Ədəbiyyat haqda idman terminləri ilə danışmaq olmaz - Müsahibə |MANERA.AZ

Tarix:5-11-2016, 12:22 Baxış Sayı:853


Ədəbiyyat haqda idman terminləri ilə danışmaq  olmaz  - Müsahibə |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.


Ədəbiyyat haqda idman terminləri ilə danışmaq  olmaz  - Müsahibə |MANERA.AZ
Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi şair Səlim Babullaoğludur.

Səlim bəy, ədəbiyyata sevgi sizdə də orta məktəbdən və şagird olanda şeir yazaraq hansısa məktəbli yarışmasında qalib gəlməkdənmi başladı?

- Yox. Düşünmürəm ki, mən orta məktəbdə müsabiqədə qalib gəldiyim üçün ədəbiyyatçı oldum. Mən sözü, nitqi, danışmağı sevdim, kommunikasiyanı sevdim. Həm də əvvəlki müsahibələrimdə demişəm, indi də təkrarlayım, mənim ana tərəfmdən babalarım klassik ədəbiyyatı, divan ədəbiyyatını yaxşı bilirdilər və mənə də nələrisə öyrədirdilər. Nizami Gəncəvi, Xaqani Şirvani, Seyid Əzim kimi şairləri mənə oxuyurdular... bunların hamısı ecazkar təsir edirdi. Üstəgəl, atam da şeir yazırdı ki, bütün bunlar mənim şeirə münasibətimi və həvəsimi formalaşırıb. Müsabiqə deyirsiz, yadımdadır, doqquzuncu sinifdə oxuyanda qiraət müsabiqəsində birinci yerə çıxdım. Diplom indi də evdə hardasa durur, sonradan ədəbiyyat müəllimimə etiraf etdim ki, oxuduğum şeiri özüm yazmışam. Amma bu mənim ədəbiyyatı seçimimə təsir edən təyinedici fakt deyildi, məncə o vaxt ümumiyyətlə hər hansı qərardan danışmaq doğru deyildi. Hadisə mənim ədəbiyyatı, şeiri sevgimin bəyanı idi sadəcə. Ciddi və peşəkar ədəbiyyatla məşğul olmaq ehtirasım yox idi, şeir oxumağı sevirdim,eynən indiki kimi, elə indi də yatmadan öncə adətən şeir oxuyuram. Məktəbin son ili, tələbəlik illərimdə də ara-sıra yazırdım. Belə...

- Bəs sizi tanıdan və sizə yol açan hansısa konkret şeirləriniz varmı?

- Üç şeirim var idi. O şeirlər dönüş nöqtəsi idi. “Ad günümdə dostlarıma”, “Atama” və “Absurd” 1996-cı ilin sonları, 1997-ci ilin əvvəllərində yazdığım şeirlər idi. Dekabr və deyəsən aprel ayları idi. O vaxt ilk kitabım da çıxmışdı. O şeirləri bir neçə adama gpndərmişdim. O cümlədən Afaq xanıma. Və bir müddət sonra Afaq Məsuddan məktub aldım. Afaq xanım bir hekayəmi və “Absurd” şeirini təqdir edirdi. Ciddi bir məktubdu. Əslində Afaq xanımdan iki məktub almışdım. Hər ikisi mənim üçün olduqca əzizdir və Afaq Məsuda o məktublara gör minnətdaram. Kəsəsi, 1997-ci ilin yanvarından aprelə qədər olan dövr dönüş nöqtəsi idi,mənim üçün, bu dəqiq yadımdadır.

- Yazıçılar Birliyi ilə yollarınız necə toqquşdu?

- Sonrakı mərhələdə, 2000-ci illərin əvvəlləri. Mən o vaxtlar bir neçə qəzetdə ədəbiyyat səhifələrini hazırlayırdım. “Azadlıq” qəzetində, “Yeni Azərbaycan” qəzetində və bir çox başqa qəzetlərdə. O dövr “ədəbiyyat səhifələri dövrü” idi. 2002-ci ilin dekabrında AYB-nin katibi, mərhum Arif Əmrahoğlu zəng elədi ki, Anar müəllim səninlə görüşmək istəyir. Onda mən bir yazı yazmışdım, “Yetər bu səs-küy, dostlar!”. O yazını bəyənmişdi Anar müəllim. Mənə AYB üzvü olmağı təklif etdi və mən də o təklifi dəyərləndirdim, dedim ki, AYB-də üzv çoxdur, mən üzvlük xatirinə üzv olmayım, nəsə işlər görüm. Həmin dövrdə tərcümə jurnalları yox idi, yaxud zəifləmişdi. “Xəzər” jurnalında fasilələr vardı, “Mütərcim” arada bir dərc olunurdu, bir sıra jurnallar da sıradan çıxmışdı. “Dünya ədəbiyyatı” dərgisinin ideyasını verdim, o da, sağ olsun, bəyəndi, dəstək verdi. AYB-də tərcümə ilə məşğul oldum və “Dünya ədəbiyyatı” dərgisinin nəşrinə başladım...

- Bu qədər işinizin arasında indi də hekayə və şeir tərcümələrinizə rast gəlinir.

- Əvvəllər bəzi hekayələri tərcümə elmişəm. Bu gün buna vaxtım və həvəsim yoxdur. Yalnız şeir tərcümələrinə davam edirəm. O da sevdiyim şeirləri. Sifarişlə ümumiyyətlə tərcümə etmirəm. Daxili sifariş istisnadır.

- Hazırda həm də Yazıçılar Birliyində vəzifəniz var. Bu, artıq karyeranızda üst nöqtədir yəqin ki...

- Doğrusu, üstünü-altını bilmirəm. Mən 2014-cü ilin yayından Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədriyəm. Tərcümə Mərkəzinin rəhbəri olduğum dövrdə ildə 4 dəfə “Dünya ədəbiyyatı” dərgisinin rus, Ukrayna, İran ədəbiyyatı xüsusi sayları dərc olunub, “dünya dramaturgiyası” sayı nəşr edilib. İndi “Oman ədəbiyyatı” sayı üzərində iş gedir, bir neçə ölkə ilə əməkdaşlıq edirik. Mərkəzin nəşri olan “Ulu Çinar” jurnalının bir neçə sayı nəşr olunub. Bir çox beynəlxalq tədbirlər gerçəkləşdirmişik.

- Azərbaycan ədəbiyyatını da başqa dillərə çevirirsizmi və kimləri tərcümə edirsiz?

- Bu istiqamətdə də işlər görmüşük və görməkdəyik. Zaman-zaman bu haqda mətbuatda yazılıb. Amma dediyiniz sahə dəqiq konsepsiya, ağıllı, obyektiv yanaşma və vəsait istəyir. Birinci ikisi ilə bağlı problem yoxdur. Mən Gürcüstanda Mədəniyyət nazirliyinin müvafiq idarəsinin, Türkiyədə TEDA və Polşada Krakov Kitab İnstitutunun iş prinsipləri ilə yaxından tanışam, həmin yerlərdə işgüzar ezamiyyədə olmuşam. Sonuncu isə məndən asılı məsələ deyil. Amma yenə deyirəm, mən siz söylədiyiniz istiqamətdə çox iş görmüşəm. Sadəcə bu haqda danışmaq istəmirəm. Ayıbdır, adam öz işi haqqında danışmaz.

- ATV Kitab layihəsi necə yarandı bəs?

- ATV Kitabdan öncə biz “Kitabçı” jurnalını nəşr edirdik. Mütəxəssis rəyi belə idi ki, əla dərgi idi. Konsepsiya vardı. Gözəl kollektiv vardı. Format dərgiçilik üçün yeni formatdı. Kağız yapon kağızı idi və türkiyəli naşirlər dedilər ki, bu kağızda çıxan ilk jurnal “Kitabçı” oldu. Özü də mən təkcə bizi nəzərdə tutub demirəm. Postsovet, Şərqi Avropa və ümumtürk arealını nəzərdə tutub deyirəm. Təəssüf ki, jurnalın satışı ürəkaçan olmadı. Görünür, üzərinə əlində toyuq budu tutmuş çılpaq qadın və ya kişi şəkli qoymalıydıq. Ümumiyyətlə isə qənaətim belədir ki, bizim həyatımızın bütün sahələrində total riyakarlıq var. Şornan yağa fərq qoymuruq. Ədəbiyyat da belədir, digər sahələr də. Xərci borcunu ödəmədi deyə, təsisçimiz , ATV-nin prezidenti Vüqar Qaradağlı ilə qərarlarımız belə oldu ki, jurnalı saxlayaq və gücü verək “ATV Kitab” seriyasından kitablara. Artıq 10-cu kitabımız nəşrə hazırlanır. Bütövlükdə isə çox sevinirəm ki, həm “Kitabçı” və həm də “ATV Kitab” presedenti oldu, var, buna şərait yaratdığına görə isə Vüqar Qaradağlıya olduqca minnətdaram.

- ATV Kitabda orijinal əsərləri tərcümə edirsiz, heç vaxt bizə tanış olmayan əsərləri öz dilimizdə görürük. Bəs Mirmehdi Ağaoğlunun “Alman Malı” hekayələr kitabı və Fərid Hüseynin şeir kitabı necə bu layihəyə salındı? Üzdə olmayan gəncləri də ATV Kitab layihəsi çərçivəsində dərc etməyi düşünürsüzmü?

- “ATV Kitab” layihəsində tərəfdaşımız “Parlaq imzalar” nəşriyyatı olsa da böütövlükdə biz nəşriyyat deyilik, layihəyik. Yalnız nəşriyyatların siz dediyiniz kimi “müəllif kəşf eləmək” imkanı var. Fərid Hüseyn bizim yeni nəsil şairlərin arasında ən uğurlu iki –üç imzadan biridir. Mirmehdi də nasir kimi həmçinin. Biz də istedadlara qismən dəstək olduq.

Amma nəşriyyat planımızda ədəbi həyatımızın episentrində olmayan müəlliflər var...Ümumiyyətlə isə bizim gələn ilin ortalarına qədər nəşriyyat planımız doludur və ona ciddi redaktə eləmək planımız yoxdur. Sağlıq olsun, baxarıq.

-Yeni kitabınızı gözləyək?

-Düşünürəm. Bəzi kitabların ikinci nəşri planlaşdırılır. Və bəzi kitabların da olmasını istərdim. Məsələn, mənim uzun müddətdir, artıq 15-16 ildir ki, yazdığım silsilə şeirlər var, o silsilədən 3 şeir də yaza bilsəm, bir poetik təqvim adlı kitab çap eləməyi düşünürəm. 13 şeir. 12-si bizim vərdiş etdiyimiz təqvim aylarının adı ilə olan şeirlər, üstəgəl 1 şeir də Ramazan ayı ilə bağlı. Ramazan bilirsiz də miladi təqviminə görə hərəkət edir və bütün aylara təsdüf edir. Bu hardasa 35-36 il ərzində başa gəlir. Amma biləsiniz ki, bu məqsədli silsilə kimi yazılmayıb. Hər şey təbii alınıb. Silsilənin ilk şeiri 2000-ci ildə yazılıb, hələki son şeiri “Fevralda 42 sətir” 2015-ci ildə. İlk şeiri yazanda heç bir silsilə və kitab haqqında düşünmürdümsə də, artıq 5-6 şeirdən sonra başa düşdüm ki, bu, kitab ola bilər. Bu haqda əvvəlki müsahibələrimdə çox danışmışam.

- Aylara şeir həsr etmək dünya ədəbiyyatında məşhur olan tendensiyadır. Bizim gənc şairlərdən Şəhriyar Del Geraninin bu qəbildən şeirlərini də insanlar bəyənib paylaşırdı. İkinizin bir-birinizdən məlumatınız var idi bu məsələdə?

- Mən dünya ədəbiyyatında, lap düzü isə poeziyada belə tendensiyaya yalnız bir dəfə rast gəlmişəm. Yəni, konsepsiya, silsilə kimi. O da bu yay, Serbiyada, Krçedində bir polyak şairi ilə tanış odlum Yuliuş Boleklə, mənə bir broşürünü verdi. Vərəqləyəndə təəccübləndim. Təxminən hər biri 6-7 sətirdən ibarət 12 şeir vardı. İlin ayları ilə adlandırılmış. Ona qədər dünya ədəbiyyatında belə bir fakta rastlamamışam. Mövsümlərlə bağlı, fəsillərlə bağlı musiqi əsərləri, bəzi aylarla bağlı şeirlər çoxdur. Amma silisilə kimi görməmişəm. “İyunda oxunan nəğmələri” mən yazanda 2000-ci il idi. Türkiyədə 2006-cı ildə nəşr olunan kitabım da elə belə adlanırdı: “Hazıranda okunan nağmeler”. “Avqust” 2009-cu ildə yazılıb. “Mayın son gecəsində” 2011-ci ildə yazılıb. Hər şeirin, hər bir şeyin öz tarixi var.

Qaldı ki, bizim ədəbiyyata, Şəhriyara, onu istedadlı ədəbiyyatçı hesab edirəm. Məncə o böyük, ciddi nasir ola bilər. İstedadlı nəsri var onun. Şeir kitabı ilə tanışam əlbəttə, təqdimatında olmuşam,. Və yeri gəlmişkən kitabının redaktoruyla, Seyfəddin Hüseynliylə də o haqda danışmışdıq. Səhv eləmirəmsə, elə o özü bu haqda söz salmışdı.


- Gənclər uğursuz şeirləri də paylaşırmı və səbəb nədir?

- Ağrılı məsələdir, Tural. Uğursuz ədəbiyyatın populyarlaşmağında kütlənin mütaliəsizliyinin mühüm rolu var. Bir adamı büt elan edirlər. Sonra həmin adam özü də buna inanır. Sonra o bütün aşağı zövqünün əsiri olurlar. Həqiqi sənət zövqü qaldırandır, endirən yox.


- Nəsr yazmısız?

- Ancaq bir neçə hekayə və kinossenari. Hekayəyə münasibətim də bir az başqadır. Esse və məqalələr yazıram, son illər roman və hekayə də oxumuram, vaxtım yoxdur, yalnız işim tələb edirsə...

- Dünya ədəbiyyatında sevdiyiniz şair və yazarlar kimlərdir?

- Çoxdur. Mən Nazim Hikməti də sevirəm, Brodskini də. Pasternakı da, Rilkeni də, Orxan Vəlini də, Apolinneri də, Hafizi də, Sipehrini də, Miloşu da, Herberdi də, Adonisi də, Müşfiqi də, Sabiri də. Sistemləşdirmək çətindir. Deyəsən, ancaq şairləri saydım

- Azərbaycanın çağdaş dövrə qədərki ədəbiyyatında sizi təsirləndirən şair və yazarlar kimlərdir?

- Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq. Cavidin “Qız məktəbi” dünya poeziyası kontekstində ciddi hadisədir. Axundov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Çəmənzəminli.

- Anarın və Elçinin yaradıcılığına münasibətiniz necədir?

- Elçinin yaradıcılığı haqqında nə vaxtsa əsaslı bir yazı yazmışam. Anarın romanı barədə isə Rusiyada məruzəmdə danışmışam. Anarın “Dantenin Yubileyi” povestini , “Ağ qoc-qara qoç” romanını, bir də əksər hekayələrini, Elçinin isə magik realizm janrında olan hekayələrini, “ Mahmud və Məryəm” romanını, bir də “Toyuğun diri qalması” povestini yüksək dəyərləndirirəm.

- Ədəbiyyat təşkilatlarının polemikalarına münasibətiniz necədir? Məşhur AYO-AYB söhbətləri ilə bağlı mövqe də bildirməmisiz. AYO-ya yeni sədr seçildi bu günlərdə.

- Fikrimcə bu iki struktur müqayisə oluna bilməz.

- Ramiz Rövşəni sevirsiz? Ayxan Aqşin Evrəni Ramiz Rövşəndən böyük şair hesab etdiyini demişdi.

- Ramiz Rövşən haqqında da yazı yazmışam, Ayxandı da, deyir... Ədəbiyyat haqqında idman terminləri ilə danışmaq olmaz.

- Çağdaş şairlərdən, yazarlardan kimləri oxuyursuz?

- Hamını.

- Övladınızın ədəbiyyatçı olmağını istəyərsiz ?

- Özü bilər. İnsan taleyidir. Seçim edə bilər. Oğul Düma da var idi, ata Düma da . Rəsul Rza bir faktdır, Anar bir fakt, Eyvaz Əlləzoğlu bir fakt idi, Ayxan Ayvaz başqa bir fakt, biri digərinə mane olmur.

- Fəlsəfəni sevirsiz?


- Sevirdim, amma indi əvvəlki kimi oxuya bilmirəm. Fəlsəfə təkrar mütaliəni tələb edir. Mən Hegelin “Ruhun fenomenologiyası” əsərinə bir neçə dəfə qayıtmışam. Amma arada oxuyuram. Bu yaxınlarda Remi Hessin bir əsərinə qayıtdım. Dini-fəlsəfi ədəbiyyatı zaman-zaman oxuyuram.

- Təkamülə inanmırsız və idealist fəlsəfəyə bağlılığınız nə ilə bağlıdır?

- Bu sualın cavabı yəqin belə olmalıdır. Mən belə hiss edir və belə anlayıram. Mən insanın fiziki təkamülünə inanmıram. İnsanın fiziki təkamülü musqul çıxarmaqdan o yana gedə bilməz. Ümumiyyətlə fiziki təkamül gülünc bir şeydir. Biz niyə düşünməliyik ki, hansısa növ bir başqa növdən törəyib? Belə düşünməklə biz əvvəlki növü aşağılamış olmuruqmu? Amöb amöb kimi rahatdır, kamildir, kərtənkələ də kərtənkələ kimi. İnsan mənəvi təkamül edə bilər. Dindən ayrı düşmüş elmin ən böyük kəşfi gücsüzlüyü və bununla da mütləq gücü nişan verməsi olacaq. Dini kitabları düzgün oxumurlar . Mən isə Qurana hərfən inanıram. Bu gün dindən ayrı düşmüş elm hətta yuxu fenomenini belə izah edə bilmir. Xilas din və elmin birləşməsi ilə olacaq.

- Ruh nədir?

-Ruh varlıqdır. İnsanın içindəki Allah canişinidir. Ümumiyətlə isə ruh haqqında Allahın xüsusi bilgi verdiklərindən başqaları yalnız ehtimal edə bilərlər. Allah məni günahkar ehtimallardan qorusun.


Hazırladı: Tural İsmayılov,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ