“Aktuallığımı itirsəm, həqiqətən öləcəyəm”- Dmitri Priqov

Tarix:8-05-2017, 12:36 Baxış Sayı:303

“Aktuallığımı itirsəm, həqiqətən öləcəyəm”- Dmitri Priqov


Dmitri Priqov 1940-cı ildə Moskvada doğulub. Orta məktəbi birirdikdən sonra bir müddət fəhləliklə məşğul olub. Rusiya Ali Sənət Məktəbinin heykəltəraşlıq fakultəsini bitirib. Təhsilini başa vurduqdan sonra Priqov Moskva Bələdiyyəsinin Memarlıq Baş İdarəsində bina fasadların bədii tərtibatı məsələləri üzrə 7 il müfəttiş kimi fəaliyyət göstərib. Bundan əlavə, gündəlik çörəkpulunu çıxarmaq üçün sifarişlə heykəl yonmaqla məşğul olub. 70-ci illərdə andeqraund təmsilçiləri ilə təmaslar quraraq həm şair, həm rəssam, həm heykəltaraş, həm də dizayner kimi özünü sınayıb.
1986-ci ilə qədər əsərlərini SSRİ ərazisində çap etdirə bilməyib, əsasən, xarici mətbuatda nəşr olunub. 1985- ildən başlayaraq Almaniyada ardarda 5 kitabı nəşr olunub.
2007-ci ildə dünyasını dəyişib.


– Dmitri Aleksandroviç, budur, siz artıq klassiklər cərgəsinə keçmisiniz. Yeni ampulada özünüzü necə hiss edirsiniz?

– Əlbəttə, müəyyən mənada bu qəhrəman andeqraund və terrorist mövcudiyyətin sonu deməkdir. Bütün terrorist qrupların təcrübəsinə nəzər salsaq, eyni şeyləri görərik. Onu-bunu öldürəndən sonra onlar da sakit həyat tərzi keçirmək istəyirlər. Terror təcrübəsinə hansısa genləri yeridiblər ki, bunlar sonradan sakit həyat tələbatı yaradır. Lakin terroristlər dinclik istəsələr də, buna imkan vermirlər, hamısını tutub həbsxanaya basırlar. Prinsipcə əgər onları sərbəst buraxsalar… qəribədir.
68-ci il Praqa qiyamının qəhrəmanları indi Çexiyanın dövlətli adamları, ictimai elitasıdır. Yəqin insanın antropoloji mövcudluğunun daxili qanunauyğunluğu belədir. Bununla mübarizə aparmaq mümkündür. İntihar edib mövcudluğa son qoymaq da olar, yaxud Parisin incəsənət elitası kimi, kokain iyləyərək özünü əbədi ekstaz vəziyyətinə gətirmək də. Yeri gəlmişkən, qeyd edim ki, Puşkinin çox gözəl bir formulu var: “Xoşbəxt o adamdır ki, gənc yaşlarında da gənc olub.” Ümumiyyətlə, poeziya bir non-imic kimi hansısa romantik yeniyetmə təfəkkürünə hesablanıb və ən çox gəncləri fəth edir. Poeziyanın diliylə adətən gənclik ehtirasları danışır. Ona görə də şairlərin çoxu qocalanda nəsr janrına keçirlər.
Fəqət, mən sırf şeirlə yox, müəyyən poetik strukturlarla məşğul olduğum üçün real yaşı unutdurub insanı daim gənc saxlayan poeziya ilə bağlı deyiləm. Məndə orta yaş dövrünə sakitcə daxil olmağı, mənə dağıdıcı təsir göstərməyən bütün kitabları qəbul etməyə imkan yaradan daxili ressor sistemi var. Lakin mən illüziyalar qurmuram, mədəni mühitə daxil olmaq, onu şok vəziyyətinə salmaq, heyrətləndirmək və fəth etmək- bu romantik və qəhrəmanlıqla dolu mərhələ mənimçün artıq arxada qalıb. Məhz indi rus ədəbiyyatını çoxqatlılıq xilas edir. Bir çoxları üçün artıq arxada qalmış yanaşma başqalarıyçün hələ başlamayıb.
Bir dəfə mən kiçik bir rus şəhərindəydim və orda ədəbiyyat həvəskarları Aksyonov barədə mübahisə edərək deyirdilər ki, bu, dəhşətli bir formalizm, əsl ədəbiyyatın məhv edilməsidir və onun yazılarını oxumaq mümkün deyil. Xilas yolu da bundadır: mən bu kiçik pillələrlə aşağı- insanlara doğru düşməyə başlayıram və çox güman ki, yüz, yüz əlli ildən sonra həmin balaca şəhərə gəlib çataram. Və müəyyən vaxtda mən orada da öz aktuallığımı itirsəm, deməli, onda həqiqətən öləcəyəm.

– Siz yeni mərhələyə keçməyinizdən razısınız, yoxsa bunu qaçılmaz bir şey kimi qəbul edirsiniz? Sizin külli miqdarda aztirajlı, qeyri-kommersion kitablardan sonra bu cür bestsellerə çevrilən, dövrün ən populyar şeirləri toplanmış kitablarınızı görmək təəccüblü deyilmi?

– Bunu yalnız belə izah etmək olar. Bütün bunlar həyat adlı çox böyük bir proyektin içinə yerləşib. Mən həmişə müxtəlif fəaliyyət növlərini, cürbəcür imicləri istismar etməyə çalışıram. Bu, mimikriyadır, nəyinsə üstündə donub möhkəmlənmək qorxusundan yaranır. Məndən soruşanda ki, sən rəssamsan, cavab verirəm ki, yox, yox, mən şeir yazıram. Yaxud deyəndə ki, bu şeirlər sənindir, tez cavab verirəm: -Bu artıq köhnə şeylərdir, mən indi tamam ayrı işlərlə məşğul oluram.
Mən sosiumdakı sərt fiksasiyadan qaçmağa çalışıram. Bəlkə də bu, mənəvi mövqedən çox daxili kompleks və keçmiş dövrlərin sindromatikasıdır. Sırf psixoloji müdafiədir. Lakin bu kompleksi mən bədii davranışın strategiyasına çevirmişəm. Ona görə də kitablarımdakı şeirlərin bu cür dağınıqlığı mənimçün çox əhəmiyyətlidir. Köhnə sistem çərçivəsində sənətkarın artıq hərəkətlərə yol verməsi qəbulolunmaz idi. Lakin avanqard sənət nöqteyi-nəzərindən hər cür davranış asan qəbul və dərk ediləndir. Bu, məni bir qədər sakitləşdirir. Jestlər sistemi hələ şablonlaşmayıb. Hələ ki, o müəyyən qədər heyrətləndirmək,həyəcanlandırmaq qabiliyyətini saxlayıb. Məncə, radikal praktikalar içində batıb qalmış dairələrdə də bu, artıq yenilik deyil.

– Dmitri Aleksandroviç, siz hələ də özünüzü avanqardçı hesab edirsiniz?

– Avanqard sözünü bir neçə mənada işlətmək olar. Mənim dediyim avanqard danışıq tərzi əslində avanqard sənət cərəyanı deyil, daha çox postmodernizmdir. Çünki o, hər cür elementləri öz içinə sığışdırır.

– Əvvəllər siz bütün şeirlərinizi konkret toplularda çap etdirərdiniz. Lakin son kitablarda müxtəlif silsilələrdən olan mətnlər qarışıq şəkildə verilib. Gələcəkdə daha geniş, daha akademik formada tərtib olunmuş külliyatınızı nəşr etdirmək niyyətiniz varmı?

– Mən bu yaxınlarda sayıb görmüşəm ki, 24 min şeir yazmışam. Vyana Slavyan Cəmiyyəti və Münhen Universiteti onların hamısını çap etdirmək istəyir. Gələcək üçün nəzərdə tutulmuş çox böyük və gözəl bir proyektdir. İdeal şair, ideal gələcək və ideal oxucu. Mən öz dövrümün ideal şairiyəm. Bundan sonra mənim özümün nəsə etməyimə ehtiyac yoxdur. Əlbəttə ki, ətalət qanununa uyğun olaraq hərəkət edirəm. Lakin bu hərəkətsizliyə aparır. Gigiyena xatirinə nəsə yazmağa davam edəcəyəm, bununla belə, bu artıq lazımsız tavtalogiyadır.
Mən indi konversion mətnlər üzərində işləyirəm. Məsəlçün, bir keşiş on iki möminə bərabərdir. On iki mömin, iki keşiş. İnsanların, heyvanların konversiyası. Müasir dünya konversion qurulmuşdur. Hər şey satılır, sadəcə, qiyməti düzgün müəyyənləşdirmək lazımdır.
Əvvəllər mən ideoloji mətnlər yazırdım, indi isə konversion mətnlər silsiləsi hazırlamaq fikrindəyəm. Bundan əlavə, mən axı rəssamlıqla da məşğul oluram. Gündəlik qrafik tutmuşam. 2-3 saat şeir, 6 saat isə təsviri sənət. Bu, çox aktiv yaradıcılıqdır. Lakin yerli mədəniyyətdə mənim imicim şairlikdir. Şeir yazmasam da bu imici birtəhər qorumağa məcburam. Mənim əsas vəzifəm budur.

Tərcümə etdi: Kənan Hacı/sim-sim.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ