“Ədəbiyyat tale yüküm olacaq...” – Müsahibə | MANERA.AZ

Tarix:7-01-2017, 12:22 Baxış Sayı:501

“Ədəbiyyat tale yüküm olacaq...” – Müsahibə | MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan simaları ilə ədəbi və kültür mühiti barədə danışaq.

Manera.az-da hər həftə yayımlanan “Ədəbi Künc” silsiləsinin budəfəki müsahibi yazar, Manera.az-ın baş redaktoru Şəhla Aslandır.

“Ədəbiyyat tale yüküm olacaq...” – Müsahibə | MANERA.AZ

- Şəhla xanım, deyəsən çox məşğul olursuz...


Elə deyirlər...

- Maraqlıdır, ədəbiyyata sevgi sizdə necə formalaşıb?

- Ədəbiyyat mənim üçün cəlbedici, maraqlı məşğələ, fəaliyyət növü idi. Nə qədər ki, görkəmli ədiblərimizin ədəbi nümunələrini oxuyurdum və yaşım kifayət etmirdi ki, onlardakı dərin məna qatlarına baş vura bilim, bu, elə belə də qalırdı. Zaman keçdikcə həyatda rast gəldiyim bəzi problemlərin əsərlərdə daha gözəl həllini tapması məni heyran etdi. Hətta uzun müddət beynimdə götür-qoy etdiyim bəzi sualların cavablarını hansısa bir romanda və yaxud hekayədə tapırdım. Eləcə də tam tərsinə. Yəni, oxuduğum hər hansı bir situasiyaya həyatda rast gələndə bu məni çox heyrətləndirdi. Bununla da ədəbiyyat mənim yaşam tərzimə çevrildi. Onu da bilirəm ki, bununla da qurtarmayacaq. Əgər yaşam tərzimi dəyişməyə məcbur edən hər hansı bir səbəb olmasa, zaman gələcək ki, ədəbiyyat tale yüküm olacaq. Ədəbiyyatı tale kimi öz çiyinlərində daşıyan adamlara həmişə qibtə etmişəm...

- İstərdim Manera.az haqda danışaq. Saytın dizaynı və strukturu fərqlidir. Burada ədəbiyyat sevgisi olan az sayda insanlar toplaşmasına baxmayaraq saytın iddiası böyükdür. Bu komanda ruhundan irəli gəlir?

- Manera.az ədəbiyyat və incəsənət barədə ortaq fikirlərin birləşdiyi yerdir. İlk yarandığı vaxtlarda daxilimizdəki ifadə olunmamış fikirlərin məkanı kimi təsəvvür etdiyimiz bu sayt zamanla özünü ciddi ədəbiyyat dərgisi kimi təsdiq etdi. Biz görəndə ki, artıq Manera.az minlərlə oxucunun ərk edib üz tutduğu məkana çevrilib, o zaman məsuliyyətimizi daha çox hiss etdik və qəbul etdik ki, bu sayt həm də oxucuların saytıdır. Bu məsuliyyət ona gətirib çıxartdı ki, biz öz işinə, yaradıcılıq məsələlərinə daha diqqətlə yanaşmağı bacaran dostlarla əməkdaşlıq etməyə qərar verdik. Nəticə də arzulanan formada oldu. Təbii ki, nüfuzu yüksələn xəttlə artan saytımızın qapıları bütün yaradıcı gəncliyin üzünə açıqdır.
Bir sevindirici məqamı da qeyd edim; ilk qədəmlərini məhz Manera.az-da atan bir çox gənclər bu gün digər mətbu orqanlarda asanlıqla çap oluna bilirlər. Hesab edirəm ki, bu Manera.az-ın yaradıcı gənclərə göstərdiyi qayğının nəticəsində qazandığı uğurudur.

- Kitablarınız çap olunub. Kitablarınızdan bəhs etsəz, oxucularımız üçün maraqlı olar...

- İlk kitabım orta məktəb illərində (təmsillər, esselər), 2-ci kitabım – “Qudsal dönüş” 2014-cü ildə çap olunub (povest, hekayələr). 3-cü kitabın materialları hazır olsa da çap etdirməyə tələsmirəm. Tural, kitab müəllifi olmaq çox məsuliyyət tələb edirmiş...

- Azərbaycanda ədəbi tərcümənin keyfiyyəti haqda necə düşünürsüz?

- Tərcümə sahəsində, xüsusən Türkcədən dilimizə uyğunlaşdırmalarda qüsurlar danılmazdır. Burada “eyni dildir deyib” biganəlik göstərmək olmaz. Türk dilini başqa xarici dillər kimi dərindən öyrənərək tərcüməyə girişmək lazımdır. Belə olan halda bu qədər eybəcər “tərcümələr” ortaya çıxmaz.

Amma həqiqəti də danmaq olmaz. Bu gün Ərəb, Fars, İngilis, Fransız, Alman və s. dillərdən birbaşa tərcümə edən mütəxəssislər də var. Ümid edirəm ki, belə mütəxəssislər hesabına yaxın gələcəkdə ədəbiyyatımız daha keyfiyyətli tərcümələrlə zənginləşəcək.

- Bəs nəşriyyatlarımızın ən böyük problemləri nələrdir? Dərc olunan kitabların keyfiyyətindən razısız?

- Nəşriyyatlar vergi və digər yoxlamalar tərəfindən maliyyə məngənsində boğulurlar. Nəticədə naşirlər kitabın cildinin qalınlığına, vərəqlərin keyfiyyətinə, bir az yapışqana, nə bilim daha nələrə qənaət etməli olurlar ki, bu da kitabların çox keyfiyyətsiz çap olunmasına səbəb olur. Çox təəssüf ki, ölkəmizdə kitab dükanlarının saylarının azlığı və ya kitab təbliğatının çox zəif formada aparılması səbəbindən naşirlər kitabların satışı ilə də məşğul olmaq məcburiyyətindədirlər. Bu, çox acınacaqlı durumdur.

- Nəzmlə aranız necədir? Şeir sizin üçün nəyi ifadə edir?


- Nəzmdə fikir əsasdır. Əgər deməyə tutarlı bir sözün varsa və onu nəzmlə deyə bilsən, təsir qüvvəsi qatbaqat artmış olacaq. Bildiyimiz kimi, Nizami də, Füzuli də, Şirvani də, Sabir də öz fəlsəfi fikirlərini demək üçün nəzmdən istifadə edirdilər. İndiysə tərsinədir, qələmi əlinə alan “şair” qafiyələri düzür, şeir bitir, fikir isə anlaşılmır. Axı bunu necə nəzm nümunəsi adlandıraq?! Nəzm fikrə geydirilmiş libasdır. Fikir yoxdursa, şeir qarderobdan asılmış paltar kimidir...

- Yaxşı esse və publisistika üçün nələr lazımdır?


- Yazdığın mətnin hansı janrda olmasından asılı olmayaraq öncə istedad gərəkdir. Bundan sonra sadəcə qələm və kağız lazımdır... (gülür)

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Burada ədəbiyyatla maraqlanan hər kəsə bəlli müəlliflərin kitablarının uzun bir siyahısını verə bilərəm. İmkan qədər onlardan çox oxumağa çalışıram. İçimdəki səsə xəyanət etməməklə deməliyəm ki, ən çox təsirləndiyim klassik Azərbaycan yazarlarıdır. Mirzə Cəlil, Cabbarlı, Haqverdiyevdən tutmuş müasir Azərbaycan yazarlarından xəbərsiz dünya ədəbiyyatına baş vurmağı təsəvvür edə bilmirəm. Burada ruh məsələsi də var...

- Azərbaycan ədəbiyyatında ən sevdiyiniz şair və yazarlar kimlərdir?

- Azərbaycan ədəbiyyatından oxuduğum kitablardan elələrini çox sevirəm ki, onlar mənə yeni idealar, yeni yazı mövzuları verir. “Mən bunu elə yox, belə yazardım” deyərək oxuduğum bütün kitablar sevimli kitablarımdır. Belə nümunələr ədəbiyyatımızda o qədərdir ki, hamısını oxuyub adlarını sadalamaq da olmur.

- Azərbaycan qadınının ədəbiyyatda təmsil olunmaq problemi varmı?

- Düşünmürəm ki, belə bir problemimiz var. Çünki tariximizdə kifayət qədər qadın yazarlarımız olub və bu gün də var. Məsələ ondan ibarətdir ki, ədəbi yaradıcılıqda qadın yazarlarımızın nisbətən geridə qalması nə ədəbiyyatın, nə cəmiyyətin, nə də ki, dövlətin günahıdır. Gəlin unutmayaq, peşəkar ədəbi nümunələr yarada bilən qadın yazarların üzünə ədəbiyyatın qapısı heç zaman bağlı olmayıb.

- “Qadın yazar” ifadəsi həqiqətən qıcıqvericidir ki?

- Tural, qadın ənənəvi yeri hesab olunan mətbəxdən çoxdan çıxıb, cəmiyyətin bütün sahələrinə nüfuz etməkdədir. Belə olan tədqirdə, ağlından, savadından asılı olaraq, fiziki imkanları daxilində qadınları taksi sürücüsü və ya roman müəllifi kimi görmək heç də qıcıqverici deyil.

- Rəssamlıqla hansı formada maraqlanırsız?

- Rəssamlıq mənim üçün incəsənətin ən sirrli növüdür. Onu bəzən bir səhifəlik roman kimi qəbul edirəm. Elə əsərlər var, cild-cild kitablardan daha çox söz deyir. Tablolar qarşısında heyrətdən susub durduğuma görə onların oxşarını yaratmaq haqda heç düşünməmişəm də. Rəsmlərin yaxşı tamaşaçısı ola bilsəm, bu böyük şərəf olar. Məncə, rəssamlıq digər sənət növlərindən təbiətə ən çox yaxın olanıdır.

- Siz həm də muıtikultualizm bölməsi yaratmısız saytda. Multikulturalizm olmadan ədəbiyyat təsəvvür oluna bilərmi?

- Uğurlu mətnlər özündən əvvəlki əsərlərin və müəllifinin istedadının qarışığından yaranır. Ona görə də, təcrübələrdən qaynaqlanmayan yazılar uğur qazana bilməz. Multikultural ənənələrə söykənməyən ədəbiyyat nə qədər milli olsa da, bəşəri ola bilməz. Multikulturalizm çağdaş dünyamızda zərurət kimi meydana çıxdı və hesab edirəm ki, getdikcə daha çox sahələrə nüfuz edəcək.

- Postmodern ədəbiyyata münasibətiniz necədir?


- Postmodernizm bir axtarışdır. Bundan nə çıxacaq, gələcək göstərər. Mənim üçün daşlaşmış qanunları olan, öz sözünü demiş sınaqlardan uğurla çıxmış, dünyaca məşhur müəlliflərin üslubu ilə yazılan əsərlər daha çəkicidir. Postmodernizm və digər “izm” üslublarıyla yazılmış əsərləri də “dəstədən geri qalmamaq üçün” də oxuyuram.

- Fəlsəfəni sevirsiz?

- Əlbəttə. Fəlsəfə sözünün özündə sevgi anlamı var. “File” yunanca – sevmək, “sofiya” –müdriklik deməkdir. Filosoflar müdrikliyi sevirlər. O şey gözəldir ki, orada fəlsəfə var. İnsan daim yaradılışın sirrini, mahiyyətini düşünməlidir. Bu axtarış isə onu mütləq fəlsəfəyə gətirib çıxaracaq. Böyük yazıçıların əsərləri ona görə uğur qazanıb ki, oxucu onu oxuyub qutarandan sonra illərdən bəri qəlbində gəzdirdiyi bir çox suala cavab tapır. Bax, fəlsəfə budur. Bunu necə sevməmək olar?..

- Elm sizin üçün nəyi ifadə edir?

- Elm qaranlıqlar içərisindən onu yarıb keçən işıq zolağıdır. Bir dəfə gördünmü ayrıla bilmirsən. Ləzzətini, dadını təkcə özün hiss edirsən. Sənə nə qədər mərhumiyyətlər versə də ayrılmaq olmur. Nə yaxşı ki, elmin sonu yoxdur...


Hazırladı:
Tural İsmayılov


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ