"İlk dəfə məcbur efirə çıxmışam" - Müsahibə

Tarix:27-08-2017, 13:23 Baxış Sayı:626

"İlk dəfə məcbur efirə çıxmışam" -  Müsahibə
"TeleMan"ın bu dəfəki müsahibi teleaparıcı Murad Həşimovdur.

"Ya dövrlə ayaqlaşıb yaşamalısan, ya da mübarizəni tərk etməlisən".

- Televiziya sahhəsinə maraq hansı yaş dövründə formalaşdı?

- Əslində hələ universitetdə oxuyarkən televiziyada işləməyə çox həvəsli idim. Proyektlər filan yazıb, pozurdum. 17-18 yaşımda. 20 yaşımda da işləməyə başladım.

- Televizida çalışmaq və karyera qurmaq planlarının içində teleaparıcılıq hansı pillədə dayanır?

- Etiraf edim ki, televiziyada çalışdığım ilk aylarda aparıcılıqdan bacardığım qədər qaçırdım. Bir kompleks var idi. Efirə çata bilməyən aparıcının yerinə məcbur efirə çıxmışam ilk dəfə. Amma bu dəqiqə televiziyada özümü yalnız aparıcı kimi görmək istəyirəm və belədir də. Düzü başqa cür vaxtım da yoxdur. Eyni zamanda peşəkar səsləndirmə işi ilə məşğulam. Günümün əksər hissəsi bu işlərə sərf olunur.

- Televiziyalara olan tənqidlərlə razısanmı?

- Tənqid varsa, deməli, baxan var. İnternet və sosial media əsrində bu, önəmlidir. İnsanların zövqü və fikrinin hər zaman üst-üstə düşməsi real deyil. Tənqid həm də özünə nəzarət üçün vacibdir. İnkişaf üçün vacibdir. Amma yerində, lazımlı, ciddi tənqid.

- Tez-tez aparıcıların dil normalarını pozduğunu görürük. Bu məsələdə kifayət qədər ehtiyatlı görüntü yaradırsan. Səncə, problemin kökündə nələr dayanır?

- Gəlin, bu məsələyə təkcə aparıcıların timsalında yanaşmayaq. Baxın, orta məktəbdə şagirdlərimiz özlərini rahat və sadə dillə ifadə edə bilirlərmi? Küçədə sorğu keçirsək, insanlar öz fikirlərini aydın ifadə edə biləcəklərmi? Məncə əksəriyyət haradasa ilişəcək. Aparıcılar da Marsdan gəlməyiblər ki. Səbəbi məktəbdir, ailədir.. Yəni, bu əlavə və geniş müzakirə mövzusudur. Amma özünü ifadədə problemimiz var. Birbaşa aparıcılarda isə, məncə, məktəbin olmaması buna gətirir çıxarır. Hamının şansı Rafiq Hüseynov və Rafiq Həşimovun tələbəsi olmaqdan yana deyil. Allah onlara can sağlığı versin! Mən efirdə doğru hər ifadəmi Rafiq Həşimova borcluyam. Amma hamının belə şansı varmı?

- Teleaparıcıların intellektual səviyyəsi hansı durumdadır?

- Yaxşı demək olar.

- Yazılı media və sosial şəbəkələr televiziyanın əsas informasiya ötürücüsü rolunu yoxa çıxarırmı get-gedə?

- Hər dövrün tələbi var. Məsələn, ötən il İngiltərənin "The İndependent" qəzeti kağız çapı dayandırdı. Artıq yalnız elektron platformada yayımlanırlar. Ondan əvvəl onlarla mətbu orqan. Yəni, ya dövrlə ayaqlaşıb yaşamalısan, ya da mübarizəni tərk etməlisən. Düşünürəm ki, televiziya mübarizəni tez tərk etməyəcək. Baxmağa səbəb olandan sonra yaşayacaq. İnanıram!

- Qəzet erası həqiqətən başa çatdımı? Niyə dünyada qəzet oxunur, amma bizdə yox?

- Əslində bayaq dediyim kimi. Sadəcə bir az forma dəyişikliyinə gedib. Bu gün dünya onlayn xəbər oxuyur. Və bu, daha operativ variantdır. Yeni dünya, XXI əsrin dünyası çap maşınını gözləmir. Hadisələr dayanmır. Gündəm yerində saymır. Və dünyaca məşhur qəzetlərin çap tirajlarına nəzər yetirsəniz, bu tendensiyanın təkcə Azərbaycanda olmadığını görəcəksiniz.

- Kitab mütaliəsi gününün və zamanının hansı nöqtəsində dayanır?

- Təəssüf ki, gündəlik mütaliə edə bilmirəm. Zaman, vaxta qarşı mübarizədə bunu bacarmıram sadəcə. Hal-hazırda oxuduğum kitabı vərəq-vərəq keçirəm. Amma elə kitab da var, səhərə qədər yatmayıb oxuyuram.

- Filmlərdə nələrə diqqət edirsən?

- İlk 10 dəqiqəyə. Özünə çəkdisə ondan sonra heç nəyə diqqət etmirəm. O 10 dəqiqədə isə həm mövzu, həm aktyorlar, həm çəkiliş, həm montaj, həm səs ürəyimcə olmalıdır. Bu, televiziyaçılarda olan peşə xəstəliyidir.

- Hansı musiqi janrını heç vaxt dinləmirsən?


- Janr olaraq indi nəsə deyə bilməyəcəyəm. Amma bu bayağı musiqiləri sadəcə olaraq eşidə bilmirəm.

- Fəlsəfə, elm, texnika- Hansı sənə daha maraqlıdır?

- Hamısı elm deyil ki? Sualı başqa formada cavablandırım. Yadıma gəlir ki, məktəbdə ürəkdən oxuduğum fənlər coğrafiya və həndəsə idi. Bədii əsərlərdə isə uzun-uzadı təsvirlərdə vərəqi çevirirəm.

- Qadınlarda ən sevdiyin xüsusiyyətlər nələrdir?

- Çətin sualdır. İnsanın seviləcək xüsusiyyəti olmaya bilməz. İnsanı tanımaq, kəşf etmək lazımdır.

- Ölümə hazır hiss edirsən özünü?

- Bunu heç düşünməmişəm. Ölüm nədir ki? Yaşamaq gözəldir!

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ