"Onlar çuğulluq etməyə məcburdurlar"- Azər Qismət yeni romanı haqda danışır...

Tarix:12-12-2018, 17:09 Baxış Sayı:138

"Onlar çuğulluq etməyə məcburdurlar"-  Azər Qismət yeni romanı haqda danışır...

Bu günlərdə Azərbaycan ədəbiyyatına daha bir roman daxil oldu. Xəbər verdiyimiz kimi, “Xan” nəşriyyatı tərəfindən yazıçı Azər Qismətin “Çuğullar” romanı işıq üzü görüb. Müəllif roman haqda Manera.az-a danışıb. Söhbəti təqdim edirik:

- Azər bəy, yeni kitabınız adını “Çuğullar” qoymusunuz. Biz bu sözü qədim dastanlarımızda çox oxumuşuq. Yəni, sevindirici haldır ki, arxaik sözü yenidən leksikonumuza qaytarmaqla, xalq dili ilə desək, savab iş görmüsüz.

- Elə indi də Bakı kəndlərinin ağsaqqalları bu sözü işlədir...

- Elədir... Əsərin mahiyyətinə gəlincə, soruşmayacağam ki, niyə məhz çuğullar – xəbərçilər mövzusuna müraciət etdiniz. Çünki ətrafımız kifayət qədər xəbərçilərlə doludur. Bir var ki, məcburi çuğullar, bir də var könüllü çuğullar. Faciə burasındadır ki, könüllü çuğulların sayı durmadan artır. Əlyazmanı oxumuşam. Əsəri qəribə üslubda yazmısınız. Sanki heç bir ədəbi çərçivəyə sığmır, azad əsərdir...

-Hədəf Nəşrlər Evi, naşir Müşfiq Xan, redaktor Səbuhi Şahmursoy romanı oxuyub dedilər ki, “biz bu romanın başqa nəşriyyatlarda dərcinə qısqanclıqla yanaşa bilərik, onu elə özümüz çap edəcəyik”. Dedikləri kimi etdilər və məni sevindirdilər. Əsərə gəlincə, elədir ki var, qəribə üslubda yazılıb, razıyam. Əvvəl düşündüm ki, əsərin qəhrəmanının çuğulluğa məcbur edilməsinə faciə qatım. Axı, əksər oxucularımız faciəni sevir. Elə dünən biri soruşdu ki, “sonu ağlamalıdır?”

-Unutmayın ki, bizdə mərsiyə və ağı folklora daxildir. Ağlamaq hardasa qana işləyib.

-Bəlkə də ona görə oxucu sonunun ağlamalı qurtaracağını soruşurmuş. (gülümsəyir). Beləliklə, qəhrəmanı kənar dillə ifadə etdim. Ancaq sonra onu öz dili ilə danışdırdım. Maraqlıdır ki, bu oğlan özünü həm gülməli, həm faciəli şəkildə ifadə edir. Çuğulluğa məcbur olunur, lakin buna gülümsəyir. Çünki o, həyatı boyu görməyib ki, öz işindən əlavə belə işlə də məşğul olmalıdır. Bu ona gülməli gəlir.

-Hətta ona dünyadakı iş ab-havasından misallar da gətirilir ki, çuğulluq vacib məsələdir.


-Elədir ki var. Ona Avropa və Amerika sistemlərini misal gətirməklə yumşaltmağa çalışırlar ki, çuğulluq adi işdir. Onsuz təhlükə yaranar. İnformasiya təhlükəsiziliyi dövlətin əsasını möhkəmlədən vasitələrdən biridir. Belə etməklə müqəddəs işə töhfə vermiş olar.

-Ancaq sonradan anlayır ki...

-Bəli sonradan anlayır ki, söhbət şəxsi çuğulluqdan gedir. Oğlan elə bir müəssisəyə gəlir ki, sovet sistemindən qalma idarədə heç bir islahat aparılmayıb, avadanlıqlar toz içində, elə əməkdaşlar da köhnə ruhlu insanlardır. Onlar ancaq məvaciblərinin artırılması üçün çuğulluq edirlər. Ancaq öz biliklərini artırmır, müasir texnologiyalarla maraqlanmırlar.

- Siz son illərin əsas dəb mövzusu olan sevgi-məhəbbətdən yazmadınız.

-Həyatda elə şeylər var ki, sevgi-məhəbbətdən də maraqlıdır. Belə mövzular ancaq keçid yaşlı gənclərə aiddir. Əlbəttə, dərin sevgi mövzuları yazılsa, deyərəm ki, yaşlı insanlar da sevir, onlara belə əsərlər maraqlıdır. Ancaq təəssüf ki, bəzən bizim sevgi-məhəbbət romanlarımızdan ancaq keçid yaşlı oğlanlar, qızlar bəhrələnir. Bəsit əsər yalnız ömründə sevgi görməyənlər üçün maraqlı ola bilər.

-Və “Çuğullar”...

-“Çuğullar” təkcə bir müəssisə daxilində baş verən hadiləri əks etdirmir. Belə götürək ki, həmin müəssisə ümumi dünyanın bəlasıdır – çuğulluq, satqınlıq baxımından. Burada saf oğlan iki yol arasında qaldığı vəziyyətlərdə keçirdiyi gərgin anlar, çuğulları islah etmək üçün işlətdiyi variantlar, özünəməxsus taktikalar maraq doğurur. Üstəlik, xəyallarının qanadında keçmişə və gələcəyə də uçur. Öyrənmək istəyir ki, keçmişdə də çuğulluq olubmu, ya əfsanə və dastanlarımızda şifrə altında bu sahəyə dair nəsə verilibmi?! Bununla da qəhrəman sona qədər özü ilə danışır və personajların iç dünyası açılır. İlk baxışda canavar kimi göz-gözə yatan əməkdaşlar əslində daxilən bədbəxt və tənhadırlar. Onlar çuğulluq etməyə məcburdurlar. Çünki işdən çıxarılsalar, heç harda işə götürülməyəcəklər.

- Son?..

-Sonda məlum olur ki, gözlənilməzlik içindən gözlənilən anlar çıxır. Həyat insanı divara dirəyəndə, gözlənilməz addımlar atılır. Əlbəttə, oğlana qarşı belə edəndə nəyisə düzgün hesablama aparılmamışdı. Romanda çuğulların qəribə həyat tərzi də çox maraqlıdır.

-Mərdi qovub namərdmi edirlər? Xatırladım ki, mən əlyazmanı oxumuşam və açıq etiraf edim ki, kifayət qədər təsirləndim. Mən bilirəm, sonunu oxucular da bilsinmi?

-Sonu çox maraqlıdır. İnşallah, oxucular oxuyub bilər ki, insanı sıxmaqla hadisələrin gedişatı dəyişilir. Baş qəhrəmanın sözləri ilə deyilərsə, dar ayaqqabı da qanın yaxşı dövr etməsinin qarşısını alır. Ya ayaqqabını cırmalısan, ya çıxarıb atmalısan...


P.S. Oxucular “Kitabevim” mağazalar şəbəkəsində kitabı alıb oxuya bilərlər.

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ