Əbülfət MƏDƏTOĞLU: GÜVƏNC LİMİTİ

Tarix:7-06-2018, 16:40 Baxış Sayı:286

Əbülfət MƏDƏTOĞLU: GÜVƏNC LİMİTİ


İnsan güzgüyə baxanda özünü necə görürsə, olduğu yerə min kilometrlə uzaqdan baxanda da o cür görür. Və bu müqayisə sənə çox mətləbləri açır, çox məqamları xatırladır və bəzən də diqtə edir. Tutaq ki, burda, evinin içində, çalışdığın kollektivdə kimsən, nəçisən, hansı nüfuza sahibsən, bunu özün üçün müəyyənləşdirirsən. Amma bu müəyyənetmə dəqiq olmur. O müəyyənetmə kənarda daha gerçək şəkildə ortaya çıxır. Bu gerçəkliyin təzahürləri axtarılmaqda, aranmaqda, xatırlanmaqda, telefon zənglərində barəndə gəlib çatan söz-söhətdə bəlli olur. Onda bilirsən ki, sən məmləkətində kim olmusan, hansı nüfuzun, hansı sayğının sahibinə çevrilmisən. Eləcə də qürbətdə, uzaqlarda kəndinin, şəhərinin, məmləkətinin necəliyi aydınlaşır. Axı, kənardan sən həm həsrətlə, həm də qəriblik duyğularıyla vətənini kitab kimi vərəqləyirsən, müqayisələr aparırsan... Sonra da görürsən ki, bu vətən sənin üçün ürəyinin bir parçasıdı. Özü də bütün gözəllikləri və özəlliklərilə, yəni qüsurlarıyla da. Axı insan ona aid olan qüsurlu övladdan heç vaxt imtina etmir. O, pəltək də olsa, axsaq da olsa, şikəst də olsa, üzü, bədəni çopurlu da olsa... yəni hansı formada olur-olsun... o sənin övladındı. Sən də ata kimi, ana kimi onu sevmək yükünün məsuliyyətini birmənalı şəkildə daşıyırsan. Nə olsun ki, ömür beş gün... sevgi virtual... çıxış, yəni nitq söyləmək boğazdan yuxarı və daha nələr, nələr bizim günümüzün reallığıdı...

Bəli, mən hər dəfə ölkədən, yəni bu gözəlim Azərbaycandan ayağımı kənara qoyanda elə bilirəm ki, bu, sonuncu gedişdi, geri qayıda bilməyəcəm. Hətta gömrüyün, sərhədçinin yaratdığı problemə baxmayaraq, düşünürəm ki, daha bitdi hər şey, bu son gedişdi. Amma qürbətçiliyin ikinci, üçüncü günündə yenə ürək çəkir, yenə fikir adamı çəkir və yenə gözün doğmaları, dostları, qoyub getdiyin çevrəni axtarır. Zarafatlarını, deyib-gülməni, hətta əsəbləşməni belə içinin göynərtisi ilə anırsan. Və bir çox məqamlar üçün özünü də qınayırsan. Nə isə...

Hə, mən bu səfərimdə də bir daha anladım ki, Azərbaycan mənim üçün təkcə nə sualının cavabı deyil. O həm də kim sualının cavabıdı. Və mən də kim sualının cavabı olan bu torpağın yaralarını da, ağrılarını da, uğur və itkilərini də, sevinc və kədərini də ələyib qarşıma düzəndə görürəm ki, biz hər birimiz ayrı-ayrılıqda kimsəsiz olmaqla yanaşı, həm də KİMİMİZ olan Azərbaycana çox borcluyuq. Onun havasına, suyuna, torpağına vətəndaş kimi baş əymək, qarşısında diz çökmək və etiraf etmək lazımdır ki, biz onun daşı olmaq üçün, çınqısı olmaq üçün o qədər də çox çabalamırıq, çalışmırıq. Ona görə də vətən daşı ola bilmirik. Rəhmətlik xalq şairimiz Məmməd Arazın təbirincə desəm, Vətən daşı ola bilməyən bizlər vətəndaş olmaqda da qüsurluyuq. Və yaxud da burda da gecikirik. Deməli, bütün hallarda mənim qənaətim bundan ibarətdir ki, vətəndə qüsur axtaran özü qüsurludu. Axı, qüsurları biz ortadan qaldırmalıyıq. Biz əgər qaldırmırıqsa, onda onu axtarıb "alabayraq" etməyin nə mənası var ki?! Elə həmin fikirləri içində çək-çevir edə-edə üzümü Tanrıya tutub yazmışdım ki:




Danışmaqdan usandım,

Bu yuxumu yoz, bitir.

Öz-özümdən utandım,

Bu yuxumu poz, bitir -

Tanrım!




Xəyal qurmaq əzabmış

Boyuma biçdin onu...

Kim itirib, kim tapmış

Mənə bu acı sonu -

Tanrım?!




Nədən, kimdən başlayım

Hansı dizə baş qoyum...

Göstər gorgahı ora

Yazılı bir daş qoyum -

Tanrım!




Sevənim də yoruldu

Sevgim də düşür gözdən...

Külümü də yerə ver

Heç nə qalmasın közdən -

Tanrım...




Bax, belə. Əgər heç nəyə yaramıramsa, onda hansısa bir işarənin, işartının qalmasının nə mənası var ki?! Ağır sual deyil?


***

Həyat doğrudan-doğruya insanı hər yerdə, hər məqamda sınamaqla yanaşı, həm də onu püxtələşdirir. Sanki onu sinif otağında parta arxasında oturdub dərs keçir və öyrən deyir. Mən öz həyatımda, öz təcrübəmdə və ən nəhayət, öz çevrəmdə gördüklərimdən belə bir qənaətə gəlmişəm ki, hər şeyi bilməkdənsə, ən zəruri olanları bilmək daha önəmlidi. Çünki ən zərurilər addımbaşı insanın önünə çıxır... insanın qarşısında suala çevrilir. Elə bir suala ki, onun cavabını tapmaq üçün dağa-daşa düşməyə ehtiyac yaranır. Amma dağda-daşda olsa belə, nəyi və necə axtarmağı, ən azından ipucunun nədən ibarət olduğunu bilmədən axtarışa ehtiyac yoxdu. Bu sadəcə özünü yormaq, ömrü boşuna sərf etməkdi. Bunu isə heç kimə, eləcə də özümə arzu etmirəm. Amma neyləyim ki, mənim istəyim, arzum ən yüksək səviyyədə yazılıb, möhürlənmiş qanun deyil. Hər kəs onu tapdaya da bilər, yanından-yörəsindən ötüb gedə də bilər. Çünki baxışlar da fərqlidi, baxış bucaqları da. Nə isə...

Əgər mən qürbətdə də vətəndəki kimi düşünürəmsə, vətəndəki istəyimdə, məramımda, hərəkətlərimdə heç bir dəyişikliyə, heç bir redaktəyə yol vermirəmsə, olduğum qəribliyə uyğunlaşmıramsa, bunun günahkarını axtarmaq nəyə və kimə lazımdır ki? Sadəcə qəbul etmək lazımdır ki, mən buyam, mən beləyəm, bu kökün, bu özülün üzərindəyəm. Yəni məmləkətimin baş kəndinin küləyi kimi gündə neçə dəfə səmtimi dəyişmirəm. Elə həmin o olduğum istəyin, sevginin içərisində də hər yeri gəzib, dolaşıb, ürəyimdəkini də özüm kimi gəzdirib, dolandırıb qələmə güc verirəm və yazıram ki:




Mənim ürəyimin başı dumanlı

Sıxma kirpiyini sən bu dumana...

Yaşaya-yaşaya içi gümanlı -

Alışa bilmirəm mən bu dumana!




Elə pozulub ki, qurduğum düzən

Heyrət də edirəm, nifrət də bəzən...

Mənim ürəyimi tapdayıb əzən -

Dən düşür, gör necə, dən, bu dumana!




Gözlərim olduqca qəmin bulağı

Göynəyir ömrümün hər gün bu dağı!

Əyilir qanadı, sınır budağı -

Qarışır bir çiskin, çən bu dumana!..




***

Hərdən dost-tanış iradını bildirir - bəzən yumşaq, bəzən də sərt. Bu irad da təbii ki, mənim yazı-pozuma, mənim hüznlü və kədər yüklü düşüncəmə, misralarıma yönəlik olur. Hər kəs məni optimistliyə, həyatsevər olmağa, hər andan, hər məqamdan ləzzət almağa, necə deyərlər, ömrün kefini çıxarmağa səsləyir, yönəltməyə çağırır. Amma əvvəldə dediyim kimi mən buluddan da nəm çəkdiyimdən adi bir baxış, heç bir məna ifadə etməyən söz belə yanımdan, içimdən təsirsiz ötüşmür. Elə bil ki, mənim iç dünyam ordan ötüb keçənlərin duracaq yeridi - izlərini, imzalarını qoyub gedirlər. Bax, bu məqamda gözünüzün önünə ən pis halda bir divar gətirin. Görün o divarda nə qədər cavan oğlanın "avtoqrafı" var. Kimisi sevdiyini yazıb, kimisi hansısa bir şəkli çəkib, kimisi telefon nömrəsi qaralayıb və s. və ilaxır.

Mən dost iradını, ümumiyyətlə, ünvanıma deyilən tənqidi dinləməyi də bacarıram, nəticə çıxarmağa da çalışıram. Amma o dediyim "suçəkənliyim, nəmçəkənliyim" südlə gəldiyindən yəqin ki, sümüklə də çıxacaq. Başqa cürə mümkün deyil. Ona görə də dostlar məni üzrlü saysınlar. Düşünməsinlər ki, mən onlara qarşı hardasa sayğısızam və yaxud da onları nəzərə almıram. Axı:




Bir otaqda, bir yataqda yaşayır-

Həyatımdı kədər mənim, dərd mənim...

Hər anını, hər gününü başlayır -

Doğulandan mənlə birgə dərdlərim...




Aramızda aşılmayan tül pərdə

Qonçələnib çiçək pərdə, gül pərdə...

Ürəyimə elə çəkib dil pərdə -

İmkan vermir bircə misra dərd dərim!




Ha yozuma, ha yazıma baxıram

Rəngi solmuş bəyazıma baxıram...

Od ələyən ayazıma baxıram -

Boğur məni için-için dərd tərim!




Elə buradaca mütləq vurğulamalıyam ki, səhhətimlə bağlı etdiyim son səfərdə də bu dünyanın mələk insanı saydığım dostum Əhməd bəy də mənə bu qədər nəmçəkənliyin həyatıma, ürəyimə zorluq yaşatdığını xüsusi vurğuladı. Mən onu bu duyğusallığına görə bir daha bağrıma basıram və qarşısında etiraf edirəm ki, xəmirim belə yoğrulubdu. Artıq dəyişmək, yeniləşmək mümkün deyil. Və elə həyatımda baş verənlərin hamısının da mayasında, damarlarında bu dediyim hisslər axıb gedir, dolaşır. Elə bu məqama qədər oxuduğunuz və bundan sonra da əgər oxumaqda davam eləsəniz, qarşılaşdığınız şeir parçaları məhz Trabzonda, olduğum o duyğusal durumun içərisində doğulubdu. Orada kağıza köçürmüşəm ki:




"Ol"dan olmağa qədər

Məsafədə büdrədim...

Öz içimdə qırıldım -

Öz içimdə kükrədim...




Yaradanın "ol"undan

Sənin olana qədər...

Olduğumu unutdum -

Qəfil solana qədər...




İtirdiyim ayların

Günlərinə "ah" çəkdim...

Mən bütün olayların -

İçində günah çəkdim...




Üzümə gün doğanda

Kölgəsin saldı bulud...

Təklik məni boğanda -

Göz yaşı oldu umud...




"Ol"dan olmağa qədər

Olan yolumda olsan...

Sən də məni "ol!" bilib -

"Ol"dan olmağa yol sal!..




***

Deməli, duyğularımın, düşüncələrimin axarında son həftəmi gəzib dolaşdım, son günlərimi vərəqlədim. Nəticədə öyrənib bildim ki, gecəli-gündüzlü, işıqlı-qaranlıqlı, sevincli-kədərli, bir az da qarmaqarışıq, bir az da sahibsiz, bir az da unudulmuş və nəhayət, bir az da özü olan ömrümün günəşi qüruba doğru əyilir. Bu, qaçılmaz bir prosesdi. Hər kəs bunu bilir. Bilənlərdən etiraf edənlər də var, özlərini görməməzliyə, bilməməzliyə vuranlar da. Amma mənim qənaətim budur ki, mən sevincin də, kədərin də, yaxşının da, pisin də, loyallığın da nə olduğunu bilirəm. Ona görə də bu dünyada Səndən və Sevgidən önəmli və güvənli heç kimim, heç nəyim yoxdu. Çox təəssüf ki, zaman güvəni də xırdalayır, üyüdür, qəlpələyir, parçalayır. Mən bu sözləri bir-birinin ardınca bilgisayara diqtə edə-edə ürəyimdən keçirirəm ki:




Su çilənmiş ocağam

Sönürəm için-için...

Xatirə olacağam -

Bir gün də sənin üçün...




Bəli, bu şeirin hamısını kağıza köçürmək istəmirəm. Çünki fikirlərimin sonunun yenə göz yaşına, sızıltıya, kədərə gəlib bağlanmasını sizlər mənə irad tutursunuz. Mən sizlərlə razılaşıb əlimdəki dəftəri, daha doğrusu, vərəqləri qatlayıb cibimə qoyuram. Cibim o vərəqlər üçün güvənlidi, ürəyim də sənin üçün! Sizlər də çalışın güvəninizi erroziyadan qoruyun.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ