“Şəhriyardan üstün şair tanımıram”- Söhbət

Tarix:18-09-2017, 16:02 Baxış Sayı:274

“Şəhriyardan üstün şair tanımıram”-  Söhbət
Bu gün dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatından 29 il ötür. Bu münasibətlə "Facebook" sosial şəbəkəsində dahi şairin xatirəsinə səhifə yaradaraq, onun nadir fotoşəkil və əlyazmalarını toplayan jurnalist Fərid Azəri ilə söhbətləşdik:

- Fərid, öncə səni tanıyaq...

- İxtisasca tərcüməçi olsam da, 7 ilə yaxındır jurnalistika sahəsindəyəm. Hazırda yerli media-holdinqlərdən birində çalışıram.
“Şəhriyardan üstün şair tanımıram”-  Söhbət
- Bu günlərdə Məhəmmədhüseyn Şəhriyarla bağlı səhifə yaratdın. Maraqlıdır, ideya necə yarandı?

- Bu ideya ətrafında xeyli vaxtdır düşünürdüm. Sözün doğrusu, yaxşı başa düşürdüm ki, təkbaşına belə bir məsuliyyətli işin reallaşdırılmasında çətinliklər yaranacaq, amma bütün bunlar məni qorxutmurdu. Nəhayət 2013-cü ilin 17 noyabrında səhifəni yaratdım və elə həmin gündən böyük şairimizlə bağlı materialları araşdırmağa başladım. Sizə də yaxşı məlumdır ki, İrana hər hansı arxiv materialı ilə bağlı sorğu göndərilməsi və bu sorğuya cavab alınması çox çətin məsələdir və buna görə də ilk materialları internet vasitəsilə araşdırmaq qərarına gəldim. Layihə o qədər marağa səbəb olmuşdu ki, qısa müddətdə, daha dəqiq 3 gün ərzində səhifəni izləyənlərin sayı 2000 nəfəri ötmüşdü. Üstəlik, izləyicilərin mesaj və paylaşımlara yazdıqları şərhləri də ideya və buna sərf olunan vaxtın hədər olmadığını göstərirdi.

- Arxivində Şəhriyarla bağlı hansı materiallar toplanıb?

- Hardasa 300-dən çox fotomaterial var ki, onların hələ az hissəsini paylaşmışam. Bu materiallar arasında şairin əlyazmalarının elektron variantı, indiyədək geniş ictimaiyyətə az məlum olan və ya heç məlum olmayan fotoşəkillər, şairin səs yazıları yer alır. Bu yaxınlarda isə şairin Təbrizin Sorxab məhəlləsindəki evindən fotoreportaj vermişəm və bu, istifadəçilər tərəfindən maraqla qarşılanıb. Hələ qarşıda ideya və toplanılması vacib materiallar çoxdu. Hazırda bu istiqamətdə çalışıram.

- Belə bir sual verim: Niyə məhz Şəhriyar? Axı başqa şairlərimiz də var ki, tədqiq olunmalıdır...

- Bilirsinizmi, Şəhriyarın şəxsiyyəti diqqətimi hələ "Heydərbabaya salam" poeması ilə ilk tanışlığımdan başladı. Orta məktəb dərsliklərində bu poema son dərəcə ixtisarla dərc olunmuş, lakin diqqətimi elə cəlb eləmişdi ki, mən onun tam versiyasını tapıb oxudum. İndi də günün istənilən saatında istəsələr, poemanı əzbər söyləyə bilərəm. Sualın ikinci hissəsinə gəlincə, heç kimin xətrinə dəymək istəmirəm, amma Şəhriyarın şəxsiyyətində məddahlığın olmaması onu daha çox doğmalaşdırdı mənə. Kimsəni aşağılamaq istəmirəm, amma Şəhriyardan üstün şair tanımıram.

- Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var...


- Şəhriyarın az qala bütün şeirlərində nisgil, həsrət, ayrılıq hiss olunur. "Heydərbabaya salam" poemasına gəlincə, məndən də öncə dəfələrlə bu poemanın güclü təsvir xüsusiyyətlərinə malik olduğu görkəmli alimlər tərəfindən qeyd olunub. Poemada xalqın tarixi adət-ənənələri, bayramları və hətta üzüntüsü və kədəri o qədər incə detallarıyla təsvir olunub ki, onu oxuyanda insan sanki bir filmə baxırmış kimi hiss eləyir özünü. Bəlkə də ona olan rəğbətimə görə bir az böyütmüş oluram, amma mən Şəhriyardan uca ədəbiyyat zirvəsi tanımıram. Elə Şəhriyarın ucalığı da bundadır, təkrarolunmazlığında. İndiki zamanda kim əslində kiçik bir təpə olan Heydərbaba dağını əlçatmaz, uca bir zirvəyə çevirə bilər, özü də kiçik bir qələmin köməyilə. Bax, budur Şəhriyar. Mənə elə elə gəlir ki, Şəhriyarı hamı oxumalıdır.

- Səncə, Şəhriyarın gözəl şeirlər yazmasında yalnız vətən həsrətimi rol oynayırdı?

- Bilirsizmi, burada ilahi deyil də, ilahiləşdirilmiş sevgi vardı. Mən onun həyatını araşdırmağa başlayarkən, Şəhriyarla bağlı əlimə keçən bütün yazıları oxuyur, ona həsr olunan verilişlərə baxırdım. Bu verilişlərdən indi xüsusilə ANS telekanalında dahi şairin xatirəsinə hazırlanan "Ölümündən 24 saat əvvəl" verilişini xatırlamaq istəyirəm. Əgər müəllif çəkiliş prosesində Təbrizə, Şairin doğulduğu Xoşginab kəndinə getməsəydi, Heydərbaba dağını çəkib göstərməsəydi, veriliş bu qədər təbii alınmayacaqdı. Bu, mümkün deyildi. Sualınıza gəlincə, mən həmin verilişdə onun yaxın dostu olmuş Əbülfəz Əli Məhəmmədinin müsahibəsindən öyrəndim ki, Şəhriyarın çox sevdiyi Sürəyya adlı bir xanım olub. O xanıma şahın yaxın qohumu da rəğbət bəsləyirmiş. Elə bu sevgi səbəbindən Şəhriyar qanunsuz yerə həbs olunaraq 18 gün zindanda qalmalı olur, amma yenə də sevgisindən dönmür. Hətta bir dəfə Əbülfəz bəylə söhbət zamanı dostu ondan indi Sürəyyaya münasibətinin necə olduğunu, sevgisinin qalıb-qalmadığını soruşur və Şəhriyar ona çox gözəl cavab verir. O deyir ki, fərz edək mən Sürəyyanı tanımasaydım indi həkim olmuşdum və hamı məni Doktor Məhəmmədhüseyn Behcət Təbrizi kimi tanıyırdı. Məni Şəhriyar eləyən həmin bu eşq və ayrılıq oldu. Yəni, mən düşünürəm ki, sualınıza bu cümlə tam cavab vermiş oldu.

- Qayıdaq səhifənin fəaliyyətinə. Səhifənin zənginləşdirilməsi ilə bağlı daha hansı planların var?

- Bildirim ki, bu layihəni mən təkbaşına icra eləyirəm, yəni onun arxasında hər hansı komanda işi yoxdur. Lakin, İranla qurduğum əlaqələr və xüsusilə bu ölkədən olan izləyicilərin marağından dolayı İranın Təbriz, Urmiyə, Ərdəbil şəhərlərindən olan Şəhriyarsevərlər vaxtaşırı mənə müxtəlif səpkili fotomateriallar və şairin şeirlərini göndərirlər. Hazırda əlimdə şairin farsca üç şeirlər kitabı və əlyazmalarının elektron variantları var. Onların tərcüməyə ehtiyacı olduğundan bu istiqamətdə bir sıra çətinliklərim var. Bundan əlavə Məhəmmədhüseyn Şəhriyarla bağlı internet saytının yaradılması planı var ki, bu da maliyyə çətinlikləri səbəbindən hələlik kağız üzərində qalıb. Lakin, mən bu ideyaların tezliklə reallaşması üçün indi də çalışıram...

-Uğurlar, Fərid.


Söhbətləşdi: Şəhla Aslan
Manera.az





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ