"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ

Tarix:3-04-2018, 18:05 Baxış Sayı:1218

"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ
Müsahibimiz Qafqaz Universitetləri Birliyinin (KÜNİB) rəhbəri prof.dr. Ramazan Korkmazdır

31 mart – 1 aprel tarixlərində Qafqaz Universitetləri Birliyi (KÜNİB) Türkiyənin təhsil sahəsində qazandığı uğurları qardaş ölkələrlə paylaşmaq və təhsil sahəsində əməkdaşlıq məqsədilə Bakıda böyük bir təhsil sərgisi həyata keçirdi. Pullman Baku (köhnə Kempinski) otelində keçirilən sərgidə Türkiyənin 10 nüfuzlu universiteti (Başkənt, Ardahan, Kastamonu, Qars, Nevşehir, Erciyez, Maltəpə və b.) ilə yanaşı 7 Azərbaycan universiteti (Xəzər, Odlar Yurdu, Avrasiya və b.) də iştirak etdilər. Təhsil sərgisində Bakı Yunus Əmrə İnstitutu da təmsil olunmuşdu. Açılış mərasimində ilk söz Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala verildi. Sonra Qafqaz Universitetləri Birliyinin rəhbəri prof.dr. Ramazan Korkmaz növbə ilə tədbirdə iştirak edən və Birliyin üzvü olan universitetlərin rektorlarını, təmsilçilərini kürsüyə dəvət etdi. Sərgi iştirakçılarıyla – qonaqlarla, universitet rəhbərləri, təmsilçilər və tələbələrlə xatirə şəkilləri çəkildi. Açılış mərasımındən sonra keçirilən Mətbuat konfransında Türkiyə universitetlərində təhsillə əlaqədar jurnalıstləri və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Təhsilimizin inkişafı, gənclərimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu sərgidə və mətbuat konfransında Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan bəyin dəvətilə iştirak etdim. Bakıdakı sərgiyə həyat yoldaşı və oğlu ilə bərabər gələn bu dəyərli insanın gözəl və səmimi ailəsiylə də yaxından tanış olduğuma çox şad oldum. Ramazan bəyi 11 il bundan öncə iştirak etdiyim möhtəşəm bir konfransdan, 2007-ci ildə Ankarada keçirilən “İCANAS-38” konfransından tanıyıram. Məruzə etdiyim bölmənin sədrliyi ona tapşırılmışdı. Sonralar Bakıda bir neçə beynəlxalq konfransda da rastlaşdıq. Hər zaman da üzündəki o təmiz işığı gördüm, bir müəllim və böyük qardaş kimi səmimi, mehriban rəftarıyla qarşılaşdım. Bir neçə il əvvəl isə xoş sorağını əziz rəfiqəmdən də eşitdim. Türk dünyasının ən dəyərli qələm sahibləri və elm adamlarından olan iki əziz dostum – Sevil İrəvanlı və həyat yoldaşı Atilla Jorma onunla eyni bir universitetdə, daha doğrusu onun yaratdığı və rektoru olduğu universitetdə bərabər çalışırdı.Yarandığı vaxtdan böyük Atatürkün “Həyatda ən həqiqi mürşid elmdir” fikrini əsas götürən və devizi “İşığa qarışın!”- olan bu gözəl universitetdə 2009-cu ildə bütün işıqları bir yerə cəm etməyə, toplamağa çalışan möhtəşəm bir “işıq mənbəyi” də yaradıldı – Qafqaz Universitetlər Birliyi. Əsas qayəsi təhsilin inkişafı, gələcəyimiz olan gənclərin təhsil səviyyəsinin yüksəldilməsi olan bu Birlik də təsadüfi deyil ki, “Bir gələcək proyekti” şüarıyla fəaliyyətə başlayıb.

Birliyin fəaliyyəti və sərgi ilə əlaqədar məlumat almaq üçün Ramazan bəydən müsahibə almaq istədim. Müsahibimlə söhbətdən əvvəl bir daha professor Ramazan Qorxmazın qısa tərcümeyi-halına nəzər saldım, onun həm elmi, həm pedaqoji, həm də idarəedicilik sahəsində əldə etdiyi nailiyyətlərdən xəbərdar olduqca, bu uğurların hər birində bu dəyərli insanın ürəyinin işığını gördüm.

Prof.dr. Ramazan Korkmaz 1962-ci ildə Ardahanın Çıldır elində dünyaya gəlib. İlk təhsilini Çıldır və Ardahanda, orta təhsilini Ərzurumda alıb.1985-ci ildə Atatürk Universitetinin Fənn Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirib. 1991-ci ildə Səbahəddin Əlinin yaradıcılığı mövzusunda doktorluk dissetrasiyasını müdafiə edib.1996-cı ildə dosent, 2001-ci ildə professor adını alıb.1996-2008-ci illərdə Fırat və Doğu Akdeniz Universitetlərində çalışıb.2008-2016-cı illərdə Ardahan Universitetinin qurucu rektoru kimi fəaliyyət göstərib. Beynəlxalq simpozium və konfranslarda dəyərli məruzələrlə çıxış edən alim, eyni zamanda Türk ədəbiyyatı, folklor və etnoqrafiya sahəsində çoxsaylı elmi əsərlərin müəllifidir.2012-ci ildə İngiltərənin Oxford şəhərində keçirilən “Oxford Liderlər Zirvəsi” konfransında Qafqaz və Orta Asiya Universitetləri ilə əlaqədar ardıcıl və sistemli fəaliyyətinə görə Ardahan Universiteti Rektoru Prof. Dr. Ramazan Qorxmaza “İlin rektoru” mükafatı təqdim edilib. Hal-hazırda prof.dr.Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin rəhbəri və Maltəpə Universitetində Təhsil fakültəsinin dekanı kimi fəaliyyət göstərməkdədir.


-Ramazan bəy, Qafqaz Universitetləri Birliyi necə yarandı?

– Qafqaz Universitetlər Birliyi (KÜNİB) 7 universitetin iştirakıyla 2009-cu ildə Ardahanda yaradıldı. Qısa zaman ərzində sürətlə inkişaf edərək bölgənin təhsil üzrə əməkdaşlıq təşkilatına çevrildi. KÜNİB birləşərək böyüyən və inkişaf edən dünyaya regional mənada verilən bir cavabdır. Əsas məqsədi regional əməkdaşlığı artırmaq, ölkələr arasında tələbə və müəllim axınını təmin etmək, layihə və simpoziumlarla bölgənin gənclərini bir ortaq gələcək idealı ətrafında birləşdirmək olan Qafqaz Universitetləri Birliyi 7-ci Olağan Konfransını İstanbulda Maltəpə Universitetində keçirdi və yeni iştirakçılar ilə birlikdə üzv sayı 14 ölkədən 160 universitetə yüksəldi.

– Bu günədək hansı ölkələrdə sərgilər keçirmisiniz?

– Qafqaz Universitetlər Birliyi, üzv universitetlərin hansı imkanlara malik olduğunu bildirmək məqsədilə simpoziumlar, panellər, təhsil sərgiləri təşkil edir. Bu günə qədər Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Ukrayna və ABŞ-da beynəlxalq simpozium və panellər, eləcə də dəfələrlə universitet təqdimatı sərgiləri də təşkil etmişdir. 31 mart – 1 aprel 2018 KÜNİB Bakı Sərgisi Bakıda keçirdiyimiz üçüncü sərgidir. Bakı, Asiyanın bir çox cəhətdən mərkəzi hesab edilə biləcək strateji bir paytaxt şəhərimizdir.Türkiyə universitetləri üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir.Qeyd edim ki, iyunun 10-da da Bakıda KÜNİB YÖS imtahanları keçiriləcək.

– Bu möhtəşəm sərginin məhz 31 mart –soyqırım günündə, həm də o dəhşətli faciənin 100 illiyində Bakıda təşkil olunması da böyük məna kəsb edir. Açılış mərasimində çıxış edən hörmətli səfir və digərləri də sərginin məhz bu gündə təşkil olunmasını xüsusi dəyərləndirdilər. Yüz il əvvəl qardaş Türkiyənin ordusu, Nuru paşa ordusu ilə gəlib bizi qırğından qurtardı. Bu gün də başda siz olmaqla elm ordusunun paşaları gəlmisiniz. Bu gəlişinizlə, əslində, gənclərimizə elmin böyük bir qurtuluş yolu olduğunu söylədiniz. Və bu qurtuluş savaşında, elm cəbhəsində də sizinlə bərabərik , dediniz.

– Orxan Həsənoğlu adlı çox dəyərli bir dostumuz var. Elə o da bizə belə bir bənzətmə söylədi: “Yüz il bundan əvvəl hərbi ordularla gəldiniz və bizi soyqırımdan xilas etdiniz və indi də elm ordusuyla buradasınız!” Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq. Azərbaycana qar yağsa, Türkiyədə üşüyərik… Azərbaycana hər gəlişimizdə onu daha inkişaf etmiş və daha irəliləmiş olduğunu görürük və bununçün özümüzü çox xoşbəxt hiss edirik. Universitet rektorlarımızla çox sıx əlaqələrimiz var. Qardaşlığımız hər cür maraqdan kənar olan tarixi bir sözü vurğulayır; Böyük lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir!” – sözü böyük bir həqiqəti ifadə edir.

– Başqa əlavə etmək istədiyiniz söz varmı?

-Dünyanın sülh və təhlükəsizliyi Qafqazın sülh və təhlükəsizliyindən çox asılıdır. Bunu təmin etmək üçün regional ölkə universitetləri olaraq böyük bir əməkdaşlıq içərisindəyik. İnşallah, buna nail olaçaq və uğur qazanacağıq. Qafqaz Universitetləri Birliyi adından göstərdiyiniz diqqətə görə sizə çox təşəkkür edirik.

P.S. Devizi “İşığa qarışın!”- olan bir universitetdə – Ardahan Universitetində əsası qoyulan Qafqaz Universitetləri Birliyi “Bir gələcək proyekti” şüarıyla gənclərimizin işıqlı gələcəyinə xidmət edən və ən əsası qardaşlığımızın ən gözəl örnəklərindən biri olan böyük bir “işıq mənbəyi”dir! Bu işıq mənbəyinə qoşulmağa, işığa qarışmağa tələsin!

ŞƏLALƏ ANA HÜMMƏTLİ,
Filol.ü.f.doktoru, şair-publisist


"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ
"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ
"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ
"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏ
"Biz Türkiyə olaraq daim Azərbaycanın yanındayıq" -prof.dr. Ramazan Korkmazla MÜSAHİBƏБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ