"İndi ailələrin qlobal problemi kişinin inboksudur" - MÜSAHİBƏ

Tarix:19-09-2017, 13:54 Baxış Sayı:529

"İndi ailələrin qlobal problemi kişinin inboksudur" - MÜSAHİBƏ


Manera.az-ın "Ordan-Burdan" layihəsində qeyri-rəsmi suallara tanınmış jurnalist Vüsal Məmmədov cavab verir.


"Qadın əmindir ki, ən maraqlı seriallar kişinin inboksunda gedir".

- Hansı yeməkləri sevirsiniz?

- Həyat çox vicdansızdır. Xoşladığım yeməklərin başında kartof qızartması gəlir, amma o, insanı kökəltdiyi üçün yeyəndə psxioloji diskomfort keçirirəm. Ümumiyyətlə, ədalətsizliyə bax ki, bütün ləzzətli yeməklər ziyanlıdır. Sevdiyim yeməklərin siyahısında ikinci yerdə “Paytaxt” salatıdır. Bilmirəm, o da adamı kökəldir, ya yox, açığı, heç araşdırmaq da istəmirəm ki, heç olmasa xoşladığım salatı vicdan əzabı keçirmədən yeyə bilim.

- Yemək bişirməyi sevirsiniz? Nələrisə bişirə bilirsiz?

- Yox, bu sahadə ümumiyyətlə heç nə bacarmıram. Tək yaşadığım vaxtlarda kulinariya məharətimin zirvəsi qurudulmuş şorbalar alıb, üstünə qaynar su tökərək, 5 dəqiqə gözləmək olub. Bir də kolbasa doğramaq. Vəssalam, burada mənim aşbazlıq bacarığım yekunlaşır.

- İctimai aktiv insanların ailə həyatını qısaca necə təsvir edə bilərsiz?


- Hər gün “Niyə ailəyə vaxt ayırmırsan” mövzusunda 45 dəqiqə mühazirə dinləməyə məcbursan. Bu mühazirə sənin ən yorğun, əsəbli vaxtına düşür, amma variant yoxdur, dözməlisən. Bəxtin gətirsə, hansısa fors-major meydana çıxsa, həmin müddət yarım saata enə bilər. Amma bu, gündəlik çəkilməli olan cəzanın minimumudur, daha yüngülünə ümid etməyin. Lap Qiyamət də qopsa, qadın əli ilə İsrafilin surunu qapadıb, ərinə “Niyə bizə vaxt ayırmırsan” mövzusunda ən son kəşflərini mühazirə edəndən sonra, dönüb mələyə “Hə, indi sən başla!”,- deyəcək.

- Televizorun pultu niyə ailələrin qlobal probleminə çevrilir?

- O, əvvəllər elə idi. İndi ailələrin qlobal problemi kişinin inboksudur. Çünki qadın əmindir ki, ən maraqlı seriallar orada gedir.

- Qızınızla danışırsızmı? Onunla çox şeyi bölüşürsüz?

- Hələ bölüşmək səviyyəsinə çatmamışıq. Dialoqumuz təxminən “Bum-bum, dapdü hanı?” şəklində olur. Nə zaman nağıl anlayacaq yaşa çatacağını gözləyirəm ki, ona nağıllar oxuyum.

- Doğrudan da, ailədə kişi və qadın üçün müəyyənləşmiş vəzifələr klişesinə qatlanmalıyıq?

- Niyə də yox? Mühafizəkar və köhnə fikirli görünməkdən qorxmadan deyim ki, milli ailə modelində formalaşan böü heç də pis deyil. Bəli, mən evdə yemək bişirmirəm, qab yumuram, amma yoldaşım da məsələn, bazarda ağır zənbil daşımır. Hərə öz fizioloji konstitusiyasına uyğun işlərlə məşğuldur. Məncə, pis bölgü deyil.

- Ailədə qadın və ya kişidən hansısa birinin digərindən daha çox qazanması anlaşılmazlıqlara səbəb ola bilərmi?

- Ümumən götürəndə, qadının daha çox qazanması ailədə anlaşılmazlıqlara səbəb ola bilər. Pul insanda dominantlıq hissi yaradır, qadının dominantlığı isə normal kişi üçün dözüləcək hal deyil. Amma yenə də konkret fərdlərdən çox şey asılıdır.

- Sizcə, nələrə hələ var və nələr üçün çox gec qalmısınız?


- Həyat hələ qabaqdadır və heç nə heç vaxt gec deyil.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ