Biz öləndə hər şey bitirmi? - Fəlsəfi söhbət

Tarix:7-04-2017, 12:32 Baxış Sayı:1185

Biz öləndə hər şey bitirmi? - Fəlsəfi söhbət


Manera.az Tural İsmayılovun yazıçı Nərmin Kamalla fəlsəfə söhbətini təqdim edir.

"Artıq Tanrının yox, bir-birimizin arzularının qayğısına qalmaq vaxtıdır".

- Səbəb anlayışını necə izah edərsiz?

- Səbəbiyyət haqda danışmazdan əvvəl istərdim deym ki, ictimai mətbuatda akademik fəlsəfənin anlayışları haqda danışarkən tərəddüd edirəm. Çünki başqa sahələrin, misal üçün, sosiologiyanın, psixologiyanın, yaxud riyaziyyatın daxili müzakirələri ictimaiyyətin maraq dairəsində olmadığı kimi, akademik fəlsəfənin də səbəbiyyət kimi anlayışları hamının maraq dairəsində deyil və bu, təbiidir. Məncə, insanların mətbuatda danışan filosofdan, yaxud psixoloqdan umduğu şey onların öz sahələrindəki akademik anlayışları populyarlaşdırması deyil, bizdən umduqları şey həmin təməl anlayışların fərdlərə və cəmiyyətə aidiyyatı olan tərəflərindən danışmaqdır.
Səbəb, səbəbiyyət əlaqəsi hamıya aid kimi görünsə də, akademik anlayışlardır, onların ətrafında fəlsəfədə 3 min yaşı olan böyük bir aləm qurulub, nə qədər filosof minillər boyu fəlsəfi dialoq aparıblar, mətbəə ixtira olunandan sonra təkcə səbəbiyyət mövzusu haqqında milyonlarca kitab nəşr olunub.
Fəlsəfə çevrəsində səbəb anlayışı haqda danışsan, bilirsən ki, onlar səbəbiyyət haqda üç əhəmiyyətli mərhələdən - Aristotelin, David Yumun, Bertrand Rasselin səbəbiyyət konsepsiyalarından xəbərdardılar. Fəlsəfəni, indi bizim etdiyimiz kimi, qəzetlərə çıxaranda isə gərək söhbətə lap əvvəldən başlayasan. Fəlsəfi anlayışlar haqda müxtəlif ixtisaslardan olan oxuculara qısaca danışmaq çətindir. Hər halda sizin məqsədinizi bilirəm ki, insanları böyük suallar haqda düşünməyə vadar etmək istəyirsiniz, mən də çalışım fikrimi bu yöndə ifadə edim.

- Buyurun.

- Səbəb sözü insanların gündəlik dilində çox məşhurdur. Bir hadisə olur və ya situasiya yaranır, biz öz-özümüzə “Niyə belə oldu, səbəb nədir” deyirik. Fəlsəfəyə görə, səbəb yoxdur, səbəblər var. Bir top havanı yara-yara gəlib pəncərəni sındırır. Pəncərənin sınmasının səbəbi nədir? Topu atan adam? Topu atan adama təkan verən vəziyyət? Ya yoxsa top özü? Bəlkə şüşənin kövrəkliyi? Bəlkə cazibə qüvvəsinin təsiri? Bunlar fəlsəfəyə görə bərabər şərtlərdir, amma onlardan məhz birini səbəb kimi seçmək ixtiyaridir… Fəlsəfədə səbəb adi anlayış deyil, səbəbiyyət həm də qanun hesab edilir. Müzakirə edilir ki, səbəbiyyət varlığın obyektiv qanunudur, yoxsa bizim şüurumuza xasdır... Məşhur dilemma var, toyuq birincidir, ya yumurta. Bizim düşüncəmiz səbəb-nəticə əlaqəsinə əsaslanır. Şəxsən məni çox düşündürən odur ki, biz dünyanı səbəb və nəticə əlaqəsi olmadan izah edə bilərikmi? Niyə baş verən bir şey baş verir? Səbəb-nəticə əlaqələri həqiqətən də varlığın yapışqanıdır, ya yoxsa dünyanı səbəbiyyət zənciri kimi görmək bizdəki sadəlövh illüziyadır? Bayaq dedik ki, səbəbiyyət haqda fəlsəfədə gedən uzun müzakirədə üç əsas mərhələ olub, Aristotel, David Yum, Bertrand Rassel izahı. B.Rassel və onun ardıcılları deyirlər səbəbiyyət qanunu fəlsəfi lüğətdən ümumiyyətlə yığışdırılmalıdır, çünki səbəbiyyət qanunu müasir fizikada fundamental rol oynamır, Rassell bunu belə ifadə edir ki, “səbəbiyyət qanunu da monarxiya kimi köhnənin qalığıdır, sadəcə ona görə yaşayır ki, ziyansızdır.” Hər halda adi insan səbəbiyyət əlaqəsi olmadan düşünə bilmir. İnsan tüstü görəndə orada ocaq olduğunu təsəvvür edir. Səbəbiyyət zənciri olmadan düşünmək dünyanı tamamilə başqa cür dərk etmək demək olardı. Bu, mümkündürmü?.. Başladıq sual cümlələrinə. Fəlsəfədən danışarkən sual cümlələri işlətmək çox vacibdir. Qeyri-müəyyənlik fəlsəfənin vacib hissəsidir.

- İlkin səbəb fəlsəfi doqmadır, yaxud mütləq olan?

- Səbəbiyyət zənciriylə yaşayan insan ilkin səbəbi, səbəblər səbəbini axtarır. Bütün bu ətrafda gördüklərimiz, varlıq necə, nədən başlanıb? İlk təkan nə olub? İlkin səbəb nədir? Doqma, mütləq kimi sözlər daş sözlərdir, onlardan istifadə etmək düşüncənin yollarının ağzını bağlayır. İlkin səbəb böyük bir fəlsəfi sualdır, amma çoxlarının dediyi kimi, “fəlsəfənin əsas məsələsi” deyil, fəlsəfədə bütün məsələlər əsasdır. Nə sirdirsə, ilkin səbəbi mütləq ilahi başlanğıc hesab edərək ona gedən yolu tapdığını düşünən hər kəs məhz öz tapdığı yolun həqiqət olduğu fikrinə qapılır. Sarmaşıq ağacı bürüyən kimi bir fikir bir insanı büsbütün bürüyür, insan ondan qurtula bilmir, onu sevir, onunla ağa-qul psixologiyasına girir, ona inam deyir. Müxtəlif insanlar müxtəlif inanclarla İlkin səbəbə gedən yolu tapdıqlarına inanırlar. Bu mənzərəyə baxanda belə təsəvvür yaranır ki, İlkin səbəb özü insandan ona gedən yolları qarışdırıb, o yolları azmaq üçün qoyub... Müasir fəlsəfə isə artıq insanla maraqlanır, İlkin səbəb, maddi və ya ruhi başlanğıc söhbətləriylə yox. Şairlər demiş, artıq Tanrının yox, bir-birimizin arzularının qayğısına qalmaq vaxtıdır.

- Təsadüf və zərurət varlığın həyatında hansı nöqtədə dayanır?

- Təsadüf də, zərurət də varlığın həyatında vacib rol oynayır. Onların arasında uçurum yoxdur, təsadüf və zərurət bir-birinə təsir edir, biri o birini doğurur, bəzən təsadüflər toplanaraq harmonik şəkildə zərurətə keçə bilir. Maraqlı olan təsadüfi hadisələrin də müəyyən təbii qanunauyğunluqlara tabe olub-olmamasıdır.

- Kainatı necə təsəvvür edirsiz?

- Genişlənən kainat kimi. Kainat durmadan genişlənməkdədir. Bunu həm Deyvid Linçin “Fil adam” filmindəki adamın hipertrofiya xəstəliyi kimi, yəni mövcud sistemlərin öz-özündən yeni sistemlər doğurması kimi təsəvvür etmək olar, həm də yoxluqdan yeni aləmlərin yaranması kimi, necə deyərlər, varlığın yoxluq buxovundan azad olması kimi... “Genişlənən kainat” mövzusuyla vaxtilə çox maraqlanırdım, “Aç, mənəm” kitabımın strukturunu da “genişlənən kainat” sxemi kimi qurmuşdum.

- Ruh həm metafizik, həm də fəlsəfi anlayışdır. Sizə görə ruh nədir?

- Ruh şüurdur, şüur, fikir beynin xassəsidir və beyin öləndə ruh da ölür. Beynin o yumşaq əti ilə şüur arasında mürəkkəb əlaqə var. Ancaq insanlığa məxsus ruhun ölməzliyinə inam da çox maraqlıdır. Yer kürəsi boyu cürbəcür mədəniyyətlərdə insanın ruhunun ölməzliyi haqda bir-birindən fərqli çoxlu fərziyyələri var. Eyni bir mövzunu müxtəlif mədəniyyətlərdə, misal üçün Okeaniya ərazisində və şimal xalqlarında müşahidə etmək, qiyaslamaq çox maraqlıdır. Misal üçün, təkcə Şamanizmdə ruh mövzusunu götürüb Amerika xalqlarının şamanizmi, Sibir şamaninzmi, Afrika şamanizmi kimi ayrı-ayrı qitələrə baxsaq, əcdadların bir neçə cür ruhu, bitkilərin ruhu, meşənin bir neçə cür ruhu kimi min cür ruh növü görərik. Fəlsəfədə “tarixin ruhu” kimi ifadələr var. Ruh həm də insanın arzusudur. Biz öləndə hər şey bitirmi? Bu sual insanı sarsıdır və o, özü öləndən sonra bir hissəsinin yaşayacağına inanır.

- Platonun ideyalar aləminə münasibətiniz necədir?

- Platon tarixin gördüyü ən zəngin irsli, ən böyük filosoflardandır. Onun ideyalar aləmi, mağara pritçası özündən sonrakı fəlsəfəyə çox güclü təsir göstərib. Günü bu gün də mağara pritçası haqda düşünən insanın fikirləri dalğalanır, qəlbi şübhəylə dolur. Ümummiyyətlə, bəşəriyyətin elə bir fəlsəfi fikri yoxdur ki, o, rüşeym halında Qədim Yunan filosoflarında olmasın. Platon deyir, gördüyümüz hər şey İdeyalar aləmindəki ideal şeylərin bu dünyadakı zəif əksidir, ancaq biz o zəif əkslərə gözəllik deyib bağlanmışıq. Çox geniş mövzudur. Ancaq bu mövzular haqda incəsənət ərazisində düşünmək daha gözəldir, daha yaxşı nəticələr verir.

- Yoxluq fəlsəfədə tədqiq olunan məfhumdur. Sizcə yoxluq nədir?

- Yoxluq varlığın əksidir. Bu, semantik oyun deyil. Yoxluq materiyasız, enerjisiz və s. bir heçlikdir. Ancaq fəlsəfədə Yoxluq (nothingness) ciddi və əhəmiyyətli mövzudur. Müxtəlif mədəniyyətlərin fəlsəfəsində yoxluğa münasbət fərqlidir, heçlik, yoxluq, boşluq arasında fərqlərə Şərq xalqlarının fəlsəfəsində çox əhəmiyyət verilir, məsələn, onlardan birinə görə, yoxluq şüurun bir vəziyyətidir, bu vəziyyət insana özünün varlıq halından çıxaraq yoxluq halını hiss etməyə imkan verir.

- Var olan önəmlidir, yaxud yox olan?

- Məncə, hər ikisi önəmlidir. Bunları bir tərəfi qaranlıq, bir tərəfi işıqlı kosmos və ya xaosmos kimi də təsəvvür etmək olar. Yoxluğu passiv potensial kimi də təsəvvür etmək olar... Bir uşağı sağ olan, o bir uşağı doğularkən ölmüş analar adətən illər keçəndən sonra da ölmüş uşağın yoxluğunu sağ uşağın varlığı qədər hiss etdiklərini deyirlər. İnsan hissləri müqəddəsdir, insan bunları hiss edirsə, yoxluq da önəmlidir.

- Təkamül mərhələli prosesdir?

- Bəli, elə deyirlər. Məsələn, elmi məlumatlarda deyilir ki, insan bədəni təkamül prosesində dörd mərhələdən keçib. Mərhələlər kəmiyyət dəyişikliklərinin toplanaraq keyfiyyət dəyişikliyinə keçməsi nəticəsində ortaya çıxır.

- İntibah prosesdir yoxsa hadisə?

- Proses.

- Reinkarnasiyaya münasibətiniz? Yaşam bitəndən sonra başqa bir cismdə yenidən dirçələ bilərmi?

- Həyat haqqında bir-birindən xəyali bir çox hekayələr var. Reinkarnasiya da onlardan biridir, uydurma hekayədir. Samsara tsiklik mövcudluq doktrinasına əsaslanan dinlərdə və fəlsəfələrdə reinkarnasiyaya inam var. Ancaq reinkarnasiya Sokrataqədərki yunan fəlsəfəsində də müzakirə olunub. Bu fikirlər yunanlardan hindlilərə və ya hindlilərdən yunanlara xalqlararası ünsiyyətdə keçmiş ola bilər, ya da bir-birindən müstəqil surətdə əmələ gəlmiş ola bilər... İnsan təxəyyülü sonsuzdur, fəlsəfənin, tarixin böyük hissəsi ədəbiyyatdır, fiksiyadır, təxəyyüllə yaradılmış bədii mətnlərdir.

- Əxlaqa Kant kimi yanaşma doğrudurmu? Yoxsa əxlaq anlayışı artıq postmodern izah tələb edir?

- Sizin buradakı “artıq” sözünüz məni düşündürdü. “Artıq” sözüylə hansı iki mərhələni ayırırıq? Nə olub ki, “artıq” deyirik. Kantın yaşadığı 18-ci əsrdəki həmin bəşəriyyət deyilikmi? Yox, həmin bəşəriyyət deyilik. Söhbət daha yaxşı və ya daha pis olmaqdan getmir, sadəcə fərqliyik. O zaman insanlıq istehsalçılığa yeni-yeni qədəm qoyurdu. İndi isə biz istehlakçı cəmiyyətində yaşayırıq, problemlərimiz, dəyərlərimiz, çözümlərimiz fərqlidir. Kant deyirdi ki, düzgün mənəviyyat üçün insanlar borc anlayışına uyğun davranmalıdırlar, məsələn, filan şeyi etməliyəm, yerinə yetirməliyəm, filan şeyi etməməliyəm. Onun əxlaqi borc dediyi məsələlərin əksəriyyəti günümüzdə artıq məcburi ictimai qaydaya çevrilib, onlar artıq etik məsələlər deyil, qanun-hüquq məsələləridir. Yəni, bir növ Kant arzusuna çatıb, onun etik borc dediyi bir çox şeylər artıq müasir dövlətdə qanundur. Postmodern əxlaq anlayışı isə deyir ki, universal, yəni dünyadakı bütün insanları əhatə edən mütləq fundamentlər, borclar yoxdur. Amma postmodern nəsil əxlaqdan imtina etmir! Sadəcə onlar deyirlər ki, Vahid ümumi əxlaq məcəlləsi olmayan əxlaq var. Sual oluna bilər, əgər belə bir məcəllə yoxdursa, doğru və yanlışı necə təyin etməli? Lyotardan bunu soruşurlar, o deyir, kiçik narrativlərlə. Yəni əgər sən bir cəmiyyətdə, bir icmada yaşayırsansa, o icmada əxlaqi həqiqət - həmin cəmiyyətdəki davranışlardır, həmin icmadakı “yaxşı”, “pis” anlayışlarıdır. Mütləq əxlaqi öhdəliklər yoxdur, amma bu və ya digər kültürə uyğun dəyərlər, öhdəliklər var ki, onlara riayət edirik. Böyük narrativ yoxdur ki, bizə necə davranmaq gərək olduğunu desin, kiçik narrativlər var. Bugün dünya məhz bu mədəni relyativizmlə yaşayır, Fransadakı müsəlman öz icmasının əxlaq qaydalarıyla yaşayır, fransız özünün, biz özümüzün. Mədəniyyətlər fərqlidir, hər kəs bir-birinin fərqli əxlaq dəyərlərinə hörmət edir. Postmodern əxlaq nədir? Mədəni relyativlik və konsensus, razılıq... Əxlaqdan söz düşmüşkən, yəqin oxucularımız bu haqda düşünüb, əxlaq və etika anlayışları fərqlənir, etika insanın qarşısında başqa bir insan peyda olanda ortaya çıxır, əxlaq isə insan tək olanda da qüvvədə olan bir şeydir. Qərb fəlsəfəsində əxlaqa “Morality” deyirlər. Əxlaqa dair baxışlar çoxdur. Amma Azərbaycanda bizim milli mentalitet dediyimiz əxlaqın fəlsəfədəki adı Rol etikasıdır. Ailə rollarına, cins, böyük-kiçik rollarına əsaslanan əxlaq. Rol etikasında əxlaqlılıq həmin rollara maksimum uyum göstərməklə ölçülür...

- Hərəkət nədir?

- Kainatdakı hər bir şey həm daxili, həm xarici hərəkətdədir. Hərəkətsiz heç bir şey yoxdur. Biz özümüz indi burada sükunətdə otursaq da, daxilimizdə nəhəng hərəkət var, həm də Yer kürəsiylə birlikdə fırlanırıq. Bütün məsələlərə olduğu kimi, hərəkətə dair də filosoflar arasında fərqli baxışlar olub. Onlardan bir hissəsi hərəkəti mütləqləşdirib, hətta biri deyib ki, heç bir şeyə ad vermək olmaz, çünki ad sabitdir, adlandırdılan isə durmadan hərəkət edərək başqa bir şeyə çevrilir. Məsələn, bir şeyi on il əvvəl də, indi də eyni bir adla adlandırmaq səhvdir. Çünki o şey durmadan hərəkət edərək dəyişilməkdədir. “Axar çaya iki dəfə girmək olmaz”, “Axar çaya heç bir dəfə də girmək olmaz”, çünki ayağını çaya salmağa başladığın an o, artıq dəyişilir, başqa çaya çevrilir. Amma həm də obyektlərə məxsus sabit keyfiyyətlər var, məsələn, bir dolab qırx il bir evin küncündə durur, dolab olmaq xüsusiyyətini saxlayır, bəlkə o, hərəkət edərək başqa bir şeyə çevrilir, amma müəyyən böyük zaman ərzində biz onu dolab kimi işlədə bilirik. Yer kürəsində hərəkət belə olmaya da bilərdi, hərəkət daha sürətli də ola bilərdi, biz və əşyalarımız daha tez dəyişilə bilərdi...

- Mücərrəd şeylər və anlayışlar real həyata necə təsir göstərir?

- Bu sual çox gözəl sualdır. Həqiqətən də mücərrəd şeylər, insanın özünün və özündən əvvəl yaşamış insanların uydurduğu anlayışlar onun real həyatına güclü təsir edir. İnsana abstrakt düşünmək bacarığı xasdır. O bacarıq olmasaydı, fəlsəfə də olmazdı, ədəbiyyat da olmazdı, empatiya da olmazdı. “Biri var idi, biri yox idi, uzaq ölkələrin birində təpəgöz var idi” deyirsən, insan onu təsəvvüür edə bilir. Abstrakt düşüncə insanı insan edən şeylərdəndir, eyni zamanda abstrakt anlayışlar insanın həyatını zəhərləyə bilir. Gözümüzün qarşısında dünyada gedən müharibələrin çoxu mücərrəd şeylər üstündə deyilmi. Zavallı insan özünü tənha hiss edir, tənha hiss etməyə haqqı da var. Onun əlində daim bir-birilə savaşan ağıl və hisslər var, ağıl da ona iztirab verir, hisslər də. Siz bacısı-qardaşı olmadan tək böyüyən hər hansı bir uşağı müşahidə etsəniz görərsiniz ki, o, gündəlik həyatında müxtəlif şeylərin, əşyaların dilindən bir-birilə danışır, nələrsə uydurur, rola girir, drama qurur. Tənha uşaqların xəyali dostu olur, uşaq var ki, yelləncəkdə yellənəndə yanında öz xəyali dostu üçün boş yer qoyur, ona elə gəlir ki, dostu da onunla oturub yelləncəkdə. Hamısı tənhalıqdandır. İnsan da tənhalıqdan mücərrəd şeylərə bel bağlayır. Ancaq heyif ki, bəzən insan öz qurduğu dramadan çıxa bilmir, o drama onun real həyatını dağıdıb tökür.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ