Oxunub : 635 | Tarix : 21-11-2016, 11:11 | Bölmə: Musahibe


“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Enerjinin saxlanması qanununa görə yazıçının enerjisi mətnə hopmalı və oxucunun ruhuna yol tapmalıdır. Bəs yazılarından enerji almadığımız müəllifin hədər enerjisi barədə siz nə düşünürsünüz?

Manera.az-ın keçirdiyi sorğuya ziyalılar münasibət bildirib.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs:

Yazı enerjidi. Bu birmənalıdı. Enerji itmir. Bu da birmənalıdı. Oxucu yazıdan enerji ala bilmirsə, ola bilsin, yazıçı öz enerjisini başqa yerə xərcləyib - yazıya yox. Ola bilsin haa. Bu artıq birmənalı deyil. Yazıdan enerji götürmək də hər oxucuya müyəssər olmur ki! Görünür, onun şəbəkəyə qoşulmaq problemi var. İndi şəbəkə deyəndə internet resursları göz önünə gəlir. Lokal şəbəkələr bizi böyük Şəbəkədən ayrı salıb.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Tənqidçi Əsəd Cahangir:

Əgər mətnin enerjisi yoxdursa, onun müəllifi öz enerjisini başqa işlərə - ailəsinə, pul qazanmağa, siyasətə, məhəbbətə və sairəyə sərf edir. Mətnində enerji olmayan adam ailə başçısıdır, biznesmendir, siyasətçidir, aşiqdir, bir sözlə, hər şeydir, amma yazıçı deyil. Odur ki, onu söz konusuna çevirməyə ehtiyac yoxdur.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Yazıçı Alpay Alpay:

"Yazılarından enerki alına bilinməyə yazıçı" ifadəsi, yəqi ki, nisbi tezisdir. Deyək ki, vaxtilə Sartrın "Sözlər" romanını oxuyanda, mən o enerjini az hiss etmişəm. Amma bu, yazıçının əskikliyi sayıla bilərmi, əlbəttə yox. Deməli, əsas olan istedaddır və istedadlı yazıçını yazıb ortaya qoyduğu mətndir. Bu baxımdan, bəlkə də elə istedadsız yazıçı sualda deyildiyi kimi həm də elə enerjisini mətnə hopdura bilməyən yazıçıdır.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
“Ədalət” qəzetinin redaktoru Əbülfət Mədətoğlu:

Sorğunuzun mövzusu ilk baxışda çox adi görünsə də, mənə görə onun alt qatı düşündürücü olduğu qədər də sadə, həm də özünü ifadə edəndi! Yəni itməyən heç nə həm də başqa bir formada verilməsi mümkün olmayan heç nədir! Fikrimi bir az sadələşdirsəm, hər kəs varını- olanını verir!! Bütün hallarda söz adamı özünü ifadə edir, özünü yazır! Təbii ki, özü heçdirsə o cür! Özündə olmayanı başqasından kopyalayıb vermək yüksək faizli kredit götürmədən də dəhşətli dərəcədə pis bir saxtakarlıqdı! Bununla oxucunu nə inandırmaq nə də aldatmaq mümkündür! Deməli canın da olandan istifadə ən dürüst secimdi! Olmayanı müzakirəyə cıxarmağa dəyməz!

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Yazıçı Sherif AĞ:
Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil, getsin özünə başqa iş tapsın, ya da AYB-yə üzv olub moşenniklik etsin.








“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Professor Rafiq Yusifоğlu:

Təbii ki, yaradıcılıq nümunələri yazıçının daxili dünyasının, düşüncə tərzinin, intellektinin aynasıdı… Necə deyərlər, varını verən utanmaz və bu baxımdan kimisə enerjin (istedadın) azdı, çоxdu deyə qınamaq da düzgün deyil. Digər tərəfdən, hər şeyi yazıçının üstünə yıxmaq da оlmaz... Ədəbi prоsesdə həyatda оlduğu kimi iki tərəf var: yazıçı (istehsalçı) və оxucu (istehlakçı). Tutalım bulaq axır, hamı оndan öz entiyacına görə istifadə edir. Eləsi də оlur ki, daha gözəl sandığı, zövqünə uyğun su mənbəyi tapır, hər bulağın suyunu içmir. Eləsi var bu su ilə mal-qaranı, eləsi var bostanı, bağı suvarır. Burada təlabat, zərurət məsələsi var… Hər şey entiyacdan dоğur… Uçmaq ehtiyacı təyyarəni, danışmaq ehtiyacı telefоnu yaratdığı kimi… Səviyyəli оxucu оlmayanda səviyyəli əsər yaratmaq ehtimalı da azalır. Hansı müəssisə alıcı оlmasa məhsul istehsal edər? Sözsüz ki, yaradıcılıq bir qədər fərqli məsələdi… İndi hamı оxucudan çоx özü üçün yazır… Maddi yоx, yalnız mənəvi maraq peşəkarlıq üçün təəssüf ki, geniş üfüqlər vəd etmir… Hər bir sahədə peşəkar o adama deyirlər ki, gördüyü işin müqabilində aldığı zəhməthaqqı ilə dolanır... Bizdə belə yazıçı varmı?! Dahi Nizami indi yaşasaydı, yazdıgı əsərlərin pulu ilə dolana bilərdimi?

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Müstəqil jurnalist Mübariz Əhmədov:

Doğrusu belə bir qanunun olması barədə indiyədək heç bir şey eşitməmişəm. Amma mənə görə təkcə yazıçı yox, ümumilikdə qələm əhli - şair, yazıçı, publisist, jurnalist və digərləri yazdıqları mövzuya sevgi ilə yanaşanda hər şey yerində olur. Bu mənada bütün yazarların əsl enerjisi hələ oxucuya qədər birmənalı olaraq sevgidən alınır. Həqiqi şair və yazıçılar, bunlar eşqin "övladlarıdır."

Baxın, əgər şair yazdığı şeirlərində səmimi və ya özü olmasa, onun özünü cəmiyyətə şair kimi sırıyaraq mədhnamələrlə dolu yazdığı şeircikləri heç kim oxumayacaq. Əksinə, onu bu "şeirlərə" görə həm qınayacaq, həm də nifrət edəcəklər. Çünki, bu kimi "şairlər" öz enerjilərini eşqdən deyil, "yaltaqlıqlarından" və ya hansısa məqsəddən alırlar. Amma nəzərə alaq ki, bu tip "enerjinin" ömrü şimşək kimi çox qısa olur.

Odur ki, istər şair, istərsə də yazıçı olsun, əgər onlar yazılarında sevgi dolu ürəklərinin səsindən diqtə olunanları yazmasalar, qəlblərinin alovundan köz götürüb yazılarının üstünə səpməsələr, zənnimcə diqqətli oxucunun ruhu o yazarların yazdıqlarından heç vaxt enerji alıb isinə bilməz. Əgər şeir, şeir deyilsə onu reklam yolu ilə şeir edib sevdirmək olmaz. Niyə bu gün Ramiz Rövşənin, Elçin Mirzəbəylinin, Şakir Məhbusinin şeirləri reklamsız-filansız sevilir? Mən hələ XX əsrin bir çox şairlərini demirəm. Çünki bu müəlliflərin ürəyində ilahi bir eşq var. Bəs, niyə Elza Seyidcahanın "şeirləri" az qala gündə efirlərdə səslənsə də sevilmir? Çünki bu şeirciklərin nüvəsi yoxdur, mən də şeir yaza bilirəm və ya bilərəm iddiası ilə gündəmdə qalmaq - reklam xatirinə yığılmış söz topasıdır.

Amma jurnalistlərə gəlincə, onların eşqi birbaşa obyektivliklə, haqla, ədalətlə bağlı olan məsələdir. Cəmiyyət o jurnalisti sevir ki, o, çevik və ən azı haqqı, ədaləti heç olmasa deyə biləcəyi yerə qədər deməyi bacarsın. Yaltaqlıqdan, riyakarlıqdan, biganəlikdən uzaq olsun. Faktı tanrı bilib, özünü onun rəsulu saysın!

Sonda onu deyim ki, əsl yazar enerjini yalnız eşqdən, həqiqətdən və vicdandan alır. Oxucusunun təşnə ruhunu ovuda bilməyən, yaltaq, qorxaq və ya enerjisi tükənən hər bir yazar məncə qələmi yerə qoysa, bu, daha yaxşı olar.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Yazıçı Cavid Zeynallı:

Yaradıcılıq özü enerji, ruh deməkdir. Mətndə enerji yoxdursa, oxucunu öz təsirinda saxlaya bilmirsə, deməli, bu istedadsızlığın ilkin əlamətidir. Enerjisi olmayan müəllif, həmin müəllifin ruhsuz, cansız yazıları adi reklam mətnlərindən, kargüzarlıq sənədlərindən fərqlənmir. Ümumiyyətlə, enerjisi olmayan insan yazıçılıqla yox, başqa işlə məşğul olsa yaxşıdır.

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Tənqidçi Mehman Qaraxanoğlu:

Zənnimizcə, “enerji” daha geniş mətləbləri özündə ehtiva edir: Burada yazarın dünyabaxışı, xammala münasibəti, ədəbi təcrübə və ruhi təlatümləri nəzərdə tutulmalıdır. Və üstəgəl təbii istedadı...

Bu tərsinə fırlanan sarayın (fələyin) oyununa
Qadınlar kimi aldanmayasan, sən ki, kişisən, kişi.
Sən yorğa atın rəqsilə əylənmə,
Yola bax, gör nə qədər çətindir.
Ağ tərlan kimi yolda uçmaq istəyirsənsə,
Gözün günəş kimi yolda olsun (yola bax)
Xüsusən, bu yol ki, şikarlar yoludur.
Fələyin isə həm yayı, həm də oxu var.
Sənin dəmirin nəfis (xalis) dəmir olsa da,
Yol daşlıqdır, daşlar da maqnitlidir. (“Yeddi gözəl”. Filoloji tərcümə)

XII əsrdən XXI əsrə ötürülən enerjinin mistik gücünə baxın! Mətni yarıda kəsmədim, enerjinin kəsilməyindən qorxdum. Və aldığım enerjini o dahinin ölməz ruhuna qaytarıram.

Qaldı, yazılarından enerji ötürə bilməyən (Və ya alınmayan!) yazarlara, elə onlarınkı da özlərinə qayıdır. Bir qədər başqa halda – bulanıq şəkildə. Bu da haqlı, ya da haqsız, qıcıq yaradır, incidir onları. Unutmayaq: “Yol daşlıqdır, daşlar da maqnitlidir”

“Enerjisini yazıya keçirə bilməyən adam yazıçı deyil”  | MANERA.AZ
Yazıçı Rəşid Bərgüşadlı:

Adamın sinəsini açan sualdır, odur ki, doğma Manera.az-a ərklə addımı bir balaca geniş atacam.

“O bizi yaradıb, yoxsa biz Onu?” – sual hələ də problematikliyini saxlayır. Ancaq Enerjinin varlığı şəksizdir – əks halda, öz varlığımızı danarıq! Bütöv enerjinin zərrələri olaraq sirrini hələ də heç bilmədiyimiz kainata səpələndiyimiz də şübhəsizdir. Təbii və İlahi qanunlarla “Bütövün tamlığını təmin etmək üçün yaşamaq” kimi şüuraltı instinkt daşıyırıq və razılaşırıq ki, verilən ömrü təbiətlə harmoniyada yaşamasaq, daşıdığımız enerjini Yolda salıb itirməyə məhkumuq. Bununla da ilahi və ümumbəşəri qaydaları pozmuş biri kimi, əmanəti qoruya bilmədiyimiz üçün Ədalət Məhkəməsində Onun qarşısında böynubüküyük. Fərdi qanunlarla yaşamaq isə tərkidünyalıqdır və azmaq, izsiz-tozsuz yox olmaq deməkdir.

Təbiətin və Özünün dilini Yoldan azanlara anlatmaq üçün Yaradanın seçdikləridir Yazıçılar. Yazıçının inqilabi vəzifəsi bəşəriyyətə sevgi, insanpərvərlik, azadlıq, sədaqət, sülh və ədalət kimi ideyaları ötürməkdir. Bu “terminləri” ən mükəmməl şəkildə öyrədən tək elm Ədəbiyyatdır! Demək, yazıçı Təbiətin Dilini bilən, Bütövün tamlığına xidmət edən, insanlığa insanlığı təbliğ edən İdeya Adamıdır. Fikrimizi cəmləşdirsək – İdeya, Dil, Təfəkkür, Təxəyyüllə silahlanıb yorulmadan insanlıq üçün vuruşan cəfakeşdir Yazıçı.

O, elə əsərlər yazmalıdır ki, oxucusunu illərlə düşündürə bilsin. İdeyanı, nə yolla olursa-olsun qaratikan qomu kimi yandırıcı da olsa oxucunun göz yaşlarına baxmadan mədəsindən keçirməyi bacarsın və onu O etsin! Demək, heyrətləndirməyi bacarmayan yazıçı qələmi dinməz-söyləməz yerə qoyub “kamil palançılığına” dönməlidir. İldə iki sanballı hekayə yazanla həftədə beş sicilləmə yazanlar eyni dərəcədə qısırdı – hər ikisi üzüsulu əl götürməlidir Ədəbiyyat süfrəsindən. Yalnız hekayə, esse ilə missiyasını qapatmaq istəyən yazıçı da vaxtında anlamalıdır ki, “qırxında öyrənən, gorunda çalar!”. Qələmi zülm çəkən, mətni ağır doğuş kimi ağrılı yazan adam da özünə zülm verməməlidir – bilməlidir ki, hər adam üçün qatar bir dəfə gəlir, minmədinsə, sonradan mindiyin qatarlar da sənin olmur, onsuz da o qatarda özünü qonaq kimi hiss edəcəksən...

Sualın ikinci hissəsinə qalanda isə... Hesablanmış hərəkət, ya da özünə aşırı vurğunluğun əziyyətini qələm çəkir. Belə yazıçı nə qədər özünə arxayın olsa da, gözlənilən ideyanı ötürmək zamanı gələndə özünü idarə edə bilmir, çaşıb qalır. Hətta, sarsıntılar ləyaqətli yazarı intihara əl atmağa gətirib çıxarır. Bir sözlə, İstedad və Azad Düşüncə mahir yazarın uzaqdan belə gözqamaşdıran nurudur!

Nə yeni söz icad etməyə lüzum var, nə də özümüzü bakirə ideya doğmağa məcbur etməli deyilik. Bildiyimiz bir hadisəni fərqli xarakterlərlə, mövzunu fərqli çözməklə istedadlı yazar qələmində fərqlilik yarada bilər və bu, onun qələmdaşının üzünü qızarda bilər ki, – “Niyə? Bunları mən niyə görmədin?”. Ən kamil qələm adamı belə oxucunun səviyyəsi üçün yazmamalıdır, o, sadəcə mahir müşahidəçi kimi fərqli eksperimentlər aparmalıdır, təfəkkürlə həyati faktları birləşdirməlidir – reallıq və irreallıq arasındakı sərhəddi vurub dağıtmalıdır, mətni eninə yox, dərininə işləməlidir. Oxucu çaşmalıdır, – “Bu, həqiqətdir, yoxsa təxəyyül?!”. Onsuz da oxucu əsəri oxuyub qurtarandan sonra heyrətlənsə də, özünün natamam səviyyəsini gizlətmək ücün belə deyəcək, – "Bu gicbəsər nə cəfəngiyyatdır yazıb?!". Əslində isə o, bunu etiraf etmiş olur, – “Belə əsərlər mənlik deyil” – amma gözü geridə qalacaq, əmin olun!

İnsanların çoxunda mahiyyətə vara bilmədikləri haqqında çox rahat danışa bilmək xasiyyəti var. Bu, yazarı inkişafdan saxlayır, qulağı mədhiyyə sorağındadır ki, xumarlansın. Xumarlanan yazıçı tükənmiş yazıçıdır, o artıq içəridən çürüyüb – özü də bilmədən. Yalnız onun sadiq oxucusu bu ölümü görür və nə ondan qaça bilir, nə də çox yaxına buraxır, içindən qırılır, o müdhiş məsəl onun qulaqlarında ziqquldayır, – “Cahil adam savaş dəfinə bənzər – içi boş, səsi gur olar”. Bir sözlə, ömrünü həsr etdiyin bir işdə enerjini hədərə vermək, faciəli ömür yaşamaq deməkdir. Allah heç bir istedadlı qələm adamının əzablı ömrünü yarıyolda qoymasın...


Sorğunu təqdim etdi: Elman Cəbrayıl
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər