Oxunub : 466 | Tarix : 9-01-2017, 12:37 | Bölmə: Musahibe / Layihe

"Televiziya mənim üçün həyat tərzidir"- İsmayıl Həsənov TeleManda |MANERA.AZ


Manera.az yeni “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. İlk həmsöhbətimiz ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovdur.

“Əfv etməyən, bağışlamayan insanlar vaxtilə bağışlanmayanlarıdır.”

- “TeleMan”da xoş gördük sizi. Bir az sizdən bəhss edəsi olsaq, televiziyaya gəlişiniz necə başladı?

- Təşəkkür edirəm. 2006-cı ildən televiziyadayam, artıq 11-ci ilə keçir. 10 il ərzində müxtəlif televiziyalarda çalışmışam. 2014-cü ildən indki ARB Tv-də çalışıram, burada İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri kimi işə başladım, daha sonra bir neçə şöbə də mənə həvalə olundu. Artıq kanalın strateji inkişaf proseslərinə, həmçinin marketinq işlərinə və media məsələlərinə nəzarət edirəm.

- “MediaRadar” verilişində həm də özünüzü teleaparıcı kimi göstərirsiz. Bu proses necə baş verdi?

- “MediaRadar”dan öncə “Medialayn”verilişimiz vardı. Həmin verilişdə internet media ilə sıx əməkdaşlığa başlayan ilk telekanal olduq. O verilişdə aparıcı saytların, xəbər portallarının ofisləri, işi və iş şəraiti ilə izləyiciləri tanış edirdik. Məndən öncə orada aparıcı Sima Çələbi idi. Sima xanım başqa işə keçəndən sonra düşündüm ki, sualları mən hazırlayıram, qonaqları seçirəmsə, niyə özüm aparmayım verilişi? Amma mən özümə aparıcı demək istəmirəm. “MediaRadar”da 3 qonaq olur, iki fərqli, bir daimi qonaq. Mən nə moderator, nə də aparıcı kimi hiss edirəm özümü. Elə qonaqlardan biri də mənəm.(Gülür)

- Niyə aparıcı kimliyindən çəkinirsiz? Aparıcılığın xüsusi tərifi varmı? Aparıcı kimdir və necə olmalıdır?

- Çəkinmirəm, Tural, qətiyyən elə deyil. Aparıcı sənəti peşə hesab edən şəxsdir. Mən özümü aparıcı yox, televiziyaçı hesab edirəm. Aparıcı bu gün başqa formatı aparırsa, sabah başqa verilişi də apara bilməlidir, mən isə öz formatımdayam, başqa bir verilişdə aparıcılıq etməyəcəyim üçün, mən teleaparıcı deyiləm.

- Hansı formatları heç vaxt aparmazsız?

- Heç vaxt “heç vaxt”deməyək. Mən həmişə “mən belə düşünürəm ki” deyirəm. Qısaca deyim ki, şou verilişi aparmağı düşünmürəm.
"Televiziya mənim üçün həyat tərzidir"- İsmayıl Həsənov TeleManda |MANERA.AZ


- Sosial şəbəkələrlə əlaqələriniz genişdir. Yazılı mediada kanalınızın adı çox hallanır...

- İlklər həmişə öndə olur, boş meydançada oynamaq daha rahatdır. Adımız hələ Region TV olanda biz bu işi sistemli gördük, bu, təkcə mənim əməyim deyil, güclü komandaya malik şöbəmiz var. Komandanın uğurudur. Uğurun səbəbi məqsədimizdir, məqsədimiz də media həmrəyliyidir. İstər internet resursu olsun, istər telekanal olsun, istər radio olsun... Mənim verilişimdə digər telekanalların da əməkdaşları qonaq olub. Biz digər media qurumları ilə körpülər qurduq, sonunda qazanan həmrəylik və dostluq oldu. Mən bir az rəqəmsal adamam. Hər gördüyüm iş üçün hesabat verirəm kanal rəhbərliyimə, özüm də gündəlik hesabat tələb edirəm işçilərdən. Faktlar var, ARB xəbərlərinə istinad aylıq 4 milyonu keçir. Həvəs olmalıdır ki, yaxşı iş görəsən. Qarşıda böyük hədəflər var, uğurların daha çoxunu istəyirik, dayanmaq olmaz.

- ARB bölgələrdə müxbir yox, telekanal səviyyəsində təmsil olunur. Bunun xəbər istehsalında və informasiya ötürücülüyündə hansı üstünlükləri var?

- ARB tək Azərbaycan yox, Cənubi Qafqazın ən böyük media tərəfdaşlıq layihəsidir. Burada beş regional, 3 tematik kanal, 1 regional radio təmsil olunur. Regional televiziyalarımızın əməyi çox böyükdür xəbər istehsalında, bölgədə hansısa xəbər olanda hansısa sayt yazı kimi verə bilər, biz onu görüntülü edirik. Regional kanallarımızın əməyi danılmazdır.

- Televiziyada işləmək və televiziyaçılıq sizin uşaqlıq istəklərinizdən olub yoxsa sonradan ortaya çıxan həvəsin nəticəsidir?


- Uşaq vaxtından mütaliəyə həvəsim var idi. Seçimlərimi də oxuduqlarımla formalaşdırırdım. Həmişə qeyri-bədii ədəbiyyatı bədii ədəbiyyatdan çox oxumuşam. Televiziya seçimimə informativ oxuduqlarım təsir edib. Mütaliəni inkişaf etdirən də qəzet şəklində oxuduqlarım oldu.

- Yazılı media ilə əməkdaşlıq etmisiz heç? Yazılarınız çıxıbmı?


- Yazım çıxmayıb, Tural. Amma ilk işimə qəzetdə başlamışam. İnformasiya şöbəsində çalışırdım orda da. Hara göndərirdilər, informasiya gətirirdim. Maraqlı bir şey deyim. Bir dəfə hansısa bir idman tədbirinə göndərdilər ki, get ordan xəbər gətir, mən də dedim ki, idmanı bilmirəm axı. Dedilər ki, xəbəri gətirməlisən, elə oldu ki, mən ora gedəndə futbolçunun ayağı qırıldı, xəbər meydana çıxdı.

- Televiziya sahəsinə marağı olan gənclər hansı meyarları müəyyənləşdirsinlər ki, uğura gedən yolda büdrəməsinlər?

- İnsan televiziyaçı doğulur, ədəbiyyat adamları kimi. Televiziya mənim üçün həyat tərzidir. Mən işimlə yaşayıram, çox vaxt bazar günləri də işə gəlirəm. Bəzən başqa sahədə uğursuzluğa düçar olan adamlar televiziyaya gəlmək istəyirlər, tanınmağın asan yolu televiziyadır deyə. İnsan peşəni sevib-sevmədiyini bilməlidir. İnsan iki halda xoşbəxt olur, sevdiyi ailəsi və işi olanda.

- Televiziya kanallarını daha çox intellektsiz, bayağı adamları önə çəkməkdə tənqid edirlər. Bu tənqidlərə səbəb nədir?

- Televiziya əhali üçündür. Əhali müxtəlif seqmentlərə bölünür. Əhalinin içində intellektual insanlar da var, intellekti az olanlar da. Düşün ki, xəyali bir televiziya qurursan, bütün əməkdaşlar da intellktualdır, hamı Freydi bilir, fəlsəfəni anlayır, bu televiziyanı hamı izləyəcəkmi? Bir əyləncəli verilişə sən necə yüksək intellektə sahib, informativ, əyləncə sektorundan uzaq bir redaktor təyin edə bilərsən? O insan əyləncənin mahiyyətini anlamalıdır. Ya da ciddi, analitik bir verilişə də əyləncə şüuru ifrat insanı təyin edə bilməzsən. Televiziya hamıya çatmalıdır, televiziya hamının məhsuludur. Verilişin komandası aparıcıya görə formalaşmır. Aparıcılar təbii ki bayağı olmamalıdır, bu başqa məsələ. Efirdə komanda bir-birini tamamlamalıdır. Komanda işləyə bilirsə, deməli, o veriliş tandemdir, komandada uzlaşma var.

- Digər telekanalları izləyirsizmi? Amma televiziyaçı kimi yox, tamaşaçı kimi.


- Mən işimlə əlaqədar tamaşaçı kimi bütün kanallara baxa bilmirəm. Süni danışmağa gərək yoxdur, mən peşəkar kimi baxıram kanallara. İnformasiya verilişlərinə daha çox baxıram.

- Televiziyada çalışmaq üçün jurnalistika fakültəsini bitirmək labüddürmü? Bu, çox müzakirə olunur.

- Bu gün teleməkanda jurnalistika məzunu olmayan uğurlu simalar çoxdur. Baxır televiziyada hansı sahədə çalışacan. Televiziya elə bir sahədir ki, nəzəriyyədən sonra praktika mütləqdir. Bəzən televiziya nəzəriyyəsini bilməyə bilərsən, amma praktikada bir ilə çox şey öyrənərsən. Junalistika diplomu yox, jurnalistika savadı lazımdır.

- Ədəbiyyat adamları da televiziyalarda çalışır. Ədəbiyyatdan televiziyaya gələn insanların fərqini hiss edirsizmi?

- Televiziya nümayəndələri də yazılı mətbuatda tanınır. Hər yerin öz auditoriyası var. Yaxşı qələmi olan yazar aparıcı da ola bilər, redaktor da ola bilər. Uğurlu yazarla uğurlu aparıcı birləşib yaxşı bir layihə də ortaya qoya bilər. İnsanlar dünyada qəzetçilikdən televiziyaya gəlirlər, köşə yazarları ana xəbər aparır yaxud xəbərlərdən köşə yazarlığına keçirlər.

- ARB-nin ədəbiyyatla münasibətləri necədir? Efir strategiyanızda ədəbiyyat hansı yeri tutub və tutacaq?

- Bizim ədəbiyyatla məşğul olan əməkdaşlarımız var, sən də tanıyırsan. Ötən ilki efirlərdə ədəbiyyat və kitablarla bağlı verilişlər var idi, gələcəkdə də ola bilər. Bizdə ədəbiyyat insanlarının baxa biləcəyi veriliş indi də var. Şou, əyləncəni kənara qoyaraq, bu verilişi izləyirlər, “Ömrün fəsilləri” bu qəbildən olan verilişdir.

- Oxumağa marağın az olduğu yerlərdə tamaşaçı kütləsi qazanacaq ədəbiyyat layihələrini efirdə reallaşdırmaq mümkündürmü?

- İnsanlarda mütaliəyə marağı oyatmağı televiziyadan gözləmək doğru deyil. Kitaba həvəs uşaqlıq dövründən formalaşmalıdır, ailədən, məktəbdən. Televiziya olaraq oxuyanlara nələrsə göstərə bilərik, yeni oxucu qazana bilmərik amma. Televiziya bütün kateqoriyalı insanlar üçündür. İnsanlarda oxu zövqünü televiziya öldürmür. Televiziya intellektual verilişlər də verməlidir, kommersiya yükü yüksək olan 4 veriliş vasitəsilə 1 dənə də gəliri az, amma maarifçi çəkili veriliş hazırlamaq olar. Hamı günahkar axtarır, bu gün sosial şəbəkələri də ittiham edirlər, televiziya olmasa, radioları günahkar çıxarardılar. Bir sahədəki uğursuzluğu başqa sahənin üzərinə atmaq olmaz. Son dövrlər gənclərin kitaba həvəsinin artması məni sevindirir. Oxumaq təkcə kitab deyil, qəzet də oxumaq olar.

- Sizin əməkdaşlar sosial şəbəkələrdə fəaldır, veriliş də var sosial şəbəkə ilə bağlı. Əməkdaşlarınıza paylaşımlarla bağlı qadağa qoyursuzmu?


- Heç bir qadağa yoxdur. Bu gün internet azaddır, hər kəs kimi televiziya əməkdaşı da öz azadlığından istifadə edə bilər. Bizim əməkdaşlar bizə xələl gətirəcək heç bir paylaşım da etmir. Mən sosial şəbəkələrdə aktivəm, hamı da sosial şəbəkədə var, orada fikir lalış-verişi edirik, xəbər alırıq, xəbər ötürürük, piar işi görürük. Bura mənim özümün platformamdır, özümə aid fikirlər də paylaşıram, işimə aid nələrsə də. Tənqidlərə açığam, amma təhqir olanda blok edirəm.

- Çalışdığınız kanaldan hansısa əməkdaşı blok etmisiz?

- Heç vaxt.

- Kitab oxumaq üçün müddət ayırırırsız ya içinizdən gələndə oxuyursuz?

- İşlərim az olanda oxuyuram. Məqsədim olmur, amma elə əsərlər olur ki, məcbur olub, səhərə kimi də oxuyursan ki, bitirəsən. Bu günlərdə Mark Levini bitrdim. Gözlədiyimdən daha az effekt aldım amma mən.

- Sizcə “filan əsəri seçilmiş adamlar oxuyur” fikri nə qədər doğrudur?

- Sevgi romanları və detektiv oxumuram. Hansısa əsəri oxuyanda o məni yönləndirməlidir. Bir insanın içində sevgi varsa, sevgi romanı onu hara yönəldə bilər? Detektiv janrı uşaqlıqdan sevməmişəm, fantastik filmlərə bənzəyir və bu filmləri də sevmirəm. Mən filan şeyin seçilmiş adamlar üçün olduğu fikrini qətiyyən qəbul etmirəm.

- Bədii ədəbiyyatla aranız niyə yaxşı deyil?

- Bir əsəri oxuyanda sonunda iki cümlə ilə onu şərh edə bilirsən, amma informativ yaxud sənədli kitablar insanda çox suallar yaradır. Müasir yazarlarımızı izləyirəm, qarşıma çıxanda oxuyuram, amma yaradıcılıqlarına dərindən bələd deyiləm.

- Kitab mağazalarına gedirsiz?

- Kitab almağı sevirəm. Mən əhval-ruhiyyəmi dəyişmək üçün kitab alıram, bəzən də oxumuram.

- Kitab hədiyyəsini sevirsiz?

- Heç vaxt kitab hədiyyə etməyiblər, o zövqü hələ yaşamamışam. (Gülür)

- Elektron kitablarla bağlı fikirləriniz maraqlıdır.

- Təki insanlar oxumaq istəsin. E-kitablar ədəbiyyata maraq yaradırsa, insanlar da kitab alacaq, elektron kitab satış qarşısında əngəl deyil. Oxumaq istəyənə bəhanə yoxdur. Amma kitabı vərəqləyərək oxumağın zövqü başqadır.

- Tərcümələrin keyfiyyətsizliyi ilə bağlı olan tənqidlərlə razısız?


- Gəl belə deyək; yaxşı film ona baxaraq tərcümə olunan, ruhu yaşayaraq tərcümə olunan filmdir. Yazar ruhu olan, içində yaşam olan, texniki tərcümə sərhədlərini aşan tərcümələr həmişə uğurludur.

- Kitablar bahadır sizcə?

- Xeyr. Kitaba çəkilən əziyyətə görə qiymətlər qətiyyən baha deyil.

- Ədəbiyyat adamlarının maddi gəlirlə bağlı problemləri müzakirə olunur. Sizcə, gəlir gətirmirsə, insanlar niyə yazırlar?

- Şair kitabı satılsın deyə yox, ilham gəlir deyə yazır. Başqa işi yoxdursa yazarın ədəbiyyatla dolanırsa, hə, şikayət edəcək, amma başqa sahədə də çalışırsa, ədəbiyyata da marağı azalacaq, yaxşı əsər yazmamaq vərdişi formalaşacaq. Qəliz məsələdir. Bizdə dünyadakı kimi əsəri ilə yaxşı dolanan ədəbiyyat adamı tendensiyası yoxdur. Əlimdə imkan olsaydı, yazarların kitablarını qat-qat artıq alardım ki, nəsə dəstək olmuş olum.

- Kitab yazmağı düşünürsüz?


- Uzunmüddətli planlar qurmuram. Hələ ki belə bir istəyim yoxdur, Tural.

- Şeiri sevirsiz?

- Bəli. Sadəcə sevgi şeirlərini sevmirəm, bəzən bayağı sevgi şeirləri təhtəlşüurda ikrah yaradır.

- Ədəbiyyat saytlarını izləyirsiz?

- İzləməyə çalışıram. Sizlərin olmağı ədəbiyyatımız üçün təkandır. Ədəbiyyat saytlarına şirkətlər təmənnasız formada yardımlar etməlidir ki, ədəbiyyat saytları yaşasın. Elektron dünyada ədəbiyyatı diri saxlamaq lazımdır.

- Hekayə ya şeir yazmaq istəmisiz?

- Bacarmaram, yaza bilmərəm.

- Fəlsəfə ilə maraqlanırsız?

- Sevirəm fəlsəfəni. Yaradılışın sirləri fəlsəfədədir. Nə ideallarla yaşamıram, nə də “görmədiyimə inanmıram” demirəm. Yaradılış dəryadır, dərinə dalanda reallıqdan uzaqlaşırsan. Varlığım haqqında yox, işim haqqında daha çox düşünürəm.

- Elmlə bağlı informasiyaları izləyirsiz? Televiziyada elmi populyarlaşdırmaq olarmı?

- Bizdə ixtiraçı gənclər çoxalır. Nəzəriyyə yox, vərdişlər lazımdır. Elmlə, yeni texnologiyalarla bağlı verilişlər teleməkanda çox olub. Elmi yenilikləri səhnələşdirib, insanlara çatdırmaq olar, elmi sevdirmək olar. Yaxşı təqdimat üçün maliyyə də lazımdır.

- Kainatda təkik yoxsa başqa varlıqların kainatda mövcudluğuna ianırsız?

- Başqa sivilizasiyaların mövcudluğuna inanıram.

- Film izləyəndə nələrə diqqət edirsiz?

- Sevmədiyim janrlar var, qorxu və fantastik filmlər kimi. Daha çox real sujet xəttinə malik filmləri izləməyi sevirəm. Zaman olanda, əhvalım əl verəndə filmləri izləyirəm.

- Teatrlara gedirsiz?

- Son zamanlar yox. Bu da tənbəllikdən irəli gəlir. Teatr incəsənətin təməlində dayanır, özümə haqq qazandrmıram.

- Musiqi dinləmək də əhvalınızdan asılıdır?

- Mütləq.

- Ən sevdiyiniz fənn hansı olub? Texniki elmlərlə aranız necə idi?

- Coğrafiya. Ən sevmədiyim fənn kimya idi.

- Əfv edə bilirsiz?


- Əfv etməyən, bağışlamayan insanlar vaxtilə bağışlanmayanlardır.

- Qadında nəyi önəmli sayırsız? İntellekt-ağıl ya evdarlıq?

- Ağıl və dünyagörüş mütləqdir və həmişə cəlbedici olub.

- Müsahibəyə son sözünüz.

- Təşəkkür edirəm. Düşünürəm ki, səmimi bir söhbət etdik. Bir şeyi qeyd edim ki, fikirlər daimi deyil.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər