“Arzum “Payız melodiyası”nı Bakıda görməkdir”

Tarix:24-07-2017, 12:44 Baxış Sayı:136

“Arzum  “Payız melodiyası”nı  Bakıda görməkdir”


Onunla virtual tanışlığımız təsadüf nəticəsində baş tutdu. Yenicə çapdan çıxmış
“Payızın melodiyası” adlı romanı və yaradıcılığı ilə bağlı Dünya Gənc Türk Yazarlar Birliyinin səhifəsinə yazdığı məktub diqqətimi cəlb etdi.
Ukraynada yaşayıb fəaliyyət göstərən gənc yazar Nail İsmayılovun yaradıcılığında poeziya nümunələri olsa da, əsasən nəsrə maraq göstərir. İyirmi yeddi yaşlı yazarın rus dilində yenicə işıq üzü görmüş “Payızın melodiyası”nın Ukrayna ədəbi ictimaiyyətində də maraqla qarşılanmasını təkcə gənc həmyerlimizin deyil, ümumilikdə ədəbi mühitimizin uğuru saymaq olar. Odur ki, Nail İsmayılovla onun romanı, eləcə də ədəbi fikirləri ilə bağlı söhbətləşdik.


- Nail, istərdim ki, oxucular səni daha yaxından tanısın.

- Ukraynanın Dnepr şəhərində doğulmuşam. On üç yaşım olanda ailəmlə birgə müvəqqəti olaraq Sumqayıta köçdük. Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyatın dövlət idarəetməsi fakültəsini bitirəndən və hərbi xidmətimi başa vurandan sonra yenidən Dneprə qayıtdım. Orada PrivatBankın baş ofisində maliyyə monitorinqi üzrə işləməyə başladım. Vokal sinfi üzrə musiqi məktəbini bitirmişəm, eləcə də bir neçə döyüş növü üzrə (kikboksinq, döyüş sambosu) masterəm. Taekvando üzrə birinci dan qara kəmər sahibiyəm.

- Çox gözəl. Ədəbiyyata həvəsin necə yaranıb?

- Uşaqlıqdan ədəbiyyata həvəsim olub. Yadımdadır ki, on iki yaşımda Pridnepr şair və yazıçıları ilə ədəbi gecələrdə iştirak edirdim, məhz bu tədbirlərdə poeziya ilə yaxından tanışlığım oldu. Təkcə şeir oxumaq deyil, eyni zamanda şeirin quruluşunu təhlil etmək, ədəbi mətnin strukturunu dərindən öyrənmək və onun məzmununu əhatə edib, ötürmək qabiliyyəti xoşuma gəlir. İlk şeirimi məktəb dövründə yazmışam. Ədəbiyyat dərsində oxuduğum şeir müəllimimin və uşaqların xoşuna gəlmişdi. Son dörd ildə daha çox nəsrə diqqətimi yönəltmişəm. Ancaq bununla yanaşı, əhvalımdan və dünyada, ətrafımda baş verən hadisələrə baxışımdan asılı olaraq, qısa şeirlər də yazıram. Nəsrdə olduğu kimi, şeirlərimdə əsas mövzu sevgidir Sevgi mənim fikrimcə, incə və insanlığın sona qədər dərk etmədiyi bir anlayışdır. Hisslər barədə həmişə yazmaq olar, Münasibətlər, ailə, qarşılıqlı hörmət, uşaqlar və sevgi mövzusu istənilən vaxt yaradıcılığımda önəmli yer tutur.

- Bildiyimə görə, həm nəsr, həm də nəzmdə qələmini sınayırsan? Hansı janr daha çox sənə yaxındır?

- İstər poeziya, istərsə də nəsrdə öz daxili dünyamı, emosiya və hisslərimi bildirməyi xoşlayıram. Bizim dövrümüzdə bəzi şairlər şeir ölçüsünü anlamadan və ona riayət etmədən yazırlar, bu cür şeirlər oxunanda dərhal da unudulur. Bunun əksinə deyərdim ki, ədəbiyyatın dərindən mənimsəmək və yaradıcılığa olan sevgi uğur qazanmağa səbəb ola bilər. Mənim üçün şeir və nəsrdə duyğularımı ifadə etməyin fərqi yoxdur, vacib olan ədəbi fikrin gözəl və oxucu üçün anlaşıqlı dildə çatdırmaqdır.

- Bəs ədəbi ictimaiyyətdə, xüsusilə də Ukrayna ədəbi ictimaiyyətində hansı uğurların var? Orada bir gənc azərbaycanlı yazarı necə qarşıladılar?


- Ukrayna ədəbi ictimaiyyəti məni hərarətli sözlərlə və coşğun auditoriya ilə qarşıladı. Müxtəlif qəzetlərdə mənim haqqımda məqalələr dərc edildi. Hətta “51 kanal” TV-nin “Səhər kokteyli” verilişinə, Ukraynanın informasiya kanalı olan “İnformator” kanalı, gənclər yaradıcı “ Stendap” proqramına dəvət edilmişəm, çıxışlar etmişəm. Media ilə yanaşı, Kiyev Milli Mədəniyyət və Yaradıcılıq Universitetinin Dnepropetrovsk fakültəsində kitabımın təqdimatını keçirdim, eyni zamanda mühazirə oxudum. May ayında “ Payız melodiyası ” adlı romanımın təqdimatı oldu. Sevinirəm ki, debütüm müxtəlif yaşda və peşədə olan iştirakçılar tərəfindən maraqla qarşılandı. Yaxın vaxtlarda Krımda, Simferopolda, Moskvada təqdimatı gözlənilir.

- Təbrik edirəm, bu yaxınlarda yeni romanın rus dilində Ukraynada işıq üzü görüb.

- Təşəkkür edirəm, bəli, “Payız melodiyası” artıq satışdadır. Kitab sevgi haqqındadır, əsas məzmunu odur ki, sevgi, gerçək duyğular maneə və ayrılıqlar tanımır. Çünki sevərkən sanki qanadlanırsan, qeyri-mümkün şeylər mümkün olur. Bəzən hisslər insanı elə yerə aparır ki, orda heç vaxt olmayıb. Özü də yeni dünyanın ən işıqlı küncünə, uzun məsafələr olsa da, toxunula bilən insan qəlbinə. Əsərin baş qəhrəmanı Madriddən olan Dieqo öz-özünə çətin suallar verə-verə təsəvvür belə etməzdi ki, tezliklə onun cavabı bir insan olacaq—Portuqaliyanın Aveyru şəhərində yaşayan İnes.
Gözəl sevgi nağılı sanki əbədi olaraq davam edəcəkdi, ancaq bir hadisə hər iki gəncin həyatını alt-üst edir. Bəzən insan nə qədər cəhd edirsə, etsin, nə qədər gerçək sevgini istəyir istəsin, göylərin qanunu mane olur və hər şey Yaradan necə düşünürsə elə də olmalıdır.

“Arzum  “Payız melodiyası”nı  Bakıda görməkdir”


- Romanın süjet xətti barədə oxuculara məlumat verərdin.

- Romanımdakı sevgi hekayəsi avtobioqrafik xarakter daşıyır . Məkan və süjet xəttinin təsviri üçün iki ölkə--Portuqaliya (Aveyru) və İspaniyanı (Madrid) seçmişəm və onlar Sumqayıtla Dneprin prototipləridir. Mən qısaca olaraq, romanda ən vacib fikri söyləmək istərdim: “ Bilirsinizmi göydə nədən danışırlar? Orada həyatın mənası olan və insana ən gözəl hədiyyə olan sevgidən danışırlar. Göylərdə deyirlər ki, sevgi hər adama bəxş edilmir, o kəslərə bəxş edilir ki, onların inancı yeni başlanğıc olan yağış damlasına oxşayır. Siz nə zamansa səhərlər səhrada çiçəklərin yağış yağması üçün göyə yalvardığını gördünüzmü? Onlar inanırlar ki, bir gün yağış yağacaq. Siz də inanın və bir gün siz sevginizlə qarşılaşacaqsız, Dieqonun qarşılaşdığı kimi. Roman çap ediləndən bəri onun haqqında müsbət rəylər və fikirlər almışam, insanlar istəyirlər ki, iki sevgilinin sevgi hekayəsinin davamını yazım. Kitabın nəşrindən bir ay sonra sosial şəbəkələrdə də oxucu marağı ilə qarşılaşdım, abunəçilərim artdı.

- Rus dilində yazıb-yaradırsınız. Bəs doğma dildə də yazmağı düşünürsüzmü?

- Rus dilində yazıram. Ancaq ilk şeirlərim ukrayn dilində olub. Əsas hansı dildə yazmağın deyil, fikirlərini nə qədər güclü və duyğusal olaraq ifadə edib insanların ürəyinə toxuna bilməyindir. Gələcəkdə ana dilimdə də roman yazmağı planlaşdırıram. Həmin kitabda zəngin mədəniyyətimiz və tariximizdən bəhs edəcəm. Ölkəmin tarixinə diqqətlə yanaşıram, onu dərindən Bakıda öyrənmişəm. Fəxr edirəm ki, Azərbaycandanam və onu vətəndən uzaqda təmsil edirəm.

- Ədəbiyyat sənin üçün nə deməkdir?

- Ədəbiyyat mənim üçün hər bir insanın ürəyinin işığıdır, hansı ki, o işıqla dünyanın ən qaranlıq küncünü də işıqlandırmaq olar. Ədəbi dillə kim maariflənmək, aydınlamağa ehtiyac duyursa, o qapını döyə bilirsən. Mənə görə ədəbiyyat qəlbin musiqisidir, həmin musiqini ən incə tonlarda ifa etməyə çalışıram.

- Maraqlıdır, ilk oxucun və tənqidçin kimdir?


- İlk oxucum anamdır, çox vaxt da şeir oxuyanda üzündə təbəssüm və fəxr hissi sezmişəm. Ancaq indi valideynlərimdən uzaq yaşadığım üçün ilk oxucum və tənqidçim mənim ədəbi fəaliyyətimdə mənəvi dəstək olan yaxın dostum Alekseydir. Nizami Gəncəvi, Puşkin, Bernar Verber, Paulo Koelyo, Riçard Bax, Valter Skott, Tomas Vulf, Xaruki Murakami və s. yazarları oxuyuram. Onların bir çox əsərləri insanın zəngin daxili aləmini, cəmiyyətin problemlərini, duyğuların meydana gəlməsini, cəmiyyətin müxtəlif inkişaf mərhələlərində insanlığı təsvir edir.

- “ Payız melodiyası”nı Azərbaycan dilində də oxuya biləcəyikmi?

- Çox istərdim ki, kitab haqqında , bütün sevən qəlblərə, xüsusilə də bu hissə inamı itirən qəlblərə yol tapmaq planları barədə hər kəs bilsin. İstərdim ki, elə bir insan tapım ki, romanımın Azərbaycan dilinə ədəbi tərcüməsi ilə məşğul olsun və bu kitab da Azərbaycanda kitab mağazalarında rəflərdə olsun. Bu işdə mənə maddi və mənəvi dəstək göstərə biləcək şəxs, qurum olarsa, şad olaram. İkinci romanım üzərində işləyirəm. Adı “Evə yol”dur.

- Oxuculara, ədəbiyyatsevərlərə nə deyərdiniz?

- Oxuculara arzularım odur ki, bu həyatda heç vaxt təslim olmağa dəyməz. Qarşıya qoyulan məqsədə çatmaq üçün gərgin əmək gec-tez bəhrəsini verir. Arzulayın və ona harda olmağınızdan asılı olmayaraq, həmişə ona can atın. Arzularınız haqda danışın, qorxmayın, məhz o zaman siz həmfikirlərinizi tapacaqsız və yeni güc, özünüzə əminlik qazanacaqsız. Yadda saxlayın ki, tək deyilsiz, dünyada sizi gözləyən və şad olan çoxlu yaxşı insan var. Bilin ki, sizi sevirlər və siz dəyərlisiz.

Söhbətləşdi:
Əfsanə BAYRAMQIZI
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ