Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ

Tarix:24-03-2019, 16:18 Baxış Sayı:802

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
19 mart, 2019-cu il... Bakıda İlaxır Çərşənbə qeyd edirik. İçimdə böyük həyəcan var: sabah Cəbrayıla – Cocuq Mərcanlıya Novruz şənliyində iştirak etməyə gedəcəyik. Gecəni birtəhər ertələyib danışdığımız vaxtda Flora xanıma (red.: millət vəkili Flora Qasımova) zəng edirəm. Görüşürük. Çöhrəsində böyük sevinc hiss olunur.

- Flora xanım, daha öncə getmişdiz Cocuq Mərcanlıya?

- Bir dəfə getmişəm. O zaman Cocuq Mərcanlı ermənilərin nəzarətində idi, amma orada bir ailə kəndi tərk etmirdi: Oqtay Həziyevin ailəsi. Onları ziyarətə getmişəm. Çox fədakar insanlardır.

Səmimi söhbətimiz yolboyu davam edir. Flora xanım Şuşadan, Xankəndindən olan xatirələrini danışır. Danışdıqca da gözləri uzaq bir nöqtəyə dikilir, tez-tez köks ötürür...

“Münasib yerdə maşını saxla, sakinlərə bayram sovqatı alaq” – deyə sürücüyə səslənir.

Maşından enib ticarət mərkəzində alış-verişə başlayırıq.

Mehribanlıqla satıcılarla bayramlaşır, qiymətlərlə maraqlanır, hər şeyin ən yaxşısından alır.

Deyir “belə də olmalıdır, axı Cocuq Mərcanlıya gedirik!”

Möhkəm yağış yağır, hava soyuq, yolumuzsa uzun. Maşında isə soyuqdan əsər-əlamət yoxdur. Flora xanımın işğalda olan torpaqlarımıza dair söhbətlərini maraqla dinləyir,maraqlandığım sualları soruşuram, cavab alıram. Və getdikcə Flora xanımın maraqlı müsahib olduğunu kəşf edirəm. Eyni zamanda qarşısındakına müsbət enerji ötürməyi bacarır. Söhbəti terminlər üzərində qurmur, hamının başa düşəcəyi dildə danışır. Vəkili olduğu Xankəndinin sakinləri ilə görüşlərini, həyat yoldaşı - Milli qəhrəman Şirin Mirzəyevin keçdiyi qəhrəmanlıq yolunu xatırladıqca köks ötürür.

...Beyləqana çatırıq. Əslən Füzuli rayonundan olan sürücümüz bizi bacısıgildə qonaq edir. Torpaq söhbətləri burada şiddətlənir. Ev sahibi şuşalı həkim yüksək qonaqpərvərliyi, mehribanlığı ilə diqqətimi cəlb edir. Flora xanımla şuşalı xatirələrini bölüşürlər. Həkim söhbət zamanı tez-tez kövrəlir, amma göz yaşlarını gizlətməyə çalışır.

“72 yaşım var, Kəlbəcəri bir dəfə görsəm, rahat ölərəm” deyir 40 ilin Vətən həsrətli həkimi!

- Vaxti ilə ermənilər ilə qonşu olmuşuq, çox hiyləgərliklə əsl xislətlərini gizlədə bildilər. Çörəyimizi yeyib, suyumuzu içiblər. Nə biləydik, başımıza bu oyunu gətirəcəklər. İndi doğma yurd-yuvamıza həsrət qalmışıq.

Ev sahibi Cocuq Mərcanlı sakinləri ilə görüşə getdiyimizi biləndə çox sevinir. Tezliklə digər torpaqlarımızın da işğaldan azad olmasını arzulayır.

Bu qonaqpərvər ailə ilə sağollaşıb yolumuza davam edirik. Həyacanla sağ-sola baxıram. Hər yeri yadımda saxlamağa çalışıram.

İndi Füzuli ərazisindəyik. Sürücümüz bu rayondan da ürəkdolusu danışır, ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edir. Kəndin işğaldan əvvəlki dövrünə dair xatirələrini bölüşür.

Cəbrayıla çatırıq... Çox həyacanlıyam... Haqqında kitablardan oxuduğum, sakinlərdən dinlədiyim həmin işğal altında olan rayonlarımızın havası üzümüzə vurur. Qəribə hisslər keçirirəm... Tarixi Qarabağ torpaqları... İlahi, biz necə böyük sərvət itirmişik. Yaşıl çölləri, mal-heyvan otaran sakinləri gördükcə, içimdə qisas hissi alovlanır... Bunlar erməni gülləsinə sinə gərən fədakar insanlarımızdı. Onlar öz ata-baba torpaqlarında niyə dinc şəraitdə yaşamamalıdır?!..

Araya süküt çökür. Flora xanım indi çox qayğılı görünür. Maşının pəncərəsinin şüşəsini endirir, Cəbrayılın havasını çiyərlərinə çəkir. Gözlərinə kədər hopur.

Cocuq Mərcanlıya çatırıq... 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə də görüşürük. Ailənin başçısı Oqtay Həziyev bizi qarşılayır, evində süfrə açır. Həziyevləri nəinki Cocuq Mərcanlıda, ölkə ərazisində hamı tanıyır. O, fədakarlığı ilə dövlət başçımızın da diqqətini cəlb edib.

İndi Cocuq Mərcanlıya təşrif buyuran hər kəs ilk olaraq Oqtay Həziyevi görməyə çalışır, kəndlə bağlı təəssuratlarını dinləyir. Onlar kəndi tərk etməyən yeganə ailə olub. Kənd azad edilənə qədər mübarizə aparıblar. İndi çox rahat şəkildə kənddə öz təsərrüfatları ilə məşğuldurlar.

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ

Söhbətimiz zamanı Oqtay bəy bildirdi ki, 1994-cü il yanvarın 5-də ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından sonra burada yaşayır: "İki qardaşıq və ailələrimizlə birgə yaşayırıq. Aprel döyüşləri zamanı da burada idik. Heç yerə getmədik. Çünki bura bizim doğma torpağımızdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olaraq təsərrüfatımızı genişləndirmişik. Mal-qara, toyuq-cücə saxlayırıq, arıçılıqla məşğuluq. Azərbaycan ordusuna güvənirik".

Ailə ilə tanışlıq mənim üçün də çox xoş oldu. Oqtay bəy və ailə üzvləri kəndin əvvəlki, elə indiki vəziyyəti barədə məlumat verirlər. Kəndin yenidən bərpasından xüsusi həyacanla danışırlar. Hazırki evlərin Prezidentin göstərişi ilə çox qısa zamanda tikilib istifadəyə verildiyini qeyd edirlər. Daha sonra Prezident İlham Əliyevin kəndə gəlişi, onların evlərində qonaq olması anlarını xatırlayıb, bütün bunlardan qürur hissi keçirdiklərini dilə gətirirlər. İndi kəndə sakinlər üçün vacib olan bütün şəraitin qurulduğunu, əhalinin rihaf halının yaxşılaşdırılması üçün iş yerlərinin yaradıldığını deyirlər. Onlar danışdıqca qürur duyur, tezliklə Cocuq Mərcanlının digər sakinlərini görmək istəyirəm.

Bu fədakar insanlarla sağollaşıb, kəndin mərkəzinə Novruz bayramı qeyd olunacaq əraziyə gəlirik. Bizi yazıçı-jurnalist, AzTV-nin əməkdaşı Azər Qismət qarşılayır. Azər bəy də bizim qədər sevinclidir. Proqram barədə danışır, Cocuq Mərcanlıda ilk dəfə baş tutacaq bu Novruz şənliyinin möhtəşəm keçməsi üçün əllərindən gələni edəcəklərini deyir. Az sonra həqiqətən də belə olduğuna şahid oluruq. Hazırda Azərbaycan Televiziyasının (AzTV) heyəti yüksək canfəşanlıqla canlı yayıma hazırlıq işləri görürlər. Bütün əməkdaşlar həyacanlıdır. Bəzən dodaqlarının altındakı pıçıltı bizim də həyəcanımızı artırır: “Bircə yağış yağmayayadı”. Ancaq neyləyəsən ki, yağış yağdı...

Sakinlər Bakıdan gələn qonaqlarını isti münasibətlə qarşılayır, sevinclərini dilə gətirirlər. Zarafat deyil, illər sonra bayramı öz doğma yurdlarında qeyd edirlər. Tonqallar qalanıb, bayram süfrələri hazırlanıb. Kənddə əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Hər kəs axşamkı şənliyə hazırlaşır.

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ

Oqtay bəy bizi qəsəbə ilə tanış edir. Flora xanım kənd sakinləri ilə bayramlaşır, onların həyat tərzi ilə maraqlanır. Sakinlər yaşayışlarından razıdır. Kənddən yüksəklikdə yerləşən Lələ təpəyə baxırıq: Azərbaycan bayrağı dalğalanır. Şükür, tarixi ərazimizə sahiblənə bilmişik. İndi Azərbaycan ordusunun əsgərləri bu təpədən torpaqlarımıza nəzarət edirlər. Möhtəşəm duyğudur. Əhali əsgərlərimizə güvənib, bu kənddə rahat yaşayırlar.

Millət vəkili Flora Qasımova -Cocuq Mərcanlıda -Video

Tonqallar qalandı, Cocuq Mərcanlıda. Cocuqlarla, elə böyüklərlə də sevinə-sevinə tonqalın üstündən tullandıq. "Ağırlığımız-uğurluğumuz burdan yayılsın!” – tonqalın üstündən tullananda belə dedim və dostların təəccüblə mənə baxdıqlarını hiss etdim. Eybi yox, onsuz da öyrəncəlidirlər mənim qəribə deyimlərimə.

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ

Hava get-gedə qaralır. Şənliyin başlanmasına az qalıb. Bakıdan gələn sənətçi qonaqlar səhnədə görünürlər. Sakinlərlə görüşür, xatirə şəkilləri çəkdirirlər.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun rəhbərliyi ilə hər şeyin yüksək səviyyədə təşkil olunmasının şahidinə çevrilirik. Hazırda Kamal müəllim də bizimlədir. Səhnədə bizim üçün ayrılmış yerdə əyləşirik. Bir ağbirçək deyir ki, başçını bizə sevdirən səmimi və diqqətcil olmasıdır.

AzTV-nin rejissorları tez-tez anons edirlər: “Efirə az qaldı”, “Hər kəs öz yerini tutsun”, “Beş dəqiqəyə efirdəyik”, “Diqqətli olun, bu tarixi bir yayım olacaq” və s.

Nə gizlədim, indiyə qədər AzTV-də canlı yayım konsertlərini o qədər də maraqla izləməmişəm. Canlı yayımdan asan nə var, qurursan kameraları hadisəni olduğu kimi yayımlayırsan da. Amma belə deyilmiş... Heyətin burada - Cocuq Mərcanlıdakı performanslarını, yağışlı, soyuq havada göstərdikləri fədakarlığı gördükdən sonra hər canlı yayım zamanı kadrarxası əziyyətlər canlanacaq gözümün önündə. Və hər dəfə bu texniki heyət gözümdə ucalacaq.

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ

Və saat 21:00. “Əzizinəm Qarabağğğğ”.... Kəndə “Qarabağ şikəstəsi”nin sədaları yayılır... Oxuyan Mənsum İbrahimovdur. Alqış səsləri, alovlanan tonqallar, Novruz adət-ənənələrini nümayiş etdirən sakinlərin yaratdıqları möhtəşəm görüntülər... İnsanın hissləri riqqətə gəlir. İlahi, kim idi bu arzunu diləyən ki, “o gün olsun, Novruz bayramı tonqalını işğaldan azad edəcəyimiz torpaqlarda yandıraq?!” Həmin arzunun gerçəkləşdiyi gün idi, Novruzu Cocuq Mərcanlıda qeyd edirdik. Konsertin səsi bütün kəndi dolaşır, ordan da mənfur ermənilərin qulağının pərdəsini yelləndirirdi. Bircə görsəydiniz, sakinlər bayram coşqusunu necə yaşayırdılar...

Konsertin başlaması ilə şiddətli yağışın yağması eyni anda oldu. Düşündüm, yəqin sakinlər yağış altında dayanmayacaq, nəzərdə tutulan tədbir yarımçıq qalacaq, AzTV canlı yayımı kəsməyə məcbur olacaq. Lakin səhv düşünmüşəm. Bu yağış sanki Cocuq Mərcanlılar üçün növbəti sınaq idi. Onların fədakarlığı bir daha üzə çıxdı. Getdikcə şiddətlənən yağış tədbir iştirakçılarının əhval-ruhiyyəsinə təsir etmədi. Nəzərdə tutulmuş 3 saatlıq bayram şənliyi uğurlu alındı, Azərbaycan Televiziyası ilə bütün dünyaya yayımlandı. Biri-birindən gözəl mahnılar, rəqslər təqdim olundu. Millət vəkilləri – Flora Qasımova, Qənirə Paşayeva, Elman Nəsirov eləcə də, Türkiyədən gəlmiş qonaqlar çıxış etdilər, arzularını dilə gətirdilər. Dr. Fatma Sönmez hocamızın “Buradan bütün dünyaya səslənirəm: Qarabağ Türk yurdudur, Qarabağ bizimdir, bizim olaraq qalacaq. Türkün şanlı bayrağını Qarabağa asacağıq” deyimi sakinlər tərəfindən yüksək alqışlarla qarşılandı. Bəli, Cocuq Mərcanlıda, başımızın üzərində dalğalanan Türkiyə-Azərbaycan bayraqları dostluğumuzun, qardaşlığımızın əbədi olacağının göstəricisi idi.

Dr Fatma Sönmezin çıxışı -VİDEO

Cocuq Mərcanlı bir ayrı aləm idi o gün! Azərbaycanın bir hissəsi olmaqdan qürur duyurdu sanki. Orada yaşanan hisslərin, emosiyaların dediklərini qələm yaza bilmir. “Bir güldən bahar olmaz” deyirlər, amma bir gülün açması artıq baharın gəlişinin əlamətidir. Həmin gün hər tərəfdə alışan tonqallar da bahar çiçəklərini xatırladırdı.

Tədbir uğurla sona çatdı və yağış da dayandı. Deməli, bu da bir ilahi qərar imiş.

***

Gecəni Cocuq Mərcanlıda qaldıq. Səhər azan səsinə yuxudan ayılıram. İllər əvvəl babalarımız bu səsə həsrət qalmışdılar. İndi kimsə səsi bizə çox görə bilməz! İnşaallah, bu səs bütün Qarabağ torpaqlarında eşidiləcək. Biz bunu Cocuq Mərcanlının timsalında gördük.

Bir daha o müqəddəs torpaqlara dönmək ümidi ilə yüksək əhval- ruhiyyə ilə Bakıya dönürük.

Şəhla Aslan,
Cəbrayıl, Cocuq Mərcanlı

Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJ
Cocuq Mərcanlının Novruz həyəcanı - REPORTAJБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ