Televiziyanı keçib sola döndüm, ədəbiyyata gəldim... -Müsahibə |MANERA.AZ

Tarix:19-11-2016, 12:07 Baxış Sayı:1461

Televiziyanı keçib sola döndüm, ədəbiyyata gəldim...  -Müsahibə |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.
Televiziyanı keçib sola döndüm, ədəbiyyata gəldim...  -Müsahibə |MANERA.AZ
Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi yazar Aysel Əlizadədir.

- Aysel xanım, salamatçılıqdır?

- Hə, salamat sayılaram.

- Aysel Əlizadə ədəbiyyata necə gəlid? Siz daha öncə televiziya sahəsində çalışmısız.

-Televiziyanı keçib sola döndüm. Gəlib çıxdım ədəbiyyata.

- Bir ara televiziyaya döndüz. Amma layihə yarımçıq qaldı elə bil. Televiziyadan sizi narazı salan nə idi?

- Yox, hansısa televiziyaya dönmədim. Dostlarımın təklifilə onların prodakşınında layihə hazırladıq. İlk buraxılışı sənətkar Fuad Poladovla çəkdik. Heç bir kanal efirə buraxmadı verilişi. Hətta puldan ötrü sinov gedən televiziyalarımız efir vaxtını almaq istəyimizə baxmayaraq yer vermədilər. Yəqin qorxdular ki, onların " xalq bayağılıq istəyir" klişelərini dağıdarıq, ya bəlkə yuxarılara efirdəki pornoqrafiyanın izahı kimi dedikləri " kadr yoxdu" yalanları ifşa olunar. Ola bilər, Fuad bəyin efir qadağası vardı. Bəlkə yoxdu, sadəcə qorxdular. Bəlkə mənlə bağlıdı. Bəlkə də efir siyasətinə uyğun deyil. Çox səbəb ola bilərdi. Uğraşmağa həvəsimiz olmadı. Sonra da həmin komandanın rəhbəri çıxıb getdi buralardan...İndi işini başqa ölkədə qurub. Çox çalışdı, maraqlı projelər etmək istəyirdi. Bacardıqca da edirdi. Belə professionalları çox itirmişik.

- Ədəbiyyat adamlarının televiziya və yazılı mediada uğur qazanmasının dünyada bir çox örnəyi var. Sizcə, bizim ölkədə də bu tendensiya varmı?

- Mən əksini bilirəm. Konkret yazılı mediada – jurnalistikada uğur qazanıb ədəbiyyatla məşğul olan, sonradan böyük yazıçı kimi ad qazanan imza çoxdu dünyada.

- Yazıçıı kimi formalaşmağınızda önəmli olan faktorlar nələrdir?

- Bilmirəm. Yəqin çox işləmək, gecə-gündüz çalışmaq, oxumaq, yazmaq. Mən illərlə yatdığım yerdə ağlıma gəlib məni oyadan fikirləri yuxumu qovaraq durub yazmışam. Heç vaxt yuxu üstün gəlməyib hansısa misraya, cümləyə, mövzuya. Son vaxtlar bir az ərköyünlük edirəm. Fikir gəlir, durub yazmıram.

- Bir az kitablarınızdan bəhs edək. “Qadın Peyğəmbər” toyunuzda qonaqlara paylandı. Sonra isə yenidən redaktə olunmuş formada kitab çap olundu.

- Toyda ictimai adamlarla yanaşı sadə insanlar da vardı. Onlar üçün yaddaş predmeti kimi kitabı çap edib hədiyyə verdik. Sıradan bir toyda olmadıqlarını, bir yazı adamının tədbirində iştirak etdiklərini hiss etsinlər deyə bu addımı atdıq. Çünki mən hər macalda insanlara çağdaş ədəbiyyatın olduğunu, hər şeyin Sovetlərlə bitmədiyini anlatmağın tərəfindəyəm. Bu, onlarda bir təəssürat oyatdı. Toyu olan yazıçının kitabı ilə evlərinə qayıtdılar. Sonradan kitabın üstündə işlədik və yenidən çapa verdik. Həm də mən birbaşa yazdığıma sonradan kitab şəklində baxıb qiymət vermək istəyirdim.

- Hansı kitablarınız çap olunub? Və onları yaradıcılığınızda uğurlu bir səhifə hesab edirsinizmi?

- Bu günəcən nə etmişəmsə hamısını yaradıcılığımda uğurlu səhifə hesab edirəm. Şeirlər, esselər, roman və hekayələr kitabım çap olunub. “ Doğulacaq qadın”, “ Ora”, “ Təkliyə düzəliş” , “ Göy qurşağı” , “ Erkəklər” , “ Qadın peyğəmbər” “ Beyaz kürk”.


- Yerli yazarların, şairlərin kitablarına 4-5 il öncə tələbat vardı. Sonra bu proses səngidi sanki. İndi dünya ədəbiyyatından tərcümələr insanlara daha maraqlıdır, nəinki yerli yazarların kitabları. Bu, nə ilə bağlıdır?


- Nəşr evləri yeni yarananda yerli yazarlardan PR üçün istifadə edirdilər. Çünki yazarların müəyyən auditoriyası, çevrəsi var. Hərəsi bir dəfə facebook – da status yazsa, bir dəfə çap olunub ətrafını təqdimata dəvət etsə, bir dəfə hardasa həmin nəşr evinin adını çəksə baxın nə boyda havayı reklam olur. Sonradan tanındıqca, işlər yoluna düşdükcə daha böyük gəlir üçün artıq dünya ədəbiyyatına üz tutmaq, çağdaş imzaları çap etmək əlverişli idi deyə yerli yazarlara ehtiyac qalmırdı. Misal var, eşşəyə min ata çatanacan. Bax bizim nəşr evlərinin bəziləri, bəzi kitab alverçiləri yerli yazarlardan həmin bu eşşək kimi istifadə etdi.

- Sizin də tərcümələriniz var. Ümumiyyyətlə, bu gün nəşriyyatların tərcümə işində uğurlu olduğunu düşünürsüzmü?

- Tərcümələrin olması yaxşıdı, ancaq yaxşı tərcümə işin daha önəmli tərəfidi. Elə tərcümə var oxuyursan sanki azərbaycan dilindədi, ancaq nəsə aydın deyil, başa düşə bilmirsən mətn nə deyir. Tərcümə əsəri yenidən yazmaq kimidi. Bu məqamda çevirənin dilə münasibəti, dilə qarşı həssaslığı üzə çıxır. Bütün hallarda dünya ədəbiyyatını ölkəmizə daşımaq çox vacibdi.

- Siz həm də publisistik yazılar yazırsınız. Xeyli də reaksiya doğurur. Publisisitikanıza daha çox diqqət yönəlir. Uğurlu publisist obrazı yazıçı kimliyinizə əngəl olmur?

- Yox. Publisistika da yazıçı işidi. Publisistika ədəbiyyatdan kənar faza deyil. Mətn varsa yazıçı da var. Əksinə, publisistika bayaq dediyim problemin – toplumun çağdaş yazarlardan, ədəbiyyatdan xəbərsizliyi – aradan qaldırılmasına kömək edir. Azərbaycan xalqı yorğundu. O, ölkəsi ilə, konkret özünü narahat edən məsələlərlə bağlı qısa, aydın və ürəyindən xəbər verən yazılar oxumaq ehtiyacı duyur. Ola bilər dünya ölkələrinin yazarlarının bədii mətnlərinə meyllənsin, çünki onu Almaniya, İngiltərə cəmiyyətində baş verən problemlər dərindən maraqlandırmır. Həmin ölkə yazarının iri həcmli kitabını vaxtını səmərəli keçirmək üçün, mütaliə üçün oxumaq istəyir. Bizdən isə gözləntisi fərqlidi. Bizdən dərdinə şəriklik gözləyir. Aman vermir ayağımızı ayağımızın üstünə qoyub romançılıq edək.

- Azərbaycanda jurnalistika və publisistikanın bu gün ən aktual problemləri nələrdir?

- Reklam. Bir biznesmen dostum var. Şirkətini reklam etmək istəyir, ancaq etmir.
Qorxusu var. Gözə girməkdən çəkinir. Çünki problemləri yarana bilər. Gəlib başının üstünü kəsdirib lazımsız “ şapkalar” istəyə bilərlər. Bu səbəb şirkət rəhbərlərinə istədikləri mətbu orqanında reklam yerləşdirməyə mane olur. Azad reklam bazarı olmadığı üçün də mətbuat əziyyət çəkir. Gəliri azdı deyə işçiyə yüksək qonorar verə bilmir. Ehtiyac içində olan jurnalist, publisist həvəslə işləyə bilmir uzun müddət. Bezir, tükənir. Hər kəs zəhmətinin qarşılığı üçün nələrə nail olmaq istəyir bu geniş dünyada. Amma biləndə ki, nə etsən də öz peşənlə varlana, normal insan kimi yaşaya bilməyəcəksən işinin fanatı olsan belə bir gün təngə gəlirsən. Qəzetlərin isə ən böyük problemi köşklərin olmamasıdı. Qəzet reklamlarının heç harda yer almamasıdı. PR sızlıqdı. Elə yazıçıların da ən böyük problemi budu. Kitab reklamı yoxdu, mağazalar çox azdı, kitab dağıtımı ilə məşğul olan şirkətlər mövcud deyil. Yazıçı bilmir yazsın, kitab çap etsin, mağazaya paylasın, satışla maraqlansın. Dəhşətlidi.

- Sizdən məsləhət alan gənclərə istiqamət verirsiz yoxsa siz də ünsiyyətdən qaçırsız?

- Kim məsləhət istəyirsə bildiyimi əsirgəmirəm. Bəzən özüm seçirəm istedadlı gəncləri. Özüm düşürəm dalınca, yazdıqlarını oxuyuram, doğru bildiyimi bölüşürəm.

- Yeni şeir kitabı sürprizi olacaq?

- Yeni şeirlərim çox deyil. Planımda yoxdu. Bəlkə də...


- Dünya ədəbiyyatında və Azərbaycanda ən sevdiyiniz şairlər kimlərdir?

- Uşaqlığım Məmməd Arazın, Əli Kərimin şeirləri ilə keçib. Onların şeirlərindəki vurğuya bayılırdım. Məmməd Arazın səmimi pafosunu, Əli Kərimin sirrini canıma çəkirdim. Eldar Baxışı, Vaqif İbrahimi, Vaqif Səmədoğlunu, Vaqif Odəri, Ramiz Rövşəni, Salam Sarvanı sevirəm. Ancaq bir fakt deyəcəm. Biz bayaq söz açdığımız verilişdə Fuad Poladov musiqinin müşayiəti ilə bir şeir deməliydi. Biz bunu Fazil Sayın konsertində Genco Erkalın səsləndirdiyi Nazim Hikmətin “ yaşamağa dair” şeirinə alternativ kimi düşünürdük. Onda bütün Azərbaycan poeziyasını ələk-vələk elədik. “Yaşamağa dair” ə uyğun mövzuda şeir tapa bilmirdik. Müşfiq, Vaqif İbrahim, Səmədoğluda ilişdik, ancaq yenə də o deyildi. Çağdaş şairlərə - içi mən qarışıq baş vurduq. Hamısında nəinki insan, həyat özü ölmüşdü. İnsanlara yaşamağı öyrədən, həyat işığı olan şeir tapmırdıq. Hədsiz kədərli, küsgün, majorla dolu. İlahi, necə bədbəxtlik yağır bizdən...Hamısında məğlubuq. Dostum demiş, bizim qələbə günümüz yoxdu. İl boyu yas keçiririk, işğal günləri anırıq. Bu ciddi səbəbdi. Düşünürəm poeziya həssas sahə olduğu üçün bütün bu acıları canına çəkib. Ən sonda Ramiz Rövşənin “Başı kəsik gözəl kötük” şeirində dayandıq. Bu şeirdə məğrurluq var, məğlubiyyət sünidi. Fidel Kastronun dediyi fikrin poetikası var. “Diktatorlar yıxılsa heç vaxt qalxa bilmirlər, ancaq mübarizlər yıxılsa nə zamansa qalxırlar”. Onların həyatı boş yerə deyil. Nazimin dediyi kimi “ üzünü belə görmədiyin insanlar üçün ölə bilməkdi yaşamaq” . Ona görə də mən Ramiz Rövşənin haqqını yeyə bilmərəm. O bizim poeziyamızın Fidel Kastrosudu.


- Bəs yazarlar?


-Bizdə yaxşı yazıçı çoxdu.

- “Qadın yazar” ifadəsi sizdə də qıcıq yaradır?

- Artıq “ qadın yazar” motivli suallara, ifadələrə ciddi yanaşa bilmirəm.


- Nobel mükafatına münasibətiniz maraqlıdır. Azərbaycanda bu məsələyə çox fokuslanılmırmı, sizcə?

- Nobelə fokuslanmaq önəmlidi. İçimizi böyük arzularla doldurmaq gərəkdi.


- Həyatınızı dəyişən altı əsər adı çəkə bilərsiz?

- Həyatımı dəyişən yox, ancaq altı əsər adı çəkə bilərəm. Voyniç – “Ovod”, Jorj Sand – “Konsuelo”, Virjinia Vulf- “ Özünə aid bir otaq”, Şarlotta Bronte – “Cen Eyr”, Elif Şafaq – “Aşk” , Kamyu – “Yad”, Moem – “Ay və qara qəpik”, Harold Robins – “Yalqız qadın”, Pamuk – “Acı həyat”, Bredberi –“Farenqeytlə 451 dərəcə”, Nəcib Məhfuz- “ Fivin mübarizəsi” . İndi Kamyunun “ Çöküş”ünü oxyuram. Eləcə hər dəfə kitabı götürüb bir yerindən oxuyuram. Fal kitabı kimi açıram. İndiki ruh halımla üst-üstə düşür.


- Təkamül Nəzəriyyəsinə inanırsız?

-Təkamülü “insan meymundan əmələ gəlib” kimi ifadə edib "bəs niyə indi meymun insana çevrilmir" kimi sual qoyulmasını bayağı sayıram.
Çünki təkamül insnaın meymundan əmələ gəldiyini demir. Bütün canlıların ilk canlı hüceyrə olan probiontlardan yarandığını deyir. Üstəlik, yaşamaq uğrunda mübarizədə güclülərin qalib gəlməsi də təkcə təbiətə aid deyil. İnsan cəmiyyətində bütün reallıqlar buna sübutdu. O ki, qaldı dinin iddiasına, ilk insanın Adəm olmasına, buna Oşonun yanaşmasını çox sevirəm. Onun “ Kişilər üçün” kitabı belə başlayır: İlk insan Adəmdi. Çünki ilk dəfə Tanrıya məhz o, yox deyib. Yaradılışla bağlı isə dünyanın yaranmadığına və yaradılmadığına inanıram. Dünya var və olub.


- Fəlsəfədə ən sevdiyiniz cərəyanlar hansılardır və filosoflar kimlərdir?

- Dialektika və Sokrat.


- Ədəbiyyatçı ana obrazının bir övladın yetişməyində hansısa əlavə üstünlüyü varmı?

- Söhbət məndən gedirsə mən ədəbiyyatçı deyiləm. Yazıçıyam. Bunlar ayrı-ayrı şeylərdi. Ədəbiyyatçı anaların da nəsə ayrı növ insan yetişdirdiyini görməmişəm. İnsanı cəmiyyəti yetişdirir. Ola bilsin cəmiyyəti də analar. Düzdü, mənim formalaşmağımda anamın böyük rolu olub. Onun savadı, dünyagörüşü, yaradıcı ruhu mənə təsir edib. Ancaq tam cahil anaları olan çox maraqlı, içi zəngin, istedadlı adamlar çox görmüşəm. Məncə, bütünlükdə insanları mədəniyyət və ölkələrində mövcud olan siyasi hakimiyyət yetişdirir.

- Rasim Qaracanın yaradıcılığını izləyirsiz? AYO yenidən özünə sədr də seçdi.

- Rasim Qaracanın yaradıcılığını izləyirəm. AYO sədri haqda məlumatlı deyiləm.

- Son zamanlar ədəbiyyatın şoulaşdırılması haqqında olan giley-güzarlara qatılırsızmı?

- Dünya şoulaşıb. Siyasət özü artıq illərdi şou göstərir. Sadəcə, bu şounun qurbanları diri, canlı insanlar olur. Bu, pisdi. Ədəbiyyatın şoulaşmasının ziyanı yoxdu. Çünki ədəbiyyat dünyanı idarə etmir.

- Kişi şairlərin sevgi şeirləri qadınları cəlb edir. Bəs qadın yazarların hansı yazı yaxud fikirləri əks cinsdə diqqət yaradır?

- Mənim aktual mövzularda yazılarım, problemlərə baxışım, təhlilim kişilərin marağına səbəb olur. Bir də cəsarət. Kişilər bunu cəsarətlə edən qadınları dəyərləndirirlər. Publisistikamı ciddi izləyirlər və sevinirlər ki, bütün bunları bir qadın yazır. Kişilərin qadını aydın obrazında görmək xoşlarına gəlir. Onlar ağılın tərəfindədilər. Yalan sözdü ki, onlar ağıllı qadını sevmirlər. Əksinə, bir cümlənlə sən onların gözündə çox ciddi yeri tuta bilərsən. Axmaq qadını axmaq kişilər sevir.

- Mentaliteti necə izah edərsiz?

- Xalqın düşüncə kodeksi.

- Kitab dünyasının bir parçası olan qadınlar mütləq yaxşı yemək bişirməlidirmi?

- Çox istedadlı qadın çox da yaxşı yemək bişirir. Kitab dünyasına aid hər qadının mətbəx bacarığı olmur. Ancaq olmalıdı deyə bir şərt də yoxdu. Yemək bişirmək istəmirsə məcbur etmək vəhşlikdi.

- Hansı musiqiləri sevirsiz?

- Mahnıdısa sözlərinə mütləq fikir verirəm. Çirkli sözləri olan mahnıları musiqi gözəl olsa belə dinləyə bilmirəm. Saundtreklər, kompozisiyalar, instrumentallar isə ya gərək üsyankar ladda olsun, ya da pıçıltıda. Janr olaraq hamısında sevimli əsərlər və ifaçılar var.

- Film izləyərkən aktyora yoxsa rejissora daha çox fikir verirsiz?

- Əvvəlcə rejissora, sonra aktyora.

- Yaşamaq maraqlıdır, ya ölüm?

- Sokrata ölüm hökmü kəsirlər. Zəhər içib özünü öldürməliydi. Son anda deyir: “Mən həyatı daddım. Yaşamaq nədi onu bilirəm. İndi də ölümü dadmaq istəyirəm.” Ölüm kənardan qorxulu gəlir. Hamı öləninə ağlayır. Bu təbii hisdi. İnsan yaşamağın əslində gözəl olduğunu bilir. Nə qədər o dünya bu dünya desə də hər kəs öləni üçün ağlayır, üzülür. Mən ölümü dadmaq istəyirəm, çox istəyirəm, ancaq özümü buna tam hazır hiss etmirəm. Yaşamağa maraq öləndə alternativ kimi insanlar ölümü seçirlər. Demək ki, yaşamaq daha maraqlıdı.


- Arzu və azadlığın ilişkisini necə şərh edərsiz?

- İnsan arzuların belə əsirinə çevrilə bilər və bu, onu azadlıqdan məhrum edər.

- Elmlə bağlı baş verən yenilikləri izləyirsiz?

- Arada. İndi gözləyirəm görüm “ hər şeyin nəzəriyyəsi” nə ilə yekunlaşacaq. Bir də nano zərrələrin daha nəyə tətbiq ediləcəyi maraqlıdı.

- Heykəltəraşlıqla bağlı mədəni yeniliklərə heç marağınız olub?

- Rastıma xəbər çıxanda oxuyuram. Ancaq evdə oturduğum yerdə özəlliklə açıb heykəltaraşlıqda nə yeniliklər var marağı ilə araşdırma aparmamışam. Ümumilikdə rəssamlığa xüsusi sayğım var.

- Muzeyə, teatra, yoxsa sərgiyə getmək daha maraqlıdır?


- Muzeyə getmək maraqlıdı. Teatra getmək rahatlıq gətirir. Sərgi göz oxşayır.

- Maarifçi kimə deyilir?

- Xalqın müəlliminə. Bunun üçün çalışana, xalqını ayıltmaq, aydınlatmaq istəyənə.

- Analar olmasaydı dünyada həm də nə olmazdı?

- İnsan və Tanrı. Çünki qadından insan çıxdığı üçün ilk dəfə onu Yaradan hesab ediblər.

- Peşmanlıq duyğusu daha önəmlidir, yoxsa vicdan?

- Vicdan. Vicdan dayaq nöqtəsidi. Vicdan olmasa hər şey məhvə məhkumdu. Vicdan bəşəriyyəti tarazlaşdıran çəki daşıdı. Böyük psixoanalitik Frankl yazır ki, hər situasiyanın öz mənası var. İnsanın situasiyaya münasibəti həmin mənanı müəyyən edir. Mənanı tapmağa kömək edən mexanizm isə vicdandı.

- İnsan azadlığa məhkumdur?

- Sartrın bu fikrini mən bir az başqa cür ifadə edərdim. Azadlıq insana məhkumdu. Onunla necə davranacağını insan özü seçir. Azadlığa çəki verən də, onu gözdən salan da insandı. Azadlıq təsəvvürünü yaradan da insandı. İnsan azadlığa məhkumdusa artıq azad deyil. İnsan yaşamağa məhkumdu - ölümü seçməsə...

Hazırladı: Tural İsmayılov,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ