Əbülfət MƏDƏTOĞLU: SEVGİ DUASI

Tarix:22-06-2018, 16:01 Baxış Sayı:266

Əbülfət MƏDƏTOĞLU: SEVGİ DUASI


Gəlin bəri başdan şərtimizi kəsək. Mənim heç kimlə mübahisə etmək fikrim yoxdu. Heç kim də mənimlə mübahisə etməsin. Çünki son günlər yaşadığım durum özü-özlüyündə mənə diqtə edib ki, mən haqlıyam. Bu mənada haqlıyam ki, Allahın işinə qarışmaq olmaz. Və üstəlik həm də orada haqlıyam ki, Allah hər kəsi sevgiylə yaradıb, sevgidən yaradıb. Yəni sevgidən kənarda heç nə yoxdu, olmayıb və olmayacaq da! Deyə bilərsiniz ki, nikahdan kənar və yaxud da hansısa bir əyləncə xatirinə Allahsız şəraitdə dünyaya gələcək bir övladın taleyi həll olunur. İnan ki, burda da sevgi var. Sadəcə olaraq, o, etiraf olunmayandı, o, ifadə edilməyən, onun bütün detalları sözə, ipə yatmayan olduğu üçün onu hər kəs ötəri, mənasız və yaxud da günah sayır. Burda bir nüansı xüsusilə nəzərdə saxlamaq lazımdı. Təcavüz yolu ilə dünyaya gəlişinə şərait yaradan və yaxud şərait əldə edən, özü də bilmədən bir sevgi daşıyıcısı olur. Çünki övlad dünyaya gələndən sonra dərhal öz varlığını büruzə verir. Ata da, ana da o uşaqdan imtina etmiş olsa belə, gözü hər yerdə o uşağı axtarır, qulağı həmişə o uşağın səsində, sorağında olur. Ekranda, mətbuatda atılmış uşaqlarla bağlı hansısa bir süjetə, fikrə rast gələndə ürəyi səksənir, ruhu bədəninə sığmır. Bəs bütün bunlar sevgi deyil? Gərək ancaq kimsə kiməsə səni sevirəm desin?!

Bu günlərdə gördüm və şahidi oldum. Doğum evində həkimlər özləri dedi: üçgünlük körpədən valideynlər imtina edib, özü də sağlam doğulmuş körpədən, heç bir qüsuru olmayan körpədən. Səbəb də onu göstəriblər ki, guya hər iki valideyn yetkinlik yaşına çatmayıb və rəsmi nikahdan kənar doğulub bu uşaq...

Fakt gerçəkdi. Amma mənim özümdə də fakta bir şübhə var. Axı, tibbi qanunlar var, insanın dünyaya gəlmə prosesi var. Bu da böyük bir zaman deməkdi. Və bütün bu zaman da insanların gözü qarşısında ötüb gedir. Və heç kim də o zamanın günbəgün, həftəbəhəftə hamilə qalan qızda, qadında yaratdığı dəyişikliyi görmür, hiss etmir. Bu, mümkün olan bir şeydimi? Və nəhayət, onların valideynləri, təhsil aldığı müəssisə, yaşadığı ərazi və sairə və ilaxır. Bax, bütün bunlar adamı düşündürür, adamın içindən min dənə sualın göyərib dilə, kağıza köçməsinə səbəb olur. Və beləcə səbəblər çoxalır, cavablar da o səbəblərin içərisində çabalaya-çabalaya qalır. Amma heç kim bilmir ki, həmin o səbəblər də, o cavablar da öz içində olan sevginin diqqətə alınmasını, oxşanmasını, ona qayğı göstərməsini istəyir. Bax, bu istək reallaşarsa, onda həmin sevgi mütləq qalib gələcək, mütləq göyərəcək. Və onu heç kim dəfn edə bilməyəcək! Təəssüf ki, biz o sevgiləri görmürük və yaxud da görmək istəmirik. Ona görə də sevgiylə birlikdə özümüz də əzab çəkirik, əziyyət çəkirik. Bax, mən bu dediklərimi bilgisayarda yazdırdığım an hardansa ağlıma qəribə bir məqam gəlib düşdü. İnanın ki, həmin o məqam özü də gerçəkdi. Bu dəqiqə mənim iş stolumun üstündə az qala bir aydan artıqdı ki, günbəgün ləçəkləri solan bir qızılgül var. Çay stəkanında suyun içərisinə qoymuşam. Tez-tez suyunu dəyişdiyimdən hərdənbir o suyun içərisinə bir kiçicik qənd parçası atdığımdan yaşayır hələ ki o qızılgül. Amma hər gün bir-iki ləçəyi qopub-düşür. Düşünə bilərsiniz ki, sevgiylə bu qızılgülün taleyi arasında hansı əlaqə var? Mən bilirəm. Çox istərdim ki, bunu siz də biləsiniz. Biləsiniz ki, bu, əslində həmin o sevginin pünhan formasıdı. Doğrudur, mən ona şeir də yazmışam. Demişəm ki:




Güldanda solmuş çiçək

Kövrəldim görüb səni...

Kimdə idi bu ürək -

Hansı əl dərib səni?!




Xəyalıma tor atdın

Mənim ahıma batdın...

Özünü harda tapdın -

Kim kimə verib səni?!




Göz ağlar, ruh yaralı

Pərişandı yar halı...

Görəydim kaş yar əli -

Sinəmə sərib səni.




Bəli, insan təbii ki, bütün halıyla, bütün durumuyla fərqli bir ovqat sahibi olmaqla yanaşı, həm də fərqli bir aləmi özündə, varlığında daşıyır, ifadə edir. Hansı səmtdən baxırsan bax, iki insan bir-birinin eyni deyil. Və bir-birinin eyni olmayan bu insanların dünyaları da eyni deyil. Və mən eyni olmayan dünyanın fərqli insanlarının bir-birinə olan münasibətini həmişə həm maraq, həm də ehtiyat hissləriylə izləmişəm. Çünki insanların xislətindəki özününküləşdirmə, özəlləşdirmə niyyəti o qədər güclüdür ki, çox az-az hallarda başqasının haqqını qəbul edir, başqasının haqqıyla razılaşır. Bunu hamı bilir və hamı da öz içərisində, təbii ki, mənimlə razılaşar. Amma bizim, yəni insanın bir xüsusiyyəti də odur ki, adətən dildə daha güclü oluruq, dildə hər şeyi, hər sözü deməyə daha çox meyl göstəririk. Ona görə də insanı dil pəhləvanı da sayırlar. Bax, dil pəhləvanı olan biz insanlar barmağımıza tikan batmayana qədər qarşımızdakının ağrısını sona qədər qəbul edə bilmirik, anlaya bilmirik. İndiki futbolsevərlərin diliylə desək, özümüzə transfer etmirik. Ona görə də ortada bir sərinlik, bir soyuqluq yaranır. Bu da insanları bir-birindən uzaqlaşdırır, bir-birindən müəyyən bir məsafədə saxlayır. Elə bu məqamda da gözü yolda olan, əzab çəkən, həsrət yaşayan yenə Sevgi olur. Deməli, bütün hallarda biz sevginin obrazlı desəm, qatilinə çevrilirik, ona düşmən kəsilirik.





Mən həkimin xəstəyə münasibətini izlədikcə tərəddüdlə gerçəyin, gümanla inamın necə üz-üzə gəldiyini, necə bir-birilə əlbəyaxa olmağa hazır dayandığını gördüm və hiss etdim. Gördüyümlə hiss etdiyim özü də mənə imkan verdi ki, həkimin hardasa laqeydlik kimi görünən münasibətinin arxasında bir sevgi dayandığını qəbul edim. Yəni mənə bir xəstə sahibi kimi dilucu cavabı və yaxud mövzuya dəxli olmayan səbəbləri nə qədər qıcıq doğuran olsa da, amma onun arxa planında, alt qatında bir peşə sevgisinin, bir xəstəni yaşatmaq sevgisinin varlığı başqa bir söhbətdə, başqa bir təmasda qəfil yağan yağış kimi ortaya çıxır. Və qalırsan çaş-baş və qalırsan odla su arasında. Deyə bilmirsən ki, bunlar niyə belə edirlər? Amma deyə bilmədiyin anda Əli Kərimin məşhur şeiri yada düşür. Həkimin gözləri gizlənirsə, bu başqa məsələ. Amma dili söz oynadırsa, deməli, hələ sevgi yaşayır, deməli, hələ sevgiyə ümid var...

İndi bir insan, bir xəstə sahibi olmaqla yanaşı, həm də bir yazı-pozu adamı kimi də düşünmək zorundayam. Ümumiyyətlə, İbn-Sinadan və ondan da öncədən üzü bu günə təbibin dərman etməsi, xəstənin təbib araması olub, var və yəqin ki, dünya durduqca da olacaq. Bu da o deməkdir ki, həkim-xəstə münasibətinin bütün çalarları olub, var və olacaq. Hər iki halda insanın içindəki inam və inanca onun yaşamına stimuldur. Bu stimul da əslində həkimdən, təbibdən gəlir. Təbii ki, həkim, təbib Allahın bir bəndəsi olmaqla bərabər, həm də bilgi sahibi olan, peşə sahibi olan birisidi. Bax, bu mənada Allahdan gələn sevgi peşədən xilaskar olmaq sevgisinə qarşı güclənir. Həmin güc də sonda ona dikilən baxışlara işıq verir... ona açılan əllərə əl uzatmaqla sonməkdə olan şamı daha gur yandırır. Öləziyən o közün üstünə yağ damızdırıb onu alovlandırır. Beləcə, Tanrı sevgisi yazı-pozu adamının sevgisi, həkimin sevgisi, xəstənin sevgisi, xəstə sahiblərinin sevgisi toplum halında qollu-budaqlı bir çinara çevrilir... bir sərt qaya parçası olur... bir dalğalanan dənizə, sulara çevrilir. Nəhayət, nəticə üzə gülür. Yəni sevgi öz hökmünü verir.

Sizi deyə bilmərəm, mən bütün bu dediklərimin fonunda sevgiyə inandığımı, sevgiyə güvəndiyimi bəyan etməyə çalışdım. İstədim ki, dərdin özündə də sevgi olduğunu, hətta ölümün bir damarının sevgidən ibarət olduğunu ifadə edim. Axı, Allahın bir zərrəsi olan bu sevgi hər yerdə var, hər anda var. Ona görə də:




Sevindir məni görüm

Dodağın necə qaçır?!

Üz-gözündə təbəssüm -

Çiçək tək necə açır?!




İçin-için oxunan

Duman kimi yox olan...

Saçlarına toxunan -

Əllərim işıq saçır...




Tutulsaq da, dolsaq da

Pardaqlanıb solsaq da...

Hər an birgə olsaq da -

Hər an ürəyim acır...




Mən əlimi göyə açıb Tanrıya dua edəndə öncə ondan hər kəsə ürəyinə görə verməsini xahiş edirəm. Ona görə ki, sevgi ürəkdə olur. Əgər ürəyə görə hər kəs haqqını alsa, onda sevgi də haqqını almış olacaq. Və bu həm də o deməkdi ki, günündən, saatından, yerindən, məqamından asılı olmayaraq, insan bir missiyanın daşıyıcısıdı. O da böyük hərflərlə yazılan İNSAN olmaqdı! Əgər İNSAN ola bilsək, onda sevgimiz də xoşbəxt olacaq özümüz kimi. Bunu əminliklə deyirəm və özümə inandığım kimi də fikirlərimə inanıram. Hətta üzümü sənə tutub deyirəm ki:




Ruhumu bələyirəm

Gözünün işığına...

Könlümü ələyirəm -

Özünün işığına...




Əriyir zərrə-zərrə

Qarışıram halına...

Çevrilirəm heç kimin -

Görmədiyim xalına...




Ovuduram özümü

O gizli xal adına...

Hər köynək dəyişəndə -

Mən düşəcəm yadına...




Bəli, bu yazını içinizdəki, həyatınızın hər anındakı sevginin adına dua kimi yazdım. Və əlimi göyə açıb Tanrıdan SEVGİləri, SEVGİlərin barını acizanə diləyirəm. Allahım SEVGİləri və onun barını qorusun!

Əbülfət Mədətoğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ