Gəncə şivəsinin Qars şivəsi ilə müqayisəli - linqvistik təhlili

Tarix:12-07-2018, 16:19 Baxış Sayı:402

Gəncə şivəsinin Qars şivəsi ilə müqayisəli - linqvistik təhlili
Sevinc Qəmbərova,
filologiya üzrə fəlsəfə doktoru


Azərbaycan dilinin Gəncə şivəsi ilə Türk dilinin Qars şivələrinin müqayisəli - linqvistik təhlili

Azərbaycan dilinin Gəncə şivəsi və türk dilinin Qars şivələri arasında kifayət qədər ortaq material vardır. Hər iki şivədə qorunub saxlanılan qədim xüsusiyyətləri ortaya çıxarmaq üçün onları müqayisəli təhlilə cəlb etmək lazımdır. Bu baxımdan Azərbaycan dilinin Gəncə şivəsinin türk dilinin Qars şivələri ilə müqayisəli-linqvistik təhlili dilçiliyimiz üçün xüsusi aktuallıq kəsb edir.

Azərbaycan dilinin Gəncə şivəsinə aid ilk monoqrafik tədqiqat işi İ.Həsənovun 1926-cı ildə nəşr olunan “Gəncə şivəsində mənsubiyyət şəkilçisiz isimlərin hallanması” adlı kitabıdır [2, s.12]. İ.Həsənov 1974-cü ildə “Gəncə dialektinin leksikası (Heyvandarlıq və torpaqşünaslıq terminləri)” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Burada kənd təsərrüfatının heyvandarlıq və torpaqşünaslıq sahələrinə aid olan terminlər toplanılıb üzə çıxarılsa da, Gəncə şivəsinin leksikası bütövlükdə tədqiqata cəlb olunmamışdır.Hesab edirik ki, Azərbaycan dilinin qərb ləhcəsinə aid olan Gəncə şivəsinin hərtərəfli araşdırılıb səciyyəvi xüsusiyyətlərinin ortaya çıxarılmasına və bunların digər oğuz qrupu dillərinin şivələri ilə müqayisəli təhlilinə ehtiyac yaranmışdır.

Tədqiqatlar göstərir ki, qədim oğuz dili elementləri ən çox Gəncə şivəsinin daxil olduğu qərb şivələrində qorunub saxlanılmışdır. Bu xüsusiyyətləri həm şivələrin fonetik və qrammatik quruluşunda, həm də qədim türk leksikasını özündə mühafizə edən lüğət tərkibində müşahidə etmək olar.

Velyar η. Velyar η səsinin mühafizə olunaraq geniş şəkildə işlənilməsi Azərbaycan dilinin qərb şivələrini səciyyələndirən başlıca fonetik xüsusiyyətlərdəndir. Dilçilik ədəbiyyatında bu səs ğonnə, nuni səğir, uvulyar η, daha çox isə sağır η kimi adlandırılsa da , son dövrdə “velyar η” kimi sabitləşmişdir.

M.Şirəliyev η səsinin işlənib-işlənməməsini nəzərə alaraq Azərbaycan dili şivələrini üç qrupa bölmüşdür [7, s.76]. E.Əzizov da bu fikirlə razılaşaraq onu eynilə təkrar etmişdir [3, s.112]. Hesab edirik ki, bir çox məqamlarda bu bölgü özünü doğrultmur. Belə ki, müəllifin bölgüsündə üçüncü qrupu səciyyələndirən xüsusiyyəti (burada η səsi tədriclə çıxaraq, öz burun xüsusiyyətini özündən əvvəl və sonrakı saitə vermişdir) bölgüdəki ikinci qrupa aid edilən qərb şivələrində də müşahidə etmək olar.Məs.: maa, saa, so‾ra (Gən.) və s.
Velyar η səsinin qorunub saxlanılması Gəncə şivəsinin ümumtürk abidələri-Orxon-Yenisey daşüstü kitabələri və digər müasir türk dilləri ilə səsləşdiyinin göstəricisidir.

Yerli Qars şivəsində Azərbaycan dilinin qərb şivələri ilə ortaq olan yengi “təzə, yeni”, yengili “yenidən” , yengilməx´ “məğlub olmaq” və s. sözlərinin tərkibində velyar η səsinə rast gəlinir. Məs.: -Gidiller ki çifci de yengi tarlayı gurtulmuş; tapannı bitirmiş, tarladan çıhır [8, s.162]; -Günün bir gününde gelir ki çifci baba da yengil tarlayı yarirmiş [8, s.162]; -Bu gız o günü yengilir padişağa. Padişağa yengildikten sora gelir; diyir ki “Behrem” [8, s.192]

Qalınlaşma hadisəsi. Qalınlaşma Gəncə şivəsini səciyyələndirən fonetik hadisələrdən biri kimi qeyd oluna bilər. Məs.: baxdafar, xavar, Zeynaf, xarc, tasdıx, ciyar, icaza, zulum və s.

Azərbaycan dilinin incələşməyə meyliliyi onu digər oğuz qrupu dillərindən (türk, türkmən) fərqləndirən başlıca cəhətlərdəndir. Maraqlıdır ki, qərb şivələrinə məxsus qalınlaşma xüsusiyyəti onları Azərbaycan dilindən fərqləndirərək digər oğuz qrupu dilləri ilə yaxınlaşdırır. Qərb şivələrini səciyyələndirən bu xüsusiyyət digər oğuz qrupu dillərində ədəbi dil səviyyəsindədir.

Qars tərəkəmələri və Hənək türkmənlərinin şivəsində qalınlaşma hadisəsi müşahidə edilir. Məs.: - Ğazma dutan, külüng atan, ne gadar varsa Hasan Ağanın kohunun önüne gessin [8, s.358]; -Bağırdılar dangaları getirin 8, s.351; -Bele hoşavlar yapdırıyoruh [8, s.247].

c<j əvəzlənməsi. c<j səs keçidi Gəncə şivəsinin əsas fonetik əlamətlərindəndir. Bu hadisə özünü aşağıdakı mövqelərdə göstərir:

1.Təkhecalı sözlərin sonunda. Məs.: bij, gej, saj, güj, gəj və s.
2.İki və çoxhecalı sözlərin tərkibində. Məs.: güjdü, qoja, bajanax, bajı və s.
3.Fellərə artırılan qəti gələcək zaman şəkilçilərinin tərkibində. Məs.: gələjəm, alajax və s.

Qars tərəkəmələrinin şivəsində c<j əvəzlənməsinə rast gəlinir. Məs.: -Deir, vallaa ben sağ salamat memlekete gedif çıhamıjam; -Aya, arvadını, uşağını sana kim getirejeh? [8, s.341]; -Bari sen gah; bizim alaja öküz var; alaja öküzü gavağına gat, götü şeherde sat [8, s.342].

b<v əvəzlənməsi. Bu hadisə qərb şivələrində qorunub saxlanılan qədim oğuz xüsusiyyəti kimi səciyyələndirilir. Belə ki, hələ qədim oğuz dilində bu səs əvəzlənməsi mövcud olmuşdur. Məs.: barmaq<varmaq, ber<ver və s.

bv hadisəsinə məruz qalaraq var-“getmək” şəklində işlənmişdir. Müasir şivələrdə (Qazax, Tovuz, Xanlar, Şəmkir, Marneuli) varıf get şəklində müşahidə edilir [3, s.261].

Qars tərəkəmələrinin şivəsində b<v əvəzlənməsinə rast gəlinir. Məs.: -Şorvasını belimize bağladıh [8,s.324]; -Siz söz havar almağa gelifsiniz, menne ğayirim?; -Aravaya goşduh, geldig düz Garsa, Garsdan da geldig köylere verirdi [8, s.325].

d<t səs əvəzlənməsi. d<t səs əvəzlənməsinə qərb şivələrində söz əvvəlində təsadüf edilir. Məs.: tix´, tustax, tukan, tıfar//tuxar və s. M.Kaşğari bu hadisəni oğuzlara məxsus xüsusiyyət kimi səciyyələndirərək, əsasən, söz ortasında müşahidə etmişdir.Məs.:bügdə<büktə (xəncər), yigdə<yiktə (iydə) və s.[4, s.105].

Qars tərəkəmələrinin şivəsində d<t əvəzlənməsinə rast gəlinir. Məs.: -Bu Nuru özü özüne tüşünür, daşıneir [8, s.340]; -Ala öküzü gavağına gatıf yola tüşende arvat dedi; a kişi, ne alajahsan? [8, s.342].

v<y səs əvəzlənməsi. v<y səs əvəzlənməsi Gəncə şivəsini səciyyələndirən əsas fonetik xüsusiyyətlərdəndir. Bu hadisə sözlərin ortasında və sonunda müşahidə edilir. v<y səs keçidi, əsasən, o, ö dodaqlanan saitlərindən sonra baş verir. Məs.: oxloy, kösöy, pütöy, höysələ, döylət və s.

Qars tərəkəmələrinin şivəsində v<y əvəzlənməsinə rast gəlinir. Məs.: -Öyümüzde de çayımız, şekerimiz, öteberimiz yohdu [8, s.342].

y səsdüşümü hadisəsi. Gəncə şivəsində y səsdüşümü hadisəsi özünü aşağıdakı mövqelərdə göstərir:

1.Söz əvvəlində.Məs.: yumruq < umrux, yuxarı < uxarı, yumax < umax, yükləmək < ükləməx´ və s.
2.Söz ortasında.Məs.: göyrüş<görüş ağacı, qayçı<qaçı, göyərçin<göərçin, söykəndi çapçı > çafçı > çəfçi [3, s.277].

Hesab edirik ki, “əfçi” sözünü də bu sıraya əlavə etmək dəqiq olardı. Çünki, kişiyə “Sən nə əfçi adamsan; Bu kişi lap əfçidi” dedikdə əslində həmin adam qadına bənzədilirsə, nə üçün məhz qadının çox danışmağı, deyingənliyi kimi mənfi xüsusiyyəti önə çəkilir. Axı qədim türk mifik təfəkküründə qadın, ana müqəddəs bir varlıq hesab edilir. Əgər söhbət məhz çox danışmaq, evə söz-söhbət salmaqdan gedirsə, demək ki, elə mənada birbaşa çab//sab “nitq, söz” vahidi ilə bağlıdır.

Aba. Gəncə şivəsində aba sözünün “ana, ata, bibi” mənasında və “abayı” formasında işlədilməsinə rast gəlinir. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qərb şivələrinə daxil olan Gədəbəy, Zəngilan şivələrində bu vahidin “ata” , Cəbrayıl, Şəmkir şivələrində isə “ana” mənasında işlədilməsi qeydə alınmışdır. Məs.: -Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səη (Gədəbəy) [1, s.11].

Yerli Qars şivələrində bu söz “ana, nənə” mənalarında işlədilir. Məs.: -Ebem varıdı. Yüz on yaşında. Ebem de artıh, ayıb olmasın, bizim yanımızda yatir [8, s.205].

Kaşğarinin lüğətində aba “ana” mənasında verilərək oğuzca olduğu qeyd edilmişdir. Ardınca aba sözünün ifadə etidyi digər mənalar “ayı (qıpçaqca), ata (tibet dilində), “aba başı=dağda yetişən və dağlıların yediyi xiyara bənzər tikanlı bir ot” da verilmişdir [4, s.151].

Azar – xəstəlik. Azərbaycan dilinin Gəncə şivəsində bu sözdən yaranan azarrı “xəstə”, azarranmax “xəstələnmək”vahidləri işlədilir. Məs.: -Üsdünə sağlıx, yaman azarranmışam. Bu vahid “canına azar” vulqarizminin tərkibində də daşlaşıb qalmışdır.

Qars tərəkəmələrinin şivələrində də azar, azarranmax sözləri istifadə edilir. Məs.: -U keçelbaşıya bah! Elinde silaha verir... get der, geder, bu azarranır [8, s.328]; -Dediler, yau, senin azarın, derdin tükenip? Dedi ele, azarım, derdim tükenif da [8, s.333].

Nəsiminin dilində azar “əzab,əziyyət” mənasında işlədilmişdir.Məs.: -Aşiqlərin azarinə, gör kim, necə bel bağlamış [6, s.39].

XIV əsr Azərbaycan şairi Mustafa Zəririn “Yusif və Züleyxa” poemasının dilində bu söz istifadə olunur. Məs.: -Eşqi, könlü daima azar olur [5, s.281].

Çanax- ölçü qabı, ölçü vahidi. Məs.: -Maηa bir çanax taxıl ver (Gəncə) [1, s.89].

Qarsın Hənək türkmənləri şivəsində də bu sözdən istifadə edilir.Məs.: -Bu mübarek bi toprah çanağıyla bir gaş mercimek danesi alıp da yemek yapmaya çalışdı [8, s.251].

Kaşğarinin lüğətində bu söz “çanak” şəklində qeydə alınaraq iki mənada işlənmişdir: 1.ağacdan yonulmuş duzqabı, nəməkdan; 2.çanax; kasa. Oğuzca [4,s.383].

“Dastani-Əhməd Hərami”də bu söz işlədilir. Məs.: -Gümüş, altundu təpsilə çanaqlar s.54; -Dolu nemət gümüş, altun çanaqlar [3,s.85].
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Oğul-qız evin çanağı-çölməyi kibidür [6, s.33]; Qonşı qazan almaq çanaqdan su içmək kibidir [6, s.133].

XIV əsr Azərbaycan şairi Mustafa Zəririn “Yusif və Züleyxa” poemasının dilində bu söz istifadə olunur. Məs.: -Hər birində on çanaq var, ey ulu; -Hər bir çənaqdə bir qaz qodılər [5, s.266].

Çaş –çəpgöz. Gəncə və digər qərb şivələrində bu vahidə rast gəlinir. Məs.: -Qonşu qonşu olsa, çaş qız ərə gedər. Bəzi qərb şivələrində bu söz ç>ş səs əvəzlənməsilə işlədilir.

Qars tərəkəmələrinin şivələrində də bu söz qeydə alınmışdır. Məs.: -Eyle çaş galdım da [8, s.339].

“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Şaşıya yol sorsan, gözi toğruluğuna getmə, yara düşərsən [6, s.113]; Qarağıdan şaşı yegdir [6, s.135].

Çığnamaq-tapdalamaq. Məs: -Taxılı təmiz çığnayıflar (Gəncə) [1, s.99].

Yerli Qars şivəsində bu vahidə rast gəlinir. Məs.:-Bahdım ki Yusuf Beginen Dervüş Begi atların ögünde çığnada çığnada geliller [8, s.176].

Cahılbaş-gənc . Məs.: -Bəsdi cahılbaş gəlindi, ona hər nə geysə yaraşır (Gəncə) [1, s.70]. Hesab edirik ki, Gəncə şivəsində bu söz yalnız qıza, gəlinə yox, ümimilikdə insanlara şamil edilərək işlədilir.

Qars tərəkəmələrinin şivəsində bu sözdən “cahal, cahıl” variantlarında istifadə edilir. Məs.: -Bu getdihden sora bunnarın köyünde gözü açıh bir yirmi yirmi beş yaşlarında bir cahal var imiş; -Cahıl bir gedesen, belke bu işi sen bejeresen [8, s.342].

Əpbəx´- çörək. Məs.: -O əpbəx´dən bu uşağa da ver yesin.

Qars tərəkəmələrinin şivələrində bu vahid geniş şəkildə işlədilir. Məs.: -Sen bir epbehden, çaydan bir getir; menim garnımı doydur [8, s.332]; -Biraz davarcığında epbeği varıdı [8,s.333].

Hanjarı-Gəncə, Qazax şivələrində bu söz aşağıdakı mənalarda işlədilir: 1. necə? nə cür?; 2. hara, hansı tərəfə. Məs.: -Sən bilmədin sədr hanjarı getdi? [1, s.194].

Qars tərəkəmələrinin şivəsində bu sözdən geniş şəkildə istifadə edilir. Məs.: - Urusyadan henceri gelmişihse onu söyliyejem [8, s.338]; -

Henceri eledise bunun elinden çıhammadı [8, s.332]; -Men canım onnan henceri gurtaracam? [8, s.357].

“Dastani-Əhməd Hərami”də bu söz işlədilir. Məs.: -Bu vaxtın qancəri seyran qılaydı s.29; -Biliməzim ki, qancaru gedəyin [3, s.77].

Nəsiminin dilində qancəru şəklində “haraya” mənasında işlədilir. Məs.: -Qancəru kim, əzm qılsan səmmə vəchul-lahi gör [6, s.404].

Mustafa Zəririn “Yusif və Züleyxa” poemasının dilində bu söz istifadə olunur. Məs.: -Bilmədüm ki, qəncəru getdi Yusif [7, s.221]; -Qəncərudən kim, işarət eylənür [7, s.251].

Kökələnməx´ -böyümək, dairəvi şəkildə böyümək (yaraya aiddir). Məs.: -Üzündəki yara kökələnif (Gəncə) [1, s.260].

Qars tərəkəmələrinin şivələrində Məs.: -Haşa sizden haşa cemaatdan, garıynan eşşeg daha da gojaldıhca kökeniir [8, s.339].

Ləpix´-yastı və dəyirmi daş. Məs.: -Çaydan bir ətəx´ ləpix´ gətimişəm, gəlin ləpiyatma oynuyax (Gəncə) [1, s.331]. Bu söz qərb şivələrində atributivləşmiş şəkildə də isifadə edilir. Məs.: -Ha:sı, o ləpix´ baş oğlanı deyisən elə?

Qars azərbaycanlılarının şivəsində bu sözə bir qədər fonetik dəyişikliyə uğramış şəkildə rast gəlinir. Məs.: -Evet leppih daşdı işde. Evet, yuka daş, yassı [8, s.370].

Liğav-heyvanın toxumunun üzündə olan yumşaq maddə. Məs.: -Ağız, bu uşax ki belə öysürür, niyə muna hayva liğavı vermirsən? (Gəncə) [1, s.334].

Qars tərəkəmələrinin şivəsində bu söz başqa mənada işlədilir. Məs.: -İlan silkindi, ligavınnan çıhdı [8, s.358]; -İlan geldi, ligafını çıhartdı, arvadına teslim etdi [8, s.359].

Nəsiminin dilində liqa “üz, sifət, sima” sözü işlədilir. Məs.: -Cənnəti-ədn ilə, həm huru liqanun zövqin [6, s.452]. Hesab edirik ki, bu vahid ilə şivələrdə işlənən söz arasında həm forma, həm məna də uyğunluğu vardır.

Saxlaş-ehtiyat üçün saxlanılan şey. Gəncə şivəsində bu sözün “saxlanc” variantı və bu sözdən yaranan saxlaşdı “ehtiyatlı” sifəti də işlədilir. Məs.: -Bu sandığı saxlaşdan ötəri almışam; -O, çox saxlaşdı arvatdı [1, s.415].

Qars tərəkəmələrinin şivəsində bu sözə sankaş və sahleyici “saxlaşın yerini bilib ondan yararlana bilən şəxs” variantlarında rast gəlinir. Məs.: -Bizim köylü, geleller ki, bizim sahleyicinin birsinin buluf Ermeniler götürör, Sankee. Çünkü işde de sankaş diirdi. Arzak götürördü, capana yötürördü [8, s.366].

Süysünnəməx´-boynundan, peysərindən tutmaq. Məs.: -At atı süysünnüyüf (Gəncə) [1,s.453]. Gədəbəy şivəsində bu söz süx´sünnəməx´ şəklində də işlədilir. Məs.: -Süx´sünnəmə, sə:η tayın-zad ha döy o [1, s.449]

Qars tərəkəmələrinin şivəsində də bu sözə rast gəlinir. Məs.: -Yanı ezıcıh yer galmışdı, sügsünmee [8, s.366].

Şen-abad. Məs.: -Çox sağ ol, evün şen olsun (Gəncə). Qərbi Azərbaycan şivələrində bu sözdən yaranan şennətməy “abadlaşdırmaq” feli də işlədilir [1, s.459].

Qars tərəkəmələri və Hənək türkmənlərinin şivəsində bu sözdən istifadə olunur. Məs.: -Sora burayı şeneltmişler [8, s.257]; -Teze köyü şeneltdih [8, s.365].

Dialektoloji ədəbiyyatda türk dilinin Qars şivələri qarışıq xarakterli şivələr kimi səciyyələndirilir. Qərb-Oğuz ədəbi ləhcəsinə daxil olan Azərbaycan və türk dilinin təsir dairəsində olan Qars şivələri ilə Azərbaycan dilinin qərb şivələrinə aid olan Gəncə şivəsini birləşdirən ortaq xüsusiyyətlər çoxdur. Azərbaycan və Türkiyə türkcələrini bir-biri üçün anlaşıqlı edib uzaqlaşmağa qoymayan həmin səciyyəvi dil elementləri və lüğətlərindəki qədim türk leksik təbəqəsidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ