Əbülfət MƏDƏTOĞLU: ANBAAN ƏRİYƏN ÖMÜR

Tarix:8-06-2018, 16:50 Baxış Sayı:259

Əbülfət MƏDƏTOĞLU: ANBAAN ƏRİYƏN ÖMÜR


Hər dəfə özümlə, daha doğrusu, iç dünyamla üz-üzə dayananda ağlımdan bir sual gəlib keçir. Görəsən, bütün bu yazdıqlarım və ümumiyyətlə, bütün bu yazılanlar kiməsə, nəyəsə, hətta harasa bir iynə ucu boyda işıq salırmı? Ümumiyyətlə, yazmağın, özünü ifadə etməyin bir faydası varmı?

Bəli, mən bu sualı hər dəfə ağlımdan gətirib keçirən anda belə yazmaq istəyirəm. Özü də sualın cavabını bilməsəm belə. Sadəcə, bildiyim odur ki, mən yazdıqca içimə, ürəyimə bir az nəfəs verirəm, bir az hənir qatıram, bir az ümid toxumları səpirəm. Bunlar göyərəcək, göyərməyəcək… o nəfəs bu ürəyi döyündürəcək, döyündürməyəcək… bütün bunların fərqində də deyiləm və heç olmaq da istəmirəm. Axı, olub-olmamağım heç nəyi dəyişməyəcək. Ürək ağrımağında… beyin düşüncələrində… fikir pərişanlığında… Bax, real mənzərə budur! Hətta yazmayıb, qələmi, dəftəri bir kənara atıb yazı masasından uzaqlaşsam belə o yazı içimdə yazılacaq. Bax, bildiyim budur! Ona görə də qələmdən, dəftərdən qaçmağa cəhd göstərmirəm. Harda olsam, hara getsəm özümlə aparıram. Və bu da açığını deyim hərdən işimə də yarayır. Ən azından yeni tanışların telefon nömrələrini, ünvanlarını köçürürəm yerindəcə dəftərimə…

İndi də dayanmışam özümlə üzbəüz. Və yaşantılarımı ifadə edəcək sözlər axtarıram. İstəyirəm ki, kağıza köçürəcəyim, bilgisayara diqtə edəcəyim sözlər sınıq-salxaq söz olmasın, diri, canlı söz olsun. Oxuyanın heç olmasa ürəyinə təsir edə bilməsə də, əlini sıxsın. Qapıdan qayıtmasın, müsafir ola bilsin…

Görürsünüz, nə qədər istəklər cəmləşib indiki anda sözümün ətrafına. Görək bu istəkləri reallaşdıra biləcəmmi?! Hə, indi bir reallıq var. Bu da tam ortada olan, yəni mərkəzdə dayanandı. Onu hamı görür, ona hamı baxır. Amma o, hamıya yox, ona ürəyi ilə baxana tərəf boylanır. Və bu iki baxışın arasında mən bir kölgə də görürəm. Daha doğrusu, o, kəsişən, bir-birinə sancılan baxışların üstünə düşən kölgə. O kölgə içimi göynədir, ruhumu sızladır. Axı, mən onu belə görmək istəmirdim. Heç onu kölgə şəklində də düşünmək istəmirdim. Görünür hardasa yanılmışam, hardasa tələsmişəm. hardasa gecikmişəm və yaxud da məqamında, yerində olmamışam. Elə ona görə də indi yazmağa məcburam.




Ürəyin əvvəlki tək

Daha məni səsləmir…

Bezmisən varlığımdan

Gözün görmək istəmir –

Gözümü…




Əl çək yaxamdan! - sözü

Tökülür üz-gözündən…

Söndürməklə bir közü

Qurtarırsan özündən –

Özümü…




Ömür saat – əqrəblar

Sənin əlinin altda…

Saraldacaq vərəqlər

Bu yarımçıq həyatda –

Sözümü…


***


Heç vaxt arzu etməmişəm, heç vaxt qəti qərar verməmişəm ki, bir saatdan, bir gündən sonra hansısa bir işin qulpundan tutacam. Ona görə ki, etdiyim arzu, verdiyim qərar həmişə müxtəlif və özü də əsaslı səbəblərdən alınmır, çin olmur, gerçəkləşmir. Hətta bəzən məni xoşagəlməz durumlara da salır. Kimlərsə düşünür ki, söz verib yerinə yetirə bilməməyim mənim şakərimdi. Yox, sadəcə olaraq, bütün həyatım boyu birmənalı şəkildə sınayıb inanmışam ki, öncədən nəyisə edəcəyimi dilə gətirmək mənə düşmür. Ona görə də lap elə bu yazının özünün sonunun da necə bitəcəyini deməyə ürək etmirəm. Qorxuram fikirlərim yenə çin çıxmasın, yanınızda üzüqara olum…

Deməli, nə vaxtdan bəri içimdə özümlə daşıdığım bir istək var idi. O istək də çox doğma bir insanı ziyarət etmək, onun əhvalından xəbər tutmaq idi. Hər dəfə də bu istəklə bağlı yol hazırlığına başlayanda mütləq ciddi bir problemlə qarşılaşırdım – gah səhhətimlə, gah maliyyə məsələləriylə, gah da ailə problemləriylə üzləşirdim. Ona görə də içimdə sıxılır və gerçəkləşdirə bilmədiyim istəyimdən xəcalət çəkirdim, utanırdım. Gözlənilməz bir məqam, gözlənilməz bir hadisə məni bu sıxıntıdan çıxardı. Və günlərin birində heç kimə heç nə demədən baş götürüb getdim…Getdim və görmək istədiyim o əziz insanın qapısını döydüm. İnanın ki, onun təəccübü hələ də məni tərk etməyib. Yuxu görürmüş kimi baxdı mənə, inanmadı gəldiyimə. Bu baxışlar məni sıxa-sıxa elə bir hala saldı ki, dilim söz tutmadı. Və onda anladım ki, ürəyin istəyini gecikdirmək, arzu olunan ünvana yubanmaq o qədər də yaxşı hal deyil. Çünki bunun bir damarında itirmək də var, ayrılıq da var, ölüm də var. Bunlar, yəni bu hisslər sonradan ürəkdə ömürlük yaraya da çevrilə bilər. Ürəyi o yaradan qorumaq üçün bəzən heç bir çətinliyi, heç bir problemi nəzərə almaq lazım deyil. Axı, müdriklərin belə bir kəlamı var. Ağıllı adamlar söyləyib ki, «ağıllı düşünənə qədər dəli vurub çayı keçdi». İndi mən o baxışların önündə, o heyrətin, o təəccübün qarşısında özümü dəlinin yerinə qoya bilmədim. Allahın dəlisi məndən ağıllı imiş…

İstənilən bir hərəkət, istənilən bir yanaşma qarşı tərəfin reaksiyası ilə dəyərləndirilir, qiymətini alır və yaxud da əlavə hərəkətlərə səbəb olur. Mən artıq əminəm ki, gecikmək digər tərəfin də növbəti bir gecikməsinə yol açır. Və bir də baxıb görürsən ki, gecikə-gecikə, yubana-yubana zamanı itirmisən… fürsəti, məqamı əldən vermisən. Və özün də o itən, o əldən sürüşüb gedən zamanın içərisində azacıq da olsa əriyib getmisən. Elə tələsdiyim ünvanın heyrətini görəndə mən bu yazdıqlarıma bir daha əmin oldum. Sonra bir kənara çəkilib dəftərə, qələmə yaşantılarımı pıçıldadım.




Mən elə darıxmışdım ki,

Yüyürdüm, yürüdüm gəldim…

Bu yorulmuş ürəyimi –

Dalımca sürüdüm gəldim…




Düşdüyüm bu çəhlim vərdi

Yar əlin üstümə sərdi…

Ömrümə ələnən dərdi –

Bir yerə kürüdüm gəldim.




Üz tutub deyim «sev!» - kimə

Qalacaq bu boş ev kimə?!

İlahi, sənə sevgimə –

Ruhumu bürüdüm gəldim.




Ağrı çəksə də dərinə

Keçmədim fələk girinə…

Üz qoyduğum and yerimə –

Hələ ki, yeridim gəldim!..



Bu günün nəbzini tutmaq, bu günün havasına oynamaq o qədər də asan deyil. Axı bütün havalar bütün sümüklərə düşmür. Zülm ondadır ki, sümüyə düşməyən havaya qol qaldırasan – özü də bilə-bilə, özü də ya təmənnalı, ya da kiminsə, nəyinsə xatirinə. Mənə görə bundan əzablı, bundan məşəqqətli rəqs yoxdu. Əgər varsa, bu barədə mənim bilgim yoxdu. Kimdə isə bu barədə bilgi varsa, məni də agah etsin…

Bax, elə bu düşüncənin, bu ovqatın içərisində özüm üçün aydınlaşdırmağa çalışıram. Görəsən, həyatının mənasını yanmaqda, yandırmaqda, sədaqətdə, sevgidə, inancda görən birisinin əzabları nədən qaynaqlanır? Nədən sonsuzluğa qədər uzanıb gedir? Axı, bu sonsuzluq hardasa həm də adamı içdən tükəndirir, onun özünün özünə çəkilməsinə, özünün özünə qapanmasına aparıb çıxarır. Ona görə də sarsıntılar, sızıltılar və hətta bəzən özünə qəsd etmələr də adi hala çevrilir.

Doğrudur, bunu psixoloji durumla əlaqələndirən, ona bağlayanlar da var. Mən bunu inkar etmirəm. Amma təm əminliyimlə bilirəm ki, içimdəki bütün olanlar olmuşların davamıdı, olmuşların bəhrəsidi və yaxud da qalıqları və yenilənməsidi. Deməli, olmuşlar üçün indi mənim göz yaşı tökməyim hardasa həm də olanlar üçün tökülür… olanlara da şamil edilə bilər. Mən bu dediklərimi, bu yazdıqlarımı misralara çevirmək çətinliyinin altında indi çilənən qəfil yağışa həsəd aparıram. Ona görə ki, o bulud o yağışı arzusuna çatdırdı. Və arzusuna çatan yağış da mənim kirpiyimdə tumurcuqlayan nəmi özünə qatdı. Bir də gördüm ki, yazıram:




Kirpiklərim islandı

Susdu, kəsdi bu yağış…

Mənim sözsüz halıma –

Sözdü, səsdi bu yağış…




Buluddan qopub elə

Yağır, dönərək selə…

Qalan ömrümə belə –

Bəsdi, bəsdi, bu yağış…




Sıxılacaq, sıxacaq

Özün göydən yıxacaq…

Bir yol tapıb çıxacaq –

Aşkar qəsddi bu yağış…




… İkimizi isladıb

Qovuşdurur bu yağış…

Bir anlıq ayrılıqdan –

Sovuşdurur bu yağış…




***


Heç vaxt düşüncələrimin ucundan tutub kiminsə qapısına getməmişəm. Və heç vaxt da qapısını döydüyüm adamdan iran saqqızı kimi yapışıb nəsə istəməmişəm. Ən çox umduğum səmimiyyət, diqqət və bir də dürüstlük olubdu. Hansı iş olur-olsun, hansı məqsəd olur-olsun onu gerçək şəkildə ortaya qoymaq və özünün o gerçəkdə görünməni təmin etmək, məncə, ən yaxşı keyfiyyətdi. Bilmirəm, siz bu söylədiklərimlə razılaşırsınız, ya yox, amma bütün hallarda mən öz niyyətimi gizlətməməyə, öz istəyimi özüm dilə gətirib bəyan etməyə həmişə üstünlük vermişəm.

Bu yazdığım fikirlər mənə heç də həmişə müsbət divident gətirməyib. Qazancım daha çox ağrı-acı, kədər, ürək sızıntısı olubdu. Hətta ən doğma kəslər belə məni bu halıma görə qınayıblar da. Amma neyləyim ki, «südlə gələn sümüklə çıxır» deyiblər. Ona görə də mənim düzəlməyim dəvənin boynunun düzəlməsi kimi bir şeydi. O da ki, sual altında…

Bəli, öz-özümlə bir növü söhbət şəklində qurub sonra bilgisayara diqtə etdiyim bu yazını elə həmin o qəfil yağışın damlaları kimi misralamaqla fikrimi tamamlayıram.




Açıram bu səhəri

Sonuncu qapı kimi…

Tarım çəkib qəhəri –

Könlümün sarı simi…




Qaralmış topa vurub

Əyilib üzü yerə…

Sonuncu ölən umud –

Qalıb can verə-verə…




Sən də yaramdan basıb

İşıq kimi söndürdün…

Bulud dirəkdən asıb –

Yağış kimi öldürdün…




Acımasız bir seçim

Nöqtə qoyulan həyat…

Qoy mən ömürdən keçim –

Sən təzə ümid yarat…




Bəli, bu günlük, bu anlıq demək istədiklərimin bura qədər olanını dedim. Siz də bura qədər olanını oxuyun, sonrasına baxarıq!

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ