“Nizaminin poemalarını oxumağıma peşmanam” - Müsahibə |MANERA.AZ

Tarix:10-12-2016, 11:53 Baxış Sayı:1115

“Nizaminin poemalarını oxumağıma peşmanam” - Müsahibə  |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanan “Ədəbi Künc” silsiləsinin müsahibi yazar Mirmehdi Ağaoğludur.
“Nizaminin poemalarını oxumağıma peşmanam” - Müsahibə  |MANERA.AZ
- Mirmehdi, uşaqlığın necə keçib?

İndi boylanıb keçmişə baxanda mənə elə gəlir, olduqca maraqlı uşaqlığım olub. Yəqin yaşla bağlıdır, çünki hərdən uşaqlığım üçün darıxıram da. Halbuki belə götürəndə mənim nəslimin uşaqlığı çox ağır dövrə təsadüf edirdi. Gözümüzü dünyanın ən böyük ölkəsində açmışdıq, təzəcə hərfləri öyrənməyə başlayanda bu böyük ölkə dağıldı, hətta ona nifrət etməyə başladıq, olduq balaca və problemlərlə dolu, müharibə aparan bir ölkənin vətəndaşı. Həmin travmalar əlbəttə bizim uşaqlığımıza öz təsirini göstərdi. Bütün bunlarla birlikdə indi o illər mənə xoş xatirə kimi görünür.

- Yazıçılıq nə zamansa uşaqlıq arzularından olub?

- Mənim bir dostum vardı. Lap Ekzüperinin balaca şahzadəsi kimi. Yatanda üzümü divara çevirib saatlarla onunla söhbət edirdim, kənardan baxana elə gəlirdi ki, öz-özümlə danışıram, əslində elə deyildi. Mən edə bilmədiklərimi o edirdi, məndə olmayanlar onda vardı. Mənim dünyamda nə yox idisə onun dünyasında bol idi. Bəzən evdə adam olduğu halda belə mən bir küncə çəkilib onunla söhbətləşirdim. Bu xəyali qəhrəman mənimlə böyüyürdü. Sonra birdən yox oldu. Yəqin həyatın çirkablarına bulaşdıqca o da küsüb məndən uzaqlaşdı. Artıq məktəbi bitirmək üzrəydim. Bax, o gedəndən sonra məndə yazmaq istəyi yarandı, yəqin elə yazdıqlarım da ona demək istədiklərimdi.
- Uşaqlıqda “böyüyəndə kim olmaq istəyirsən” sualına daha çox hansı cavabları verirdin?
- Bir əmim təbiətşünas idi. Onun təsiri ilə məndə təbiətə qəribə vurğunluq yaranmışdı. Nikolay Drozdovun “Heyvanlar aləmində”, Qara Mustafayevin “Təbiəti sevənlər” verilişlərinin bir sayını da buraxmazdım. Dibçək gülləri əkirdim, tısbağa, balıq, it, dovşan, “şpanka” toyuq saxlayırdım. Təbiətə ilgimdə təbiətşünaslıq dərsini deyən müəlliməmin də rolu az olmamışdı. Onu sevirdim. (Gülür) Və elə bilirdim böyüyəndə onunla əl-ələ verb dağları, meşələri gəzəcəyik, timsahın dişlərini saycağıq, şimpanze balasına süd verəcəyik, şirin öz ovunu parçalamağına tamaşa edəcəyik, ceyranları tutub qulaqlarına birka vuracağıq... Nə bilim daha nələr, uşaqlıq arzusu idi də.
Köşə yazıları da yazmısan. Ciddi ədəbiyyatla tanışlığın hansı yaş dövründə baş verib?
- Universiteti bitirib, əsgərlikdən qayıdandan sonra olub bunlar.
- Ən sevdiyin əsərin hansıdır?
- “Bu gün səbr elə.”
- Bu suala adətən heç bir müsahib cavab vermir. Amma bəlkə sən cavab verəsən. Ən sevmədiyin əsərin, yazın, yaxud hekayən hansıdır?
- Bəziləri kimi yazdıqlarımdan imtina etmək fikrində deyiləm. Elə hekayələrim var ki, bəli, zəifdir, təzədən işləmək lazımdır. Ancaq sənə mütləq ad lazımdırsa deyim: “O şor” adlı bir hekayəm var. Təcrübə kimi maraqlı idi, amma hekayə kimi indi üzə çıxarmaq istəməzdim. Amma yeri gəlib, bir şeyi də qeyd edim. Bu yaxından dostlar bir hekayəmi təriflədilər. Onu çoxdan yazmışdım, hətta belə bir hekayənin varlığını da unutmuşdum. Mənə elə gəlirdi ki, bəyənən olmaz, dostlarsa onun haqqında maraqlı fikirlər dedilər. Demək ki, yaxşı olduğu üçün çoxdan yazsam da yaddaşlarda qalıb.
- “Bu gün səbr elə” maraqla qarşılandı. Düşünürsənmi ki, qalıcı əsərdir?
- Bu barədə heç nə deyə bilmərəm. Hələ elə yaşdayam ki, ümidimi gələcəyə bağlamışam. Ömür vəfa eləsə daha gözəl əsərlər yazacam.
- “Alman malı” hekayələr toplusu ATV Kitab layihəsi çərçivəsində dərc olundu. Bu ideya Səlim Babullaoğludan gəldi? Ümumiyyətlə, ATV Kitabla tanışlıq necə baş verdi?
- Bu layihə hələ ideya mərhələsində olanda Səlim bəy, mənim də kitabımı çap etmək istədiyini demişdi. Mən də məmuniyyətlə razılaşmışdım. Üstəlik Səlim bəy sağ olsun, kitab çap olunmamışdan hardasa iki il əvvəl qonorar da ödəmişdi. Yeri gəlib deyim ki, “Alman malı” hələlik qonorar aldığım ilk kitabımdır. Kitablarımızın çapı üçün maddi məhrumiyyətlər yaşadığımız bir zamanda belə bir jest misilsizdir.
- Səncə, nəsrimizdəki ən ciddi problemlər nələrdir? Sadalayası olsan, nələri xüsusi qeyd edərsən?
- Son vaxtlar dünyada aşağı-yuxarı bizim nəsillə həmyaşıd yazıçıların əsərlərini oxudum. Açığı deyim ki, xüsusi bir fərq görmədim. Tutalım Şərif Ağayar Murat Menteşdən, Qan Turalı Alexandro Zambrodan, Seymur Vaskesdən aşağı yazıçı deyil. Sadəcə bizim ədəbiyyatın dünyaya çıxmaq problemi var. Necə olur ki, 41 yaşlı Zambro Çilidə yaşaya-yaşaya üç kitabı Türkiyədə çap olunur, biz isə çap oluna bilmirik.
- Nəzmlə münasibətin necədir? Şeir yazmısan heç?
- Arada özümə də gülməli gəlir, amma deyim ki, mən yazmağa şeirdən başlamışam. “Alatoran” jurnalında da çap olunmuşdu. Yaxşı ki, şair olmadığımı çox tez anladım.
- Kulis.az saytında işləmək sənə nə verdi və nələri aldı?
- Kulis.az yeganə iş yerim olub ki, məni dörd dəfə əməkdaşlığa dəvət edib. Mən bankda işlədiyim vaxtlarda hər dəfə işdən şikayət edəndə Qan Turalı təklif edirdi ki, gəl bizdə redaktor işlə. Mən də özümə söz vermişdim ki, otuz yaşın tamamında bank mənə yazıçılığa yaxın bir sahədə - mətbuat xidməti- iş təklif etsə qalacam, yox təklif etməsə bankdan uzaqlaşacam. Çünki mənə görə bank, xüsusən kassa yaradıcı adamın yeri deyildi, üstəlik karyera üçün də heç nə vəd etmirdi. Bu niyyətimi Turala deyəndə o da dedi səni Kulisdə gözləyirik. Bankdan çıxdığım günün səhəri Kulisə getdim.
Kulis redaksiyadan çox yaradıcılıq emalatxanasıdır. Siz görəsiz, bəzən ən əlementar məsələyə görə bizdə günün yarısını alan müzakirələr gedir, bir-birimizlə mübahisə edirik, fikrimizi bölüşürük. Səbəb nədir, heç nə; filan əsəri mən modern hesab edirəm, Tural realist, Şərif postmodern, Ayxan da sürrealist. Kənardan baxan da elə bilər bizim otağımızda Əli qırğınıdır.
- Qan Turalı, Şərif və Ayxan Ayvaz... Hansı sənə yaxın, hansı daha uzaqdır yaradıcılıq baxımından?
- Əsərin qurğusunu qurmaq baxımından Turalla daha yaxınıq. Ayxan daha çox psixoloji dərinliyə can atır, Şərif isə... Ondan öyrənirəm. Xüsusən yazıçılıq təcrübəsi baxımından tez-tez məsləhətləşirəm Şəriflə.
- Kulis.azdan başqa ədəbiyyat saytlarını da izləyə bilirsənmi?
- Bəy, mən Kulisdən çox başqa saytları oxuyuram. Eləcə də saytdakı dostlarım. Başqa saytlara da baxmasaydıq, maraqlanmasaydıq Kulis Kulis olmazdı.
- Gənclərin ədəbiyyata yönəlməsi qaneedici durumdadırmı? Gənclərə nələri tövsiyə edirsən?
- İstisnasız olaraq hər gün bir neçə saatlarını yazmağa sərf etsinlər. Mən təəssüf ki, buna əməl edə bilmədim, bilmirəm.
- Dünya ədəbiyyatında ən sevdiyin 5 əsər hansıdır?
- “Don Kixot”, “Səfillər”, “Hərb və sülh”, “Hay-küy və hiddət”, “Yüz ilin tənhalığı”.
- Sənin üçün idol olan dünya yazarları kimlərdir?
- Tolstoyu ədəbiyyatın peyğəmbəri hesab edirəm. Markesi isə sevirəm.
- Azərbaycan ədəbiyyatında bu gün də daxil olmaqla sənin üçün maraqlı olan yazarlar kimlərdir?
- Axundov, Mircə Cəlil, Çəmənzəminli, İsa Hüseynov, Əkrəm Əylisli, Çingiz Hüseynov, Anar, Elçin, İsi Məlikzadə, Kamal Abdulla, Saday Budaqlı, Mübariz Cəfərli. Nizaminin isə poemalarını oxumağıma peşmanam, kaş vaxtında “Xəmsə”nin filoloji tərcüməsi ilə tanış olaydım. Eybi yox, hələ ki, gec deyil.
- Kimlərin şeirlərini daha çox bəyənirsən?
- Son illər Şəhriyar del Geraninin şeirləri məni dəhşətli dərəcədə təsirləndirir.
- Fəlsəfəni sevirsən?
- Dərindən məlumatım yoxdu, amma ümumən maraqlanmışam. Tələbə vaxtı Yeni Akropol adlı fəlsəfə cəmiyyəti vardı, oranın üzvü idim.
- Həndəsə ilə aran necə olub? Yaxşı oxuyurdun?
- Universitetə girənə qədər cəbri də, həndəsəni də yaxşı oxuyurdum. Sonra hamısını unutdum. Hər şeylə maraqlanmaq olmaz.
- Musiqi seçimi edirsən?
- Təbii. Ovqatımdan, düşməyindən asılı olaraq saz da dinləyirəm, meyxana da, muğam da, estrada da, rep də. Bu yaxında bir müsahibə hazırlayacam deyə bir neçə gündü repə qulaq asıram: EPİ, Uran, Prometeni bəyəndim. Amma ümumən roku sevirəm, xüsuən də Pink Floyd, Deep Purple, The Queen qruplarını, Viktor Soyu, Zemfiranı, Cem Karacanı, Kraçı, Bülent Ortacgil rok sayılmır, amma onu da sevirəm. Düşünürəm ki, modern insanın incəsənətin bütün sahələrindən anlayışı olmalıdır. Ona görə də klassik musiqini sistemli şəkildə mənimsəməyə çalışıram. Arada hər hansı bir musiqi alətində ifa edə bilmədiyim üçün peşmançılıq keçirirəm. Kaş yenidən uşaq olaydım, onda mütləq pianoda çalmağı öyrənərdim.
- Hansı janrda filmləri daha çox bəyənirsən?
- Horror janrını sevmirəm. Qorxu filmlərinə qarşı fobiyam var. Sevimli rejissorlarım isə Tarkovski, Paracanov, Kieslovskidir.
- Sən rəssamlıqla da maraqlanırsan. İlginin səbəbi nədir?
- Rəssamlıq ən sevdiyim incəsənət növüdür. Yəqin bu sevgi də ailədən gəlir, o biri əmim də rəssamdır. Bu sualı verməsən də deyim, Van Qoq sevimli rəssamımdır.
- Olmaq, yoxsa ölmək?
- Hələ ki, olmaq.
- Pozitiv olmaq üçün nə etmək lazımdır?
- Başqaları haqqında həmişə yaxşı şeylər düşünmək lazımdır.

Hazırladı:
Tural İsmayılov


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ