“Yaddaşımı itirirəm, adamları unuduram…” – Den Braunla müsahibə

Tarix:27-04-2017, 15:14 Baxış Sayı:327

“Yaddaşımı itirirəm, adamları unuduram…” – Den Braunla müsahibə


Den Braun müasir Amerika ədəbiyyatının triller janrında ən görkəmli nümayəndələrindən biridir. Daha çox əsərlərindəki klassik incəsənət, kriptoqrafiya, şifrələr, dini inanclar və məbədlərlə bağlı məlumatları ilə məşhurdur. “Rəqəmsal qala”, “Mələklər və iblislər”, “Yalan nöqtəsi”, “Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” və “Cəhənnəm” romanlarının müəllifidir. “Da Vinçi şifrəsi” romanı 2003-cü ildən etibarən dünya üzrə satış rekordları qırıb. Eyni zamanda Vatikanda və konservativ dini inanclara malik bir neçə ölkədə qadağan olunub. Müəllifin “Mələklər və iblislər”, “Da Vinçi şifrəsi” əsərlərinə eyniadlı filmlər çəkilib. Sonuncu əsəri əsasında ekranlaşdırılan filmin çəkilişləri davam edir.

Sim-sim.az Den Braunun "New York Times"-a verdiyi müsahibəni təqdim edir.

– İndiyədək ən sevimli kitabınız hansı olub?

– Mən televizorsuz böyüyürdüm, buna görə də oxumaqdan doymurdum. Yaddaşıma ilk həkk olunan kitab Madlin L’Enqlin “Zamanda qırış” romanı idi. Kitabın yarısına çatanda, xatırlayıram ki, anam gəlib dedi: “yatmaq vaxtıdır”, amma yata bilmirdim, çünki qəhrəmanların taleyi üçün narahat idim. Səhər kitabı bitirəndə rahatlıqla ağlayıb bütün gərginliyimi atmışdım. Hisslərim məni narahat edirdi – xüsusən, xəyali obrazlara qarşı olan dərin bağlılığım. Artıq çap edilmiş sözlərin gücünü və əhvalatların sehrini hiss edə bilirdim.

– Öz ideal oxu təcrübənizi təsvir edə bilərsinizmi – nə vaxt, harada, nə və necə?

– Ən gözəl oxu təcrübəm keçən həftə olub – sahildə qaçarkən Malkolm Qladuelin “İt nə gördü” səsli kitabını dinləyirdim. Onun “Ketçup tapmacası” essesinə o qədər dalmışdım ki, bir də baxdım, həddindən artıq yol qət etmişəm və fərqində də olmamışam.

– Sevimli yazıçınız kimdir?

– Gerçək hisslərinə görə Con Steynbek. Ustalıqla işlənmiş fəndlərinə görə Robert Ludlum. Və bu qədər gənci coşğun qiraətə sövq etdiyinə görə Coan Roulinq.

– Sizi nə cür mətnlər cəlb edir? Və sizi ifadə edir?

– Demək olar ki, nadir hallarda elmi ədəbiyyat oxuyuram – araşdırma və zövq üçün. Bədii ədəbiyyatdan isə, adətən, triller janrında. Əgər əsər ilk bir neçə bölümdən məni cəzb edə bilirsə. Qorxu romanları oxumuram, qətiyyən. 15 yaşım olanda “Ovsunçu”nun bir hissəsini oxumuşdum. Səhv etmişdim. Bu, ilk və son oldu.

– Yaxşı triller bizə nə verə bilər?

– Məncə, yaxşı triller mənə əsl həyat haqqında nəsə öyrətməlidir. “Koma”, “Qırmızı Oktyabr ovu” və “Firma” kimi trillerlərin hamısı çox az bildiyim şeylər haqqında dünyagörüşümün artmasına yardım edib – tibb, sualtı texnologiyalar və hüquq. Mənim zövqümə görə, əsl triller özündə düşündürücü müzakirə mədəniyyəti və ya mənəvi dilemma ehtiva etməlidir. Bu illər ərzində H.F.Seyntin “Görünməz adamın xatirələri”, Karl Saqanın “Əlaqə”si və Bram Stoukerin “Drakula”sı favoritlərim olub, hansı ki tipik qorxu janrının yanından belə keçmirlər. Bu cür macəraları müşahidə etmək yazmaq üçün mənə dərs olub.

– Hansı kitabları sizin rəflərinizdə görmək əsl sürpriz ola bilər?

– Adətən, mən tarixi obrazlar və klassik incəsənətdən yazıram deyə müasir bioqrafiya sahiblərini mənim rəflərimdə görsəniz, doğrudan da, təəccüblənərsiniz. Məsələn, Stiv Cobs, Andre Aqassi, Kliv Devis. Eləcə də, müasir incəsənət haqda xeyli kitablar, xüsusilə, M.K.Eşerin işləri.

– Özünüinkişaf barədə oxuyursunuzmu? Hər hansı tövsiyəniz varmı?

– Xeyr, oxumuram. Buna baxmayaraq, bir dəfə “Eynşteynlə Ay səyahəti”nə nəzər salarkən bilmədən özümə xeyli yardım etmiş oldum, yaddaş elmi kimi bir şey idi. Kitabı aldım, çünki həmişə mənə maraqlı idi, nə üçün insanların yaxşı yaddaşı var, mənimsə yox. Mənə elə gəlirdi ki, yaddaşımı itirirəm. Adamları unudurdum.
Qəribədir ki, yaddaş çempionlarının da istifadə etdiyi metodlar haqqında sadəcə oxumaqla yaddaşımın bərpa olunduğunu kəşf etdim. İndi ən azından eynəyimi hara qoyduğumu xatırlayıram.

– Sizə hədiyyə edilən ən yaxşı kitab hansıdır?

– Uzun bir müddət öncə, hardasa iyirmi il əvvəl bir müəlliflə maraqlı bir görüşdə idim, onun bir kitabını hədiyyə etdilər – kitab həyatımda çox şeyi dəyişdi. Təxminən, iyirmi il əvvəl əfsanəvi agent Albert Zukermen “Blokbaster romanı necə yazmalı?” kitabının bir nüsxəsini mənə verəndə ilk romanım “Rəqəmsal qala”nın yarısını bitirmişdim. Bu kitab əlyazmamı bitirib çap etməyimə kömək etdi. İki ay əvvəl, təsadüfən, cənab Zukermenlə ilk dəfə görüşdüm. “Rəqəmsal qala”nı yazmağımda mənə köməyi dəydiyi üçün ona minnətdarlığımı bildirdim. O isə zarafatyana dedi ki, hər kəsə “Da Vinçi şifrəsi”ni yazmaq üçün mənə kömək etdiyini açıqlayacaq.

– Dediniz ki, kitabların əhatəsində böyümüsünüz. Bununla bağlı hansı uşaqlıq xatirələriniz var?

– Düzdür. Bacımla birlikdə Ekziter Xalq Kitabxanasına həftəlik səfərlər təşkil edirdik və evə qucaqdolusu sevimli kitablarla qayıdırdıq – Dr. Syuz, Riçard Skerri, “Qəribə Corc”, “Madlen” və “Babar”. Yaşlandıqca daha yaxşı xatırlayıram, valideynlərim hər axşam bizə “Ördək balaları üçün yol çəkmək”, “Vilvetin dovşanı” və Moris Sendakın “Düyülü toyuq şorbası” nağıllarını oxuyurdular. Bu cür nağıllardan daha çox “Vəhşilər hardadır?” xoşuma gəlirdi – bir qulyabanı uşağın yataq otağını cəngəlliyə çevirir və yatmağa qoymur. Bizim evdə Oqden Neş poeziyası hökm sürürdü və inanıram ki, bu, yazılarımdakı yumor və söz oyunlarına olan ilk sevgimin təməli olub. Bir tərəfdən də bizim rəflərdə Qrimm qardaşlarının nağılları və Ezop təmsillərinin illüstrasiyaları yer alırdı, bunlar isə mənə məhz gənc yaşlardan yaxşını-pisi, eləcə də, qəhrəmanların və mənfi obrazların prototipini daha aydın seçməkdə stimul verirdi.

– Uşaqlığınızın sevimli obrazı, ya da qəhrəmanı varmı?

– Məni ilk dəfə çox oxumağa sövq edən obrazlar Frenk və Co Hardi olub. Bir yay tətili ərzində “Cəsur oğlanlar”ı acgözlüklə oxuyub bitirmişdim, onların bu qədər cəsur və ağıllı olmalarına heyran qalmışdım. Eyni zamanda, Cek Londonun “Təbiətin çağırışı” əsərindəki Müqəddəs Bernard Bakı, sonrakı illərdə isə “Milçəklər kralı”ndakı Ralfı böyük bir məhəbbətlə sevirdim.

– Kofe stolunuzda hansı kitablar yer alır?

– Stolda hal-hazırda inana bilməyəcəyiniz bir dördlük vəhdətdədir – Uilyam Bleykin illüstrasiyaları ilə birgə “İlahi komediya”nın köhnə nəşri, Stifen Hokinqin “Qoz qabığındakı kainat” əsəri, “Yeni İngiltərə” fauna foto-jurnalı və Xristofer Hitçensin “Ölüm” əsəri.

– Ölmüş və ya yaşayan bir yazıçıyla görüşsəniz, bu, kim ola bilər?

– Jozef Kempbel. Onun semiotika, müqayisəli din və mifologiya (xüsusilə, “Mifin gücü” və “Min sifətli qəhrəman” əsərləri”) mövzusunda yazdığı kitabları Robert Lenqdon obrazımın yaradılmasına ilham verdi. PBS-in Jozef Kempbel və Bill Moyerslə müsahibəsi indiyədək dinlədiyim ən düşündürücü söhbət idi. Kempbelin dini inancların mənşəyi haqda elmi bilikləri şərait yaradır ki, o, din, inanc və dini kitablar barədə suallara bu cür aydın və məntiqli cavablar verir. Kempbelin dolğun cavablarına duyduğum heyranlığın xüsusi obrazım Lenqdonu yaratmaq istəyinə təkan vermişdi və qarmaqarışıq ruhi problemlərlə üz-üzə qaldığım zamanlarda belə ona olan bu qədər dərin hörmət və anlayışım yadıma düşür.

– Hansı kitab sizdə tərəddüd yaradıb – bu, xoşunuza gəlir, ya yox?

– Uilyam Folknerin “Səs və qəzəb”i. Oxumağa cəhd etdim. Və həqiqətən oxudum.

– Oxuyacağınız növbəti kitab hansıdır?

– Malkolm Qladuelin “Devid və Qoliaf” əsəri.


New York Times: “By the Book” rubrikası

Tərcümə etdi: Mənsur MattБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ