" («Dao De Çinq», 80)

Daos müdriki «tərki-dünya fəlsəfəsini» bir an belə tərk etmir, hətta ictimai aspektlərə toxunduqda belə. Bu isə onun reseptlərini «qeyri-ciddi» edir.

Daosizm elmi-texniki inkişafın əleyhinədir. Sadə həyat düzənin pozulmasına qarşıdır. Bu, bir aşram, monastır, xanəgah fəlsəfəsidir, ruhani praktikadır, insanın fərdi təmizlənməsinə xidmət edən. Dünya isə başqa inkişaf yolunu seçdi. Daosizmin «uğursuzluğunun», yəni geniş yayılmamasının ikinci səbəbi də elə bununla əlaqədardır: Lao Tzı patriarxal, ambisiyalı gedişatla, mədəniyyətlə heç hesablaşmadı.

Onun barədə məlumat çox azdır və demək olar ki, bütün informasiya mifik xarakter daşıyır. Onun arxivarius işlədiyi bildirilir. Qədim Çində müdriklərin savadlı olması kütlə üçün çox önəmli idi. Və savad kultu indi də Şərqdə əhəmiyyətini itirməmişdir. Amma «savadlı» təyinini Konfutsi üçün söyləmək daha münasibdir, nəinki Lao Tzı üçün. Zira Lao Tzı qətiyyən ənənəyə söykənmir. Əgər Konfutsi Qədim Çin mədəniyyətinin daxilindəki ruhani məzmunu aşkara çıxaran «restavrator»dursa, Lao Tzı sıfırdan yeni düşüncə modeli təklif edən müdrikdir.

Və Konfutsi kimliyinin fərqindəydi: «Müəllim köhnəni təkrarlayarkən yenini tapa biləndir», — deyirdi özü haqqında (Lun Yü, 2:11 ). Ola bilsin ki, Lao Tzı da geniş savada malik olub (hər halda «Dao De Çinq»i öz xətti ilə yazdığı iddia olunur), lakin onun fəlsəfəsi kitablardan deyil, ürəyinin sükütundan doğulmuşdur. «Bulanıq suya dəyməsən, lili çökəcək, suyu durulacaq. Uzun müddət hərəkətsiz qalan, Zamanla özü dirçələcək». Beləcə dirçəlmişdi Lao Tzının ruhu da.

Bəs, onun sükütundan hansı həqiqətlər doğulmuşdur? Nədən onun fəlsəfəsi hətta çinlilər üçün belə anlaşılmaz qaldı? Çox qəribə şeylər danışırdı o. Başqaları doludan danışanda, Lao Tzı boşluğun əhəmiyyətini vurğulayır. Əksəriyyət iş görmək, səy göstərməkdən dəm vururkən, Lao tzı heç bir şey etməmək, fəaliyyətsiz olmağın faydalarını göstərirdi. Hamı mübarizəyə çağırırkən, Lao Tzı təslimiyyətə sığınırdı.

Mədəniyyət kişilik kultuna tapınırkən, Lao Tzı qadınlıqdan bəhrələnin, deyirdi. İnsanlar işığı şöhrətləndirirkən, Lao Tzı qaranlığı vəsf edirdi. Başqalarının fikir vermədiklərinə diqqət edirdi Lao Tzı. O, əmindir ki, yol məhz ona görə tamamlanmır ki, kölgədə qalan tərəf istifadə olunmur. Və Lao Tzı kölgədə qalan aspektlərin istifadə olunmayan qüdrətini kəşf etmiş olur.

Beləcə göstərir ki, «Otuz mili bir təkərdə birləşdiririk. Mərkəzindəki deşik onu yararlı edir. Gildən qab düzəldirik. Daxilindəki boşluq onu yararlı edir. Qapı, pəncərə düzəldirik ki, ev olsun. Lakin evin də yararlığı daxilindəki fəzaya görədir. Həqiqətən, biz mövcudluqla əlləşirik, yararlılıq isə yoxluqdan gəlir.»

Və qadınlıq. Lao Tzının zamanında da, ondan sonra da qadın «zəif insan tipi»ndən başqa bir şey deyildi, olmadı. Qadınların yüksək məqamları barədə deyilən pafoslu sözlərin fəlsəfi əsasını tapmaq olmur, təəssüf ki, çox zaman. Lao Tzı qadınlığı kişilikdən fərqli kosmos kimi kəşf edir. Tanrını kişiyə bənzədirlər, Lao Tzı onu qadına bənzədir: «Adi adamlar kimi deyiləm. Böyük Ananın döşündən bəslənirəm,» — deyir. Kişi yalnız kişi olaraq qalacaqsa, daxilindəki qadınlıq potensiyasından yararlanmayacaqsa, həqiqəti heç zaman dərk edə bilməyəcək deyir. «Göylərin qapısı açılıb-bağlananda, Sən bir qadın ola bilərsənmi?» — xəbərdarlığı edir.

Qədim Çin fəlsəfəsinin bir böyük tapıntısı vardır — «Yin -Yan» («Qadın-Kişi») simvolu. Onu ikiyə bölünmüş dairə kimi təsvir edirlər. Ağ hissə (Yan) — kişilik, güc, işıq, qara hissə isə (Yin) — qadınlıq, zəiflik, qaranlıq deməkdir. Qaranın içərisində ağ, ağın içərisində qara cücərir. Vəhdət barədə ən şifrəli mesajlardan biri. Daosizm insanların vəhdətdən yararlanması üçün patriarxal təfəkkürün eşitmək istəmədiyi dildə danışır. Onun bu günə qədər «anlaşılmaz», «yad» qalmasının əsas səbəbi də budur.

Nə deməkdir «qadınlaşmaq»? Qaranlığı İşıq qədər, xaosu düzən qədər, yumşaqlığı sərtlik qədər, boşluğu doluluq qədər, təslimiyyəti qalibiyyət qədər, zəifliyi güc qədər dəyərləndirmək deməkdir. İkinci mənasızlaşır, birinci dəyərləndirilmirsə. Xaosu düzən meyarı ilə qiymətləndirmək olmaz. Zəifliyi güc meyarı ilə qiymətləndirmək olmaz. Boşluğu doluluq meyarı ilə qiymətləndirmək olmaz. Qaranlığı İşıq meyarı ilə qiymətləndirmək olmaz. Qadınlığı Kişilik meyarı ilə qiymətləndirmək olmaz.

Dəyərsiz bir şey kimi kənara atılan aspektdə böyük sirr və böyük həqqət qizlənmişdir. Lao Tzının fəlsəfəsinin açıq-aşkar qadınlıq qoxuması bundan irəli gəlir. O, ruhaniyyatda Yin aspektlərini tətbiq edən ilk müdrikdir. Yan'ı yalnız Yin tamamlaya bilər. Birinin repressiyası, digərini də çiçəklənməyə qoymur. Müasir feministik diskursa yeni perspektivlər açır daosim bu baxımdan.


Yin (qadınlıq) varlığın anlaşılmamış, layiqincə dəyərləndirilməmiş və hətta repressiya olunmuş tərəfidir, düşünür Lao Tzı. Müdrik faydalı olanı faydasız olandan, fəaliyyəti passivlikdən, qələbəni məğlubiyyətdən, yüksəyi alçaqdan, parlayanı kölgədə qalandan, dolunu boşdan, işığı qaranlıqdan ayırmamalıdır. Çünki faydalı olan faydasız olandan güc alır. Fəaliyyət — fəaliyyətsizikdən. Dolu — boşdan. İşıq — qaranlıqdan. Kişilik — qadınlıqdan.

Yin aspektini dəyərləndirməmək — varlığın kökünü dəyərləndirməməkdir. Varlığın kökü yoxluqdur. Bu fikri Lao Tzı açıq deməsə də, daosizm bunu deyir. Və qadın Yoxluğu — Varlığın kökünü təmsil edir. Qadını varlıq (kişi) meyarları ilə dəyərləndirmək, onun dəyərini, həyatda oynadığı funksiyanı, təmsil etdiyi hikməti anlamamaqdır. Kişi varlıqda varlığı təmsil edirsə, qadın varlıqda yoxluğu təmsil edir. Onun mürəkkəb durumu da bununla bağlıdır.

Lao Tzının tanrısı daodur və ona çatmaq üçün varlığın kölgədə qalan aspektinə yiyələnmək lazımdır, yəni qadınlığa. «Dao (Yol) — boş qab kimidir; istifadə olunmur, lakin heç zaman dolmur. Ey, saysız-hesabsız əşyaların tükənməz mənbəyi!»

Müşfiq Ötgün
https://kayzen.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ