Firudin Qurbansoy: «İçkili adamlar nə yaza bilər ki?» – Müsahibə

Tarix:11-02-2019, 11:01 Baxış Sayı:117

Firudin Qurbansoy: «İçkili adamlar nə yaza bilər ki?» – Müsahibə

Manera.az müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz filologiya üzrə fəlsəfə doktoru, qədim və orta əsrlər üzrə mütəxəssis, Azərbaycan Milli Konservatoriyasında İctimai Elmlər kafedrasının müdiri, dosent Firudin Qurbansoydur.

- Firudin müəllim, asudə vaxtınızda kitab oxuyursuz?

– Xeyr. Mənim asudə vaxtım ancaq yatdığım zamandır. Yata-yata isə kitab oxumağın faydası olmaz. Kitabı gərək oyaq və ayıq vaxtında mütaliə edəsən ki, sətirlərin arasındakı yazılmamış sözləri də oxuya biləsən. Hər gün sutka ərzində üst-üstə ən azı 2-4, təcili iş olanda ən çoxu 14 saat mütaliə edirəm. Gözlüklə oxumağı xoşlamıram, ona görə də bundan artıq mütaliə edə bilmirəm. Arxivlərdə işləməkdən ötrü ürəyim gedir. Köhnə kitabların qoxusunu mənim üçün heç ən bahalı ətir belə ətir əvəz edə bilməz. Nankorcasına unutduğumuz, çoxdan heç kəsin yadına düşməyən layiqli babalarımızın yazdıqlarının bizim gözlərimizin tumarına, özlərinin isə böyük ümidlərlə qədirdan hesab etdiyi biz nəvələrinin enerjisinə, onların haqqında deyəcəyimiz xoş sözlərə böyük ehtiyacları var.

Öz kitabxanam kasad deyil, dörd-beş il əvvəl 50 min nüsxə seçmə kitab təşkil edirdi. İndi yaşadığım yer Bayılda keçmiş neft mədənləri ərazisindəki köhnə, kustar üsulla olan tikililərdəndir. Nəmişlik, temperatur normativi saxlanc tələblərinə uyğun gəlmir. Həm saxlamağa yerim yoxdur, həm də tələbələrim, yaxın dost-tanış arasında ehtiyacı olana, bəzi kitabxanalara kitablardan xeylisini bağışlamışam. Bu kitabların arasında lüğətlər, ensiklopediyalar da var.

Firudin müəllim, Elektron kitabxanalar ənənəvi kitabxanaları əvəz edə bilər?

– Birmənalı deyim, əvəz edə bilməz. Ən azı ondan ötrü ki, hələ indiyəcən görməmişəm, kimsə “Qurani-Kərim”in mətni yazılmış PDF-i öpüb gözünün üstünə qoysun. Yəqin, qiyamət gününəcən “Qurani-Kərim” kitab şəklində çap olunacaq! Axı bu müqəddəs kitabı qiyamət gününədək mühafizə edəcəyini elə bu kitabda Allah-Təala özü deyib. 15 Hicr surəsinin 9-cu ayəsində buyurulur: “'İnnā nəĥnu nəzzəlnā əz-zikra va 'innā ləhuləĥāfizūnə”, yəni“ Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!"

Məhəmməd (s.ə.s.) Peyğəmbərin rehlətindən (632) xeyli sonra, xəlifə Əbu Amr Usman ibn Əffan əl-Unavi əl-Qureyşi zamanında (644-656) “Qurani-Kərim” mətnləri toplanıb bir kitab halına salınmazdan çox əvvəl 56 Vaqiə surəsinin 79-cu ayəsi nazil olub, orada buyurulur: “Ləyəməssuhu'Illə əl-muţəhhərūnə”, yəni“ Ona yalnız pak olanlar toxuna bilər!” Bu müqəddəs kitaba toxunmaq səlahiyyəti qazanmaq üçün gərək həm mənəvi, həm də fiziki cəhətcə təmiz olasan. Qurani-Kərimi öyrənmədən təmizlənmək olmur. Kitaba yaxınlaşmaq məsuliyyəti elektron formatda çətin ki, qalsın.

Ən maraqlı kitabı belə PDF formatında 1 saat ərzində mütaliə etmək fiziki baxımdan çətindir, göz əziyyətə düşür, insan şüalanır. Amma yadımıza salaq ki, səhərə qədər hər birimiz maraqlı ənənəvi (kağız) kitabdan əl çəkməmişik, yataqda olsa belə, oxumuş, əsərin qəhrəmanının yerində olmuşuq. Bir də, kitab vərəqlərinin ətrini heç bir PDF verə bilməz.

-İlk kitabxananın yaranması hansı zərurətdən irəli gəlmişdir?

– İlk kitabxanalar hökmdarların saraylarında, gil lövhələrin saxlancı kimi yaradılıb. “Kitab” sözü ərəbcə yazılmış mənasını verir, “məktəb” sözü isə ərəbcə kitabxana, kitablı yer deməkdir. Belə baxanda, ən məntiqli sözdür, doğurdan da kitabxanalar məktəbdir. Ötən zamanlardakı ağıllı, müdrik adamların fikirlərini gələcəyə ötürmək üçün kitablar və kitabxanalar lazımdır. İnsanlar dünyaya gələr, gedər. Onlardan ya yaxşı, ya da pis sözlər qalar. Sözlər yazılanda kitab yaranır, yazılmasa, yaddan çıxıb gedir.Böyük şair Antaliyalı Adəm Dədə (1591 – 1653) buyurub:

Adəm odur ki, adını aləmdə andıra,
Dünyada ad qalır. Adəm gəlir, gedir.

(Xatırladıram ki, bu gözəl şairin məzarı Mövlamə Məhəmməd Füzuli ilə Kərbəla şəhərində bir kiçik məqbərədə idi. 1975-ci ildə Səddam Hüseynin əmriylə, guya zəvvarlara mane olur deyə, bu məqbərə və qəbirlər sökdürüldü.)

Kitab oxuyanda elə bil, indi həmişə rastlamadığın ağıllı bir adamla söhbət edirsən. Məgər çap olunan bütün kitablar yaxşıdır? Şəri, şeytanı təbliğ edən Allahsız kitablar da yazılıb və yazılır. Vaxt var idi, Yazıçılar İttifaqının pilləkənlərindən belə spirt iyi gələrdi. İçkili adamlar nə yaza bilər ki? Allahın yasaqladığını qəbul edən, elə yasaqları da qəbul etdirmək istəyər. Kitabxanalarımız belə “əsər”lərdən xali deyil.

- Necə düşünürsüz, dünyagörüşü genişləndirmək üçün hansı kitablar oxunmalıdır? Söhbət, mütaliəsi hər bir insan üçün vacib olan kitablardan gedir…

– Belə bir məşhur söz var ki, hər kəs bütün ömrü boyu cəmi yeddi kitab oxumalıdır. “Amma, hansı kitabları?”-sualına cavab verilməyib. Seçmək üçün gərək dizlərini qatlayıb oturasan, oxuyasan ki, bitkilərin, quşların, ətraf mühitin, insanların, kosmosun dilini öyrənəsən. İlk növbədə, dini və tarixi mənbə sayılan kitabları oxumaq vacibdir; Qurani-Kərimi təfsirlərilə, Bibliyanı, Herodotu, Ksenofontu, Plutarxı, Təbərini, Farabini, Birunini, İbn Sinanı, Bəhmənyarı, Firdövsini, Şeyx Nizamini, Sədini, Seyid Yəhya Bakuvini, Nəsimi Şirvanini, Mövlanəni, Füzulini... saymadığım yüzlərlə müəllifi, minlərlə kitabı... Bu kitabları oxumayan insan bir çox məlumatdan məhrum olur.

- Kitabda yazılan sözlərin, kəlamların insana təsiri nədən ibarətdir?

– Dünyada elə mövzu yoxdur ki, onun barəsində ayrıca kitablar olmasın. İnformasiya okeanında insanlar bəzən lazım olan kitabı yox, azdırıcını mütaliə edir. Qəribə deyil ki, ötən əsrlərdən üzü bəri Avropada təhsil alanlar və ya vəzifələri ilə bağlı əcnəbilərdən asılı olanlar dinlərini güdaza verir, islama qəbahətlə baxır, bütün əskikliklərimizin qaynağı kimi ancaq onu görürlər. Bu, xüsusi proqramların həyata keçirilməsilə baş verir. Yaşlıların yadında olar, bir vaxtlar fransız antiislamçısı Massenin “İslam” adlı kitabı əl-əl gəzirdi. İnsanlar elə bilirdi ki, islam elə budur. Və ya türk tarixini düşmənlərin yazdığı mənbələrdən öyrənirdik. Ona görə də, əsl biliyə sahiblənənlər o qədər də çox deyildi. Hətta akademiklərin kitabları cəfəngiyyatlarla dolu olardı.

Təəssüf ki, indi daha makulatura yığmırlar. Xalqın taleyini gözəl yazmağı bacaranlar, ölmədi, bu gün də, sabah da yaşayacaq. Əsl və əsil söz candan gəlir, Mövlanə Füzuli “Leyli və Məcnun”unda dediyi kimidir:
Söz candır əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir can.

ya da Müşfiq demiş:

Dünən bir şairin keçdim yanından,
İldə bir söz çıxmaz xəsis canından…


İnsanlar ancaq candan gələn sözlərin təsirinə düşür, boğazdan yuxarı, nəyinsə xatirinə deyilən konyuktiv sözlər ürəyə, qəlbə təsir edə bilməz.

- Mütaliə vərdişlərinin tərbiyə olunmasına neçə yaşından başlanmalıdır?

- Mütəxəssislər belə hesab edir ki, 4-6 yaş uşaqlar üçün hərfləri öyrənib sərbəst mütaliə yaşıdır. Mübahisə etmirəm. Təəccüblü deyil ki, 4-5 aylıq tutuquğu insanı təqlidən danışa bilir, körpələrə isə, əsasən 24 aydan sonra bu səlahiyyət verilir. Əslində, çağa dünyaya gəldiyi vaxtdan dil açana qədər mələk dilində daçışır. Biz korafəhm olaraq, onları başa düşmürük. Anladığımız dildə danışmadığı vaxtda belə, körpələri yatıranda analar layla oxuyurlar. Nənələr nağıl danışırlar. O sözlərin şəhdi-şəkəri, hikməti sonralar bizim yaddaşımızdan kağızlara köçür, dilimizdən övladlarımıza ötürülür. “Nağıl” sözü ilə “naqıl” sözlərinin hər ikisi ərəbcə eyni kökdəndir. Biri hikməti ötürür, o biri cərəyanı. İkisindən biri olmasa ruhumuza və evimizə qaranlıq çökər.

- Mütaliə və nitq mədəniyyəti. Bunlar haqqında nə deyə bilərsiniz? Mütaliənin nitqə təsiri var?

– İmam Əbül-Həsən, Əli ibn Əbu Talib əl-Qüreyşidən (17.03.599 – 24.01.661) belə hədis var ki, hər kəs öz dilinin altında gizlənib, danış, səni görüm. Taleyran deyirdi ki, dil adama ona görə verilib, fikirlərini gizlətsin. Nitq doğurdan da böyük mədəniyyətdir. Qul olanda Ezopa ağası: “Ən şirin və ən acı şey al gətir”, – deyib bazara göndərəndə qədim yunan təmsil yazanı ancaq dil almışdı. Səbəbini də onunla izah etmişdi ki, şirin dildən də şirin dünyada nə var? Yaxud acı dildən də zəhərli nə ola bilər?

Belə bir hadisəni nağıl edirlər. Nadir şah Əfşar 1741-45-ci illər ərzində şirvanşahı cəzalandırmaq üçün gələn vaxtda görür ki, yol üstündə məktəbdən qayıdan uşaq yarı yolda dayanıb yürümək istəməyən qoduqla səmimi söhbət edir. Uşaq eşşək balasına deyir ki, ay sənin qada-bəlanı alım, başına döyüm, gəl, yolumuzu gedək. Məni yarı yolda qoyma. Nadir şah yaxınlaşıb uşaqdan soruşur:
– Ay uşaq, Allahın bu qanmaz heyvanı ilə nədən belə mehriban danışırsan?
– Ay əmi, dilimi şirinləşdirirəm,elə eləyirəm ki, böyüyəndə dilim xoşagələn olsun.
Söz Nadir şahın xoşuna gəlir.
Əmr edir ki, qoduğun üstündəki xurcunu qızılla doldursunlar.
Nadir şah Əfşar (22.11.1688 – 20.06.1747)

Uşaq evə qayıdanda atası pulları görüb səbəbini biləndən sonra, nəfsini saxlaya bilmir, kəsmə gəlib Nadir şahın yolunun üstünə çıxır. Eşşəyilə səmimi dillə danışır:
– Ay başına dönüm, qada-bəlan canıma gəlsin, gəl gedək, məni yarı yolda qoyma.
Nadir şah qəzəblə soruşur:
– A kişi, ey, bu heyvanla nədən belə səmimi danışırsan?
– Qadan alım şah, istəyirəm dilimi şirinləşdirəm. Nadir şah qəzəblənir:
– Ay heyvan oğlu heyvan, bu yaşında dilin şirin olmayıbsa, bundan sonra şirin olacaq? Bu əbləhə 40 zopa vurun deyir.
Doğurdan da, uşaq vaxtı vərdişə çevrilən mütaliənin nitqə, ünsiyyətə, davranışa böyük təsiri olur.

- Mütaliə insanın nitqinə necə təsir edir?

- Mütaliə insanın nitqinə birbaşa təsir buraxır. Mütaliəsi az olan insanın leksik fondu, yəni söz xəzinəsi kasad olar. Şair və yazıçılar dilin qoruyucularıdır. Onların əsərlərini mütaliə etdikcə, müxtəlif hadisə və ovqatların təsvirində bizim üçün maraqlı olan yeni sözlər öyrənirik. Təzə bir sözün öyrənilməsinin faydasıyla bağlı hikmətamiz bir hadisə bəzi kitablarında nəql olunur: Sasani sarayının xəzinəsi ərəb fatehçilərinin əlinə keçəndə çərçivəyə salınmış qızıl lövhədə pəhləvicə nəyin yazıldığı ilə maraqlanırlar. Tərcümə edib deyirlər ki, burada “kim arvadın sözünə qulaq assa, üç dəfə artıq xərcə düşər” cümləsi yaılıb. Nə üçün yazıldığını da söyləyirlər. Belə ki, oxuyub öyrənməyə sarsılmaz həvəsi olan bir kasıb uşağı arzusuna çatmır, böyüyəndə qayıqçılıq və balıqçılıqla ailəsini dolandırıb güzəran keçirir.

Bir gün iki alim yaxınlaşıb qayıqla o biri sahilə keçirmələrini ondan xahiş edirlər. Bunun müqabilində pulları olmadığı üçün heç nə verməyəcəklərini də qabaqcadan söyləyirlər. Qayıqçı bir şərtlə razılaşır ki, onların söhbətləri zamanı sual verərsə, cavablandırsınlar. Razılaşırlar. Qayıqçı alimlərin söhbətində onun üçün bu vaxtadək bilmədiyi təzə söz eşidir – “xonza”. Soruşur, ki, mənası nədir. Deyirlər ki, nə erkək, nə dişi, üçüncü cins, germofradit deməkdir.

Bir gün bu qayıqçı-balıqçı qeyri-adi gözəl bir balıq tutur. Tez onu içində su olan şüşə bankaya buraxır. Üstünə qırmızı örtük salınmış xonçanın içinə qoyub Xosrov Pərvizin yanına tələsir.Bilir ki, 590 – 628-ci illərdə hakimiyyətdə olmuş XXXVII Sasani şahı Hörmüz oğlu II Xosrov Pərviz balıq həvəskarıdır, elə buna görə də ona “Pərviz” deyirlər. Pəhləvi dilindən bu sözün tərcüməsi “qanadlı” deməkdir. Qartalı, qanadlı ulduz hesab edilən kometi, balığı da “pərviz” adlandırıblar.
Balıqçını saray qapıçısı içəri buraxmaq istəmir, deyir ki, şah indi möhkəm məşğuldur, heç kəsi qəbul etmir. Balıqçı da deyir ki, sabaha saxlaya bilmərəm, bu gün onunla tezbazar alver eləməliyəm.

Sarayda şahın yanında arvadı Şirini də görəndə balıqçı tələsdiyinə peşiman olur. Şah əsəbiliklə soruşur ki, sabaha qalmayacaq nə alverdi belə? Balıqçı örtüyü götürüb şüşə bankanı şaha göstərir. Şahın fərəh və təəccübdən ovqatı çox yüksəlir. Xəzinədarı çağırıb kişiyə min dinar verməsini əmr edir. Kişi pul kisəsini götürüb qapıya tərəf gedir. Onsuz da ovqatı korlanan Şirin pıçıltıyla şaha deyir:

– “Dəli olmamısan ki? Bir balığa da bu qədər pul verərlər? Qoşun başçısına yüz dinar verirsən, bir balığa min? Eşidib-bilərlər, sənə qarşı çıxarlar.
Şah soruşur:
– Bəs nə edim?
– De ki, balıq erkəkdi, yoxsa dişi? Hansı birini desə, əmr elə o biri cinsdən olanı da tutub gətirsin.

Balıqçı qapının ağzına çatanda şah onu geri çağırır. Soruşur ki:
– Balıq erkəkdi, ya dişi?
Məsələnin nə yerdə olduğunu fəhm edən balıqçı deyir ki:
– Şah sağ olsun, bu balıq xonzadır.
Hazırcavablıqla deyilən söz şahın xoşuna gəlir, xəzinədar ona daha min dinar ödəyir. Kişi iki dopdolu kisəni qucağında aparanda bir dinar yerə düşür, balıqçı əyilib pulu xalçanın üstündən götürür. Sözünün keçmədiyini görən Şirindən ötrü hikkəsini yeritmək üçün fürsət düşür.
– Görürsən, bu kişi verdiyin o qədər pula layiq deyil. 2000 dinarı ola-ola bir dinardan ötrü əyildi.
– Hə, sən acgöz zümrədənsən, verdiyim pula dəyməzsən.
– Şah sağ olsun, mən pulu yerdən ona görə götürmədim ki, pulum azalar.Bu qədər pul mənim ölümə də bəsdir, dirimə də… Ona görə əyilib yerdən götürdüm ki, pulun üstündə sənin şəklin var, görməzlər, tapdalayarlar.
Bu söz də şahın xoşuna gəlir, balıqçı evinə 3000 dinarla qayıdır. Şah əmr edir ki, zərgər-xəttat qızıl lövhədə yazsın: “Kim arvadın sözünə qulaq assa, üç dəfə artıq xərcə düşər”.
Kasıb balıqçı alimlərdən cəmi bir söz öyrəndiyi üçün daha kasıb olmur. Ona əsl görə, alim öləndə deyirlər ki, bir kitabxana yandı.

- Sözsən söz düşmüşkən, sözün qədir-qiyməti haqqında nə demək olar?

- Ənuşirəvan və ya Nuşirəvan Adil kimi tanınan 531-579-cu illər arasında hakimiyyətdə olmuş XXXIV Sasani şahı I Xosrov zamanında bir müdrik öz fikirlərinə məşğul ikən arvadı ucadan deyinir:

– Budu da, yenə getdi öz aləminə… A kişi, özünü nə ağıllı hesab eləyirsən? Kisədə unumuz yox, təknədə çörəyimiz. Axşama yemək istəyəcəksən, süfrəyə nə qoyum?
Müdrik öz qürurunu qorumaq üçün deyir:
– İstəsəm, şam yeməyini şah sarayında elərik.
– İstə də, niyə istəmirsən?
– Bilirsən, mən özündənrazı, hikkəli adamlarla yola gedə bilmirəm, ona görə də istəmirəm. Bilirəm ki, belə adamlar müdrikləri hörmətlə qarşılasalar da, sonra cüzi bir günahın üstündə edam elətdirirlər.
– Hə, belə de, müdrikə bax! Ac toyuq yuxusunda darı görürmüş…
Arvadla mübahisənin yersiz olduğunu bilən müdrik ayağa durub birbaşa şah sarayına gəlir. Qapıçılardan öyrənir ki, şah ovdadır, indilərdə qayıdar. Gedib yol üstündə oturur, gözləməyə başlayır. Bir də bunu, görür ki, tappaturup, toz-tozanaq qalxdı, yolda atlılar görünməyə başladı. Öndə və arxada qoruyucular, ortada Nuşirəvan Adil şah və əyan-əşrəf, vurulan ovları daşıyan arabaçı, atının yəhərindən. Qoruyucular müdriki yolun üstündə görüb çığırır?
– A kişi, çıx yoldan, şah gəlir!
– Mənim şahla al-verim var.
– Heç alver yeridir? Bura səninçün dükan-bazar deyil, çıx, rədd ol, get!
– Bax, mane olsarsız, şahın sizə qəzəbi tutar! Mənim şahla alverim var – deyirəm!
Şah ucadan səslənən sözləri eşidir, işarə ilə işiniz olmasın deyir. Ona yaxınlaşanda soruşur:
– Əlində heç nə yoxdu, nə satırsan belə?
– Satdıqlarım dilimdədi. Söz satıram!
– Hmm… söz? Yaxşı, de, xoşuma gəlsə, alacağam!
– Əvvəlcə pulları qoy ortaya, bilim ki, doğurdan alacaqsan. Özü də ucuz satmıram. Cəmi üç söz olacaq, hərəsi də min dinara.
Şah xəzinədara 3000 dinarı onun qarşısına qoymağı əmr edir.
– Buyur, de.
– Birinci söz budur: “Sarayında sənə layiq bir nəfər də olsun halal süd əmmiş adam yoxdur.”
– Bu sözünü aldım, o biriləri de!
– İkinci sözüm budur: “Hərçənd adamları dəyişmək mümkün deyil, nə onlardan qaçmaq, nə də onlarsız ötüşmək olmur!”
– Bu sözünü də aldım, o birisini də de!
– Üçüncü sözüm öncəkilərin davamıdır: “Şah hər kəsin xislətində gizlənmiş şərin miqyasını bilməli, onlardan az və çox dərəcədə müdafiə olunmağı bacarmalıdır”.
– Bu sözünü də aldım, pullarını götür!
– Şah sağ olsun, mənə pul lazım deyil!
– Eləsə, niyə ciddi-cəhdlə pulları qənşərində görmək istədin?
– Bilmək istəyirdim, görəm bu məmləkətdə sözə qiymət verən var, yoxsa yox?!
Şah yanındakı kütbeyin vəziri atdan düşürür, müdriki özünə vəzir təyin edir. Adını dəyişib Büzürgmehr qoyurlar (“bozorq” – böyük, “mehr”–məhəbbət deməkdir). Sarayda onun və ailəsinin yaşaması üçün hər cür şərait yaradırlar. Həmən gün müdrik, söz verdiyi kimi, arvadıyla şah sarayında şam edir.
Sözün çəkisini, məqamını bilən adamla danışmaq insana nə qədər də xoş gəlir…

- Bədii əsər kino ekranında və teatr səhnəsində bir-birini tamamlamır ki?

– Kino, teatr və televiziya ayrı-ayrı “dillərdə damışan” incəsənət sahələrdir. Hətta eyni bir əsəri götürüb onu film dilində, yaxud teatr qəlibində, ya da teleekran estetikasında canlandıranda ayrı-ayrı əsərlər meydana gəlir. Bu əsərlər, əlbəttə kitabdan fərqlənəcək. Hər kəsin öz düşüncə tərzilə əsər qəhrəmanına münasibəti başqa-başqa olur. Dədə Qorqud, Nəsimi, Babək, Koroğlu... Bu obrazlar bir xalq kimi mənəvi kimliyimizin bünövrəsidir, zəif ştrixli konkretləşdirmələrlə onları təsəvvürlərdə sarsıtmaq böyük günahdir.

- Bildiyiniz kimi, bir çox bədii əsərlər ekranlaşdırılıb. Kino həmin əsərləri əvəz edə bilər?

– Qətiyyən əvəz edə bilməz. Uilyam Şekspirin “Hamlet” faciəsi yazıldığı vaxtdan bu günəcən dünyanın əksər böyük teatrlarında tamaşaya qoyulmaqdadır. Dünyanın bir çox kinematoqrafçıları bu əsəri yüz ilə yaxındır ki, ekranlaşdırmaqda davam edir. Hər kəs “Hamlet”i mütaliə edəndə öz Hamletini görür. Mən hələ nəsr əsərlərini demirəm... “Hərb və sülh”, “Karamazov qardaşları”, “12 stul”, “Arşın mal alan”. Bir film o biri filmə bənzəmir, filmlərin özü də kitaba oxşamır. Belə bir lətifə var ki, iki kəsəyən kino lentini çeynəyir. Biri o birinə deyir ki, bu filmin kitabdakı ssenarisi daha ləzzətli idi.

- Gənclərin mütaliəsi? Burada vəziyyət necədir?

– İndi istənilən kitabı tapmaq olar. Bir vaxt həsrətində olduğumuz kitablar indi azsaylı kitab köşklərinin piştaxtaları üzərində özünü günə verib toz basır. O qədər bahadır ki, tələbələrin gücü çatmır onları alsın. Nur əd-Din Əbd ər-Rəhman ibn Əhməd Cami (18.08.1414 – 19.11.1492) “Baharistan” əsərində yazırdı, bir kitabfüruşdan soruşurlar ki, alverin necə gedir? Deyir, necə olacaq, pulu olanların savadı yoxdur, savadı olanların da pulu.
Cavanlarımızdan xarici dil bilənlərimiz üçün mütaliə meydanı daha genişdir. Deyingən qocalara qoşulub deməzdim ki, cavanlarımız korafəhmdir, cavanlarımızın arasında geniş mütaliəlilər az deyil. Bunu mən ali məktəb müəllimi kimi deyirəm.

- Kitabı enerji mənbəyi hesab etmək olar? Və bu enerji oxucuya necə təsir edir?

– Əlbəttə! Mövlanə Məhəmməd Füzuli “Söz” rədifli qəzəlində buyurur:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Egə hər saət səni ol uyqudan bidar söz.


Yəni, sözə öz həyatından dirilik, bio-enerji ver ki, səni ölüm yuxusu tutduqca, hər saatdan bir oyatsın. Böyük enerjili dahilərin hər beyti həyat gücüylə doludur. Onların sözləri təkcə biliyimizi deyil, həm də ruhumuzun gücünü artırır. “Ağ” energetikalı dahilər, çox böyük təəssüflər olsun ki, bütün insanlara eyni dərəcədə müsbət təsir buraxmır. Hətta deyilən düz fikri tamamilə tərs qəbul edənlər də olur. Bunun səbəbi barədə Tənzimat dövrü Türk ədəbiyyatının dahi şairi Əbd əl-Hamid Ziya əd-Din Ziya Paşa (1829–17.05.1880) tərkib-bəndindəki bir beytdə belə buyurub:

Erbâb-ıkemâli çekemez nâkıs olanlar,
Rencîde olur dîde-I həffâş ziyâdan.

Yəni, ağıldan naqis olanlar kamal sahibini qəbul etməzlər, çünki yarasanın gözləri işıqdan inciyir, o qaranlığı daha üstün tutur.

- “Biblioterapiya” adlı müalicə metodu geniş tətbiq olunur. Bu haqda Sizin fikrinizi öyrənmək maraqlıdır.

– “Libropsixoterapiya”, “libropsixopediya”, “estoteterapiya”, “pasientotir biblioterapiya” və ya sadəcə, “biblioterapiya” kimi müxtəlif adlarla təbabətdə müalicə üsulu kimi mütaliə ilə müalicə məqbulsayılır. Hələ 1300 il miladdan öncə yaşamış Misir fironu (miladdan öncə 1303-miladdan öncə 27 İyun 1213) kitabxanasının üzərində “Ruh üçün əczəxana” sözləri yazılıbmış.

Minillər boyunca insanların ruhları ilə bərabər həm də bədənlərini Səmavi kitablarla müalicə edilib. Əsasən, ruhi sarsıntı keçirmiş insanlara bu üsul məsləhət görülür. Qurani-Kərimin bir adı da “Şəfa”dır. İslam təbabətində Qurani-Kərimin hansı surəsinin, hansı ayəsini müxtəlif xəstəliklərdən ötrü dərman yetində tətbiq etmək ənənəsi bu gün də yaşamaqdadır.

Xüsusi qəddarlıqla törədilən cinayətlərdən bəhs edən detektivləri, seksual azlıqların həyatını, vampirizmi, iblisanə davranışı ləzzətlə təsvir edən çoxsaylı ədəbiyyatın, “Harri Poter” kimi cadugərliyi təbliğ edən əsərləri mütaliə edən həssas insanların, əsasən qocaların və uşaqların əsəbləri pozulur. Həkimlər effektli müalicə üçün lətifələr, səadətli sonluqla bitən əsərlər oxumağı məsləhət bilir.

- Fikrinizcə, bu gün cəmiyyətdə kitabxanaya ehtiyac var? Müasir kitabxananı Siz nə formada təsvir edə bilərsiz?

– Ehtiyac olub, var, həmişə də olacaq. Bu gün kitabxanaya oxucunu daha gur cəlb etmək üçün çox sadə üsullar var. Fond oxucunun tələbatına uyğun zənginləşdirilməli, bina müasir və gözəl olmalı, kitabxanada İnternet və çoxlu komputerlə, surətçıxaran cihazlarla təmin edilməlidir.

Zarafat hesab etsəniz də, yoxlayın, subay və qəşəng qızlar abonementdə işləsələr, subay oğlanlar qəşəng kitabxanaçı qızlardan ötrü, tələbə və subay qızlar isə təşrif gətirən oğlanlara görə kitabxanaya gəliş çoxalar.

Avropadakı klublardakı kimi, maraq dərnəklərinin; ədəbi yaradıcılıq, bədii-qiraət, hazırcavablıq, tarix, ölü dillər, xarici dil və ali məktəblərə, magisraturaya hazırlıq kurslarının fəaliyyət göstərməsi müasir kitabxana statusunu yüksəldər.

- Sizin proqnozlarınıza görə, ənənəvi kitab nə vaxt və nə ilə əvəz oluna bilər?

– İnsanın sağlam yaşaması üçün ödənilməsi vacib olan əsas ehtiyacları bunlardır: nəfəs alıb-vermək, yemək-içmək-ifrazat, yatmaq, cinsəl vacibat və informasiya yeniliyi. Sonuncusu, informasiya təlabatı ilə bağlı onu demək olar ki, İnformasiya mənbələri çox sürətlə elektronlaşdığı üçün çox güman yaxın 20 ildə elektron kitabxanalar artacaq. Elektron format isə canlı kağızı (mətni) zənnimcə, heç vaxt əvəz edə bilməz. Belə olduqda, 20-30 ildən sonra, ötən əsrin 60-70-ci illər orta səviyyəli savadlı adamına “dahi” deyəcəklər.

- Ənənəvi kitabların ömrü nə qədər olacaq?

– 1926-cı ildə ərəb əlifbası latın qrafikası ilə əvəz ediləndə Mərdəkanda kitabfüruşlar bir-bir yox, kitabı çəki ilə satıblar. “Sənə neçə kilo kitab lazımdı?” – sualı indi təəccüblü görünə bilər…Mənim şəxsi kitabxanamda 300 yaşı olan əlyazma kitab, təxminən 700 yaşı olan kitab vərəqləri var. Ənənəvi kitablar mənim kimi “kitab məcnunları” hesabına hələ şox yaşayacaq. “Kitab məcnunları” isə ölkəmizdə kifayət qədər çoxdur.

- Kitab və mütaliə ilə bağlı məsləhətiniz…

– Heç bir müəllim görməyən Peyğəmbərimiz (s.ə.s.) çox düzgün buyurmuşdu ki, elmi yaza-yaza öyrənin. Acqarına, sübh tezdən öyrənilən biliyin yadda daha yaxşı qalması barədəki hədisinə də rast gəlirik. Fikrimcə, mübahisə yaratmayan həqiqətlərdir.
Kitabı, hətta onu gərəksiz hesab etsəniz belə, atmayın. Kiməsə, ya da kitabxanaya bağışlayın. Kitabın da ruhu var, sizdən küsər, onunla danışa bilməzsiz. Uşaq vaxtı öyrəndiyimiz cavabı kitab olan tapmacada deyildiyi kimi:

Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var, nə ağzı,
Hey danışır adamla.


Kitablarla hər gün danışan adam özü də bilmir ki, necə xoşbəxtdir.

Söhbətləşdi:
Lətifə Məmmədova,
Yasamal rayon MKS-inin direktoru
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ