“Yazıçı partiyalı olmamalıdır...” – Müsahibə |MANERA.AZ

Tarix:12-11-2016, 11:30 Baxış Sayı:1410

“Yazıçı partiyalı olmamalıdır...” – Müsahibə |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi şair, yazar Rasim Qaracadır.

“Yazıçı partiyalı olmamalıdır...” – Müsahibə |MANERA.AZ
- Rasim bəy, hazırda nə işlə məşğulsuz?

-İndi üzərində işlədiyim bir kitab var, elə sizin burada verdiyiniz sualları daha geniş əhatə edən avtobioqrafik roman üzərində işləyirəm, Azərbaycan kimi bir yerdə özünü ədəbiyyata həsr etmiş bir gəncin keçdiyi yolları, bizim şərtlərdə yazıçı olaraq özünü ifadə etmənin hansı maneələrlə üzləşdiyini, ədəbiyyat mühitini, əsl olanla saxta olanın fərqini, ideallarımı, uğurlarımı və uğursuzluqlarımı anlatmaq, öz şəxsi təcrübəmdə Azərbaycan yazıçısının portretini yaratmaq istəyirəm. Hesab edirəm bunu etmək lazımdır, ədəbiyyat prosesi gələcəkdə də davam edəcək və gələn yeni nəsillər bu günlərə necə gəlindiyini bilməlidir, onlar nələri atıb nələri tutmalıdır, bunu göstərmək istəyirəm.

- Necə oldu ki, ədəbiyyatla maraqlandız? Uşaqlıqda formalaşmış bir istedaddır sizdə mövcud olan da?

-Mənim düşüncəmə görə bədii mətnlərlə özünü ifadə etmək insanın fitrətində, başqa sözlə desək yaradılış proqramında var. Milyonlarla insan şeir yazır. Həm də “şeir nədir?” sualı əbədi cavabsız qalmaqda davam etdkcə bunu edirlər. Nə üçün edirlər, net bir cavabı yoxdur. Məınim düşüncəmə görə yazmaq hər kəsin haqqıdır. Artıq elə bir zamana gəlmişik ki doğrudan da hər kəs yazır, facebook-da, tvitter-də, bloqlarda. Yazmadan olmaz, gələcəkdə hər kəs yazacaq, sanıram yazmaq kütləvi hal alacaq. İndi uzaq görünən yetmişinci illərdə, mənim uşaqlıq çağlarımda Əli Bayramlı kimi dünyanın unudulmuş bir məkanında bir məktəblinin şeirlər və hekayələr yazmasını ana təbiətin bir çağırışı kimi qəbul edək. İmkanların son dərəcəyə qədər məhdud olduğu o illərdə, insan ruhunun siyasi qəliblərə salındığı bir quruluşada sadə ailələrdən kimlərinsə ədəbiyyat sahəsində önə çıxması həqiqətən möcüzəyə bənzər bir hal olmalıydı. Biz bu yolu böyük məhrumiyyətlərlə keçirdik, şeirlərimi ilk dəfə 29 yaşımda, ilk kitabımı 42 yaşımda çap etdirməyim buna sübutdur. İndi gənclər istərlərsə 20 yaşında da kitabını çap etdirə bilər. Ədəbiyyatla məşğul olmağı mən seçilmiş “istedadlı” insanların onlara tanınmış bir üstünlüyü hesab etmirəm. Bədii mətn yazmaq hər kəsin haqqıdır. Bəli, ədəbiyyata karyera məqsədilə gələnlər onu bir kahin yuvasına çevirməkdə maraqlıdırlar və imkan olduqca da başqalarının bu sahəyə girməsinə əngəl olmağa çalışırlar. Halbuki yaradıclıq sərbəst yarışma meydanıdır, birincilik haqqı hər kəsə verilib. Talant hər kəsdə var, ancaq kim bu işə daha çox zəhmət qoyacaqsa o da qazanacaq. Yaxın tariximizdə, Müşviqlərin, Cavidlərin timsalında sıradan çıxarılanları, öz şair dostlarının bunda maraqlı olduğunu görmədikmi? Mənim yaradıcılıqdakı idealım budur: mən ana təbiətin çağırışyla yazıram, bu mənim ibtidai haqqımdır və bu haqqımı əlimdən alanlara qarşı barşmazam. Dahası, ədəbiyyat mühitini öz iyrənc mənəmlik iddialarıyla çirkləndirənləri də görməyə gözüm yoxdur.

- Şeir yazmağa necə başladız? Əvvəllər nədən yazırdız daha çox?

-Necə başladığımı xatırlamıram. Ancaq uşaq yaşlarımda həm rəssamlığa, həm aktyorluğa, həm də musiqiyə həvəsli olmuşam. 6-cı sinifdə oxuyarkən məktəb xərcliyimi toplayıb özümə tar almağım, paytaxt Moskvadan sifarişlə boya-fırça naboru gətirtməyim, yaşadığım şəhərdəki mədəniyyət evində teatr dərnəyinə yazılmağım – bunlar hamısı öz şəxsi təşəbbüsümlə olub, lakin bu məşğuliyyətlərim valideynlərimin xoşuna gəlməyib, qarşı çıxıblar, mənim daha mötəbər peşəyə yiyələnməyimi istəyiblər. Şeir yazmaq son sığınacaq yeri olub, çünki yazdıqların artıq göz önündə olmur, bir dəftərə yazıb gizlədə bilirsən. O qaranlıq illərdə şeir yazmaq bir təsəlliydi, sığınacaq yeriydi. İlk başlarda qoşma üslubunda şeirlər yazmışam, sonralar oxuyub öyrəndikcə üslubumu dəyişdirmişəm. İnkar olunduqca mən də inkarçı olmuşam, dünyagörüşümdə devrimçilik cəhətləri formalaşıb, inkar mübarəkdir demişəm, öz yolumu, üslubumu tapmağa çalışmışam.

- AYO necə formalaşdı və sizin orada təmsil olunmağınızla nə dəyişdi? Fərhad Yalquzaq indi AYO sədri seçilib, amma əvvəlki gücünüz qalmadığı söylənilir.

-2000-ci illərin əvvəllərinədək çap olunmaq hələ də problematik olaraq qalırdı. Baxmayaraq ki, müstəqil dövlət olmuşduq, sovetlər getmiş, yerini liberal dəyərlər tutmuşdu, ancaq dövlətin tanıdığı yeganə rəsmi Yazıçılar Birliyi hakimiyyətini qoruyub saxlayırdı. Biz öz alternativ yazıçı təşkilatımızı yaratdıq, tezliklə ilk müstəqil ədəbiyyat jurnalını, “Alatoran”ı buraxmağa başladıq və nəticələr də əldə etdik, Yazıçılar Birliyindən kənarda da qüvvələr olduğunu göstərdik və ədəbiyyat prosesinin mərkəzi halına gəldik. 10 illik aktiv fəaliyyət nəticəsində mənzərəni öz xeyrimizə dəyişdik, ədəbiyyat böyüklərinin yanlış mövqeyini ifşa etdik, yeni imzalar yetişdi və əslində bugünün əsas imzalarının AYO ətrafında olduğunu sübuta yetirdik. Bir sıra olumsuzluqlar yaşadıq, xüsusilə Rafiq Tağının ölümü əhval-ruhiyyəmizi korladı, sıralarımızdan bir neçə nəfər partiyalı ədəbiyyatın cəbhəsinə keçdi, çox keçmədən jurnalımız fəaliyyətini dayandırdı. Mən 7 il müddətinə AYO-nun sədri olaraq fəaliyyət göstərmişəm, mətbuatda səslənən iradları, guya “kreslodan” düşmək itəmədiyimi deyənlərin tənqidini nəzərə alıb könüllü olaraq bu vəzifədən imtina etmişəm, sonrakı illərdə, Rafiq Tağı, Günel Mövlud, Aqşin Yenisey, Seymur Baycan, Namiq Hüseynli, Fərican Yarən təşkilatımıza rəhbərlik etdilər, Hal-hazırda, üç həftə bundan öncəki toplantımızın qərarıyla Fərhad Yalquzaq AYO-ya rəhbərlik edir. Fərhad aktiv təşkilati fəaliyyətdə qərarlıdır, ondan yaxşı şeylər gözləyirik. İlk növbədə sıralarımıza yeni üzvlər qəbul edəcəyik və jurnalın yenidən nəşrə başlamağı da düşünürük.

- Nəsrlə aranız necədir? Nəsrdə yazdığınız ən uğurlu əsərlər hansılardır?

-Belə bir yanlış təsəvvür var, şeir yazdınsa sanki bu janr sənin boyuna biçilir, ictimai rəy sənin nəsr yazmanı qəbul etmir. Halbuki bədii material səndən öz janrını tələb edir, hekayə şəklində yazacağın bir yazını şeir şəklində ifadə etməyə bilərsən, hər janrda peşəkarlaşmaq, texniki özəlliklərini öyrənmək səbr və zəhmət tələb edir, ideya olaraq bütün janrlarda ixtisaslaşmaq mümkündür, lakin dövr, zaman, iqtisadi şərtlər çox zaman bizim milli yazarların bədii mətn üzərində uzun vədəli fokuslanmasına imkan vermir, stabil gəlir qaynağı və bir yazıçıya lazım olan yaradıcılıq mühiti hər kəsə nəsib olmur. Bir çox yazıçılar Allah vergisinə, təbii istedada arxalanıb, ədəbi yaradıcılığın həm də böyük zəhmət və yeri gəlsə qurbanlar tələb etdiyini unudurlar. Şəxsən mənim özümdə də belə olub, illərlə ayrıca otağımın olmasını, hətta yazı masamın olmasını arzulamışam, finans vəziyyətimi düzəltmək üçün 8 il Rusiyada işləmək məcburiyyətində qalmışam... Bütün bunlar bizim gerçəklərimizdir, gizlətməyin adı yoxdur. Nəticədə məhsuldar bir yazıçı deyiləm, hər zaman təkərlər üzərində olan bir yazarın seçə biləcəyi ən optimal yola baş vuraraq mən də minimalist janra üstünlük vermişəm, o şeyləri ki qatarda, təyyarədə və iki daşın arasında yazmaq mümkün olub. Uğurun nə olduğunu bilmirəm, ölçü vahidi nədir və kimə görə uğur? Özünü əbədiyyətə sırıyan, “qalıcı” əsərlər yazmaqdan ötrü yırtınan yazıçılar məndə gülüş doğurur, onları sadəcə axmaq hesab edirəm. Mənim üçün bu gün önəmlidir və öz məmnuniyyətim önəmlidir. Həyatın poeziyasını duymaq və yaşamaq, kefin istəyəndə nələisə kağıza köçürtmək...

- O vaxtlar məşhur adyazar.az saytını təsis etmişdiz. Sonradan saytın aqibəti necə oldu?

-alatoran.org, enyeniedebiyyat.com. adyazar.az, literaz.com – bunlar bilavasitə mənim qurduğum ədəbiyyat saytlarıdır, hər biri yeni ədəbi güclərin tribunası olub, hal-hazırda enyeniedebiyyat.com və adyazar.az fəaliyyətini dayandırıb. AYO qrupuna aid daha bir saytımız var, kultura.az, bu saytın da qurucuları Əli Əkbər və Seymur Baycan olub, sayt hələ də fəaliyyətini davam etdirir, bütün bu saytlar müstəqil ədəbiyyatın formalaşmasına xidmət göstərib və çox zəngin material bazasına malikdir.

- Alatoran necə ərsəyə gəldi? Sizin həm jurnalınız, həm də tərcümə etdiyiniz kitablar sevilirdi, indi də sevilir. Qarşıda bu silsilədən hansısa yeniliklər gözlənilir?

-Ədəbiyyat jurnalı buraxmaq çoxdankı arzum idi, 2004-cü ildə qeydiyyat məsələsi sadələşdiriləndən sonra bu arzumu gerçəkləşdirə bildim. AYO var idi, aykırı düşünən yazarlar özləri gəlib bizi tapırdı, jurnal üçün material bol idi. Maddi çətinliklərə baxmadan mən bu işi görürdüm. Çünki jurnala və ya yeni ədəbi qüvvələrə cəmiyyətdə tələb vardı, bu anı görmək, dəyərləndirmək lazım idi. Məcazi dillə desək, ideya havadaydı, sadəcə olaraq onu gerçəkləşdirmək lazım idi, mən də bunu etdim. Əlbəttə ki, Alatoran kollektiv əməyin məhsuluydu, əsərləri toplayır, tərtib edir və juranlı buraxırdıq. “Sən bizim əsərlərimizi toplayıb jurnal buraxırsan, özünə şöhrət qazanırsan”, deyənlər də oldu. Sözlərində həqiqət vardı, lakin indi o illərə baxanda görürəm, mən özüm də daxil olmaqla AYO-çular ən yaxşı əsərlərni elə o zamanlar yaradıblar. Bu, müstəqil ədəbi hərəkatın nə qədər önəmli olduğuna bir sübutdur. Bəzi dostlarımız bir yerdə olmanın nə qədər dəyərli olduğunu anlamadılar. İndi də yeni istedadlı gənclər gəlir ədəbiyyata, ancaq Alatoranın təqdim etdiyi imzalar kimi parlaya bilmirlər, çünki o ideal artıq yoxdur.

- Kitablarınızdan ən uğurlusu hansıdır?

-Mənə görə bütün kitablarım uğurludur, uğurlu saymasaydım onları çaplamazdım, təbrizlilər demiş. Ancaq baxır biz uğur nəyə deyirik. Oxucuyla mənim aramda konflikt var, bunu mən özüm belə istəyirəm, orta statistik oxucu məni qəbul edə bilmir, lakin inkar da edə bilmir, Azərbaycan oxucusu məni öz fokus dairəsində saxlayır, amma qəbul etməyə hazır deyil. Çünki kütlə üçün yazmıram və sevilmək dərdim də yoxdur, prinsipial olaraq əbədiyyətə düşmək arzusuna neqativ baxıram və bu arzuyla yaşayanları da gülünc hesab edirəm. Ədəbiyyat sahəsində dəyərlərin yerbəyer olması uzun vədəli prosesdir. Məncə əsl dəyərlər xarici naşirlərin Azərbaycan ədəbiyyatı ilə maraqlanmağa başladığı zaman ortaya çıxacaq.

- Kitab mağazası da açmışdız. İndi fəaliyyətinizdə durum hansı yerdədir, ümumiyyətlə, kitaba maraq sizi qane edirmi əvvəlki illərlə müqayisədə?

-Kitab mağazasını cəmi 4 ay işlədə bildik, rentabelli olmadığı üçün davam etmədik. Kitaba maraq hər zaman olub, ancaq manatın iki dəfə ucuzlaşması oxucunun alıcılıq gücünü azaldıb demək olar. Ümumən kitab sahəsinin - buraya yazardan tutmuş, nəşriyyat, satış şəbəkəsi və oxucular da daxildir - islahatlara ehtiyac var, daha doğrusu bu sektorun indiki idarəetmə modeli demokratik deyil. Qanunvericiliklə bağlı məsələlər var, nəşriyyatlar rəsmi olaraq ƏDV-dən azad olunmalıdır, ən azından uşaq ədəbiyyatının təşviqi üçün xaricdən gətirilən kağızın vergiləndirilməsində güzəştlər olmalıdır. Ən böyük çatışmazlıq nəşriyyatlar arasında birliyin olmamasıdır, bütün mədəni ölkələrdə nəşriyyatlar birliyi var və onlar öz problemlərini birlikdə həll etməyə çalışırlar, Hətta dünya nəşriyyatlar birliyi də vardır (International Publishers Association). Bizdə isə nəşriyyatlar çətinlikləri öz imkanları hesabına aşmağa açılışırlar, nəticədə isə ümumən kitab sektoru axsayır. Bu və digər səbəblər üzündən kitabların çapı baha başa gəlir. Nəşriyyatlara güzəştlər olarsa kitabları daha ucuz qiymətə çap etmək olar və əhalinin oxuyan imkansız təbəqəsi də bundan bəhrələnər. Daha yaxşı olardı ki, ölkədə düzgün iqtisadi islahatlar aparılardı, əhalinin gəlir imkanları və mədəni səviyyəsi artardı, o zaman indiki qiymətlər o qədər də qorxunc görünməzdi. Başqa bir məsələ, TV-lərdə əhalinin maarifləndirilməsiylə bağlı verilişlərə yer verilmir. Oxumanın. öyrənmənin nə üçün vacib olduğu bütün vasitələrlə təbliğ olunmalıdır. Halbuki kitaba veriləcək 5 manatın çox olduğunu düşünən gənc bu pulu çox rahatlıqla siqaretə və başqa əyləncəyə xərcləyə bilir.

- Dünya ədəbiyyatında sevdiyiniz şairlər kimlərdi?

-Dünya ədəbiyyatından xüsusi sevdiyim bir şair adı ağlıma gəlmir, bəlkə Pablo Neruda, Yannis Ritsos, Çarlz Bukovskinin, X.Borxesin adlarını çəkə bilərəm. Bütün hallarda bizim poeziya şərq elementləriylə yoğrulmuş poeziyadır, şeir zövqümüz də bunların üzərində formalaşıb. Buna görə də biz dünya şeirindən danışanda artıq bizə dəxli olmayan və ya bizə yad olan başqa bir şey haqqında danışmış kimi oluruq. Klassik Qərb şeirindən söhbət gedirsə onun həm musiqisini, həm dil naxışlarını dərindən duymalısan, tərcümədə bu özəlliklər yox olub gedir, yabancı dilim olmadığı üçünsə dünya ədəbiyyatından kimlərisə seçib bəyənməyim o qədər də asan deyil. Müasir Qərb şeirisə bizim anlayıb sevəcəyimiz türdən deyil. Çağdaş dünya şeirindəki tendensiya bundan ibarətdir ki, artıq dil oyunları, ritm elementləri, qafiyə kimi ünsürlər əhəmiyyətini itirib, şeir bir mənada rəssamlıq sənətinin sözlərldəki uzantısına çevrilib, sözlərlə çəkilmiş tablo, rənglər arasında kontrastlılıq, poetik dramaturgiya elementləri, hekayəvilik və s. özəlliklər ön sıraya keçib. Son illərdə, google translatorun sayəsində mən müasir amerikan şairlərini oxuyuram, sizə deyim ki, çox yaxşı da başa düşürəm onları. Özüm də bu cür şeirlər yazmaq arzusundayam, yəni elə şeirlər yazmalı ki, google translatorda mənasını itirməsin. Yeni dövrün meyyarlarından biri də yəqin ki belə olacaq: elektron tərcümədə səndən nə qalırsa demək elə osan.

- Bəs yazıçılar?

-Mənim üçün ən yaxşı yazıçılar uşaq yazıçılarıdır, çünki bədii ədəbiyyatdan alınacaq ən maksimum zövqü bizə onlar yaşadıblar. Mark Tven, Daniel Defo, Aleksandr Düma, Valter Skott, Viktor Hüqo, Jül Vern, Mayn Rid, Fenimor Kuper, F.Dostoyevskiy, Şolom Aleyxem, Cek London, R.Kipling, Canni Rodari və onlarca başqa adlar. Məncə elə uşaq yaşlarında insan ədəbiyyatın sehrinə düşür, uşaq ədəbiyyatının təsirilə yazıçı olmaq arzusu doğulur. Sonrakı yaşlarda oxuduqların isə yəqin ki, uşaqlıq zamanlarındakı həmin oxu həzzini bir daha yaşamaq instinktindən qaynaqlanır. Klassikaya baxdığımızda, öz dövrlərində böyüklər üçün yazılmış əsərlər zaman keçdikcə uşaq ədəbiyyatına çevrilib. Buna görə də müasir yazarın yeni bir missiyası var, böyükləri məşğul edəcək əsərlər yazmaq, daha doğrusu, intellektual əsərlər yazmaq, yəni intellekt açısından müəyyən dərəcə qazanmış oxuculara xitab etmək. Son vaxtlar oxuduğum bir kitabı adını çəkə bilərəm, Zeruya Şalevin “Sevgi həyatım” romanı. Həqiqətən insan zəkasını məşğul edən əsərdir, həm erotika var, psixoloji sillogizmlər, alışılmış dəyər sisteminə üsyan və s. də öz yerində.

- Həm modern dövrə qədərki, həm də çağdaş Azərbaycan ədəbiyyatında ən sevdiyiniz şairlər kimlərdir və niyə onları sevirsiz?

-Mənim düşüncəmə görə ən pis şairin də heç olmasa bir yaxşı şeiri olur. Yaxın tariximizə baxsaq, 37-ci illərdə həm repressiyaya uğrayanların, həm də onlardan donos yazan şairlərin yaxşı şeirlər yazmış olduğunu görərik. Adam bilmir neyləsin, görürsən əclafın biridir, amma yaxşı şeirləri də var. Buna görə də ad çəkməyə çətinlik çəkirəm. Mənə görə yeni şerimizdə gənc yaşlarda ölən iki kristal şəxsiyyət var, Mikayıl Müşfiq və Əli Kərim. Başqa yaxşı şairlər də var.

- Sizin üçün beyninizə həkk olan Azərbaycan yazıçıları kimlərdir?

-Mirzə Cəlil, Ə.Haqverdiyev, J.Çəminzəminli, Cəfər Cabbarlı, Sabir Əhmədli, Çingiz Hüseynov, Sara Nəzirli, Rafiq Tağı, Seymur Baycan.

- Publisistik yazılar və esselər də yazırsız. İndi publisistikamızın əsas problemləri nədən ibarətdir?

-Klassik publisistika artıq öz əhəmiyyətini itirib. İndi Facebook-da yazılan statuslar daha aktualdır. Çünki bu statuslar interaktivdir, dərhal oxucu rəylərini ardınca gətirir.. Publisistikamızın əsas problemi, Facebook diliylə desək, müəlliflərin öz yazılarını “like”a hesablamasıdır, cəmiyyətin ağrılı məqamlarına toxunub çozüm yollarına diqqəti cəlb etməkdənsə öz düşmüş eqolarını önə çıxartmaq istəyi ümumi mənzərəni bulandırır.

- Aqşin Yeniseylə nəsə probleminiz yoxdur ki?

- Aqşin mənim övladım kimidir, onun həm şair, həm də şəxsiyyət olaraq meydana çıxmasında əməyim az olmayıb. Əslində mən sizdən soruşmalıyam, Aqşin Yeniseylə nə probleminiz var? Nə üçün onu tərifləyib göylərə qaldırdınız, gücü çatmayan şöhrətlə yüklədiniz? Nəticəsi göz qabağındadır. Dünən yayımlanan şeirlərini oxudum, sanki yazmağa məcburmuş kimi bir halı var, özünü təkrarlayır, filan şey filan şeydir, və ya filan şey filan şey kimidir, adqoymalar və bənzətmələr, düşünülərək yazılan ruhsuz şeirlər. Buna səbəb şöhrətə aludə olmasıdır, başqa sözlə, öz istədiklərini deyil, oxucunun istədiklərini yazmağa çalışmasıdır. Aqşin Azərbaycan şeirinə konseptual bir yenilik gətirdiyini demək olmasa da, kəşf olunmuşların içərisində maraqlı manevrlər etməyi bacarmış qiymətli bir şairdir, sanıram erkən populyarlıq onun daha da inkişaf etməsinə əngəl oldu. Ümumən, ona və ədəbiyyata yeni gələn başqa cavan şair və yazarlara şöhrət məsələsində ehtiyatlı olmağı tövsiyyə edirəm. Gənclər öz istedadlarını tezbazar konvertasiya etməyə tələsməməlidirlər, sənə verilmiş bu qığılcım harasa və ya kiməsə təslim etmək üçün deyil, bəlkə də onu sadəcə özündə saxlamaq və qorumaq üçündür.

- Nərmin Kamalın yaradıcılığını bəyənirsiz deyəsən. Azərbaycanda qadın yazarlara haqsızlıq edilir sizcə?

-Kimə haqsızlıq edilsə də Nərmin Kamala haqsızlıq edilə bilməz, çünki öz haqlarını çox yaxşı bilən birisidir. Məncə Nərminin şairliyi Aqşindən daha üstündür, Qərb şeir modelini mənimsəmiş, incə müşahidəsi olan, az sözlə çox şeyi deməyi bacaran, ən önəmlisi şeirimizə yeni mövzular gətirən yenilikçi bir şairdir. Gözə girmək, populyar olmaq kimi bir görməmişliyi yoxdur, halbuki buna yetəri qədər imkanı var. Azərbaycan oxucusu hələlik onu qiymətləndirmək səviyyəsində deyil təəssüf ki. Orta statistik Azərbaycan oxucusu romantikayla əlaqəsini tamamlamayıb, buna görə də Nərminə gələcəyin şairi demək olar.

- Təkamül Nəzəriyyəsinə inanırsız? İdealist və materialist fəlsəfədən hansı sizə daha yaxındır və niyə?

-Sözün düzü bu mübahisələri mən başa düşə bilmirm. Cəmiyyətimiz iki qütbə bölünüb, təkamül nəzəriyyəsinə inananlara və inanmayanlara. Qorxuram axırda metroya girəndə də soruşalar, materialistsən yoxsa idealist? Bunlar mənasız söhbətlərdir. Mən həm idealistəm, həm də materialist, çünki bəzən ideyalar məndə materiyadan öndə gəlir, bəzən də materiya olanda ağlıma yaxşı ideyalar gəlir. Təkamül nəzəriyyəsi 4-5 milyard il bundan əvvəl olmuş hadisələrin hansı başlanğıcdan qaynaqlandığının, növlərin ibtidaidən aliyəmi dəyişdiyinin, yoxsa ol deyərəkmi olduğunun mübahiəsi üzərinə elmi bir nəzəriyyədir. Bu nəzəriyyənin sübutlarına dair elmi araşdırmalar zatən bizim ölkəmizdə aparılmır, əvəzində bu nəzəriyyənin davasını alimlərdən çox bizim sıravi vətəndaşlar aparır. Mənim təklifim belədir, ey həmvətənlər, buraxın dünyadakı böyük idealistlər və materialistlər öz aralarında bu məsələni həll etsinlər, bizsə yeni müstəqil olmuş bu balaca ölkəmizin daha da güclənməsinə baxaq, həm idealistlərin, həm də materialistlərin xoşbəxt yaşayıb elmi mübahisələr apara biləcəyi bir cəmiyyət quraq.

- Fizikanı və riyaziyyatı sevmisiz?

-Fizikanı sevmişəm, ancaq riyaziyyat müəllimimiz yaxşı olmadığına görə bu fənni sevə bilməmişəm.

- Rok musiqisi və klassik Qərb musiqisini dinləyirsiz?

-Biz sovet dövrünün uşaqları musiqinin acı olmuşuq, çünki istədiyimiz musiqini tapmaq, qulaq asmaq o qədər də asan olmayıb. 70-ci illərdə, böyük makaralı maqnitafonların olduğu zamanlarda istədiyim parçanı necə çətinliklə tapıb üzünü köçürdür və dinləyirdik. O zaman Targovıda, səhv eləmirəmsə indiki “Sabina Parfümeriya”nın yerində bir plastik disk dükanı vardı, patefonda oxudulan valları deyirəm, bax o dükan mənim sevimli yerim idi. Təkcə klassik musiqi deyil, o dövrdə məşhur olan qrupların sağlam bir kolleksiyasını toplamışdım. Lakin indi, daimi internet var və hər şey əlimizin altındadır, ancaq o həyəcan yoxdur.

- Sizcə, şair nə etməlidir ki, yaxşı şeirlər yazsın?

-Yaxşı şeir yazmanın bir düsturu yoxdur və ola bilməz. Lakin bir sıra ümumi prinsipi şeir yazan hər bir kəs bilməlidir. Birincisi mən “şair” sözünə qarşıyam, mənə görə şeir yazan “insan” var, dünyada milyonlarla insan sözlərdən kompozisiyalar qurmaqdadır, heç bir şair-insan şeir yazmaq işinə bir ayrıcalıq yükləməməlidir. Buradan mənim birinci prinsipim çıxır: şair sıfır pozisyonunda olmalıdır. Sözlərin enerjisini duymaq, sözə qarşı həssasiyəti durmadan gəlişdirmək, onu psixik avtomatizm halına gətirmək lazımdır, yəni şeiri yapmaq üçün sənin xamırın hər an hazır olmalıdır. Bu iki oldu. Üçüncüsü, məncə şair hadisəyə məna verməməli, mənalı olanı görməlidir, şeirin vizuallığı önəmlidir, başqa sözlə, şeir kiçicik bir film kimi olmalıdır. Dörd: şair populyarlıqdan mümkün qədər qaçmalıdır, çünki bu həzzi daim artıqrmaq istəyəcəksən, bir növ şeirin narkomanı olacaqsan, populyarlığı saxlamaqdan ötrü publikanın bəyəndiyi ən yaxşı şeirində həbs olunub qalacaqsan, onun variasiyalarını yaratmaqla məşğul olacaqsan, özünü təkrarlayıb tükədəcəksən, bayaq Aqşindən danışanda bunu demişəm. Beşincisi, şair, yazıçı partiyalı olmamalıdır, partiyalı olmaq həyata dar bir bucaq altından baxmaq deməkdir, oysa şeirin imkanları sonsuza var.. Şair öz tənhalığına sadiq qalmalıdır. Bilmirəm bu neçənci oldu. Bunlara əməl edəndən sonra şeir özü gələcəkmi, onu da bilmirəm. Yadıma düşmüşkən bir xatirəmi danışım, 16-17 yaşlarımda şeir yazmaq məqsədilə işıqları söndürüb şam yandırıram, qarşımda ağ vərəq, oturub ilhamın gəlməsini gözləyirəm, ancaq heç nə alınmadı, ilham gəlmədi... Yaxşı şeir necə yazılır mövzusunda danışmaq heç nə danışmamağa bərabərdir son olaraq.

- Ədəbi istedad anadangəlmədir?

-Deyəsən bu suala cavab verdim, istedad özəl bir şey deyil, hər bir insan anadan istedadlı doğulur, kimdəsə o daha parlaq olur. İstedada bir Prometey qığılcımı kimi baxmaq lazımdır, qorumalı, kimsəyə təslim etməməli və satmamalısan, çünki öz qığılcımını itirmiş insanlar, - ki əksəriyyət onu naşılıq üzündən tez bir zamanda itirir, - onu səndən almaqda maraqlıdırlar və ya onlarda yoxdursa qoy səndə də olmasın deyirlər, bu üzdən də, onu satmamalı, başqa bir dəyərə dəyişməməlisən.

- Gənc ədəbiyyatçılara hansı formada dəstək olursuz?

- İndi gənclərə dəstək olmağa ehtiyac yoxdur, çox sayda saytlar var, özünüreklam imkanları genişdir, əllərinin altında internet resursları, minimum tirajla da olsa kitablarını çap edə bilirlər. Bəlkə mənim qazanmış olduğum təcrübə kiməsə lazım ola bilər, istəyənlər biliklərimdən faydalana bilər. Hər zaman gənclərlə söhbətə açıq olmuşam, məsləhətlərimi də onlardan əirgəməmişəm.

- Bir vaxtlar bir çox yazar seksual azadlıqdan bəhs edən yazılar yazırdı. Səngidi elə bil, sizin mövqeyiniz necədir?

-Yazılar yazmaq bir şeydir, seksual azad həyat yaşamaq başqa bir şey. Düşünürəm ki, mətbuatımız yetəri qədər açıqdır bu mövzulara, ancaq cəmiyyətimiz seksual azad həyat yaşamağa hazır deyil. Azərbaycan Şərqlə Qərbin kəsişmə xəttində yerləşir, burada dəyərlərin toqquşmasını və ya bir arada yaşamasını müşahidə edə bilirik. Başqa müsəlman ölkələriylə müqayisədə ölkəmizdə nisbi seksual azadlıq var. Mənim fikrim belədir ki, təbii axının qarşısı zorla alınmamalıdır, özəlliklə internet əsrində, tanışlıqların sərbəstləşdiyi bir dövrdə yaşayırıq, insanların azad seksual həyatının qarşısı alınmamalıdır, - əlbəttə ki, başqalarının həyatına mane olmadan, - çünki bu onların ən təbii ehtiyacıdır. Ədəbiyyatda isə erotika mütləq olmalıdır. Biz nağıl danışan adamın nələrisə danışıb, nələrisə gizlətməsini sevmirik, yazıçıya qarşı oxucunun münasibəti də belədir, əgər maraqlı bir əhvalat başladısa o zaman bütün təfərrüatları ilə danışmalısan. Əlbəttə ki, təsvirlər usta qələmindən çıxmalıdır.

- Ölməyə hazırsız?

- Bir gün Əzrayıl gəlib bu sualı verəcək, siz verməyin.(Gülür)

- Ailədə necə davranırsız?

- Titanik kimi.

-Hansı filmləri sevirsiz?

-Pazolinin “Sadomun 120 günü”, Tarkovskinin “Stalker”i mənimçün şah əsərlərdir. Çox sayda filmlər var, sevdiyim, təkrar baxmaq istədiyim. “İngilis pasiyent”ə dəfələrlə baxmışam. Amma filmoqrafiyam sistematik deyil.

-Gənclərə dünya ədəbiyyatından məsləhət görə biləcəyiniz beş roman hansıdır?

- Bu cwr top onluqları, beşlikləri xoşlamıram düzü, bütün dərdlərin dərmanı panaseya ola biləcək 5 və ya 10 kitab yoxdur. Oxumaq istəyən gənc adları məlum olan klassikanı 25 yaşına qədər mümkün olduqca oxuyub bitirməli, daha sonra müasirlərə keçməlidir.

-Qəlb yoxsa beyin?

-Sevgi hissi, yoxsa borc hissi – sualınız bu şəkildə sadələşdirmək istərdim. Məncə borc hissindəki müqəddəslik daha böyükdür. İnsan sevərkən deyil, borcunu qaytararkən ali varlıq olur.

Hazırladı: Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ