"Uşaqlıqdan peşəni yox, zəhməti sevmək lazımdır"- Vüqar Hüseynov "TeleMan"da

Tarix:28-04-2017, 14:28 Baxış Sayı:874

"Uşaqlıqdan peşəni yox, zəhməti sevmək lazımdır"- Vüqar Hüseynov "TeleMan"da


Manera.az “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. Həmsöhbətimiz APA TV-nin baş direktoru Vüqar Hüseynovdur.

" Kitab mağazalarının 100 nəfər mənim kimi müştərisi olsa, heç zaman iflas etməzlər".

- Televiziya media iyerarxiyasında hansı sırada dayanır?

- Media iyerarxiyası anlayışını qəbul etmirəm. Hər media strukturu öz funksiyasına görə digərini üstələyir. XXI əsr görüntü əsridir, bu mənada televiziya çap mediasını üstələyir, amma operativlik baxımından elektron mediaya uduzur. Həm televiziya, həm elektron media, həm də gündən-günə əhəmiyyətini itirməkdə olan çap mediası ümumilikdə sosial mediaya uduzurlar. Biz hələlik sosial media anlayışını tam qavramamışıq, amma yaxın illər, bəlkə də aylar ərzində sosial media deyilən anlayış dediyiniz iyerarxiyanın şəriksiz lideri olacaq və bütün medianı özündən asılı vəziyyətə salacaq. Bundan sonra mediada iyerarxiya anlayışı itmiş olacaq, çünki media qurumunun ictimai rəy formalaşdırmaq bacarığı sosial medianın imkanlarından istifadə edə bilməkdən asılı olacaq. Bu prosesin artıq müəyyən örnəkləri var. Hələlik isə bir məsələ aksiomadır - televiziyanın ictimai rəy formalaşdırmaq imkanları çap və elektron mediadan qat-qat çoxdur.


- Televiziya ilə yazılı media arasındakı əsas fərqlər nələrdir?

- Medianın əsas funksiyası ictimai rəy formalaşdırmaqdır, bu mənada yazılı media operativlikdə, televiziya isə yaradıcılıqda önə çıxır. Televiziya işi çoxtərəfli işdir, bəzən bir xəbərin hazırlanmasında 10, bir verilişin hazırlanmasında 30-40 nəfərin əməyi olur. Yazılı mediada isə bu işi bəzən bir nəfər görə bilir və operativliyə görə televiziyanı geridə qoyur. Televiziya yazılı mediaya bu sahədə uduzduğu mövqeni uzunömürlülüyü ilə kompensasiya edir. Dövrümüzdə bir xəbərin bəzən bir saat belə deyil, televiziyanın hazırladığı məhsulların - reportaj, teletamaşa, veriliş, layihə - ömrü isə bəzən illərlə olur. Mən televiziya sahəsinə yazılı mediadan gəlmişəm və keçdiyim məktəbin üstünlüklərini hər an hiss edirəm. Yazılı mediada xəbər duyumu, operativliyə can atmaq hissi daha çoxdur, bu yanaşmanı televiziya sahəsinə transformasiya edə bilsək, teleməkanda tam yeni atmosfer bərqərar olar. APA TV olaraq buna çalışırıq və auditoriyamızın hər gün, hər ay artması strategiyanın düzgünlüyünü göstərir. Həm də televiziya məhsullarının operativ şəkildə hazırlanması yenilik filan deyil, dünyada minlərlə bu kontekstdə fəaliyyət göstərən TV kanalları var. Sadəcə TV-də bunu etmək təkcə istəkdən asılı deyil, həm də texniki imkanlar olmalıdır. Üstəlik nəzərə alaq ki, TV-nin qarşısında yüksək texnologiyaların ildırım sürəti ilə inkişaf etdiyi bir dövrdə bu texnologiyaları mənimsəmək və praktikada tətbiq etmək kimi ağır bir tələb də var.

- APA TV qısa zamanda böyük izləyici auditoriyası topladı. Uğurun xüsusi formulu varmı?

- Formul qeyri-adi deyil. Çalışqanlıq, müasir dövrün trendlərini müəyyənləşdirmək, texnologiyalardan, sosial şəbəkələrin imkanlarından istifadə etmək. Üstəlik bu tələblərə cavab verən jurnalistlərdən ibarət kollektiv formalaşdıra bilmək qazandığımız uğurların əsas formuludur. Medianın nəzəri məsələlərini yaxşı bilmək olar, amma bunun praktikada tətbiq etmək səbir və çalışqanlıq tələb edir. Günün çağırışlarını düzgün dəyərləndirdikdə uğur qazanmaq çətin olmur. Hazırladığımız məhsullara tamaşaçı gözü ilə baxa bilir, eksperimentlərdən çəkinmirik. Bu isə nəticəyə təsir edir.

- Televiziya sizin uşaqlıq arzunuz olub?

- Qətiyyən. Ümumiyyətlə "uşaqlıq arzusunu gerçəkləşdirmək" anlayışını qeyri-ciddi sayıram. Uşaqlıqda hər kəs hansısa sənətin sahibi olmağı arzulayır, amma çox vaxt zaman bu arzuların reallıqla uyğun olmadığını ortaya qoyur. Uşaq vaxtı "mən kosmonavt olmaq istəyirəm" deyənlərdən kim kosmonavt olub? Yaxud, kim uşaqlıqda "süpürgəçi olmaq istəyirəm" deyib? Televiziyada işləmək çox adamın uşaqlıq arzusu ola bilər, amma bu sahənin peşəkarı olmaq uzun zaman və səbir tələb edir. Elə hər sahənin də. Məncə uşaqlıqdan peşəni yox, zəhməti sevmək lazımdır.

- Sizcə, aparıcı üçün əsas keyfiyyətlər nələrdir?

- Savad, məlumatlılıq, hazırcavablıq, informasiyanı dəyərləndirmək bacarığı, nitq qabiliyyəti, xarici görünüş... Siyahını uzatmaq olar, aparıcılarda bu keyfiyyətlərin hamısının olması ideal olar.

"Uşaqlıqdan peşəni yox, zəhməti sevmək lazımdır"- Vüqar Hüseynov "TeleMan"da


- İnformasiya dəqiqliyində xəbər saytları daha önəmlidir yoxsa televiziya?

- Ayırmaq istəməzdim, əgər xəbər standartlara uyğun hazırlanıbsa, bunun saytlarda, yaxud televiziyada hazırlanmasının elə bir fərqi yoxdur. Xəbər bütün detallara riayət olunmaqla operativ hazırlanmalıdır, xəbərdə bütün tərəflərin mövqeyi ifadə olunmalı, bütün sualların cavabları tapılmalıdır. Bu işi televiziya, qəzet, yaxud sayt görsün, fərq etməz, əsas xəbərin xəbər kimi hazırlanmasıdır. Bu baxımdan yazılı medianın, elektron medianın televiziyadan üstün tərəfləri çoxdur.

- Hansı kitabları oxuyursunuz?

- Klassikləri daha çox oxuyuram. Bəzən on dəfələrlə təkrar-təkrar oxuduğum kitablar var. Kitab mağazalarının 100 nəfər mənim kimi müştərisi olsa, heç zaman iflas etməzlər. Son illər elektron variantda mütaliəyə üstünlük verirdim, daha doğrusu məcbur olurdum. Çünki oxumaq istədiyim əksər kitabların Azərbaycan dilində versiyası yoxdur. Sonra baxdım ki, bəlkə də 10 ildir, öz dilimizdə ədəbiyyat oxumuram. Yenidən doğma dilimizdə kitab oxumağa başladım, amma məni çox yordu. Səbəb nə qədər qəribə olsa da, peşəmizlə bağlıdır. Kitabda redaktə, korrektə, tərcümə səhvi olanda beynimdə mexaniki düzəliş edirəm. Sonra görürəm ki, mütaliə deyil, redaktə edirəm. O səbəbdən bəzi nəşriyyatların çap etdiyi kitablardan ömürlük imtina etmişəm. İndi daha çox bədii ədəbiyyatdan çox araşdırma əsərlərə üstünlük verirəm. Hazırda Erol Gökanın "Türklərin psixologiyası", "Türkün köçəri ruhu" əsərlərini, İsgəndər Öksüzün "Millət və milliyətçilik" əsərini, Karjaubay Sartkojaulının Orxon-Yenisey abidələri ilə bağlı araşdırmasının pdf variantını oxuyuram.

- Teatra gedirsinizmi?

- APA TV Azərbaycan mədəniyyətinə kiçik bir töhfə verib. Biz əvəzsiz olaraq öz vəsaitimiz hesabına Akademik Dövlət Dram Teatrının repertuarında olan maraqlı tamaşaları HD formatında lentə almışıq. O tamaşalardan bəziləri artıq repertuarda yoxdur və təəssüf ki, tamaşaçının o tamaşaları bir daha canlı izləmək imkanı olmayacaq. Məsələn, Fuad Poladovun ifasında "Şah Qacar"ı bir daha izləmək mümkün deyil. Eləcə də, "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasını. Amma biz bu tamaşaları, eləcə də digər bir sıra tamaşaları belə deyək, tarixin yaddaşına köçürmüşük. Baxmağa dəyər tamaşa olanda mütləq izləyirəm, yaxşı tamaşa olub-olmadığını izləyənlərin rəyi əsasında müəyyənləşdirirəm. Açıq deyim, yaxşı tamaşanı izləməkdən aldığın həzzi heç nədən ala bilməzsən.

- Sizi formalaşdıran əsərlər varmı?

- Bilmirəm, amma oxuduğum hər əsərdən xarakterimə mütləq nə isə köçüb. Yaxud əksinə desək, həmişə xarakterimə uyğun olan, haqq qazandırdığım qəhrəmanların, mühitin əks olunduğu əsərlərə üstünlük vermişəm. Konkret deyə bilmərəm, bəlkə bir az Arturdan ("Ovod"), bir az Robert Cordandan ("Əcəl zəngi"), bir az İsrafil ağadan ("Qaçaq Kərəm") nə isə var məndə. Amma ədəbi qəhrəmanlardan çox tarixi şəxsiyyətləri daha çox sevirəm, baxışlarımın formalaşmasında onların rolu daha olub. Xətai, Abbas Mirzə Qacar, Nadir şah...

- Gənc yazarlarda nələri bəyənir, nələri bəyənmirsiz?

- Eqoistliklərini bəyənmirəm. Əksəriyyəti sanki eqoistlikdə yarışa giriblər. Üzləşdikləri problemlərin əksəriyyəti də buradan qaynaqlanır. Özlərindən başqa heç kimi, öz yazdıqlarından başqa kimsəni bəyənmirlər. Və yalnız öz kiçik əhatələri üçün yazırlar, daha böyük miqyasa çıxa bilmirlər. İstərdim ki, xaricdə nəşr olunacaq səviyyədə əsərlər yazsınlar. Təbii ki, bu dediklərim bütün gənc yazarlara aid deyil.

- Elm aləmində baş verən yeniliklərə marağınız varmı?

- İnformasiya texnologiyaları sahəsindəki yenilikləri ciddi şəkildə izləyirəm. Həm də elm aləmi anlayışı geniş məfhumdur, arxeologiya, genetika, antropologiya sahəsində edilən kəşflərdən həmişə xəbər tutmağa çalışmışam. Çünki bu gün dünyada mövcud olan, hər kəsi düşündürən bir çox suallara məhz bu elmlər cavab tapacaq.

- Fəlsəfəni sevirsiniz?

- Sevirəm desəm, səmimi olmaram, sovet dövründə tədris olunan fəlsəfə dərslikləri mənə həmişə yuxu gətirib. Sosiologiya da fəlsəfə ilə bağlı sahədir, sosiologiyanı daha çox sevirəm. Çünki sosiologiya praktik tətbiqi mümkün olan elmdir. Fəlsəfə geniş anlam daşıyır. İxtisasım olan politologiya, sosiologiya, konfliktologiya dolayı yolla fəlsəfəyə bağlı sahələrdir, bu ixtisası seçmişəmsə, fəlsəfəni inkar edə bilmərəm. Amma ümumi bir elm kimi soruşursunuzsa, xeyr cavabı verərdim.

Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ