Onları qıcıqlandırmağımın səbəbi... - Müsahibə | MANERA.AZ

Tarix:22-10-2016, 09:34 Baxış Sayı:987

Onları qıcıqlandırmağımın səbəbi... - Müsahibə | MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin müsahibi Azvision.az-ın baş redaktoru Vüsal Məmmədovdur.

Onları qıcıqlandırmağımın səbəbi... - Müsahibə | MANERA.AZ
- Bir az monoton sual olsa da, işlər necə gedir?

- Desəm ki, “şükür”, soruşacaqsan nəyə şükür? Ona görə, sadəcə deyim ki, pis deyiləm.

- Siz Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almısınız. Necə oldu jurnalistikaya gəlməyiniz?

- Tələbə vaxtı ailəmizin maddi vəziyyəti yaxşı deyildi. Məcbur idim ki, tələbə xərclərimi özüm ödəyim, qəzetlərlə əməkdaşlıq edirdim, yazılar yazırdım, 97-98-ci illər idi, o vaxt aldığım qonorarlar bir tələbə üçün yaxşı sayılırdı. Qəzetlərdə yaza-yaza anladım ki, mənim təhsil aldığım ixtisas jurnalistikaya çox yaxındır. Çünki siyasi-analitik yazılar yazırdım, bu da elə Universitetdə öyrəndiklərim idi. Sonuncu kursda oxuyanda o illərin əsas qəzetlərindən olan “Ekspress”də baş redaktorun müavini idim. Sonrası “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” məsəlidir. Magistraturanı bitirəndən sonra sevimli işim də, həyat tərzim də jurnalistika idi. Mən bu sahədə böyümüşəm.

- Yazılı mediadan “Lider”ə gəlişiniz necə oldu, çap mediasından televiziyaya keçid çətin olmadı ki?

- 2001-ci ildən tanınmış jurnalist, indi həm də millət vəkili Sahib Alıyevlə bir yerdə işləmişik. Bizim onunla həm möhkəm şəxsi dostluğumuz, həm də uğurlu komanda işimiz var idi. 2003-cü ildə Sahib müəllim televiziyaya keçəndə mən də onunla getdim. Televiziya mühiti, düzdür, daha maraqlıdır, daha dinamikdir. Amma televiziya mətnin yox, görüntünün üzərində qurulub. Ona görə də, televiziya yazarın deyil, rejissorun stixiyası olmalıdır. Azərbaycanda belə olduğunu demək çətindir, əksinə, indi televiziya rejissorluğu ölkədə bəlkə də ən sürətlə tənəzzül edən sahədir.

- Azvision.az necə yarandı və sonra xarici dilli versiyaları ilə bu qədər böyüdü?

- 2012-ci il idi, belə bir sayt yaratmaqla bağlı maraqlı təklif aldım. Onda artıq onlayn media bazarı formalaşmışdı, yerlərin çoxu tutulmuşdu, amma düşündüm ki, özünü sınamağa dəyər. Onlayn media bazarı artıq seqmentlərə bölünmüşdü. Biz qərara gəldik ki, nə qədər çətin olsa da, AzVision təhlil yüklü, ciddi xəbərlərlə bazara girsin. Açığı, onda hələ bilmirdik ki, nə qədər böyümək olar... Hər bir halda xəttimizə sadiq qaldıq və sözümüzü deməyə başladıq.

Azərbaycan kiçik ölkədir, amma böyük dünyada bu ölkənin də sözü deyilməlidir axı. Bundan dolayı AzVisionun xarici dil verisyalarını yaratdıq. Əlbəttə, dünyada ingilis dilli, rus dilli medianın öz nəhəngləri var, onlarla müqayisədə bizim saytımız çox xırda görünə bilər, amma ən azından, bu gün məsələn, bir fransız, bir ispan Azərbaycanla bağlı nəsə axtaranda bizim ölkəmizin mövqeyi ilə rastlaşa bilir. Xarici dil versiyalarımızdakı uşaqlar öz işlərini yaxşı görürlər.

- Media qurumunu hansısa siyasi xəttə bağlılığına görə tənqid eləmək doğrudurmu?

- Qətiyyən. İstənilən xəbərçilik hansısa bir siyasi xəttə qulluq edir. Sən xəbərçiliklə məşğulsansa, istər-istəməz siyasətlə də məşğulsan. Qəzetlərin yarandığı 17-18-ci əsrlər Avropasından üzü bəri həmişə belə olub. Məsələn, Fransa Burjua İnqilabı zamanı əksər qəzetlər yakobinçilərin yanında idilər. “Guardian”yarandığı gündən mühafizəkarların, “Times” liebaralların yanındadır. Bütün dünyada belədir. Sən yaydığın xəbərlə həmişə mütləq kiminsə yanında olursan. Jurnalistikadan dərs deyəndə tələbələr məndən “jurnalist neytral olmalıdır” fikrinə münasibətimi soruşanda izah edirdim ki, uşaqlar, bu, reallıqdan uzaq nəzəriyyədir. Xəbər istehsal edirsənsə, mütləq sənin tərəfin olacaq. Bundan qaçış yoxdur. Əsas odur ki, sənin tərəfinin xalqa və dövlətə xeyiri olsun.

Təəssüf ki, Azərbaycanda jurnalistlər arasında ağır qütbləşmə var. Əks mövqedəki jurnalistlər bizi təhqir edirlər, söyürlər, az qala düşmən kimi təqdim edirlər. Amma deyək ki, nə Rusiya, nə də Türkiyədə belə bir durum yoxdur. Mövqeləri fərqli olsa da, jurnalistlər bir-biri ilə sağlam ünsiyyət qururlar. Bizdə isə insanları siyasi mövqeyi ilə xarakterizə edirlər. Məsələn, mənim haqqımda deyirlər, savadlıdır, yaxşı dünyagörüşü var, amma iqtidaryönlüdür... Qardaş, nə olsun axı? İnsana siyasi, dini, fəlsəfi mövqeyinə, millətçi və ya solçu olduğuna görə qiymət verilməz, şəxs olaraq qiymət verilər. Kimsə kimisə ittiham eləmək üçün onun siyasi mövqeyini ortaya atırsa, bu, ən azı cığallıqdır.

- Bir dəfə məni qınayaraq demişdilər ki, “Vüsal Məmmədovun saytında yazan adamsan...” Nədir buna səbəb olan?

- Bizdə saytları baş redaktorları ilə assosiasiya edirlər. O dərəcədə ki, hansısa saytda bir yazı dərc olunanda “filan saytda belə bir yazı çıxıb” demirlər; “Filankəs belə bir yazı qoyub” deyirlər. Saytla bağlı bütün fikirlər baş redaktorun, baş redaktorla bağlı bütün fikirlər də saytın üzərinə proyeksiya edilir. Ona görə də, əks düşərgədəki yazar və bloqqerlərin həm AzVisiona görə mənimlə, həm də mənə görə AzVisionla problemləri var. Daha dəqiqi, onlar belə hesab edirlər ki, var, şəxsən mən heç bir problem görmürəm. Mən sadəcə, öz işimi görürəm, onlar da öz işlərini görürlər, amma bu zaman onlar mənə düşmən kimi baxır, mənsə onlara yox. Halbuki, istənilən prizmadan yanaşanda, razıyam, gəlsinlər, onların da, mənim də bütün keyfiyyətlərimizi tərəziyə qoyaq və görək, kimdə nə ağır gəlir. Tinin dalından boylanıb, insana bir daş aıtb, qaçmaq asandır.

Mən bilirəm ki, fərd olaraq onları qıcıqlandırmağımın səbəbi var, bunu üzümə açıq deyənlər də olub. Onlar düşünürlər ki, hakimiyyət mövqeyindən açıq çıxış edən saytın baş redaktoru maraqsız, partokrat tipajlı, sosial şəbəkələrdə insanlarla açıq ünsiyyətdən qaçan bir jurnalist olmalıdır. Maraqlı və proqressiv jurnalistlərin, bloqqerlərin iqtidaryönlü olması müxalif cameəni narahat edir. Çünki bu, onların yaratmağa çalışdığı şablonları dağırdır. Onlar istəyirlər ki, iqtidaryönlü jurnalistlərdən pula satılmış içi boş zombi obrazı yaratsınlar. Amma reallıq bu deyil və reallığın başqa cür olmasının əvəzini həm də məndən çıxmağa çalışırlar.

- Mövqeyini dəyişən jurnalistlərlə bağlı fikriniz necədir?

- İnsanın düşüncələri də, siyasi mövqeyi də dəyişə bilər. Buna görə heç kimi qınamaq olmaz. Amma insan siyasi mövqeyini merkantil maraqlara görə seçibsə, sonra yenə də merkantil maraqlara görə dəyişibsə, bu, pisdir.

- Hamı deyir ki, siz işçilərinizlə dost kimisiniz...

- Niyə də yox? Bu gün baş redaktor mənəmsə, savadım və təcrübəm onlardan çoxdursa, bu, o demək deyil ki, mən özümü nədəsə onlardan ayırmalıyam. Gün gələcək, onlar da mənə çatacaq, olsun ki, hətta keçəcəklər. Komanda ilə işləməyin öz incəlikləri var. Əgər qarşıya qoyulan hədəflər qısamüddətlidirsə, yəni bir neçə aya hansısa işi görüb, sonra hərəmiz öz yolmuzla gedəcəyiksə, sərt üslub özünü doğruldur. Amma uzunmüddətli hədəflərə doğru getmək istəyənlər üçün mülayim və qayğıkeş lider obrazı vacibdir. Çünki yersiz sərtlik insanları bezdirir, əsəbləri gərginləşdirir, atmosferi korlayır, bu isə həm komandada sabitliyi pozur, həm də işin effektini azaldır. Başa düşmək lazımdır ki, hamı şəxsiyyətdir və insanın işi ilə şəxsiyyətini qarışdırmaq olmaz.

Əgər baş redaktorun işçilərilə dost olması subordinasiyanı pozmursa, belə münasibətin olması çox gözəldir. Mən elə insanam ki, çalışdığım mühitdə doğmalığa, inama, qarşılıqlı sədaqətə ehtiyacım var. Özüm hamıya qarşı belə davranıram və mesaj verirəm ki, bir yerdə işləməyə davam etmək üçün onlardan da eyni şeyi gözləyirəm. Ürəyimcə olmayan mühitdə heç vaxt çalışa bilmərəm. Pul qazanıb, eyni zamanda, sıxılırsansa, əsəbləşirsənsə, o pul nə üçün lazımdır? Əsəb dərmanına və antedepressantlara vermək üçünmü?

- Karikatura saytı “Kirpi.info” sizin ailəyə necə daxil oldu? Aqşin Yenisey nə üçün ora gətirildi və ümumiyyətlə, `Kirpi`dən razısızmı?

- Azərbaycanda fərdi qaydada çəkən karikaturaçılar var idi, ancaq müxalifət mövqeyindən çıxış edirdilər. Cəmiyyət ancaq bundan ibarət deyil. Məmurlar mövzusundan kənarda satiraya hədəf olacaq xeyli problemlər var. Cəmiyyətin irəli getməsini istəyiriksə, məhz onları düzəltməyə çalışmalıyıq. Kirpi bu gün Azərbaycanda geniş spektrli mövzuları əhatə edən yeganə karikatura saytı kimi fəaliyyət göstərir.
Aqşinlə həmişə dost olmuşuq. O, bir şair kimi həmişə dramatizmə meyilli olub, amma köşə yazılarında öldürücü satirası var idi. Ona görə də, Aqşinə bu saytın redaktorluğunu təklif etdik, o da razılaşdı.
Bizi ən çox müxalifəti tənqid edən karikaturalara görə qınayırlar. Yaxşı, Gündüz Ağayev bircə dəfə Əli Kərimliyə karikatura çəkibmi? Onların etdiklərində heçmi karikaturalıq bir şey yoxdur? Görün, bu adamlar müxalifəti nə günə qoyublar? Bütün müxalif partiyalar siyasi meyid kimi ortada qalıb. Bunlar karikaturaya mövzu deyillərmi? Mövzudurlar, amma Gündüz kimiləri çəkə bilməzlər. Çünki maliyyəsini kəsərlər. Eybi yox, onu da biz çəkərik ki, yanaşma birtərəfli olmasın.

- Bəs “Femida.az” necə yarandı?

- Femida açılanda hüquq yönümlü bir xəbər saytına ehtiyac var idi. Saytlar cinayət hadisələri, kriminal faktlar haqqında xəbərləri çox verirdilər, amma burada məqsəd insan hüquqları deyildi. Ona görə, ideya bu idi ki, kriminal yox, məhz hüquq yüklü, insanlara öz hüquqlarını izah edən sayta ehtiyac var. Günay Arda jurnalist kimi bacarıqlı olmaqdan əlavə, vaxtilə QHT sahəsində insan hüquqları ilə məşğul olub. Buna görə də, Femida-nın redaktorluğuna ideal namizəd idi.

- Yeni ideyalar varmı?

- İdeyalar həmişə var və çoxdur. Amma onları saf-çürük edib, ən lazımlı və işlək olanlarını reallaşdırmaq lazımdır. Məsələn, şəxsən mənə qalsa, istərdim ki, AzVisionun Elm, Kino, Ədəbiyyat və digər əlavələri olsun. Dünyada böyük saytlarda bu praktikaya gedilir. Amma ölü bir proyekt üzərində işləmək də istəmirəm. Elə layihə istəyirəm ki, həm maraqlı və faydalı olsun, həm də oxunan. Misal üçün, müasir dünyada gənclərə elmi sevdirmək hər bir ölkə üçün strateji məsələdir. Üstəlik, bu, maraqlıdır. Yüksək bal toplayanların hamısı hüquq və ya ona yaxın sahələrə qaçırlar. Niyə? Çünki onlara bu sahələr sevdirilib. Halbuki, indi dövlətlər öz hüquqşünasları, politoloqları ilə yox, dəqiq elmlərilə inkişaf edirlər. Bu gün bir yeniyetmə Azərbaycanda nəyi oxuyub, elmi sevə bilər? Belə bir resurs yoxdur. Varsa da, heç kim tanımır, demək, yox kimidir.

- Sizin özünüzün fizikaya, astronomiyaya olan marağınız necə formalaşıb? Bir də, Karl Saqan sevgisi sizdə haradandır?

- Uşaq vaxtı oxuduğum kitabların təsiri böyükdür. Çünki kitab insana doğru suallar verməyi öyrədir. Mən şagird olanda kəndimizin kitabxanasından Yakov Perelmanın “Əyləncəli Fizika”, “Əyləncəli Riyaziyyat” kitablarını götürüb, oxuya bilirdim... Hər dövrün öz aktual elmi olub. İndi gələcək astrofizikanındır. Bəşəriyyəti silkələyəcək kəşflər əsasən astrofizika sahəsində olacaq. Jül Vernin dövründə dünyada kəşf olunmamış çox şey vardı. Bu gün isə kəşf olunmamış məsələlər kosmosdadır. Gələcəyə aid suallar: Böyük Partlamadan əvvəl nə vardı, Kainat niyə genişlənir, qara maddə və qara enerji nədir – yüzlərlə belə sualların cavabı kosmosda tapılmalıdır. Ona görə, kosmosu öyrənmək lazımdır, gənclər də bu istiqamətə həvəsləndirilməlidirlər.

Saqana gəlincə, o, mənim peyğəmbər saydığım adamlardandır. Çünki elmin mürəkkəb suallarını insanlara olduqca sadə dildə izah edirdi. Karl Saqan, Ayzek Azimov, hazırkı dövrdə Nil De Qrass Tayson, Stiven Houkinq, Riçard Doukinz və başqaları elmi kütləyə zadə dildə izah etmək üçün çalışırlar. Bu, müqəddəs missiyadır. Saqanın “İblislərlə dolu dünya - Elm qaranlıqda yanan şam kimi” adlı gözəl bir kitabı var, sonuncu və ən irihəcmli əsəridir. Kitabdakı əsas ideya odur ki, cəhalət qaranlıqdır və qaranlıqdan iblislər çıxar, biz isə işığa, elmə yönəlməliyik. Elmi anlamaq çətinləşdikcə insanlar cəhalətə üz tuturlar. Adlarını çəkdiyim şəxslər bu günün mayaklarıdır. Amma bizim bəzi gənclər onlardan faydalanmaq əvəzinə, videolar çəkib, belə dərin insanları “neprav” çıxarmaq istəyirlər.

- Kvant mexanikası klassik fizikanın quruluğundan dolayı yarandı sizcə? Ötən müsahibələrdə Yalçın İslamzadə belə deyirdi...

- Yalçın müəllim dəyərli ziyalımız və bu sahənin bilicisidir. Bizim düşündüyümüz anlayışlarla Kvant dünyasını izah etmək mümkün deyil. Bu gün üç ayrı fizika var: subatom dünyasında kvant fizikası işləyir, bizim dünyamızda Nyuton fizikası, kosmosda isə Eynşteynin fizikası. Ona görə də biz kainat ilə bağlı əsas sualların cavabını tapa bilmirik. Çünki ən yuxarıya aid olan qanunlar ən aşağıda işləmir və əksinə. İndi elmin qarşısındakı əsas məsələlərdən biri bu üç fizikanı birləşdirib, şərti olaraq “Hər Şey Nəzəriyyəsi” adlandırılan nəzəriyyəni yaratmaqdır. Bu nəzəriyyə yaradılsa, bizim dünya ilə bağlı təsəvvürlərimizdə inqilab olacaq, çox böyük suallar cavabını tapacaq. Bunu bacaran alimin adı Eynşteyndən də yuxarıda yazılacaq. Mən yaşamağa çox da can atan biri deyiləm, amma istərdim ki, bu nəzəriyyəni görüb, sonra ölüm.

- Sizcə insanlar kosmosu fəth edə biləcəklərmi?

- Yerin ömrü məhduddur. Gec-tez Yer ən müxtəlif səbəblərin biri üzündən məhv olacaq. Bizim sivilizasiyanın uzaq gələcəkdə sağ qala bilməsi üçün planeti tərk etmək vacibdir. Bu, olum və ölüm məsələsidir. Digər tərəfdən, o boyda – praktik olaraq sonsuz, üstəlik, resurslarla dolu kosmos bomboş durarkən, bizim bir planetə sıxılıb qalmağımız da normal deyil axı. Mən optimistəm: inanıram ki, insanlıq nə zamansa Qalaktika miqyaslı sivilizasiyaya çevrilə biləcək. Hərçənd, bu, optimizm sayılmaya da bilər. Yəqin ki, kainatda minlərlə sivilizasiyalar yaranıb və məhv olub, heç kimin tükü də tərpənməyib. Biz də onlardan biri.

Kainatın miqyasları haqqında tez-tez düşünmək və insanlara xatırlatmaq lazımdır. Çünki bunu edəndə insan özünün və ümumilikdə bəşəriyyətin kiçikliyini, acizliyini, daha dəqiqi, heçliyini anlayır. Bu isə bizə elə bapbalaca Yer planetində də dinc, mehriban yaşamağa kömək edən bir fəlsəfə ola bilər.

- Təkamül Nəzəriyyəsinə inanırsınız, insanlara bunu necə izah edə bilərsiniz?

- Cəmiyyətimizdə təkamülə olan münasibət məni incidir. Bu, elmdir, onu öyrənmək və təbliğ etmək lazımdır. Amma bizdə sənə hücum çəkirlər ki, Təkamül yoxdur. Səfeh-səfeh saytlar açırlar, videolar çəkirlər, boş və mənasız tezislər ortaya atırlar... Bunu edənlərin heç birinin də biologiyadan başı çıxmır. Dünya elminin ən parlaq ideyalarından birini inkar etməklə nə qazanırlar, görəsən? Daha dəqiqi, hamı bilir ki, nə qazanırlar...
Onların bir qrupu var, “mürşid”ləri ətrafına açıq geyimli qızları yığıb deyir ki, “Təkamül yoxdur”. Ayıbdır. Elə adamın buradakı davamçısı olanlar ilk növbədə özlərinə hörmət qoymurlar, sonra isə cəmiyyətə. Onların təbliğ etdikləri heç islam da deyil axı... Azərbaycanın öz dini-mənəvi dəyərləri var, mən ateist olsam da, bunu etiraf etməliyəm. Haradansa maliyyələşən insanların bu ölkəyə soxuşdurmaq istədikləri islam bu xalqın mənəvi dünyası ilə düz gəlmir axı. Bu, bizi ancaq əsrlərlə formalaşmış olan-qalan mənəviyyatdan da uzaqlaşdıra bilər. Üç xətt var: biri ilə Türkiyədən, biri ilə İrandan, o biri ilə Ərəb ölkələrindən Azərbaycana islam ixrac olunur. Halbuki, bu ölkənin öz “suveren” islamı olmalıdır. Xalq özünün mənəvi dünyasına uyğun olan islama tapınmalıdır, kiminsə interpretasiyasına yox.

- Fəlsəfəylə aranız necədir? Fəlsəfə və elm harada toqquşur?

- Əsas fəlsəfi ideyalarla universitet dərsliyi çərçivəsində tanışam, amma elə də dərin bilgim yoxdur. Şərq fəlsəfəsini, antik idealist fəlsəfəni mənasız didaktika sayıram. Vitgenşteyn hara, Bertran Rassel hara, bu tip fəlsəfələr hara? Mənə maraqlı tərəfi odur ki, elmin rolunu dərk etmək üçün də fəlsəfəyə ehtiyac var.

- Hekayə və roman yazmağı düşünürsünüzmü nə zamansa?

- Bədii yox, elmi-populyar bir kitab yazmağı düşünürəm. Bədii əsər yazmaq - fərqli cümlə yaza bilmək qabiliyyətidir. Əsl yazıçının cümləsini oxuyanda gərək özünə etiraf edəsən ki, “Mən belə yaza bilməzdim”. İnşa cümləsi ilə roman yazılmaz. Markes deyirdi ki, mən hekayə yazanda gündə bir cümlə, roman yazanda bir səhifə yazıram. Yazsam, indiki yazarların çoxundan yaxşı əsər yazaram, amma bu, məqsəd deyil axı, olmamalıdır da. Əgər əsl yazıçı cümləsi yaza bilməyəcəksənsə, onda yazma. Maklatura sənsiz də çoxdur.

- Dünya və Azərbaycan ədəbiyyatında ən sevdiyiniz şair və yazarlar kimlərdir?

- Heç vaxt bezməyəcəyim, dönə-dönə oxuduğum iki əsər var. Biri “Master və Marqarita”, biri də “Səfillər”. Azərbaycana gəlincə, 90-cı illərdən sonra Aqşin Yenisey və Salam Sarvan əsl ədəbi hadisədirlər. 90-cı illərə qədərki dövrdə Fəman Kərimzadəni, Yusif Səmədoğlunu yazıçı kimi xoşlayıram. “Qətl Günü” romanı “Master və Marqarita”ya bənzəsə də, XX əsr ədəbiyyatımızda ən güclü əsərlərdən biridir. 60-70-ci illərin Anarı da gözəl yazıçı olub. Anar bəlkə də vaxtında dayanmalı idi, bilmirəm, “Ağ Liman”ın dərinliyindən “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nə enmək lazım deyildi.

- Ədəbiyyatla bağlı adlara və təşkilatlara münasibətiniz necədir?

- Mübahisəli məsələdir, dünyada müxtəlif modellər var. Məsələn, təsəvvür edin ki, Stiven Spilberqə “əməkdar incəsənət xadimi”, Tom Henksə, Ancelina Coliyə “xalq artist” adı verirlər... Amma Britaniyada, məsələn, kraliça “Ser” rütbəsi – cəngavərlik verir. Baxmayaraq ki, Elton Conun nə vaxtsa cəngavər olacağını bilsələr, yəqin, orta əsr cəngavərləri kütləvi şəkildə intihar edərdilər. Düşünürəm ki, xidmətləri ölçməyin və dəyərləndirməyin daha düzgün meyarları olmalıdır.

- Ölümdən qorxmadığınızı tez-tez deyirsiniz. Mən sizdə hətta intihara variant kimi baxmaq meyli də sezmişəm...

- Ölümdən nəinki qorxmuram hətta haradasa arzulayıram. Sadəcə olaraq, təsəvvür elədiyim qədər, ölmək prosesindən xoşum gəlmədiyi üçün hələ sağam. Ölüm gözəldir. Ölüm oyundan çıxmaqdır, sənə qarşı haqsızlıq olan oyunun ssenarisini pozmağa cəsarət etməkdir. Ölüm heç kimin səndən ala bilməyəcəyi protest haqqıdır. Ölüm – həyatın bioloji demokratiyasıdır, onun qarşısında hamı bərabərdir. Ölüm – vaxtilə valideynlərin bizə vermədiyi seçim haqqını özümüzə qaytarmaqdır. Ölüm böyük nemətdir, sadəcə, onun qiymətini başa düşmək lazımdır.
Demək olar ki, həyatda görmək istədiklərimin çoxunu görmüşəm, bir neçə sualın gələcəkdəki cavabına olan maraqdan başqa məni dünyaya bağlayan ciddi bir şey yoxdur. Həyatın nə olduğunu başa düşməyən insanlar ölümdən qorxarlar. Həyat - sadəcə, bioloji prosesdir, onun mistik mənası-filanı yoxdur. Həyatın obyekti insanın şəxsiyyəti deyil, genləridir. Təkamül prosesi fərdlərə yox, genlərə tətbiq olunur, biz, sadəcə, içində genləri daşıyan canlı kolba funksiyasını yerinə yetiririk.

Mən ölüm haqqında çox danışa bilərəm, çünki çox düşünürəm bu barədə. Amma elə çıxmasın ki, mən intiharı təbliğ edirəm, yox; həyatın maraqlı və gözəl tərəfləri az deyil, daha doğrusu, normal halda az olmamalıdır. Amma həyat dözülməzdirsə, onda variant kimi ölüm həmişə bizimlədir. Və məhz bu seçim haqqını təmin etdiyinə görə mən ölümə minnətdaram.

- Azadlıq, yoxsa məsuliyyət?

- Məsuliyyət azadlığın düşmənidir. Azad olmaq istəyən şəxs gərək üzərinə məsuliyyət götürməsin.

- Yaradıcılıqda erotizmə münasibətiniz?

- Normal. Əsərdə erotizmə nə dərəcədə təlabat varsa, o qədər də olmalıdır. Dünya ədəbiyyatının çox inciləri var ki, içindəki erotizmi çıxarsan, əsər şikəst olar. Bayağılığa varmayan erotik səhnə yaratmağı bacarmaq sənətkarlığın zirvəsidir. Ədəbiyyatda da belədir, kinoda da.

- Doğrudan hər güclü kişinin arxasında bir qadın dayanır?


- Yox. Əksi doğrudur: Hər güclü qadının arxasında kişi dayanır.

- Gənclərə məsləhət görəcəyiniz əsərlər hansılardır?

- İcazənizlə, mən əsərlərin yox, müəlliflərin adlarını çəkim. Bu şəxslərin hansı kitabını harada görsəniz, oxuyun: Karl Saqan, Ziqmund Freyd, Stiven Houkinq, Miçio Kaku, Riçard Doukinz... Siyahı çox böyükdür, amma bu beşi hələ ki, bəs edər.


Hazırladı: Tural İsmayılov,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ