"Ailə elə də müqəddəs deyil mənimçün"- Müsahibə |MANERA.AZ

Tarix:30-12-2016, 13:45 Baxış Sayı:515

"Ailə elə də müqəddəs deyil mənimçün"- Müsahibə |MANERA.AZ


Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanan “Ədəbi Künc” silsiləsinin müsahibi yazar, şair Pərviz Cəbrayıldır.

"Ailə elə də müqəddəs deyil mənimçün"- Müsahibə |MANERA.AZ


-Ədəbiyyata sevgi necə başladı sizdə?

-Bilmirəm, vallah. Hayıf almaq üçün şairlərə bığ-saqqal çəkərdim dərsliklərdə. Şeir əzbərləyə bilmirdim. Zəhləm gedirdi ədəbiyyatdan. Zorən oxuyurdum şeirləri. Əslində, heç indi də şeir oxumaqdan elə xoşum gəlmir. Onda isə qanıma işləmirdi sovet şairlərinin heç biri. Səməd Vurğundan 10 şeir əzbərləməyən buraxılış imtahanına buraxılmayacaqdı. Bir şeir də öyrənmədim. Bu minvalla, Füzuliyə çatanda gördüm, kişinin bığı da, saqqalı da yerindədi, üstəlik, hamıya çətin gələn Füzulini çox rahat öyrənirdim. Demək, məsələ keyfiyyətdəymiş. Yaxşı şairin bığı-saqqalı yerində olurmuş. Füzuli məni sözə çəkdi. Hətta dərslərimi hazırlayanda Füzulinin kitabını da ayrıca qoyub dərs kimi öyrənirdim. Əzbərləmək yox a, öyrənmək.

-Ədəbiyyat marağı erkən yaşlarda formalaşan bir şeydir?

-Hər bir yaşda yarana bilər o maraq.

-Valideyn və ailə deyəndə ağlınıza və xatirinizə nələr gəlir?

-Valideyn yeganə məxluqdu ki, əvəzedilməzdi. Təbiətcə isə ibtidai əjdadlarımız kimiyəm. Ailə elə də müqəddəs deyil mənimçün. Meşşanlıqdı ailə. Ümumiyyətlə, ədəbiyyata mane olan hər şey mənimçün artıqdı, gərəksizdi.

-İlk dəfə şeir, yoxsa hekayə yazmısız?

-Romanla başlamışam. Dəftər vərəqinə yazıb sonra mismarla dəftəri deşdim, qıyıqla tikdim, cildləyib kitab halına saldım. İlk kitabımı özüm buraxdım.

-Şeirlərinizdə bir axıcılıq, rəngarəng dil oyunları var. Öz şeirlərinizi sevirsiz?

-Öz şeirlərim özüməm, özümdü, qolumdu-qıçımdı, əlimdi-ayağımdı, ruhumdu, özümü necə sevə bilərəm? Ancaq onlarsız da yarımçıq, şikəst olaram.

-Şeir yazarkən hansı nüanslara diqqət etmək lazımdır?

-Ustalıq, əlbəttə, zamanla, təcrübəylə gəlir. Ancaq bilik, erudisiya, savad olmalıdı. İstedad da ki, başda. Bunlar olandan sonra diqqətə gərək yoxdu. Zürafə hansı ayağını birinci atmalı olduğunu düşünsə, yeriyə bilməz.

-Nəzmdə və poeziyamızda mövcud olan əsas problemlər nələrdir?

-Heç bir problem yoxdu.

-Dünya ədəbiyyatında ən sevdiyiniz şairlər kimlərdir?

-Azərbaycan və türk şairlərindən başqa heç bir millətin şairini sevmirəm. Şeir yalnız ana dilində oxuna bilər. Şeirin tərcüməsinə də qarşıyam. Şeir metafora kimidi. Metafora isə yad dillərə çevrilmir.

-Azərbaycan ədəbiyyatında hansı şairlər sizə təsir göstərib?

-Təsir göstərən Füzuli, Nazim Hikmət və qismən Rəsul Rza. Xoşladıqlarımsa çoxdu. Misralar, bəndlər ölçüsündə.

-Nəsr yazmaq ənənəniz necə formalaşdı?

-7-ci sinifdə yazdığım o romandan sonra şeir yazdım. Hecada. Sonra sərbəst gəldi. Sonra şeirlərim süjetli, sonra bütün şeirlərim bir mətn oldu, beləcə, qayıdıb gəldim çıxdım nəsrə. Yəni başlanqıca.

-Hekayə yazanda nələrə diqqət etmək lazımdır?

-Hə, nəsr artıq riaziyyatdı. Hər şey ölçülü-biçili olmalıdı. Nəsr elmdi. Hər hərfə diqqət etməlisən.

-Doğrudur ki, Aqşin Evrənin nəsrdə yazdıqlarını təhlil etmisiz?

-Bu boyda suallıq söhbət deyil. Bir hekayəsini oxuyub incələmişəm. Fikirlərimi bildirmişəm. Ancaq sonradan başa düşdüm ki, deyəsən uşağı bir az qorxutmuşam.(Gülür)

-Sizin “Yad Dildə” romanınız çox sevilir. Bu roman necə formalaşdı beyninizdə?

-Bu suala cavab verməkdə acizəm. Gərək təzədən bir roman yazam cavab üçün.

-Dünya ədəbiyyatında ən sevdiyiniz yazarlar kimlərdir?

-Füzuli şeirdə, Dostoyevski nəsrdə. Ama “Öləngi”də Herman Hessenin “Yalquzaq” romanının masqarad estetikasından yararlanmışam. “Yad dildə”də isə heç kimdən təsirlənməmişəm. Sırf öz romanımı yazdım.

-Azərbaycan ədəbiyyatında sizə ən çox təsir göstərən yazarlar kimlərdir?

-Nəsrdən söhbət gedir yəqin ki. Cavab: heç kim. Heç düz-əməlli oxumamışam da Azərbaycan ədəbiyyatını.

-Fəlsəfə ilə maraqlanırsız?

-Maraqlanmışam cavanlıqda. Özü də bir xeyli.

-Elmin qarşısında sizcə indi hansı vəzifələr durur?

-Hər şey insanı xoşbəxt etmək üçündü.

-Teatrlara münasibətiniz necədir?

-Düzü, o qədər sevmirəm. Heç vaxt pyes oxumuram. Tamaşaya da getsəm, ancaq aktyorların ustalığını seyr etmək üçün gedərəm. O da on ildə bir dəfə.

-Musiqi dinləyərkən ifaya önəm verirsiz, yaxud bəstəyə?


-Musiqi də ədəbiyyat kimidi. Hər şey yerində olmalıdı. Yoxsa tamlıq olmaz ki.

-Riyaziyyat sizin üçün nəyi ehtiva edir?

-Riyazıyyatın mənə zərrəcə ehtiyacı yoxdu. Və bu sözü mən ancaq nəsrlə bağlı işlədirəm.

-Tərcümə sahəsində sizcə hansı çatışmazlıqlar var?

-Məncə, tərcüməni ancaq və ancaq ya yazıçı, ya da içində heç olmasa ölmüş bir nasir yatan adam eləməlidi. Məsələn, mərhum Natiq Səfərov, Selinceri ilk dəfə bizə çatdıran Tehran Vəliyev kimi. Ondan əlavə də tərcümənin xeyli özəlliyi var. Peşəkarlar görməlidi bu işi.

-Nəşriyyatların kitab çapındakı əsas qüsurlar nələrdir sizcə?

-Nəşriyyatlarda elə bir qüsur görmürəm. Onlar da bütün cəmiyyət kimi yalnız sağ qalmaq haqda düşünürlər.

-İdeyalar daha önəmlidir, ya qərarlar?

-İdeya olmalıdı ki, qərar verə biləsən.

-Məqsəd nədir?

-Mənim məqsədim yoxdu. Sadəcə, yazmaq istəyirəm dəli kimi, vəssalam.

-Ədəbiyyat saytlarını izləyirsiz?

-Diqqətimi çəkən nəsə olsa, baxıram.

-İdmanla aranız necədir?

-Aram yaxşıdı, ancaq heç münasibətim yoxdu...

Hazırladı:
Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ