manera.az
manera.az

“Azərbaycan qadını ən gözəl heca şeiridir”- Ortaq layihədə Aqşin Evrən/ MANERA.AZ

“Azərbaycan qadını ən gözəl heca şeiridir”- Ortaq layihədə Aqşin Evrən/ MANERA.AZ


Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına şair Aqşin Evrən cavab verir.

“Azərbaycan qadını ən gözəl heca şeiridir”- Ortaq layihədə Aqşin Evrən/ MANERA.AZ


Nərgiz soruşur:

- Yaradıcı insanların əksəri təbliğ etdikləri xüsusiyyətlərin çoxunu özlərində birləşdirmirlər. Belə deyək, mollanın dediyini elə, elədiyini eləmə. Əsas da qadın mövzusunda ayaqları sürüşkən olur. Siz də bunu gözəllik vurğunu olmaqla bağlamırsınız ki? Çoxları bu cür izah edir.

- Məncə, qadına sevgini, diqqəti, ehtirası, qayğını “ayağısürüşkən” kimi məişətvari ifadə ilə əvəz etməyək.(Gülür) Ancaq əgər siz dişi mikroorqanizm görəndə də ağzılarının suyunu axıdan yaradıcı adamları nəzərdə tutursunuzsa, burada vəziyyət dəyişir. Bunun adını “gözəllik vurğunu” qoymaq düzgün olmaz. Bu, nəhəng bir aclıqdır. Həmin adamlar həm mənəvi, həm də fiziki cəhətdən acdırlar və bu, iki dəfə bədbəxtlikdir.

- İnsan ad-san, məşhurluq, fərqli görünmək istəmirsə, niyə şeir yazır ki?

- Bu, insanlara görə dəyişir. Məsələn, elə adamlar var ki, çox maraqlı şeirlər yazsalar da, üzə çıxarmırlar. Biz həmin adamları məşhurlaşmaq arzusu ilə ittiham edə bilmərik. Odur ki, şeir yazmağın mahiyyətində “məşhurluq”, “ad-san qazanmaq” kimi ağır xəstəliklərin olması fikri aradan çıxır. Sual mənə ünvanlanıb, elə birbaşa özümdən deyim ki, şeir yazmaq məndə qidalanmaq, nəfəs almaq, qalın geyinib üşüməmək kimi təbii bioloji tələbatdır. Hələ ki, yazmadan yaşaya bilmirəm.
Populyarlıq arzusu isə ciddi xəstəlikdir. Mərhələli şəkildə izah etsək, populyarlıq - şöhrətpərəstlik, şöhrətpərəstlik isə öz növbəsində natamamlıq kompleksinin üzə çıxardığı haldır. Yəni, məşhur olmaq istəyən insan mütləq haradasa, hansısa nöqtədəsə yarımçıqdır.

- Bəzi şairlər var ki, şansı şeirindən daha axıcıdı. Bəziləri də oxuduqca insanı heyrətləndirir, amma heç öləndən sonra da layiq olduğu qiyməti almır. Bunlardan hansına aidsiniz sizcə?

- Dostlarımızdan biri müsahibəsində demişdi ki, “Aqşin Evrən bu gün ən çox oxunan şair olsa da, yenə də bu, onun layiq olduğu qiyməti tam alması demək deyil. Ona daha çox diqqət, qayğı olmalıdır”. Hələ ölmədiyim üçün bu suala dəqiq cavab verə bilmirik.

- Heç hansısa qadının ürəyinə girmək üçün şeirlərinizdən istifadə eləmisinizmi?

- Fikirləşdim, yadımda düşdü ki, qətiyyən belə bir məzmunsuz, vitaminsiz hərəkət etməmişəm. Mən şeirlərimi bu cür gündəlik məişət söhbətlərinə alət etmərəm. Digər tərəfdən, şeiri ilə qadın qəlibini ələ alan bir kişi, mahiyyət etibarilə silikon dodaqları və sinəsi ilə kişilərin diqqətini çəkməyə çalışan qadından fərqlənmir. Şəxsi təcrübəmə əsasən deyim ki, əksər qadınlar, xüsusən ağıllı qadınlar yaradıcı insanda mətni yox, kişi xarakterini sevirlər. İlk başlarda bundan özlərinin də xəbəri olmur, ancaq mütləq sonradan bunu etiraf edirlər. Etiraf edirlər ki, “Mən əslində şeirlərə yox, xarakterə aşiq olmuşdum”. Əgər yaradıcı insanda kişi xarakteri yoxdursa, qadın onun qara qaşına və şeirlərinə aşiq olub yanında qalmayacaq.

- Sizcə, Azərbaycan xanımlarında şeiriyyat niyə uğurlu alınmır?

- Ümumiyyətlə, Azərbaycan qadını ən gözəl heca şeiridir, onlar uğurlu şeir yazıb özlərini məhv eləməsələr yaxşıdır.(Gülür) Doğrusu, mən Rəbiqənin, Nigar Anın, Sevinc Pərvanənin bir neçə şeirini bəyənirəm. Ancaq ümumi mənzərə dediyiniz kimidir. Bu isə qətiyyən cins filan məsələsi deyil. Məsələn, 1966-cı ilin Nobel laureatı Vislava xanım Şimborskanın bir şeiri bu misra ilə başlayır: “Məni gözəl etdin baxışlarınla”. Fikir verin, Şimborska xanım ilk növbədə qarşı tərəfin necə gözəl, sevgi dolu baxdığını, safürəkli insan olduğunu açıqlayır. İkinci növbədə prosesin, yəni, baxışlarla insanı gözəl etməyin möhtəşəmliyini göstərir. Üçüncüsü isə, öz gözəlliyini təsdiq edir və biz təslim vəziyyətində onun qarşısında dayanırıq. Bax, yuxarıda dediyim bu misra ötən əsrin ilk 50-60 ilində Azərbaycan ədəbiyyatında kişilərin yazdığı bütün şeirlərdən daha dərin və bəşəridir.


Tural soruşur:

- Bir dəfə mənə demişdin ki, şeirlərinin bir çoxunu yolda, nəqliyyatda və sair yazırsan. Bəs necə olur ki, bu halda belə şeirlərin çox sevilir?

- Açığı, buna dəqiq bir cavabım yoxdur, ona görə də fərziyyə irəli sürüm: Şeirin yazılmasının mənbəyində bir narahatlıq var, yəni, şeir həm də daxili narahatlıqdan yaranır. Yəqin, bu baxımdan şeir öz mənbəyinə sadiq qalır. Yəni, narahat şəraitdə daha yaxşı yazılaraq, bir növ mənbəyini təsdiq edir.

- Sarsıntının poeziyada önəminə inananlardansan. Sənə yazdıran sarsıntılar nələrdir?

- Hansısa konkret yaşantımı əlimdə rəhbər tutaraq yazmıram.
Mənə hər şey təsir edə bilir, çünki həddindən artıq dərəcədə həssasam. Odur ki, maşınla işdən evə gələn atasının dalınca sevincək velosiped sürən uşaq da, işıqforda qırmızı işığı gözləyən əlil arabası da, tək taylı əlcək də məndə dərin hisslər yaradır.

- Nəsrə niyə hövsələn çatmır?

- Bəzi dostlar israrla məndən nəsr yazmağı tələb edir. Hərdən elə bilirəm ki, nə vaxtsa ciddi nəsr əsəri yazmışam, xəbərim olmayıb. Düzdür, xeyli mövzu və ideyalar var, ancaq ən azından yaxın 10 il ərzində roman yazmaq fikrim yoxdur. Hekayə yazmağı isə yaxın 100 il ərzində düşünmürəm.

- Öldükdən sonra şeirlərinin xatırlanmasını istəmək necə hissdir?

- Bu, təbii bir istəkdir. Təsəvvür edin, Qraham Bell (eyni zamanda Mayuççi) telefonu yaradır və bu möcüzəli cihaz ancaq onun dövründə istifadə olunur, sonra isə yoxa çıxır, sanki yox imiş kimi. Görün necə mənasız vəziyyət yaranar. Belədə bu kəşf – yaradılan cihaz öz mənasını itirədi və əmin olun ki, tarixdə onun qaz açarı qədər dəyəri olmazdı.

- İddialı adamsan?

- General olmaq istəməyən əsgər heç əsgər də ola bilməz. Ümumiyyətlə, yaşamaq özü başdan-sona iddiadır. Kamyu bilirdi ki, intihar absurdun qələbəsi demək deyildi, absurddan qaçış, gizlənmək cəhdi idi. İndi iddiadan qaçmaqla həyatın diktəsindən yayınmaq olmaz, sadəcə, ondan bir az gizlənmək olar. Yüngül soyuqdəymə olana qədər...

MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031