"Fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir"- Müsahibə

Tarix:25-08-2017, 19:29 Baxış Sayı:666

"Fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir"- Müsahibə


TeleManın bu dəfəki müsahibi teleaparıcı Gülnarə İlhamdır.

"Nəyi arzulamışamsa, əldə etməyə çalışmışam".

- Televiziya sahəsinə maraq nə zaman yarandı səndə?

- Aztv və Rusiyanın “ORT” (Pervıy kanal) kanalında yayımlanan uşaq verilişlərini maraqla izləyirdim. Xüsusilə, Sergey Suponevin aparıcılığını etdiyi “Zvyozdnıy ças”ı (Звёздный час) çox sevirdim. Məktəblilər üçün intellektual yarışma proqramı idi. Arzulayırdım ki, mən də böyüyəndə belə veriliş hazırlayacam.

- Teleaparıcılıq çatmaq istədiyin məqsəd idimi?

- Həyatımda heç nə təsadüfən baş verməyib. Nəyi arzulamışamsa, əldə etməyə çalışmışam. Amma düşünürəm ki, məqsəd daha böyük və əhəmiyyətli işlər üçündür. Ona görə də, teleaparıcılıq məqsədim ola bilməzdi. Sadəcə sevimli məşğuliyyətdir. Məhz bu məşğuliyyətim arzuladığım işləri görmək üçün vasitədir. Səmimi olacam. Aydındır ki, bizim telekanalların bəlli veriliş siyasəti var. Mən də xarakterimə, bacarığıma və istəklərimə uyğun davranıram. İndiyədək hazırladığım verilişlərin çoxu ədəbiyyat, mədəniyyət profilli olub. Bu mövzuda olan layihələrə isə yerli kanallar maraq göstərmir. Məsəl var, deyirlər, mal mənimdir, huyuna-suyuna bələdəm. Bu səbədən heç vaxt telekanallarımıza layihə təqdim etməmişəm. Sadəcə, bir dəfə AZTV-də çalışanda ədəbi-intellektual veriliş hazırlamaq istədim. Ancaq onu deyim ki, yerli televiziya kanallarımızdan yalnız AZTV və Mədəniyyətə baxanda zövq alıram.
Məni qane edən auditoriya əsasən internet məkanındadır. Verilişin konkret baxış sayı görünür. Və bilirsən ki, sənin real izləyicin bu qədərdir. Məmnunam ki, arzuladığım layihələrin çoxunu Azərbaycanın ən peşəkar internet kanallarından biri APA.TV –də həyata keçirmək imkanım olub.

- İndiki işində fəaliyyət istiqamətin nələrdir?

- Hazırda Təhsil.tv-nin əməkdaşıyam. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən onlayn televiziyadır. Adından da görundüyü kimi, təhsil xəbərlərini və bu sahədəki yenilikləri əhatə edən kanaldır. Yəni, xarakterimə, zövqümə və ən əsası uşaqlıq arzularıma doğma olan bir işlə məşğulam. Məktəblilərdə mütaliə vərdişlərinin formalaşdırılması, yerli və dünya ədəbi nümunələrinin təbliği istiqamətində “Məktəblilər üçün oxu!”, “Qiraətçi” layihələri hazırlayırıq. Qeyd edim ki, Azərbaycanın ilk uşaq kanalı “Günəş Arb” ilə əməkdaşlıq edirik. Bu verilişləri yayımlayırlar.

- Özündə nələri bəyənir və nələri bəyənmirsən?

- Məsuliyyət, mərhəmət və vicdan. Bir insanda ən çox axtardığım keyfiyyətlərdir. Nə yaxşı ki, xarakterimdə bu üçlük var.
Hərdən mənə elə gəlir, içimdə tələbkar, qaş-qabaqlı vicdan nəzarətçisi oturub. Təxminən Əzrayıla oxşayır. Ondan necə qorxuramsa, bu gözətçidən də eynən qorxuram. Elə bilirəm, ən xırda riyakarlığım olsa belə, o əslində necə biri olduğum haqda qarşımdakını xəbərdar edəcək. Bax, bu hissimdən zəiflərə kömək etmək imkanı olan səlahiyyətli insanlara arzu edirəm. Çox ali hissdir. Dadını yaşayanlar bilər.
Bəzən aşırı dərəcədə yaxşı insan oluram. Məhz bu keyfiyyətimi bəyənmirəm. Hə, bir də səbirsizliyimi.

- Ədəbiyyat dünyanı dəyişə bilərmi səncə?

- Bioloji və texnoloji müharibələrin ən ağır mübarizə üsulu olduğu bir dövrdə bu sual necə də fağır görünür. Keşkə “hə” deyə bilərdim.

- Nəzmi daha çox sevirsən ya nəsri?

- Nəsri.

- Yaxşı səsin var, musiqidə nələrə diqqət edirsən?

- Yaxşı səsim deməzdim, məlahətli səsim var, bəlkə də. Musiqdə nələrəsə diqqət edəcəq qədər peşəkar da deyiləm. Adi həvəskar zümzümələrimi ciddi bir məşğuliyyət hesab etmirəm. O qədər belə insan var. Evdə özü üçün oxuyub, sadəcə istirahət edirlər.

"Fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir"- Müsahibə


- Elm və fəlsəfə səndə maraq yaradırmı?

- Əsasən qədim yunan fəlsəfəsinə marağım var. Bəzi filosofların həyatını və nəzəriyyələrini sırf ədəbi material kimi oxumuşam. Əlbəttə bu, mənə fəlsəfə haqda dərin bilgi verməyib. Oxumağa davam edirəm. Mənə görə elm həqiqidir, fəlsəfə isə mücərrəd. Keşkə vaxtında düzgün ixtisas seçimi edərdim, ədəbiyyata yox, dəqiq sahələrə yönələrdim. Hətta siz elm və ədəbiyyat, elm və tarix də desəniz mənim üçün eyni mahiyyət daşıyardı. Yəqin eşitmiş olarsınız. Kimsə ağıllı görünməyə çalışanda, kinayə ilə həmin adama “sən canın, filosofluq etmə” deyirlər. Heç görümüsünüz, kiməsə, fiziklik etmə desinlər? Səhv etmirəmsə, Dekartın sözüdür. Deyir, yalnız fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir. Elə mən də filosoflara Dekart kimi yanaşıram.

- Qadının cazibəsi nələrdə gizlənib?

- Məncə, qadını gözəlliyinə görə qarşılayıb, ağlına görə yola salarlar.

- Sən həm də anasan. Yaxşı valideyn olmağın xüsusi meyarları varmı?

- Analıq böyük məsuliyyətdir. Əfsus, çoxu bu məsuliyyəti həyətdə uşağın arxasınca qaçıb yemək yedizdirmək, tərləyəndə tez-tez köynəyini dəyişmək, dostları ilə dalaşan övladına söyüşməyin, savaşmağın zərərini izah etməkdənsə, ona qahmar çıxmaq kimi anlayır. Mənsə hələ yaxşı ana olduğumu deyə bilmərəm. Gələcəkdə oğlumun təhsilini, karyerasını, mədəniyyətini, sosial fəaliyyətini görəndən sonra özümə qiymət verəcəm.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ