“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

Tarix:30-05-2017, 01:37 Baxış Sayı:541

“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov


Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, Əməkdar artist Nicat Kazımov: “Bu sənəti seçən oğlumla mübarizə apardım, lakin sonda xeyir-dua verməli oldum”

Əməkdar artist Nicat Kazımov bu yaxınlarda rejissor kimi növbəti tamaşasını sənətsevərlərin mühakiməsinə verdi. Onun quruluşunda Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan “Leyli və Məcnun” maraqla qarşılandı, mətbuatda müzakirələrə səbəb oldu.
Bu müsahibədə istedadlı aktyor və rejissor son tamaşası, yaradıcılıq sirləri barədə danışır.



Ənənəmizə uyğun olaraq qonağımız haqqında kiçik bir məlumat verək:
Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Evlidir, Mirsənan (1998) və Mirismayıl (2002) adında iki oğlu var.


- Nicat bəy, sizinlə bu müsahibə çoxdan planlaşdırılsa da işlərinizin çoxluğundan görüşümüz alınmırdı. Bəlkə elə söhbətə yeni layihələriniz, yaradıcılıq işlərinizdən başlayaq?”

- İşlərin çoxluğu deyəndə ki, bu mənim üçün adi haldı. Çünki son 7-8 ildi ki, necə deyərlər, nəfəs dərmədən çalışıram. Elə bu günlərdə Gənclər və İdman Nazirliyi ilə birgə lahiyəmizin – “Tarixin canlı səhifələri” lahiyəsinin 5-sini hazırladıq. Bu dəfəki lahiyəni Qaxda təqdim etdik. Əsas mövzumuz tarixi İrəvan xanlığının yaranması və süqutu, İrəvanın Azərbaycanın ayrılmaz hissəsi olduğu, ulu babalarımızın torpağı olduğu barədədir. Gənclərə həm də ermənilərin İrəvana necə gəlmələri haqqında məlumat veririk, sevinirəm ki, gənclər bu layihəmizə böyük maraq göstərirlər.
- Aktyor, rejissor, dramaturq Nicat Kazımov bunlardan hansını özünə daha doğma hesab edir?
- Səmimi desəm, elə hamısını özümə doğma sayıram. Çünki tamaşaçılar da məni aktyor, rejissor, dramaturq kimi tanıyır.Bu peşələr bir-birinin içərisindədi. Bunlar mənim yaradıcılığımdı, bu hissələr isə yaradıcılığın bir qoludu. Turan, səndən soruşsam ki, sağ əlini çox istəyirsən, ya sol əlini? Yəqin ki, sən də onları bir-birindən ayırmaqda çətinlik çəkərsən.

- Ölkə xaricində tamaşa hazırlayan rejissorlarımız o qədər də çox deyil. Moldovanın Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunmusunuz və quruluş verdiyiniz Əziz Nesinin "Öldür məni ayolcum” (“Öldür məni can-ciyər”) tamaşası bu yaxınlarda Türkiyənin Konya şəhərində keçirilən "1000 nəfəs 1 səs” teatr festivalında uğur qazanıb. Qaqauz teatrı ilə işbirliyiniz, tamaşa üzərindəki çalışmalar və festival barədə danışmağınız maraqlı olar...

- Əziz Nesinin "Öldür məni ayolcum” tamaşanı mən keçən ilin yayında 1 aya hazırladım. Tanasoğlu adına Qaqauz Milli Teatrı çox cavan teatrdı, 15-20 ildir ki, fəaliyyət göstərir. Çox maraqlı, səmimi kollektivdi, məni də elə ilk gündən dost kimi qarşıladılar. Məşq prosesində bircə dəfə də olsa əsəbləşmədim, tanıyanlar yaxşı bilir ki, məşq prosesində olduqca əsəbi oluram. Moldovada kollektivlə ümumi dil tapmaq çətin olmadı, qarşılıqlı sevgi, hörmət şəraitdə çalışdıq. Onun nəticəsində də çox gözəl, pozivit bir tamaşa ərsəyə gəldi. Türkiyədəki festivalda da tamaşa çox maraqla qarşılandı, barəsində müsbət rəylər deyildi. İnanıram ki inşallah gələcəkdə də Qaqauz teatrı ilə yeni iş birliyimiz olacaq. Çox istərdim qaqauzlar bu tamaşanı Azərbaycanda da oynasınlar.


- “ Sarı gəlin” layihəniz həm mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə olundu. Reaksiyalar sizdə hansı hisslər doğurdu?

- Əgər təqdim etdiyim hansısa bir yaradıcılıq işim barəsində danışılırsa deməli o iş uğurlu alınıb. Amma çox istərdim sosial şəbəkədə rəy yazan insanlar ən azından o işə baxıb sonra fikir bildirsinlər. Axı əgər mən hansısa bir rejissorun filminə və ya tamaşasına baxmamışamsa onu necə təhlil edə bilərəm? Yeri gəlmişkən, “ Sarı gəlin” lahiyəsi də Gənclər və İdman Nazirliyin lahiyəsi idi, “Sarı gəlin” mahnısının necə yaranması barədə məlumat verirdi. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov məsləhətçimiz idi.Mən ssenarini yazanda Yaqub nüəllimlə məsləhətləşmişdim. Tamaşaçılar bu layihəmizi çox bəyəndilər, tam baxmayıb fikir bildirənlər isə... Nə isə öz şəxsi işləridi, heç kimə heç nəyi qadağan etmək olmaz. Eyni proress mənim “Leyli və Məcnun”dram tamaşasında oldu. Bizə hərdən gəlir ki biz hər şeyi bilirik, amma fakt qarşısında qalanda... Bəziləri elə düşünür ki, “Leyli və Məcnun”ndan xəbəri var, operaya baxıblar, filmi görüblər, poemadan bəzi hissələri orta məktəbdə keçiblər. Biz isə əsəri hazırlayanda 1-2 il üzərində çalışdıq, araşdırmala apardıq.Göydən düşdü, hazırladım kimi bir hiss olmadı. “Leyli və Məcnun”da İlqar Fəhmi əruzla bağlı bizə məsləhətlərini verdi. Cəsarətlə deyə bilərəm ki, “Leyli və Məcnun”dan xəbəri olanlar bu tamaşanı “Leyli və Məcnun”u bəyəndilər. Akademik Yaqub Mahmudov, Xalq artistləri Alim Qasımov,Gülyaz Məmmədova, professor İsrafil İsrafilov maraqlı fikirlər bildirdilər. Təəssüf ki,tamaşaya hətta şər atanlar da oldu, yazırdılar ki, güya Alim Qasımovun ifası yersiz idi. Əslində o tamaşada Alim Qasımovun ifası belə yox idi, orda dostum Mirələm Mirələmov və Elnarə Abdullayeva oxuyurdu.


- Opera tamaşası kimi böyük uğur qazanan “Leyli və Məcnun”u dram tamaşası olaraq hazırlamaq ideyası sizdə necə yarandı?

- Şərqdə opera janrının əsası “Leyli və Məcnun”la qoyulub, lakin operada tamaşaçı Füzulinin deyil, Üzeyir Hacıbəylinin yanaşmasını görür. Opera janrının öz qanunları var, səs əsas götürülür. Bu əsərə indiyə kimi Hüseynağa Atakişiyev də müraciət edib, Mehriban Ələkbərzadə də ,Bəxtiyar Xanızadə pantomim versiyasını hazırlayıb. Amma Füzulinin yazıdığı, tam olduğu kimi heç kim dram hazırlamayıb. Mən Füzulinin yazıdğını göstərmişəm. Çoxmu gənc Füzulinin “Leyli və Məcnun” əsərini oxuyub? Oxuyubsa oradakı ərəb, fars mənşəlli sözləri tam başa düşübmü? Mənim fikirim isə aktyorların plastika,emosianlar çıxışları nəticəsində, həmi vurğuların sayəsində “Leyli və Məcnun”u olduğu kimi çatdırmaq idi.


- Tamaşalarınızda gənclərə çox güvənirsiniz...
- Yox, tam belə deməzdim, axı mən yaşlı aktyorlarla da işləmişəm, Laləzar Mustafayeva,Rafiq Əzimov,rəhmətlik Kübra Dadaşova... digər yaşlı nəsil aktyorlarla çalışmışam. Mən buna fərq qoymuram, yaşlı nəsil, cavan nəsil. Əsərdə obraz cavandısa rolu yaşlı aktyora verə bilmərəm axı. Tamaşalarımın çoxu daha enerjili,plastika olduğuna görə cavanlarla işləmək bir növ asandı.

- Bəzi rejissorlar tamaşanı daha çox bir heyətlə hazırlamağa çalışırlar. Amma siz bir çox tamaşalarınızda 2, hətta 3 fərqli heyətlə işləyirsiz. Bu çətin olmur?

- Çox çətin olur, amma teatrın hər bir aktrisası, akyoru çalışmalıdı, onlara rol vermək lazımdı. Rusiyanın çox sevilən aktrisası, SSRİ xalq artisti İnna Mixayılovna Çurikovaya belə sual verirlər ki, siz necə oldu teatra gəldiz? O, isə belə bir cavab verir: “Teatra gəlmirlər, teatra düşürlər, qatar altına düşən kimi...” Məncə çox əla fikirdi. Bu aktyor və aktrisalar da teatra düşüblər və onların əlindən tək bu sənət gəlir və bunu etməyi bacarırlar. Onları rolla təmin etmək rejissorların borcudu. Mən də bir heyətlə işləsəydim aydın məsələdi ki, daha çox məşq etmək imkanı olardı. Elə insan var bu rolu oynamaq arzusudu, amma oynaya bilmir, alınmır, başqasında isə bu alınır, niyə də oynamasın?

- Yaxşı aktyor və rejissor üçün sizcə hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Məncə əsas hər şeyi öyrənməyi bacarmaq, durmadan öz üzərində çalışmaqdı. Paxıllıqdan, eqoizmdən uzaq durmağa çalışmaqdı, yaxşıya yaxşı, pisə pis deməyi bacarmaqdı. Üstəlik və ən əsası da şəxsiyyət kimi nümunə olmağı bacarmaqdı.

-Siz, özünüzü yaxşı aktyor və yoxsa yaxşı rejissor hesab edirsiz?
- Çox yaxşı aktyoram, amma rejissor kimi hələ də öyrənirəm.

- Müsahibələrdə dəfələrlə vurğulayırsınız ki, akytorluq çətin peşədir və bu sənəti sevənlər ağır maddi şərtlər altında yaşayır. Bəs nə əcəb böyük övladınız Mirsənana aktyorluq etməyə icazə verdiniz? Oğlunuz 8-9 yaşından artıq böyük səhnədə rolları ifa edir...

- Razı deyildim Mirsənan aktyor olsun. Əvvəl onu uşaq yaşlarından teatra gətirirdim, düşünürdüm ki, uşaqdı, həvəsi var. Həm də onu ilk dəfə Cənnət Səlimova xahiş eləmişdi və “Məkkəyə gedən yol” tamaşasında baş rolu oynamışdı. Artıq müəyyən yaşında sənət seçimi olanda ağılıma gəlməzdi ki aktyor olacaq. Oğlumla 2 il mübarizə apardım, görəndə ki, alınmır, xeyir-dua verdim.

- Tamaşanın uğurlu alınması daha çox kimdən asılıdı, rejissordan, yoxsa aktyordan?

- Həm aktyordan, həm də rejissordan aslıdı.Savadlı tamaşaçı üçün rejissor kifayət edir, amma etiraf edək ki, bütün tamaşaçılar savadlı deyil axı.Rejissorun işi aktyordan keçir, özü də tək aktyor rejissor işi yox orda texniki iş də var, bütün bu kompanentlər rol oynayır.Yaxşıdan söhbət gedirsə bütün dediklərim vəhdət təşkil edəndə yaxşı tamaşa alınır.

- Tamaşalarınızda mistikaya üstünlük verirsiz.Deyəsən mistikadan daha çox xoşunuz gəlir?

- Yox, mənə nə təsir edirsə onu göstərirəm. Son məşqlərdə tamaşaçı oluram, əvvəl qurduğumun tamaşaçısına çevrilirəm və baxıram ki, bu mənə təsir edir ya yox. Əgər mənə təsir edirsə tamaşaçıyada təsir edəcək.Belə deyim, işimə tamaşaçı kimi baxıram. Mistika-nağıl bunlar yaradıcılıq üçün daha əlverişlidi, fantaziyanı daha çox işlətməyə imkan yaradır.

- Son olaraq bir ənənəvi sual, 45 yaşınız var, 27 ildir ki, teatrda çalışırsınız. Sənətdən getmək istədiyiniz anlar olubmu?
- Olub, hətta 3-4 dəfə. Hətta bir dəfə- 1996-cı ildə getmişəm. Amma 1997-ci ilin yanvarında qayıtmışam.

Turan Etibaroğlu
MANERA.AZ


“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

“Rejissor şəxsiyyət kimi nümunə olmağı bacarmalıdır” Nicat Kazımov

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ