"Hər insan həyatını bir cür “dözüləsi “ edir"- Məsudə Cabbar

Tarix:5-05-2017, 12:14 Baxış Sayı:1094

"Hər insan həyatını bir cür “dözüləsi “ edir"- Məsudə Cabbar


Manera.az gənc yazar Məsudə Cabbar ilə müsahibəni təqdim edir.

- Eşitdiyimizə görə, yeni bir kitabınız işiq üzü görüb. İlk öncə uğurlu olsun. Sonuncu əsər nə haqqındadır ,bir az bu barədə danışaq.

- Bəli, bu, mənim sayca beşinci kitabımdır. Əsər ailəsinin cinayətində günahkar bilinərək axtarılan bir qızın həyatından bəhs edir. Kitab boyunca biz baş qəhrəmanın həyatla apardığı çətin mübarizəyə, daxili çəkişmələrə və heç tanımadığı bir dünya ilə baş tutan qəribə tanışlığına şahid oluruq.

- Hər bir yazarın təsirləndiyi bir yazar var əlbət , belə bir yazıçı varmı ki , məhz yazıçılıq fəaliyyətinə ondan ilhamlanıb başlamısız?

- Sevdiyim yazarlar çoxdur. Mütləqdir ki, fərqində olmasam belə, təsirində olduğum yazıçılar var. Amma sırf sevdiyim yazarların kitablarını oxuyub “mən də yazmalıyam” deməmişəm.

- Necə oldu roman yazmağa başladınız? Niyə məhz roman?

- Mütəmadi olaraq internet üzərindən paylaşdığım yazılar sayca böyük kütləyə çatdıqdan sonra elə oxuculardan gələn təklif nəticəsində ilk kitab çıxdı. Ancaq mən bunu tamamilə ümidsiz bir ruh halı ilə etmişdim. İnanmırdım ki, hansısa bir insan kitab mağazasına gedib “mənə Məsudə Cabbarın kitabı lazımdır” deyəcək. Bu mənə ağılasığmaz gəlirdi. Ancaq həyatın nə gətirəcəyi həqiqətən bəlli olmur. Məhz roman yazmaq bilərək etdiyim bir şey deyil. Bəlkə də nə vaxtsa janrı dəyişəcək.

- Həyatda uğur, xoşbəxtlik formulunu nədə görürsünüz?

- Uğur – bu, bir az şans məsələsidir. Xoşbəxtlik isə mövcud olmasa da varlığından əmin olduğumuz mücərrəd anlayışdır. Onu istənilən an tapmaq və elə həmin saniyələr içində də itirmək olar. Ancaq davamlı dinclik və daxili rahatlıq üçün məncə yeganə dərman “ olanla kifayətlənmək “ bacarığıdır. Başa düşürsünüz də? Yəni, hər şeyi çox “qurdalamamaq“. Nəyəsə inamınız varsa, fərqi yoxdur, bu dini inancdır və ya hansısa mənəvi hiss, onun əlindən tutub aram addımlarla irəliləmək lazımdır. Əks halda get-gedə dərinə enirsən. Dərinə endikcə itirsən və bu, Dantenin “Cəhənnəm”ini dünyada yaşamaq kimi bir şey olur. Hətta bunu “ İlahi komediya”dan olan bu sətirlərlə daha yaxşı izah etmək olar: “Qayalıqda dayanıb dənizin dibini görən göz, dibi görə bilməz əslində açıq dənizdə".

- Deyilənə əsasən, Azərbaycanda az çox oxunan eşq və dedektiv xarakterli romanlardir .Siz necə fikirləşirsiniz?

- Ola bilsin. Bilirsiniz, bu, bir az mübahisəli məsələdir. Belə ki, hər insan həyatını bir cür “dözüləsi “ edir. Ola bilsin, mənim üçün hansısa fəlsəfi kitab həyatı daha maraqlı edir, ancaq bir başqası bu kitabı oxuyarkən həyatının çox daha maraqsız və dözülməz bir qəfəsə çevriləcəyini düşünəcək. Zövq, dünyagörüşü, düşüncə tərzi.. Adı hər nədirsə artıq..

"Hər insan həyatını bir cür “dözüləsi “ edir"- Məsudə Cabbar


- Bəs siz digər mövzular da özünüzü sinamağı düşünürsünüzmü?

- Artıq başlamışam. Məsələn, sonuncu kitabımda ümumiyyətlə sevgi mövzusu işlənilməyib.

- Yaxşı kitab anlayışı sizə nəyi ehtiva edir?

- Kitab oxuyarkən sənin daxili dünyanda və ya düşüncə tərzində az da olsun dəyişiklik olursa, bu, həmin kitabın uğurudur. Bəzi insanlar düşünür ki, əgər bir kitab sənin düşüncəni dəyişə bilirsə, deməli sənin xarakterin zəifdir. Mən bununla razılaşmıram. İnsan yeni düşüncələrə və müxtəlif baxış bucaqlarına açıq olmalıdır.

- Tənqidlərə dözümlüsünüzmü?

- İşin maraqlı yanı burasındadır ki, məni tənqid edən insanların demək olar ki, hamısı mənim kitabımı ümumiyyətlə oxumayan insanlar olub. Məsələn, qarşıma hansısa tənqidi yazı çıxarkən mən onu səbrlə və diqqətli şəkildə oxuyuram. Ancaq yazının ortalarında və ya sonunda məlum olur ki, yazının müəllifi haqqında yazı yazdığı yazarın kitabını oxumayıb və heç oxumaq fikrində də deyil. Bunun əvəzinə o özünə yararlı olacaq tamam başqa, əsasən də dünya ədəbiyyatı nümunələrindən faydalanmaq niyyətindədir. Mən indi bu yazıya, dırnaq arası tənqidə necə ciddi yanaşa bilərəm? ? Ümumiyyətlə, tənqidlərin insanları, xüsusilə də yaradıcı insanları müsbət yöndə təsirləndirdiyini düşünmürəm. Çünki əksər halda bu cür tənqidlər ruh düşkünlüyü və depressiya yaradır. İnsanı irəli aparmaq məqsədi güdən şeylər kəskin olmamalıdır. Əgər sən birinə ip uzadırsan, ancaq ip qarşı tərəfin əlinə çatan zaman o ipi əlindəki qayçı ilə kəsirsənsə, sənin uçurumun dibindəki insana heç bir xeyrin dəyməyəcək.

- Aldığınız məktublarda oxucu sizi necə təsvir edir?

- Əksər hallarda təəccüb doğurur. Məni çox daha yaşlı biri kimi düşündüklərini bildirirlər.(Gülür)

- "Manera" ailəsi üçün ürək sözləriniz.

- Çalışın hədəfinizdəki xoşbəxtliyə çatdığınız zaman vicdanınız təmiz qalsın.

Sevda Həsən
MANERA.AZ


"Hər insan həyatını bir cür “dözüləsi “ edir"- Məsudə Cabbar
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ