"İnsanlar rahatlıq, təbəssüm, hörmət, sevgi istəyir"- Müsahibə

Tarix:29-08-2017, 13:19 Baxış Sayı:280

"İnsanlar rahatlıq, təbəssüm, hörmət, sevgi istəyir"- Müsahibə
Tanınmış jurnalist, teleaparıcı və ünsiyyətlə bağlı yazılar və kitab müəllifi Cəlalə Nəzəroğlunun müsahibəsini təqdim edirik.

- Gözəl danışıq kateqoriyasına nələr daxildir?

- Bir dəfə bir xanım mənə təlimlərlə bağlı müraciət etmişdi. Diksiya haqqında məlumat verdim, bir az dinləyib dedi ki, mənə diksiya lazım deyil, o, qaydasındadır. Siz mənə səlis danışmağı öyrədin...
Diksiya gözəl və təsirli danışmaq üçün istifadə olunacaq nitq elementlərinin doğru seçilməsi və bunların danışığa köməkçi olan vasitələrlə uyğunlaşdırılmasıdır. Həmin köməkçi vasitələr səs özəlliyi, ton, vurğu, üslub, pauzalar, mimika, jest və sairdir. Bunların eyni vaxtda işə salınması və vəhdəti axıcı, dinlənilən nitq yaradır.

- İnsanların kobud danışıqları onların hərəkət və davranışlarına hansı formada təsir edir?

- Sokrat nə demişdi? “Danış, səni görüm”. Söz-düşüncənin əksidir. İnsanın yanaşması, xisləti nədirsə, dilinə də, üzünə də o yansıyır. Baxın, kin-küdurət dolu olan insanların üzündən də, dilindən də zəhrimar yağır. İnsanlar çox həssasdırlar. Deyir, qılınc yarası sağalar, söz yarası sağalmaz. Bəzən bir kəlmə kobud söz deyənin yadından çıxar, eşidənin isə ömürlük travmasına çevrilə bilər.
Kobudluq anlayışının başqa mənası isə başqalarını narahat edərək, lazımsız yerə bağıraraq yöndəmsiz danışmaqdır. Bu, adamın ailədə aldığı tərbiyədən, böyüdüyü mühitdən, aldığı təhsildən və hazırkı mühitindən asılıdır. Bu, sanki birinin yolla gedərkən avtomobilin şüşəsini aşağı salıb zibili tullamasına bənzəyir. O bilmir ki, bu, tərbiyəsizlikdir? Bilir, amma vecinə deyil.

- Teleaparıcı kimi uzun illər çalışmısız, aparıcıların nitqindəki əsas qüsurlar nələrdir?

- Nədənsə Azərbaycanda aparıcı olmaq ən asan peşə hesab olunur. Səs çıxarmaq, söz deyə bilmək efirə çıxmaq üçün ciddi əsas deyil. Gəlin, uzağa getməyək. Türkiyədə peşəkar televiziyalarda efirə hazırlanan aparıcının təkcə düzgün nəfəs alması ilə aylarla məşğul olurlar. Sonra onun səsinin dolğunlaşdırılması, cilalanması, tonallığı, intonasiya, düzgün tələffüz və sairin üzərində aylarla, hətta illərlə iş gedir. Efirə təsadüfi gəlişlər sonradan ciddi problemləri ortaya qoyur. Tamaşaçı çox həssasdır, onu aldatmaq olmaz. Bəzi aparıcılarda (xüsusilə də bəylərdə) qəribə bir üslub formalaşıb. Buna “Qərb üslubu” adı veriblər. Amma məsələ budur ki, qərb üçün bu, həmin dilin özəlliyidir, normaldır. Biz niyə təkrarlamalıyıq? Hansı zərurətdən? Bundan başqa, sözlərin aydın tələffüzü, xüsusilə də son hərflərin “udulması”, sürətli oxunuş, məntiqi vurğuların yerinə qoyulmaması, axıcılığı təmin edən pauzaların unudulması və sair kimi problemlər mövcuddur. Nitqinin fərqində olan, tənqidlərə ciddi yanaşıb özü ilə məşğul olan aparıcılarımız da var. Hal-hazırda onlardan bəziləri ilə işləyirik və efirdən bu, dərhal hiss olunur. Əsas həvəs və eqodan xilas olmaqdır-qalanı düzələndir.

- Natiqliyin xüsusi tərifi varmı? Kimlər mütləq gözəl və səlis danışmalıdır?

- Bütün natiqlərin yaxşı diksiyası var, amma bütün yaxşı diksiyası olanlar natiq ola bilməzlər. Natiqlik ayrıca bir sənətdir. Gəlin, belə izah edim. Bir qrup insanın qayçısı, iynə-sapı, parçası var, onlar yalnız gözəl, qüsursuz geyimlər tikə bilirlər. Bir qrup insanın da bu ləvazimatları var, amma onlar təkcə paltar yox, oyuncaq, pərdə, bəzək əşyaları və başqa çoxlu sayda nələrsə tikə bilirlər, sərhəd tanımırlar. Natiqlər də belədir. Onlar dilin elementlərindən çox məharətlə istifadə edirlər, saatlarla elə danışa bilərlər ki, dinləyənlərin gözlərini bir saniyə də olsun ondan çəkməz. Onlar bizə improvizasiya kimi görünən hansısa bir zarafatı da əvvəlcədən dəfələrlə məşq edirlər, dəqiq hesablayırlar və qətiyyən yormurlar. Çoxlu sinonum sözləri sadalamaq, uzun, bir sözlə, boş danışmaq natiqlik hesab oluna bilməz. Məşhur natiqlərdən Bernard Şou, Filip Kotler, Deyl Karnegi kimi insanların adını çəkə bilərəm. Bernard Şou deyirdi ki, mən danışmağı buz üstündə sürüşməyi öyrənən uşaq kimi öyrəndim: yıxıldım, baxanları özümə güldürdüm, amma sonda yaxşı danışmağı bacardım!
“Kimlər mütləq gözəl danışmalıdır” sualına gəlincə-hər kəs! İşini, biliyini, xidmətini təqdim etmək, bacarığını ortaya qoymaq, pul qazanmaq istəyən hər kəs bunu bacarmalıdır.
Baxın, biz ən keyfiyyətli və münasib qiymətləri olan mağazadan heç nə almadan çıxa bilərik. Çünki üz-gözündən, səsindən narazılıq yağan, mızıldayaraq məhsul haqqında bir-neçə kəlmə söz deyən satıcıdan heç kim, heç nə almır! İnandırmadı, özündən itələdi, müştərinin qanını qaraltdı.
İnsanlar rahatlıq, təbəssüm, hörmət, sevgi istəyir-hətta bunları başqalarına özləri verməslər belə…

- Ünsiyyət zamanı ortaya çıxan əsas problemlər nələr olur, adətən?

- Qeybət və dinləməmək! Diqqət edin, insanların ən çox stress keçirdiyi məsələlər içində nələr var: “Filankəs məndən danışıb, filankəs mənəz söz atdı, mənə lağ elədi, işimi rəhbərliyə pislədi, ailə sirrimi aləmə car çəkdi və sair”. Az danışan, heç kimi müzakirə etməyən, “Görmədim, bilmirəm” prinsipi ilə yaşayan, qeybət şəraitindən dərhal uzaqlaşanların qulağı dinc olur.
Danışmaq qədər dinləmək də ayrıca bir qabiliyyətdir. Dinləmədən anlamarıq. Anlamadan sağlam, obyektiv reaksiya verə bilmərik.
Nəyi, harada, necə deyəcəyini bilməyənlərin də başına “dil qəzaları” gəlir. Belə bir kəlam var: “Dediyin hər şey doğru olmalıdır. Fəqət hər doğrunu, hər yerdə deməyin özü doğru deyil” Lüzumsuz söz, yersiz zarafat, boş və uzun danışıq, qarşı tərəfə ağzını açmağa imkan vermədən nitq söyləmək ciddi problemdir.

- Jest və mimikaların dialoqda əhəmiyyəti nədən ibarətdir?

- Təsəvvür edin ki, təxminən 60%! Səsimiz 30%, sözlərimiz 10%-lik təsirə malikdir. Söz sırasını dəyişmədən eyni cümləni tam 5 fərqli formada demək olar. Hər dəfə də tamam başqa fikir ifadə eləmək mümkündür: istehza, sevgi, təkəbbür, qorxu, məcburiyyət… Bu zaman o gözlər, o dodaqlar, o əllər, o duruş nələr demir, nələr!
Bəzən danışmayanda da “danışmaq” mükündür. An olur ki, bir baxış min sözə dəyir. Bədən dili mükəmməl mexanizmdir. Qeyri-ixtiyari ortaya çıxır və insanları ələ verir. Yalnız çox peşəkar insanlar (xüsusilə psixoloqlar və biz təlimçilər) bədən dilini ixtiyarı formaya gətirib təsir etməyi bacarırlar. Onlar dəqiq bilir ki, bu cümləni quranda barmağı ilə belə işarə etsə, bu şəkildə əyilsə, filan qədər aralı dayansa, qaşını azacıq qaldırsa, ünsiyyəti hansı effektlə nəticələnəcək.
Bir də bayaqkı fikirmə geri dönürəm: qəlbi təmiz olanların bədən dili-mimikası da gözəl olur. Daim gözlərinin içi gülür, xoş təbəssümlə bizi salamlayır və xoş sözlər deyirlər. O təbəssüm dünyanın ən dəyərli və pulsuz hədiyyəsidir! İnsanlar bəzən bu barədə düşünmürlər: avtobusda yer verdiyin o xalaya, göyərti aldığın o əmiyə, maşınından düşdüyün o taksi sürücüsünə, restoranda qarşına yemək qoyan və başqa çoxlu sayda tanımadığımız adamlara tək bir təbəssüm bəxş etməklə ona gördüyü işin nə qədər dəyərli olduğunu hiss etdirmək bu qədərmi çətindir?! Yalnız “bu adam işlərimə yarayacaq” prinsipi ilə yanaşmayanda o təbəssümü hər kəsə bəxş etmək olar. Qoy, qaranlıq qəlblərə işıq düşsün, qoy buz ürəklər ərisin!

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ