manera.az
manera.az

Hamımızın ortaq bir Vətən sevgisi...

Hamımızın ortaq bir  Vətən sevgisi...
İnsan sevgisiz yaşaya bilməz. Sevgi müxtəlifdir. Fərdlərə olan sevgidən fərqli olaraq hamımızın ortaq bir Vətən sevgisi mövcuddur.

Hər bir insanın geniş anlamda doğma hesab etdiyi bir Vətən mövcuddur. Bu Vətəni sevənlərin sayı çoxaldıqca özümüzü daha güclü və qürurlu hiss etmişik. Bu Vətəndə doğulub boya-başa çatırıq və müəyyən vaxtda cismən yox oluruq. Bizləri cismən olmadığımız anlarda əməllərimiz yaşadacaq.

Ömrümüzün son anlarındakı ictimai fəaliyyətimizlə xatırlanacağıq. Vətənə xidmətimizə və yaxşı əməllərimizə görə xatırlandıqlarımızın dilindən rəhmət qazanacağıq. Vətən torpağının elə bir guşəsi var ki, sənə daha doğma olan o, yerdə özünü daha rahat hiss edirsən. Çünki, sənin üçün ən şirin, qayğısız anlar o yerlərlə bağlıdır. O anlar ki, hələ ictimailəşməmiş saf qəlbin yaratmış olduğu həyat nəğmələridir. Xoş duyğulu anları bizlərə bəxş edən o, yer bizim doğulduğumuz ocaq, yurd, el-oba və ya kəndimizdir.

Bizim kəndimiz iki çayın (Köndələnçay və Quruçay ) arasında, dərə-təpəli yerdə yerləşirdi. Kurqan tipli həmin təpələrdə tarixin minilliklərinə söykənən qiymətli mənbələr mövcuddur. Yaxınlığına strateji əhəmiyyətli hava limanı mövcud idi. Bu gün erməni işğalçılarının və onların havadarlarının qeyri-obyektivliyi nəticəsində həmin hava limanı bizim nəzarətimizdə deyil. Mirzəcamallı ( tarixçi Mirzə Camal bəyin adı ilə bağlıdır) i.ə.v-nin tərkibinə daxil olan dörd kəndlərdən ( Mirzəcamallı, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli) ərazicə ən kiçiyi bizim kəndimiz idi.

Mövcud dünyanın qədim sivilizasiya məskənlərindən olan Azərbaycanda maraqlı coğrafi adlara rast gəlirik. Coğrafi adları, toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını toponimika elmi öyrənir. Azərbaycan toponimiyasının əsas fondunu türk mənşəli adlar təşkil edir. Müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaranmış coğrafi adlarla bağlı toponimika elmi maraqlı faktlar ortaya çıxarmışdır. Toponimlər cəmiyyətin müxtəlif inkişaf dönəmlərində tayfaların, millətlərin, xalqların adət-ənənələrindən, yaşayış tərzindən, tayfa başçısının nüfuzundan, coğrafi, iqlim və s. şəraitindən asılı olaraq yaranmışdır.

Ələsgərli kəndinin adı toponim olaraq insan adını xatırlatdığı üçün kiçik yaşlarımdan bu şəxsin kimliyi haqqında maraqlanmışam. Ağsaqqallardan eşidib yaddaşıma həkk olunmuş ilk məlumatlar isə bunlar olmuşdur: “Ələsgərin adını daşıyır. Ələsgər adında kişinin çoxlu oğlu və bir qızı olub. Bu kənd həmin Ələsgərin törəməsidir”. Sonralar öyrəndiklərim də isbat etdi ki, bu kənd doğrudanda Ələsgər kişinin törəməsidir. Ələsgər kişinin Əbil, Məti, Baloğlan, Məhəmməd, Kərim, Səlim, Əmir, Qoca adlı oğlanları və Başxanım adlı qızı olmuşdur.

Tarixi mənbələrə əsasən Ələsgərli kəndi mənşə etibarı ilə Qarabağda Cavanşir elinin aparıcı qüvvəsi olan Hacılı camaatına aiddir. Hacılı camaatı XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü , Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. Mahmudlu obasının cəfərbəyli, səhliyalılar, hacıatalılar, imamverdilər, ələsgərli və s. tayfaları olmuşdur. XIX yüzildə Hacılı camaatına Gecəgözlü , Seyidəhmədli, Mahmudlu, Aybasanlı , Mirzəcamallı , Şıxılı, Comərdli və Sarılarobaları daxil idi.

XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan
şenliyi əmələ gəlmişdir. ( Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.)

Maraqlı məqam ondan ibarətdir ki, yaşayış yerinin adı toponim olaraq XIX əsrdə meydana gəlsədə yaşayış məskəni olaraq ərazinin tarixi çox qədimlərə gedib çıxır. Kənd ərazisi coğrafi cəhətdən dərə-təpəlikdir. Ərazidə diqqəti cəlb edən kurqan tipli təpələrdə aparılmış arxeoloji tədqiqat işləri bu yurdun qədimliyindən xəbər verir. Tarixə Yedditəpə yaşayış məskəni kimi daxil olmuş tunc dövrünə aid arxeoloji abidə buna əyani sübutdur. Yedditəpə Füzul şəhərindən 6 km şərqdə, Mirzəcamallı i.ə.v-nə daxil olan Ələsgərli kəndinin ərazisində yerləşir. Arxeoloq alim Qüdrət İsmayılov “Abidələr,xatirələr, düşüncələr” kitabında qeyd edir ki, “1972-ci ilin soyuq noyabr ayında vadidə elmə məlum olmayan qədim və yüksək bir mədəniyyətin izləri üzə çıxarıldı. Füzuli şəhərindən azacıq aralı Yedditəpə adlı yerdə zəngin qəbirlər açıldı.

Tədqiqatların ilk günü qalın torpaq qatı altından tapılan daş sərdabə öz nəfis və qəribə avadanlığı ilə böyük təəccübə və heyrətə səbəb oldu. Divarları iri sal daşlarla hörülmüş sərdabənin sol tərəfində bükülü vəziyyətdə, üzü gündoğana tərəf çevrilmiş gənc qadın skleti yerləşirdi. Sərdabədə tapılan avadanlıqlara nəinki Azərbaycanda, hətta bütün Qafqazın ərazisində ilk dəfə idi ki, təsadüf olunurdu. Sonrakı günlərdə biz burada eyni dəfn mərasimini göstərən 20-dən artıq başqa qəbirlər aşkar etdik. Onlardan ikisi uşaq, əksəriyyəti isə kişi və qadınlara məxsus olmuşdur. Bu qəbirlərdə iri sal daşlardan hörülmüşdür.

Ümumilikdə Yedditəpədə aşkar edilmiş maddi-mədəniyyət abidələrinin sayı 500-ə yaxın olmuşdur və onların hər biri xalqımızın unudulmuş qədim incəsənət və mədəniyyət salnaməsini öyrənmək, bərpa etmək üçün qiymətli mənbədir. Zəhmət bahasına uzaq əsrlərin arxasında itib-batmış qədim və rəngarəng bir mədəniyyətin nişanələri yenidən üzə çıxarılmışdır.

Məhz buna görə Moskvada keçirilən Şərq ölkələri incəsənəti və arxeologiyasına həsr olunmuş elmi konfransda Yedditəpə tapıntıları haqqında oxunan məruzə böyük maraq doğurmuş və həmin tapıntılar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Konfrans zamanı tapıntıların bir qismi Şərq ölkələrinin incəsənəti muzeyində müvəffəqiyyətlə nümayiş etdirilmişdir” (səh.41-44). Yedditəpə tapıntıları haqqında ayrıca ətraflı məlumat verməyə çalışacam.

Tədqiqat nəticəsində sübuta yetirilmişdir ki, aşkar edilmiş qəbirlər eramızın I minilliyinin ortalarına təsadüf etsə də yaşayış məskəni kimi formalaşması eramızdan əvvəl tunc dövrünə aiddir.

Görünən budur ki, Ələsgərli kəndinin adı toponim olaraq XIX yüzillikdə meydana gəlsədə yaşayış yeri kimi məskunlaşması eramızdan əvvəl III-II minilliklərə tunc dövrünə gedib çıxır. Yedditəpə yaşayış yeri Kiçik Qafqazın cənub-şərq yamacını əhatə edən Quruçay və Köndələnçay vadisində yaşamış döyüşkən ruhlu və yüksək bir mədəniyyətə malik yerli tayfalara məxsus olduğu aşkarlanmışdır. Həmin tayfalar yaxın və uzaq dövlətlərlə sıx mədəni, ticarət əlaqələri saxlamışlar. Müasir dövrümüzdə insanların bəzən səbrli, bəzəndə kükrəyib tez ayağa qalxmaq xüsusiyyətləri qalmaqdadır.

Əvvəlki dövrlərdə və bu gün də halal zəhmətə, elmə, təhsilə üstünlük verən kənd əhalisinin bir qismi rayon ərazisində, digər qismi isə respublikamızın müxtəlif yerlərində məcburi köçkünlük həyatı keçirirlər. Hər an yurda dönmək arzusu bu insanların başlıca amalına çevrilib.

Qabil ƏLİYEVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930