“Yazıçı həm də yazdığı əsərin tərcümeyi-halı olur” - Müsahibə |MANERA.AZ

Tarix:10-04-2017, 11:01 Baxış Sayı:404

 “Yazıçı həm də yazdığı  əsərin tərcümeyi-halı olur” - Müsahibə |MANERA.AZ

Tanınmış yazıçı-filosof Firuz Mustafanın seçilmiş əsərlərinin birinci cildi ötən il çapdan çıxıb. Həmin cildə iki roman daxil edilib. Bu günlərdə Firuz Mustafanın otuzcildliyinin ikinci cildi də nəşriyyata təqdim olunub. Bu cilddə yazıçının üç povesti toplanıb.

Manera.az Firuz Mustafa ilə söhbəti oxuculara təqdim edir:

-Firuz Müəllim, yeni cildə hansı povestləriniz daxil edilib?

-“Dünyanın rəngi”, “Dəniz köçü”, “Payız süvarisi” adlı povestlərim...

-Bəlkə bu əsərlər və onların yazıldığı tarix haqda bir qədər ətraflı məlumat verəsiz?


- Məmnuniyyətlə. “Dünyanın rəngi” adlı ilk povestim 1978-79-cu illərdə qələmə alınıb, yazıldığı vaxtdan on il keçəndən sonra, yəni 1989-cu ildə eyniadlı kitabımda nəşr olunub. Bu cür “ləngimələr” mənim əksər kitablarıma xas olan cəhətdir. İndi düşünürəm ki, toz basmış nəşriyyat qovluqlarında aylarla, illərlə, hətta bəzən onillərə saxlanılan əsərləri gözləməkdən (hələ müəlliflər bir yana qalsın), nə qədər əsərin “bağrı çatlayıb” görəsən? Bu mənada çox güman ki, hər bir yazıçının özü kimi, onun yaratdığı əsərlərin də öz tərcümeyi-halı olur.
-O zaman kitablar böyük tirajla nəşr olunurdu.

-Bəli. Budur, kitabın özündə bütün “sertifakatlar” var: “Dünyanın rəngi”. Bakı. Gənclik. 1989. Redaktoru: Səyyarə Həbibzadə. Qiyməti 65 qəp. Tirajı 14.000. O dövr üçün bu, normal tirajdır.

-Bu, Sizin ilk kitabınızdır?

-Xeyr, bundan dörd il əvvəl ilk kitabım nəşr olunmuşdu- “Göyəm kolları”. Hekayələr toplusu idi.

-Hekayələriniz və romanlarınız oxuculara yaxşı tanışdır. O cümlədən bir neçə dilə tərcümə olunmuş“Dəniz köçü” povestiniz. Amma ”Dünyanın rəngi” adlı əsəriniz barədə məncə bunu demək bir az çətindir.

-Doğrudur. Zənnimcə bunun bir obyektiv səbəbi də var. Bir daha kitabın nəşr olunduğu tarixi xatırlamaq lazımdır. Bildiyiniz kimi, 89-cu il ölkəmizin ən təlatümlü vaxtına təsadüf edir. Bir çox məsələlər, o cümlədən ədəbiyyat, incəsənət və elm sahələri həmin dövrdə Qarabağ problemınin kölgəsində qalmışdı. Digər tərəfdənsə, xalqımız öz milli müstəqilliyi uğrunda mücadiləyə çıxmışdı. Elə mən özüm də həmin prosesin içində olmuşam. İndi həmin kitabı və “Dünyanın rəngi” povestini geniş oxucu kütləsindən çox, mənim mənsub olduğum ədəbi nəsil daha yaxşı xatırlayır.

-Povesti təzədən, illər keçəndən sonra yəqin ki, yenidən nəzərdən keçirmisiz. Bu zaman hansı hisslər keçirdiniz?

-Çox şeyi təzədən xatırlamalı oldum. Əsərin yazıldığı zaman, daha doğrusu fəsil, yaxşı yadımdadır. Povest Bakının ucqar “gecəqondu”larından birində yazılıb. Yadımda qalan budur ki, həmin qış çox qarlı-şaxtalı idi, arada Günəş çıxdıqca kölgəyə sığınmış kiçik evimin üstündəki qar layları əriyir, yaşadığım mənzilin tavanından aramsız su damcıları süzülürdü. İşıqlar tez-tez söndüyünə görə neft lampası yandırmalı olurdum.
Mən özüm soyuq havaların cövlan etdiyi bölgədə, Bakıdan uzaqda yerləşən Şınıxda (Gədəbəy rayonunda) doğulmuşam. Uşaqlığımın keçdiyi o yerlərdə də qış ayları adətən sərt keçərdi. Amma indi xatırladığım o ilki Bakının qışı ilə müqayisədə Şınığın qışı toya getməli idi. Bəlkə elə buna görədir ki, “Dünyanın rəngi”ndə bəyaz rəng və qış mənzərələrinin təsviri üstünlük təşkil edir.

-Siz o zaman harada çalışırdınız?

-Heç yerdə... Həmin il hərbi xidmətdən təzəcə qayıtmışdım. Əsgərliyimin keçdiyi soyuq yerlərin-Uzaq Şərqin şaxtası hələ canımdan çıxmamış Bakının sazaqlı-küləkli havasına düşmüşdüm. Bir yandan da bu zəhrimara qalmış işsizlik. Daimi qeydiyyatım olmadığına görə heç yerdə işə götürmürdülər. Arabir radio, televiziya və qəzetlərə yazdığım ssenari, süjet və məqalələrə görə aldığım qonorarla dolanırdım. Qonorarsa gah olurdu, gah da olmurdu.

Əsgərlik məni əməlli-başlı möhkəmləndirmişdi. Az qala bütün sutkanı işləyirdim. Yuxum ərşə çəkilmişdi. Elə o vaxtdan bəri yuxusuz mənim tale və yol yoldaşıma çevrilib.

-Bəs povestin gec nəşr olunmasının əsl səbəbini nədə görürsüz?

-Mən bu povestin illərlə “növbə gözləməsinin” konkret səbəbini dəqiq deyə bimərəm. Amma indi belə düşünürəm ki, o vaxtkı “Qlavlit”i mənim qəhrəmanımın bir çox “cəhətləri”, lap elə onun öz atasına ünvanladığı və “ulu rəhbərin”-Leninin mavzoleyinə ünvanlamaq istədiyi sətirlər də qıcıqlandıra bilərdi. Əsərin qəhrəmanı Vamiqin atası qanlı müharibə illərində əsir düşür və əsirlikdən evə dönəndən sonra bir də sürgün edilir. Hadisələr bir ailənin faciəsi fonunda cərəyan edir. Doğrusu, bu əsərin o zaman çapa icazə verilməsi mənə indi də təəccüblü görünür. Bu, bir fatal alın yazısıdır bəlkə? Olsun ki, cəmiyyətdə gedən “yumşalma” da bu əsərin nəşrinə təkan verib.

-İkinci cildə daxil edilmiş digər povestlər barədə nə deyə bilərsiz?

-Qısaca bunu deyə bilərəm ki, “Dəniz köçü” adlı povestimin qədəmi xeyli uğurlu olub. Belə ki, 90-cı illərdə yazılmış əsər qısa müddər ərzində on dəfə təkrar nəşr olunub, rus, fransız, alman və ingilis dillərinə çevrilib.

“Payız süvarisi” kinopovestim əsasən ssenari kimi düşünülüb. Bu əsər yeni əsrin onuncu illərində qələmə alınıb, ötən il (2016-cı ildə) “Azərbaycan” jurnalında çap edilib.

Doğrusunu deyim ki, bu janrda nisbətən az yazsam da, povest mənim ən çox sevdiyim ədəbi növlərdən biridir.
Bu əsərlər ilkin variantda necə qələmə alınıbsa, indi oxuculara elə o cür də təqdim edilir. Yalnız “Dünyanın rəngi” povestində vaxtilə ixtisar edilmiş çox cüzi parçalar yenidən bərpa olunub.

-Əsərlərinizin külliyyatı otuz cilddə nəşr olunur. Bu, çox məhsuldar bir yaradıcı ömürdən xəbər verir. Bu, səhv etmirəmsə, bizdə bir ilk hesab oluna bilər...

-Yazdıqlarıma nəzər salarkən öz-özümə düşünürəm: “Bütün bu cildlər hərf-fərf, söz-söz, cümlə-cümlə yazılıb. Nə yazmışamsa ürəyimin hökmüylə yazmışam. Sifarişlə, xahişlə, əmrlə bir cümlə, bir sətir belə yazmamışam. Heç kəsdən bir təmənna ummamışam. Həyatımın böyük bir hissəsi öz daxili tənhalığımla yol yoldaşı olub. Saxta sözə görə, sözə etinasızlığa görə incidiyim insanlar da olub. Söz mənimçün bir klassik tərifdə deyildiyi kimi, təkcə “fikrin qabığı” olmayıb, həm də həyatın və həyatımın özü olub”. Hərdən özümə sual verirəm ki, bu gün yazmağa ehtiyac varmı? Və özüm öz sualımı belə cavablandırıram: “Yazmaq üçün yaşamağa, yaşamaq üçünsə yazmağa dəyərmiş”.


Söhbətləşdi: Emil

Manera.az







Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ