manera.az
manera.az

Belə - belə işlər / Kamran Nəzirli yazır...

Belə - belə işlər / Kamran Nəzirli yazır...
Toyun pulu çıxdı və yaxud bir güllə ilə iki dovşan...

Gənc qələm dostum Fərid Hüseynin toyuna bir qədər gecikmişdim. Şadlıq sarayına girəndə gördüm Əlabbas Bağırovla Azad Qaradərəli toydan çıxırlar. Qapı ağzında görüşüb-öpüşdük. Əlabbasla çox isti münasibətlərimiz var, çoxdan idi görmürdüm, gülə-gülə dedim:

- Hara belə? Nə tez gedirsiz?

Əlabbas da məzədi başdan-ayağa, əlini yellədib həmişəki şirin dillə:

- Qardaşşş! Başqa toya gedirik, başqa toya!!!!!!!! - deyib məğrurluq və ötkəmlik yağan kişi sifətini işıqlatdı. Hamımız gülüşdük. Birdən Azad
Qaradərəli açıldı:

- Kamran müəllim, sənə bir hekayə göndərəcəm, tərcüməyə! Polyaklar istəyib məndən...

- Hə, hə, ədə, bizim Kamran əntiqə tərcüməçidi...- Əlabbas aman vermədi. Mən də gülə-gülə (ürəyimdə fikirləşdim ki, toyun pulu çıxdı!) ağır başımı tərpədə-tərpədə:

- Göndər, göndər, baxaram...- dedim.

- Arxayın ol, Kamran müəllim, qiymətini də yazarsan, ödəyəcəm...

Azad müəllim ağzı yavan adam deyil, imzasını, özünü çoxdan tanıyıram. Əlabbas demişkən, bir köynək yırtıb, görüb-götürmüşdü, daha ciddi görkəm
aldı.

- Mən də gedim bir az başımı qızdırım, - deyə toyu işarə elədim və beləcə sağollaşdıq.

Ertəsi gün doğurdan da Azad zəng elədi. Hekayəni göndərdi, qiymətdə də razılaşdıq və başladım tərcüməyə. Əla hekayəydi, bədii və tarixi əhəmiyyəti də öz yerində. Mən adətən bədii dəyəri olan yazıları tərcümə edirəm. Hərdən olur, nə gizlədim, bir də görürsən, az əhəmiyyətli yazıları da göndərirlər. Ehtiyacım olanda, yola verirəm.

Yenə Əlabbasın sözü olmasın, yazı-pozu əhlinin əksəriyyəti qarnına daş bağlayan adamlardı, pulsuzluğa dözürlər. Nə isə, tərcümə çox çətin gedirdi, amma böyük həvəslə edirdim. Arada Azad müəllim zəng vurdu.

- Hə, qardaş, necədi işlər?

- Əladı. Gələn həftənin sonuna təhvil verəcəm. Hekayən də xoşuma gəldi. Üslub, dil, forma, ictimai-siyasi və tarixi əhəmiyyyəti... Hər şey yerindədi...

- Ha vaxt desən, mən də hazır... Qardaş, əmanət də məndədi. Polyaklar da gözləyirlər...

- Gözləsinlər... Amma təkcə onlar üçün eləmirəm... Dünya da gözləsin...

Telefondan razılıq dolu bir ah gəldi...

Beləliklə, hekayə tam hazır olandan sonra şənbə günü axşam Azada inboksda yazdım ki, bir azdan göndərəcəm. O da dərhal cavab verdi.

- Göndər, sabah səhər də görüşək...

Kefim kök, damağım da çağ. İndi dilim ip olub, qarnım da küp. Evdəkilər lap məəttəl qalıblar, ən çox da qızım mənə şübhəli-şübhəli baxır, amma
baxışlarında sualedici məna var. Yatmağa gedəndə ona dedim:

- Qızım, sabah sənə 50 manat verəcəm...

Yenə mənalı-mənalı gülümsünüb anasına baxdı. Anası dərhal:

- Bəs mənə? Axı toya gedəcəm!- dilləndi.

- Sənə də 100 manat verərəm! – hələ qonorarımı almamış əlimə gələcək yazıçı pullarını sola-sağa paylayıram...

Azad Qaradərəliyə hekayəni göndərəndən sonra başımdakı şirin-şirin qayğılarla yatağa girdim. Necə yorulmuşdumsa, qulağımın dibinə qoyduğum
əl telefonumu da söndürmədən şirin yuxuya getdim. Birdən telefonum qışqırdı. Dik atıldım. Azad Qaradərəlinin təşviş, həyəcan dolu, bir qədər də əsəbi səsini eşitdim.

- Ay Kamran, axı mən sənə demişdim, rus dilinə çevir! Sən göndərəndən sonra mən də heç baxmadım, göndərdim polyaka, o da mənə yazıb ki, bu, ingiliscədi ki! Mənə ruscası lazımdı! Ruscası....Axı mən sənə dedim ki, polyaklar bunu məndən istəyib... rusca...(Bəlkə də ürəyində deyib, ya da elə bəlkə də deyib, mən ağlıma gətirməmişəm, axı hamımız toy ovqatında idik!)

- Azad, axı mən ömrümdə ruscaya bir sətir də tərcümə eləməmişəm...Kim sənə dedi ki, ruscaya edirəm...

- Necə yəni? Əlabbas... bəs axı sən o Svetlana var e, belarus, onu tərcümə eləmisən...

- Hə, eləmişəm.... həm də təkcə onu yox! Ruscadan eləmişəm, ingiliscədən eləmişəm... ingiliscəyə edirəm... Amma ruscaya tərcümə etmirəm!

Görünür, biz bir-birimizi anlamamışıq...

Azad təsəldi. Mənim də şirin yuxum qaçdı. Dilxor oldum. Hiss edirəm ki, o da dilxordu, yaman pərtlik düşüb ortalığa. Ani sükutdan sonra dedi:

- Eybi yox, eybi yox... Mən elə duymuşdum - axı ruscaya tərcümə bu qədər baha olmaz... Neynək, problem yox...

- Heç narahat olma, Azad, o tərcüməni bağışlayıram... Sağ ol.

- Sağ ol, sağ ol, qardaş....

Telefon susdu. Düzü, Azaddan çox mənim qanım qaralmışdı. Yata bilmədim. Durub bir stəkan su içdim. Qızım dedi:

- Ata, noolub, bayaqdan kefin kök idi, dilin söz tutmurdu, indi sifətin dönüb...- deyə anasına göz vurdu.

- Kim idi zəng vuran?- anası soruşdu.

- Yazıçıydı...

- Toyun pulu çıxdı? Yazıçılar ürəyi yumşaq olur. Allah onlara min bərəkət versin...

- Toyun pulu uçdu... uçdu...- bərkdən güldüm.

- Ədə, bizi dolamısan?- xanımım zarafata saldı.

Birdən beynim motora döndü, cəld telefonu götürüb Azadı yığdım.

- Azad... qardaş, heç narahat olma, sabah hekayəni göndərərəm Püstəxanıma, mənim tərcüməçimdir, ruscaya çevirər...

- Əla olar, - bu dəfə Azadın səsinin tonu tamam dəyişmişdi. – Onda elə hesablaşarıq...

- Hə, elə o məbləğə kifayət edər...Bir gülləyə iki dovşan...

İkimiz də güldük. Yazıçıların ürəyi doğurdan da yumşaq olur.

Hə, bax, çox qəribə gecəydi - gör bu gecə eyni vaxtda neçə nəfəri halbahala saldı: sevindik, qüssələndik, ümidləndik, həzin-həzin təəssüfləndik, fərəhləndik. Həyat elə bir gecənin içindəymiş...

Bakı, 14 sentyabr, 2019-cu il.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930