Oxunub : 506 | Tarix : 28-11-2016, 11:19 | Bölmə: Musahibe


Bu elə bir mövzu olmalıdır ki... - Sorğu  | MANERA.AZ
Manera.az- ın "Yazarlar hansı əsərlər əsasında film çəkilməsini istəyir?" mövzusunda yazıçılar arasında keçirdiyi sorğunu təqim edirik:

Nəriman Əbdulrəhmanlı:
Ədəbiyyat həmişə kino əsərləri üçün ilkin qaynaqlardan biri olub. Heç bir ekran əsəri sənət baxımından ədəbi orijinaldan yüksək səviyyədə olmasa da kinematoqrafçılar ədəbi əsərlərə müraciət eləyirlər, bundan sonra da eləyəcəklər. Azərbaycan ədəbiyyatında da kifayət ekrana çıxarılmalı onlarla əsər saymaq olar. Məsələn, Yusif Səmədoğlunun "Astana" hekayəsinin motivləri əsasında mən vaxtilə ssenari yazmışdım, çəkilişi baş tutmadı. "Kamal Abdullanın "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi romanlarında kinematoqrafik qat var. Mən "Könül elçisi", "Yolsuz" və "Qurban" romanlarımı kinoya yaxın hesab edirəm.

Firuz Mustafa:
Bu cür əsərlər çoxdur. Amma konkret olaraq öz əsərimin adını çəkə bilərəm. Bu, "Teatr meydanı" romanıdır. "Azərfilm"in direktoro Müşfiq Hətəmov bu əsər əsasında film çəkmək üçün dəfələrlə cəhd göstərib... Bəs film niyə çəkilməyib? Bunun səbəbini mən bilmirəm. Yəqin ki, Müşfiq müəllim bilir...

Aslan Quliyev:
Öz yazılarımdan "Keçmiş döyüşçü və oğlan", "Yağışı sevmirdi", "Rusiyadan gələn qardaş" əsasında yaxşı filmlər çəkmək olar. Həm də çoxlu vəsait olmadan. Bir ara özüm "Seryant mülki geyimdə" adlı romanım əsasında "Ekstremist" adlı ssenari yazdım. Onda da dedilər, beş yüz min sən tap (dollar), qalanını da biz tapıb çəkək . O qədər pul Azərbaycan yazıçısında nə gəzir? Çəkilmədi. "Vay nənə...ə"-yə də hansısa rejissor film çəkəcəkdi, məndən halallıq da aldı. Amma o gedən getdi, səs-sorağı olmadı.

Kanan Hacı:
Çox istərdim Elçinin "Baş" romanı əsasında iki seriyalı tarixi film çəkilsin. Qan Turalının "Fələk qırmancı"nı film kimi görmək istərdim. Şərif Ağayarın "Haramı" romanı və Qarabağ hekayələrinin motivləri əsasında gözəl film çəkmək olar.
Bir də özümün yazdığım "Rəqqasə" romanını telessenari kimi işləmək arzum var. Çəkən olsa ssenarisini yazaram.

Müsfiq Xan:
Televiziyalarımızdakı məzmunsuz proqramların, bayağı serialların yerinə psixoloji, melodram, dram, fərqi yoxdur, hətta komediya janrında olan, amma tamaşaçının düşüncə qatlarına sirayət edə bilən filmlərin çəkilməsini, nümayiş edilməsini istəyirəm bir film həvəskarı kimi. Müəllif filmlərinin çox çəkilməsini istəyirik. Doğrudur, son illər yavaş-yavaş alınır, yaradıcı insanların haqqını yemək vicdansızlıqdır. Ədəbiyyatımızda ekranlaşdırılacaq əsərlər çoxdur. Öz romanlarımdan isə "Sonuncu hədiyyə" və "Qatil üçün nekroloq"a film çəkilməsini istəyirəm.

Aqşin Yenisey:
Xarici müəlliflərdən Kutzeenin "Maykl K-nın həyatı və zəmanəsi" əsərinin adını çəkə bilərəm. Öz müəlliflərimizdən isə Nəriman Əbdülrəhmanlının "Yalqız" və Zakir Sadatlının "Əfqanıstan uçrumu" romanları ekranlaşdırılsa məncə uğurlu alınar.


Faiq Balabəyli:
Bu elə bir mövzu olmalıdır ki, düşündürə bilsin, həyatı anlada bilsin. Belə filmlər yetərincədir. Amma bəzən səthi, bayağı əsərlərə, mövzulara toxunurlar, filmdə ictimai yük olmur, düşündürmür. O əsərlər ki əsasında film çəkilməlidir. Mövzudan aslı olmayaraq, həm də maarifləndirə bilməlidir.


Nurəddin Ədiloğlu:
İndi çoxlarına xoş getməsə də, tarixi şəxsiyyətlər haqqında film çəkilməsinin tərəfdarıyam. "Möhtəşəm 100 il" demək olar ki, tarixilikdən kanara çıxsa da, az qala bütün dünyada nümayiş etdirildi. Məsələn, niyə bizdə Şah İsmayıl haqında yazılmış əsərlərin mötüvləri əsasında 2-3 seriyalı film çəkilməsin? Həm də bu filmdə Şah İsmayılın həm siyasi xadim, həm qılınc, həm də söz sərkərdəsi kimi obrazını yaratmaq olar... Və əgər belə film çəkilsə görün orda Azərbaycan aşıq poeziyasına töhfə vermiş Aşıq Qurban, Miskin Abdal kimi sənətkarların da obrazı yaradılacaq, şeirlərindən nümunələr veriləcək.Eyni zamanda 1507 -ci ildə İrəvan Qalasının Şah İsmayılın göstərişi ilə onun vəziri Rəvənqulu xan tərəfindən tikildiyi məlum olacaq.

Aşıq Qurbanın:
Qoy var olsun türki zəban,
Şah Xətayi, Şah Xətayi...

Xətainin türk oğlu olduğunu isbatlamırmı?

Şah İsmayıl Azərbaycanı, Təbrizi, Şirvanı, onun təbiətini, cins atlarını, görkəmli sənət adamlarını çox sevirdi.
Məncə gözəl tarixi etnoqrafiq, maraqlı film olar....

Sərdar Amin:
Daha yaxşı olardı ki, bədii əsər əsasında deyil, sırf film üçün yazılmış ssenari üzrə çəkilsin filmlər. Daha çox istərdim müəllif filmlərinin sayı artsın. Amma formal olaraq deyə bilərəm ki, İsa Muğannanın "İdeal"ı əsasında "3 telli durna" adlı çox dərin, eyni zamanda maraqlı, əhəmiyyətli bir serial çəkmək olar. 7-10 serialı.


Elman Cəbrayıl,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər