"Şeir fitri istedaddır"- Müsahibə

Tarix:20-09-2017, 12:56 Baxış Sayı:305

"Şeir fitri istedaddır"- Müsahibə
Aktyor, şair Reşat Kəsəmənli ilə söhbəti təqdim edirik.

- Rəşat bəy, sizcə şeir yazmaq fitri istedaddır?

- Bəli, fitri istedaddır. Şeir irsi də ötürülə bilir, əsas odur sən bunu inkişaf elətdirəsən. Bizim nəslimizdə çoxlu populyar şairlər olub, başda atam Nüsrət Kəsəmənli olmaqla. Mən irsi ötürülmənin bir nəsil, iki nəsil sonra mütləq özünü büruzə verəcəyinə inananlardanam.

- Atanızın şeirləri sizin yaradıcılığınıza nə qədər təsir göstərib?

- Təbii ki, biz bir qandan gəlirik. Atamın düşüncə tərzi eynilə məndə də var. Yazı dəsti-xəttimizdə də bənzərlik var. Bu, məcburi bir şey deyil, daxildən gəlir.

- İndi gənclər qafiyəsiz, sərbəst şeirlərə daha çox diqqət ayırır. Nə düşünürsüz bu barədə?

- İndi bu hal var, razıyam. Əvvələr də sərbəst şeirlər olub. İndi elə bilirlər ki, qafiyəsiz yazmaq çox asandır, amma sərbəst şeir bu deyil. İndi hekayə formasında, dağdan, dərədən nə gəldi yazıb, adını sərbəst şeir qoyurlar. Sərbəst şeir deyəndə Nazim Hikmətə baxsınlar öncə. Bütün hallarda şərbəst şeir yazan gözəl şairlərimiz də var.

- Ən sevdiyiniz şairlər kimlərdir?

- Mənim ən sevdiyim şairlər Məmməd Arazdır, Ramiz Rövşəndir, Bəxtiyar Vahabzadədir, Nazim Hikmətdir.

- Aktyorluq fəaliyyətiniz hansı durumdadır?

- Mən öz ixtisasımı fərqlənmə ilə bitirmişəm. Hazırda iki serialda çəkilirəm. Ümumilikdə altı serial, iki bədii film və on dört klipdə çəkilmişəm. Bu yaxınlarda fəaliyyətimlə bağlı Türkiyəyə getmişdim. İlk görüşmələr çox uğurlu keçdi, oradakı "Altın Çinar" film festivalına dəvət almışdım, bu da çox qürurvericidir.

- Ağstafanın söz adamları yetişdirən Kəsəmən kəndinə tez-tez gedirsizmi? O mühitin sizə təsirləri nələrdir?


- Ayda bir dəfə gedirəm, elə olar iki dəfə. Mən özümü Qazaxdan, Ağstafadan kənarda hiss edə bilmirəm, çox bağlıyam oraya. Elə olur ki, aylarla kəndə gedə bilməyəndə həssas insan olduğum üçün darıxıram, kövrəlirəm oralardan ötrü. Ora insanının səmimiyyəti, oradakı söhbətlərimiz, sərbəstliyim mənim üçün çox dəyərlidir. Bu yaxınlarda bir verilişlə bağlı əynimə çoban paltarı geyib kəndimizin dağlarına yenidən qalxdım.

- İncəsənətin alternativ sahələri ilə də maraqlanırsızmı?

- İncəsənəti çox sevirəm, bütün sahələri ilə maraqlanıram. Uşaqlıqda rəssamlıqla məşğul olmuşam, iki dəfə müsabiqədə yer də tutmuşam. Plastilindən yaxşı heykəllər düzəldirdim, indi də düzəldirəm, dostlar yaxşı səsimin olduğunu deyirlər həm də. Rəssamlığı və musiqini çox sevirəm.

- Film, yoxsa teatr daha maraqlıdır sizə?


- İkisi də. Onları bir-birindən ayırmaq mümkün deyil. Çox aktyorlarımız teatr səhnəsindən filmə gəlirlər. Teatr böyük bir məktəbdir. Təəssüf ki, hansısa bir neçə filmə çəkilən adamlar bəzən özlərini aktyor kimi təqdim edir, bu, çox böyük səhvdir, bunda televiziyaların da günahı var.

- Yazıçının xarizması nədə özünü göstərir sizcə?


- Yazıçının xarizması tək yazdıqlarında deyil. Şairin şeirləri ilə yaşayıs tərzi vəhdət təşkil eləməlidir. Tək şeirlə xarizma olmaz. Məsələn, atam. Onun xasiyyətində kobudluq da, kövrəklik də vardı, xairici görünüşü də, şeirləri də onu tamamlayırdı.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ