Oxunub : 447 | Tarix : 3-12-2016, 10:10 | Bölmə: Musahibe

"Ədəbiyyat xəyalların azadlıq zonasıdır" - Müsahibə |MANERA.AZ
Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi yazar Şərif Ağayardır.
"Ədəbiyyat xəyalların azadlıq zonasıdır" - Müsahibə |MANERA.AZ
- Şərif bəy, işlər hansı durumdadır?

- Normal. Yazırıq, pozuruq...

- Sizin ədəbiyyata ilginiz hansı yaş dövründən formalaşıb?

- Ağlım kəsəndən, saz-söz mühitində olmuşam. Yəqin bundandır.

- Sizə daha çox orta məktəb mühiti yoxsa ailə təsir edib? Ümumiyyətlə, yazıçının formalaşmağına təsir göstərən amillər nələrdir?

- Mühit təbii ki, çox vacib amildir. Ailə də, məktəb də, ailə və məktəbdən kənar mühit də insanın formalaşmasında mühüm rol oynayır.

- Azərbaycan ailələrində ədəbiyyata olan münasibətdən gənclərin etdiyi narazılıqla bağlı nə düşünürsünüz?

- Oxumurlar. Bu doğrudur. Amma adamları qınamaq da olmur. Təəssüf ki, kitab Azərbaycan ailəsinin vacib ehtiyacları içərisində deyil. Çünki bu vacib ehtiyaclar çoxdur və ağırdır. Kitab təbii olaraq sıxışdırılıb çıxarılır.

- Yazdığınız nəsr nümunələri sevilir. Həmişə adınız çəkilir. Ən uğurlu hekayələriniz hansılardır?

- Son vaxtlar öz yazılarımla bağlı mümkün qədər az danışmağa çalışıram. Sevilirsə, buna yalnız sevinə bilərəm. Oxunmaq, qəbul edilmək, sevilmək yaxşı haldır.

- Kitablarınızdan hansıları daha önəmli hesab edirsiz?

- İstədim, yazmadıqlarımı daha önəmli hesab edirəm deyim, gördüm bu da şablon çıxır (gülüş). İki romanım var, çap edilməmiş, onlara daha çox güvənirəm.

- Yaradıcılığınızdakı ən uğursuz nəsr nümunələri hansılardır?

- Çətin sualdır. Hətta uğurluları seçməkdən daha çətindir. Mən yazdıqlarımın əksərini çap eləmişəm və yenilənmə prosesini mətbuatda, göz qabağında keçmişəm. Demək, uğursuz yazılar da qaçılmazdır və mən bu uğursuz yazıların arxasından qaçmıram.

- Roman yazmaq üçün lazım olan xüsusi şərtlər varmı?

- Var, əlbəttə. Zəhmət, iradə, mütaliə, vaxt, dolanışıq, səbr, təcrübə və sairə...

- Roman yazmaq istəyən gənclərə hansı tövsiyələri verirsiniz?

- Əgər buna haqqım varsa, belə deyərdim: içlərinin səsini itirmədən intellektlərini artırsınlar və zəhmət çəkməyə öyrəşsinlər.

- Nəzmlə aranız necədir? Şeirə münasibətiniz maraqlıdır.

- Şeiri çox sevirəm. Əvvəllər şeir də yazmışam. Bir şeir kitabım da çıxıb. Mənim üçün dilimizin ən yüksək poetik məqamı Füzuli yaradıcılığıdır. Məncə, sualınıza ən tutarlı cavab burdur.

- Kulis.az sizə nə verdi və nə aldı?

- Kulis.az yaranmağında özümün də iştirak etdiyim və özümün də içində olduğum unikal bir sənət mühitidir. Sizi əmin edirəm, Kulisdə çalışdığım bu iki-üç il ərzində az qala bütün ömrüm boyu öyrəndiyim qədər öyrənmişəm.

- Qan Turalı yaxşı dostdur yoxsa baş redaktordur?

- Turalın necə baş reaktor olduğunu Kulisdən bilmək olur. Dost kimi də narazılığım yoxdur...

- Mirmehdi Ağaoğlu və Ayxan Ayvaz niyə dahi sözündən çox istifadə edir?

- İroniyanı tutmaq lazımdır.

- Sim.sim.az və OxuZali.az, Manera.az və sair az sayılı başqa ədəbiyyat portallarını da izləyirsizmi?

- İzləyrəm, təbii ki. Elə siz indi məni Nabokovun “Madam Bovari” haqqında yazdığı essedən ayırdınız. Qismətin tərcüməsində... Gözəl materialdır...

- Fəlsəfə ilə maraqlanırsız. Buddizmə olan maraq haradan qaynaqlanır?

- Maraqlanıram. Turalla işləyib fəlsəfəylə maraqlanmamaq imkansızıdır (gülüş). Bütün dinlərlə və dünyagörüşləri ilə maraqlanıram. Sadəcə Buddizm çox cəlb elədi. “Buddanı necə sevdim” adlı bir essem var, orda bu barədə geniş bəhs eləmişəm.

- Ateizmə münasibətiniz necədir?

- Biz plüralizm zamanında yaşayırıq...

- Din sizin üçün nəyi ehtiva edir?

- Din mənim üçün yaradıcılıqdır. Səmavi kitabları da məcazlar kimi qəbul edirəm. Ona görə mənə təlqin edilən şeyləri yox, özüm istədiklərimi oxuyuram.

- AYO-AYB söhbətləri niyə yenidən qızışır?

- Həmişə ədəbi gündəm AYO ilə bağlı olub. Bu gün də belədir.

- Həmid Herisçi ilə münasibətləriniz varmı?

- Həmib böyük ədəbiyyat adamıdır. Kaş həmişə ədəbiyyatla məşğul ola.

- Aqşin Yenisey və Kəramət Böyükçöllə münasibətləriniz necədir?


- Aqşin bizim nəsildir. Kəramət daha gəncdir. Azərbaycan ədəbiyyatının ciddi fiquruna çevrilmiş bir adam və çevrilməkdə olan bir adam...

- Daha çox film izləyirsiz, ya musiqi dinləyirsiz?

- Saymamışam (gülüş). Hər halda musiqi qısa olduğu üçün daha çox musiqi dinləyirəm. Həm də musiqi dinləyə-dinləyə işləmək də olur. Xüsusən, Mahleri. Ümumən klassik musiqini. Simfonik musiqini. O musiqidə ki, söz yoxdur, yaxud müğənninin dilini bilmirəm, işləyəndə o musiqiyə qulaq asıram ki, karıxmayım. Musiqi seçimim universaldır. Sazdan tutmuş Kohenə qədər... Zen buddist musiqilər, İran muğamı... Ritmik Afrika musiqisi... Pop və estrada... Məni sevməyən adam buna universallıq yox, qarışıqlıq da deyə bilər. Niyyətdən asılıdır.

- Azad olmaq önəmlidir yaxud azad olmadan rahat yaşamaq?

- Azad olmadan rahatlıq olmaz, məncə. Olsa da o, cismani rahatlıq olar. Azadlıq geniş anlayışdır. Tualetə getməkdən tutmuş, hisslərin ifadəsinə qədər geniş maddi və mənəvi coğrafiyası var.

- Dünya ədəbiyyatında ən sevdiyiniz yazarlar kimlərdir?

- Çoxdur. Ad çəkmək istəmirəm. Məşhurlaşarlar (gülüş).

- Azərbaycan ədəbiyyatında ən sevdiyiniz yazarlar bəs?

- Bunu da keçək. Sevdiyim əsərlər çoxdur və demək müəlliflər də çoxdur.

- Teatra gedirsiz?

- Son vaxtlar, yox. Yuğda “Naməlum Axundzadə”yə, Azdramada “Ölülər”ə baxmışam axırıncı dəfə. Bir neçə tamaşa var ki, onlara da gedib baxacam.

- Kimya elmi sizə maraqlıdır?

- Orta məktəbdə yaxşı oxuyurdum kimyanı. İmtahanda öz hesabıma 5 aldım. Maraqsız elm yoxdur. Elm o vaxt maraqsız olur ki, onu bilmirsən.

- Ədəbiyyatın küncü haradır?

- Ədəbiyyatın küncü olmur. Küncü varsa həyatla nə fərqi olardı ki! Ədəbiyyat xəyalların azadlıq zonasıdır.

Hazırladı:
Tural İsmayılov
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər