Oxunub : 1234 | Tarix : 26-11-2016, 10:23 | Bölmə: Musahibe

Atamı ədəbiyyatdan müharibə ayırdı... - Müsahibə | MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi şair Tural Cəfərlidir.
Atamı ədəbiyyatdan müharibə ayırdı... - Müsahibə | MANERA.AZ

- Tural, yaradıcılıq necə gedir?

- Tural, boyumdan hündür, çəkimdən ağır suallar məni həmişə düşündürür. Kimi hündürlükdən, kimi sevincdən, kimi ölüm qorxusundan həyəcanlanır, mən isə ədəbiyyatla bağlı söhbətlərdə sanki adrenalin hissi yaşayıram. Dərindən nəfəs alır, ürək döyüntülərimi eşidirəm. Mənim yaradıcılığım immunitetim kimidi. Bəzən immunitetim düşür, bəzən də qaydasında olur. Əsasən fəsil dəyişkənliyi ilə əlaqədar olaraq, payız-qış vaxtlarında mənim buna daha çox ehtiyacım olur. Soyuğa dözümüm yoxdu, ən çoxda mənə yaxın olan insanların soyuqluğuna...

- Sən yeni tanınan gənclərdənsən ədəbiyyatımızda. Təcrübə, yaş faktoru ilə əlaqəli olan bir şeydir?

- Heç vaxt “tanınmaq” arzusunda olmamışam desəm yalan olar, istəmişəm məni də tanısınlar, oxusunlar, bir sözlə özümü aşkara çıxarmaq, nə qədər də böyük səslənsə də məlum olmaq istəmişəm. Bu müəyyən dövr üçün belə olub. Məsələn, tələbəlik illərində. Sonra isə düşündüm ki, əvvəl özün özünü tanımalısan, bəlkə səni tanımaq o qədər də vacib deyil...Təcrübəyə gəldikdə isə,təcrübə lazımdı. Mən bunu ilk dəfə bir qızı sevəndə, bir də ilk dəfə iş üçün müraciət edəndə bildim. Hər ikisində də pis vəziyyətdə qaldım. Sonra işim də alındı, sevgi də. Görünür yaş öz sözünü deyir.

- 4- 5 il öncə bir şeir kitabın çap olunmuşdu, onda tələbə idin. Maraqlı idi, gənclik hissləri ilə yazılan şeirlərinin arasında iki postmodern şeir də vardı, elə ən sevilən şeirlərin də onlar oldu. Niyə, səncə?

- Bəli, onda tələbə idim. Hisslərimi ancaq şeir yazmaqla ifadə edə bilirdim. Posmodern şeiri də utana-utana yazmışdım. Amma elə ən çox da o iki şeir diqqət cəlb etmişdi. Məncə daha səmimi və sadə olduğuna görə. İlk vaxtlarda ədəbi mühitlə o qədər də tanış deyildim. Hələ də tanış oluram. Tanışlığıma bəzən məmnun oluram, bəzən də peşman. Lakin məmnun olduğum vaxtlar daha çoxdu hələ ki... Davamı necə olacaq zaman göstərəcək.

- Qan Turalıdan təsirləndiyini deyirdin. Bu gün də o təsir varmı?

- Atamın kitabxanasında qeyri-adi, qəribə bir kitab gördüm. Adı da fərqli idi: ”Elektronik sevdalar” Bu mənim tanış olduğum ilk posmodern kitab idi. Nəsə özümə daha yaxın bildim bu yazı tərzini. Sanki söyüş də çox ədəbli və zadəgan görünür bu üslubda. Qan Turalının sözünü özündən öncə tanımışdım. Daha sonra feysbukda virtual da olsa tanış olduq. Adımız da, soyadımız da, məzunu olduğumuz ixtisas da eynidi. Bunu özü də mənə yazmışdı. İndi şeir yazmır deyəsən.

- Şairin uğurunda əsas faktorlar nələrdir?

- Şair uğur qazandıqca onun şeirləri uğursuzluğa düçar olur. Vaxtından əvvəl gələn uğur vaxtında abort olunmamış xəstə döl kimidi. Yaşamağı bir dərd, ölməyi də bir dərd. Şairin gənc yaşlarında göylərə qaldırmaq, onu bütləşdirmək, sehirli don geyindirmək ən böyük cəza və pislikdir. Artıq hər şeyi yazdığını düşünən bir gənc şair, qocalmaq haqda düşünür. Ya da düşünür ki, artıq qocalıb. Az qala əlinə bir əsa da alsın, otursun bir yosunlu daşın üstündə və göylərə baxaraq, müdrik görkəm alsın. Məhv olmaq necə olur? Belə olur da. Nə qədər az tərif olunsa, ümumiyyətlə tərif bilmədən edilən pislikdi. O ki qaldı istedad məsələsinə, istedad öz yerində.Mütaliə də həmçinin. Amma hardasa şans məsələsi də var. Bir də öz gücünə inanmaq lazımdı.

- Sənin atan Vaqif İsaqoğlu da ədəbiyyat adamıdır. Onun da bir xeyli kitabları çap olunub. Atanın yaradıcılığına təsiri hansı həddə olub?

- Atam kifayət qədər məhsuldar yazıçıdı. 50-yə yaxın kitabın müəllifidi. Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Dövrünün tanınmış və öndə olan jurnalistlərindən olub. Sonra bir müddət kənara çəkildi. Müharibə də onun yaradıcılığına təsirsiz ötüşmədi. Özü də müsahibələrin birində qeyd edib: “Müharibə məni ədəbiyyatdan ayırdı...” Onun yaradıcılığı mənə müəyyən vaxt təsir edib. Sonra bu təsir tədricən zəiflədi. Bu da təbiidi, yazı üslübümüz fərqlidi. Söhbət mənim atamdan getdiyinə görə çox danışmaq istəmirəm.

- Ədəbiyyatımızda ümumiyyətlə atalar-oğullar problemi varmı?

- Düzü bu sual ilk dəfədi verilir mənə. Amma bu suala verilən cavabları çox oxumuşam. Problem yoxdu məncə, sadəcə olaraq bir çox məqamları qəbul etmirik. Məsələn, yaradıcı insanın oğlu və ya qızı yaradıcı olanda buna kasta quruluşu kimi baxırıq. Məncə bu belə deyil. Normal qarşılamaq lazımdı.

- Atan yaxşı yazır ya sən?

- Atam yaxşı yazırdı, mən yazana qədər. Təbii bu bir zarafatdı. Ondan öyrəndiklərim çox olub. Hələ də öyrənirəm.

- Qəşəm Nəcəfzadə-Kəramət Böyükçöl, Akif Səməd- Ulucay Akif, Eyvaz Əlləzoğlu-Ayxan Ayvaz, Vaqif İsaqoğlu-Tural Cəfərli. Oxşarlıqlar və fərqlər nələrdir?

- Məntiqdə üçüncünü istisna qanunu var. Oxşarlıq odur ki, həmişə mübahisə var, ata və oğul arasında, fərqlilik isə bu mübahisənin miqyasındadı məncə. Hər halda bu belədi.

- Sevgi şeirləri niyə daha çox sevilir?

- Bəlkə də ehtiyacımız daha çoxdu buna. Ya da bu bizdə daha yaxşı alınır. Dəqiq demək olmur. Əslində yazılası çox şey var. Hələ orta məktəbdən bizə sevgini elə aşılayırlar ki, biz standart sevgi anlayışına öyrəşirik. Kədər, qəm, həsrət, dağlara çıxma, səhralara düşmə. 13-14 yaşlı bir yeniyetmənin sevgini bu cür qavraması çox təhlükəlidi. O da böyüdükcə qəmi sevib, kədəri arzulayacaq, sevgini də qara paltara bükəcək. Sevgi bizi qəmləndirməli deyil. Əksinə sevindirməlidi. Mən özümdə bir az qəmli şeirlər yazıram, amma ovqat qatmaq üçün yumşaq yumor da əlavə edirəm.

- Ümumbəşəri problemləri qabardan, həm də insan hisslərinə toxunan şeirlər yaza bilmirik deyəsən. Razısan?

- Yaza bilərik, yazmaq istəmirik bəlkə də. Bu bizi narahat etmir. Hələ rahatıq. Qazımız gəlir, işığımız var. Su da öz axarındadı. Necə deyərlər dolanırıq da. Hər gün yeni hadisələr, mövzular ortaya çıxır. Çoxuna da əylənmək məqsədilə baxırıq. Kim aktyorluq edir, kim səmimi deyil. Yəni dar çərçivədən çıxa bilmirik. Bəlkə də böyük adamlar kimi danışıram, hər halda bu mənim baxış bucağımdı.

- Biz niyə şair xalqıq? Ya da niyə belə deyirik özümüzə?

- Biz çox unikal bir xalq olaraq dünya xalqlarından seçilirik. Belə ki, həyatın bütün sferalarında bacarığımız var. Alverdən tutmuş Nasaya kimi gedib çıxa bilirik. Bu da bizi fərqli edir. Şair xalq olmaq hünər deyil. Nə də möcüzə deyil. Ola bilsin yaşadığımız coğrafi mövqe, landşaft, hava bizi yaradıcı olmağa sövq edir. Ola bilər. Bəzən problemlərimiz olanda, şair xalq olmağımzı bizim leyhimizə olmur. Məsələn Qarabağ problemimiz var, biz onu şeirlərlə, muğamla təsvir edirik. Ya da google mapa baxıb bu fürsətin böyüklüyünə şükür edirik. Çox danışmayım, bir iki nəfər hörmət edir, onlarda nifrət edər sonra.

- Ədəbiyyat bu gün insanları dəyişmək iqtidarındadırmı?

- Rüstəm Behrudinin bu sözlərini xatırlayıram həmişə: şeir dünyanı xilas etməyə bilər, amma tək-tək adamları xilas edə bilər. Ədəbiyyat insanları dəyişdirmir, onları bir az cilalayır, rəndələyir, yeni forma və məzmuna salır.

- Əruz vəznində yazılan şeirlərə indi də ehtiyac olduğunu düşünürsənmi?

- Yox. Məncə ehtiyac yoxdu. Zamanında yazılıb və zamanında da qəbul edilib. Füzulini aşa bilməyən əruz bu gün utopik görünür.

- Heç heca vəznində nələrsə yazmısan? Reaksiya necə olub?

- Əvvəl ancaq hezada yazırdım. Hamı kimi. Daha sonra yeni ədəbi mühitlə tanış oldum. Başladım sərbəstdə yazmağa. Özümü da sərbəst hiss edirəm bu zaman. Oxuduğum imzalar içərisində Rəşad Məcid, Əbülfət Mədətoğlu, Kənan Hacı mənə yeni ovqat, əhval-ruhiyyə, yanaşma verir. Belə deyim, yazdıqlarım onları oxuduğum təsirin qarışığıdır. Bir də bu mən də orta məktəbdən ədəbiyyat müəllimim Şəmil Sadiqdən ötürülən bir vərdişdir. Mütləq nəsə fərqli bir şey oxumalısan. Hamının oxuduğunu, əzbərlədiyini deyil, hamının oxuyub əzbərləmədiyini, əzbərləyə bilmədiyindən nəsə öyrənmək.

- Sərbəst şeiri yazmaq daha asandır ya zamanın tələbidir? Hamı sərbəst şeir yazır indi.

- Sərbəst şeir yazmaq bizə daha geniş imkanlar açır. Özünü ifadə etmək üçün. Məncə buna görə daha çox sərbəst şeir yazılır. Asan deyil, asan görünür.

- Şeir yazanda konkret plan qurursan? Şeir anidən yazılır yoxsa səndə də?

- Konkret plan qurmuram. Mən ümümiyyətlə planlı yaşamıram. Anidən qərar verə bilərəm, uzun zaman qərarsız da qala bilərəm. Yəni hər şey an və hal məsələsidi. Qısa cavab verməyim özü də plansız olmağımdı.

- Yaxşı şeir yazmaq üçün mənəvi əzab mütləqdirmi?

- Yaxşı şeir yazmaq üçün yaxşı olmalısan. Hər manada, əzabı da yaxşı yaşamalısan ki, yaxşı yaza biləsən. Əzab bizi ancaq üzməməlidi, həm də güclü etməlidi. Elə güclü olmalıyıq ki, əzabında dadını şirin bilək. Yaşamaq üçün əzablara qol açmalısan. Onları bağrına basıb, yumşaltmalısan...

- Tez-tez ədəbi təhlil yazıları və esselər də yazırsan. Növbəti kitabın deyəsən şeir kitabı olmayacaq.

- Növbəti kitab haqda düşünürəm. Sadəcə olaraq düşünürəm. Konkret qərarım yoxdu. Ola bilsin şeir kitabı olmasın.

- Ədəbi tənqid sahəsində bu gün böhran olduğunu düşünürsən?

- Tam səmimi deyim, hal-hazırda bu sahə haqqında konkret fikrim yoxdu. Məncə böhran yox, bir az axsama var. Bu da təbiidi. İnanıram ki yaxşı olacaq.

- Nəsrlə aran necədir? Nəsə yazırsan?

- Nəsrlə aram pis deyil, hərdən yorucu gəlir mənə, amma ümumən zövq aldığım nəsr əsərləri çoxdu. Nəsr yazmıram, daha çox mütaliə edirəm hələ ki.

- Dünya ədəbiyyatında ən sevdiyin şairlər kimlərdir?

- Puşkin, Yesenin, Nazim Hikmət. Düşünə bilərsən ki, bunları sevməkdə nə qeyri adilik var. Elə sevgi qeyri adi olmadığı üçün qeyri adidi də. Başqa şairlər də var. Hələ ki bunları qeyd edə bilərəm. Təəsüf ki bu isimləri tag edə bilmirsən, istərdim özləri də bilsin.(Gülür)

- Həyatını silkələyən dünyaca məşhur yazarlar kimlərdir?

- Həyatı yox, insanları silkələyən yazıçılar var. Hər kəsə görə fərqlidi bu. Məsələn kimi Tolstoy, kimi Dostoyevski, kimi Kafka deyə bilər. Mənə görə də fərqlidi. Bir az fərqlidi. Folkneri, Mopassanı, Kamyunu deyə bilərəm.

- Səndən mütləq oxunmasını məsləhət alacağımız 3 əsər soruşsaq, hansıların adını çəkərsən?

- Selincer “Çovdarlıqda uçurumdan qoruyan”, Cek London “Əcdadların harayı”, Mirzə Fətəli Axundov “Kəmalüddövlə məktubları”. Əslində bu siyahını uzatmaq da olar.

- Fəlsəfə məzunusan. Balın kifayət deyildi ya fəlsəfəni sevirsən?

- Balım kifayət idi. Sadəcə olaraq bu mənim öz seçimim idi. Narazı da deyiləm. İxtisasım mənə doğmadı.

- Azərbaycanda fəlsəfə tədrisində hansı problemlərin olduğunu düşünürsən?

- Sırf metodikada və ümumi sistemdə problemlərin olduğunu düşünürəm. Mütəxəssilərin də hazırlanmasında zəif nöqtələr çoxdu. Bu barədə saatlarla danışmaq olar.

- Materialist şair deyə bilərik sənə?

- Çoxları səhv başa düşəcək. Bəlkə də heç başa düşmək istəməyəcək bu sualın cavabında. Materialist olduğuma əminəm, şair olduğuma isə yox.

- Nizami Gəncəvi, Füzuli, Molla Pənah Vaqifi Şərq ədəbiyyatı üçün xüsusi bir hadisə hesab edirsənmi?

- Bu suala cavab vermək nə yaşıma, nə başıma, nə də arşınıma uyğundu. Xüsusi olduğunu bilirəm, başqa heç nə.

- Postmodern ədəbiyyat sənə görə nəyi ifadə edir?

- Səmimi olmağı. Əgər sənin ürəyin bulanırsa, sən bunu gizlədə bilmirsən. Hər şey olduğu kimidi. Yatmaq istədiyin biri ilə mətbəxdən danışmırsan. Bir başa mətləbə keçirsən. Mənə görə postmodern ədəbiyyat bunu ifadə edir.

- Aqşin Evrən və Aqşin Yenisey müqayisəsinə yanaşman maraqlıdır...

- Hər ikisi də maraqlı, fərqli şairlərdi. Şeirlərini sevərək oxuyuram. Şəxsi tanışlığım olmasa da sözləri ilə tanışam. Tanışlığıma da məmnunam.

- Qismətin şeirlərini oxuyursan?

- Oxuyuram da, müsahibələrini də izləyirəm. Bu yaxınlarda söhbət etmək də fürsət oldu. Çox parlaq zəkaya sahibdi. 5 dəqiqəlik söhbətimizdən aldığım enerji bir neçə müddət mənimlə oldu.

- Səlim Babullaoğlunun yaradıcılığını bəyəndiyini söyləmişdin. Diqqətinə səbəb olan nədir Səlim bəyin poeziyasında?

- Bilirsən Tural, mən ədəbiyyatda yeni addımladığım üçün çalışıram az səhv edəm, tez tez yıxılmayam. Başa düşürəm səhvlər olmalıdı, yıxılmalısan da, amma öz ayaqlarım üzərində durmaq istəyirəm. Səlim müəllim dəyərli ziyalılarımızdandı, öyrənəcəyimiz çox şeylər var ondan. Diqqətimi daha çox şeirlərindəki axıcılıq və fəlsəfi yük cəlb edir. Mənə maraqlıdı. Sanki özlüyümdə yeni ədəbiyyat planeti kəşf edirəm. Buna da çox sevinirəm. Hələ ki vaxt var. İnanıram ki, təssüratlarım da çox olacaq.

- Ədəbiyyatı sevdirmək üçün fərd olaraq üzərinə hansısa bir yükün düşdüyünü hesab edirsən?

- Ədəbiyyat kifayət qədər yüklənib. Ağır bir işdi ədəbiyyatla məşğul olmaq. Fərd olaraq özümü hər hansı bir yükün altına düşüdüyümü zənn etirəm. Tezdi. Yüklənməyim tezdi hələ.

- Keçmişdən qurtulmaq vacibdir yoxsa gələcəyi inşa etmək?

- Hər ikisi vacibdir. Biri o birini xilas etməlidir. Keçmiş də bizimdi, gələcək də.

- Kvant mexanikası haqqqında nə bilirsən?

- Bir gənc dostumuz var, bu yaxınlarda da təşkil etdiyimiz tədbirə qatılmışdı, Taryel Abdullayev. Çox maraqlı araşdırmaları var. Feysbukda statuslarını yorulmadan, həvəslə oxuyuram. Kvant mexanikası haqqında bildiklərim düşünürəm ki, onunla söhbətimdən sonra daha dolğun olacaq.

- Rəssamlığa ilgin olduğunu bilirəm. Sürrealizmi sənə sevdirən nüanslar nələrdir?

- Rəssamlıq mənə görə daha dramatikdir. Daha faciəvidir. Şair sözləri ilə rəsm çəkirsə, rəssam həm sözləri ilə, həm gözləri ilə, həm də əlləri ilə rəsm çəkir. Sürrealizmdə məni sevdirən nüansalar başlanğıcların dramatikliyi, bədiiliyidir. Düşünə bilməkdir. Ümumiyyətlə, xilas yolu axtarmaqdı mənim üçün.

- Axirətə inanırsan?

- Hər gün bir axirətdi. Hər gecə bir sondu. Həm də bir sabah deməkdi. Apokalipsis olacaq. Axirət isə davamlıdı...

- Ailə dəyərləri yoxsa Kafka tənhalığı?

- Kafkadan çox danışılır. Sənin də hekayə yazmağına səbəb olub bu insan. Düşünürəm ki, bu tipli sualalr Kafkaya verilsəydi o da cavab verməyə tələsməzdi. İcazənlə Kafka tənhalığında ailə dəyərlərini düşünüm bir az. (Gülür)

- Ədəbiyyatdan anlamayan birisi ilə ailə qurmaq insana hansısa çətinliklər bəxş edə bilər?

- Paylaşa bilməmək, tək darıxmaq, yuxuya dərmanlarla getmək və s. Siyahını uzatmaq da olar. Hər halda çətinlikdi bu da.

- Klassik opera musiqisi dinləyirsən?

- Dinləmirəm. Dinləməyə gücüm çatmır. Ağırdı. Götürə bilmirəm. Nə vaxtsa gücüm çatsa dinləyərəm.

- Düşünürəmsə, deməli mövcudam deyən Dekartın fikirləri ilə nə dərəcədə razısan?

- Almanın Nyutonun başına düşəndə ağrıtmadığı qədər.

- Ölməyə az qalıb?

- Ölüm həmişə bizimlədi. Nəfəs kimi, göz yaşı kimi. Ölümün qarşısına gülərək, ən azından təbəssümlə çıxmaq istəyirəm. Nə qədər qalıbsa, o qədər də yaxındı düşünürəm.


- Yox olanın estetikası nədir, səncə?

- Balıq tutmağa gedirəm, soxulcanım var, əvəzində isə bir balıq qazancım olur.


Hazırladı:
Tural İsmayılov

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər