Fazil Mustafa Xətaiyə, Babəkə tənqidi yanaşır, amma... - MÜSAHİBƏ | MANERA.AZ

Tarix:15-10-2016, 09:42 Baxış Sayı:1098

Fazil Mustafa Xətaiyə, Babəkə tənqidi yanaşır, amma... - MÜSAHİBƏ | MANERA.AZ
Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi teleaparıcı, publisist İlham Tumasdır..

Fazil Mustafa Xətaiyə, Babəkə tənqidi yanaşır, amma... - MÜSAHİBƏ | MANERA.AZ
- İlham bəy, yayda dənizdə boğulmaqdan xilas olduğunuz deyilirdi.

- Mən sonuncu dəfə dənizi, “Bəxt üzüyü”ndə deyildiyi kimi xəritədə görən idim (Gülür). Yayda da dostlarla - Rey Kərimoğlu, Şəmistan Əlizamanlı, Ramil Əliyevlə dənizə getmək qərarına gəldik. Mən üzən deyiləm, sadəcə qayıdanda yolumuzu azdıq, düşdük çuxura, bir də gördüm batıram... Sağ olsun dostlar, qurtardılar canımı.

- Necə oldu ki, fəlsəfə məzunu olan bir insan televiziya sahəsində çalışmağa başladı, publisistikada bu qədər tanındı?

- Əslində, mən əvvəlcə iki il Universitetin fizikasında oxumuşam, sonradan fərq imtahanları verərək fəlsəfəyə keçmişəm və 1996-ci ildə məzun olmuşam. Televiziya sahəsinə isə, açığı, ehtiyacdan gəlmişəm. Azərbaycanda ən gözəl və səmimi yer jurnalistikadır. Bir gənc gəlirsə, bacarıqlıdırsa, işləyə bilir. Mən də Azərbaycanda ən təmiz yerlərdən birini seçmişəm - jurnalistika və televiziya.

- Dostunuz Bəxtiyar Əlirzayev bizə müsahibəsində jurnalistikanın ədəbiyyata mane olduğunu deyirdi. Siz bu fikirlə razısınızmı?

- Tam yox... Hamı dolanışıq ucbatından hansısa sahəni seçir. Amma düşünmürəm ki, media ədəbiyyatın qarşısında əngəldir.

- - Fizikadan fəlsəfəyə keçmənizə səbəb nə idi?

- Çünki fizikanı sevmirdim. Nitsşeni oxuyandan sonra isə fəlsəfəni seçdim. Sanki rəhmətlik mənə dedi ki, sən filosof olmalısan (Gülür).

- Nitsşenin “Tanrı öldü” fikrini necə şərh edirsiz?

- Yer üzündə ədalət və vicdan var... Tanrı oldu-olmadı o vicdan həmişə olacaq. Budda da insanların Allahın olub-olmamasından asılı olmayaraq mənəvi dəyərlərlə yaşaya biməyininin vacibliyini aşılayırdı.

- -Sartrın “İnsan azadlığa məhkumdur” fikrini bəyənirsiz?

- Tanrı Adəm və Həvvanı cənnətdən qovdu və düşünürəm ki, azadlıq da ordan başladı.

- Özünüzü azad hiss edirsizmi?

- Çox çətin sualdır, Tural. Azadlıq ürəyin istədiyini etməkdir. Nəyisə edə bilmirəmsə, deməli azad deyiləm. Amma bir hüquqi və əxlaqi baryer də var. Mən azadlıq haqqında həmişə iki böyük almanın fikirlərini əsas tutmuşam. Bunlardan birincisi Maks Ştirnerdir. Ştirner yazır:"...Mən yolumu kəsən qaya-nı partlatmaq üçün kifayət qədər barıtım olanacan qayadan, kifayət qədər qüvvə toplayana qədər qanunlardan yan keçirəm. Hakimiyyət gücdür, o yaxşı şey-dir, çox vaxt xeyir gətirir, çünki azacıq güclə məqsədinə daha tez nail olarsan, nəinki bir dolu kisə hüquqla. Siz guya azadlığın həsrətini çəkirsiniz? Axmaq özünüzsünüz! Siz hakimiyyətə can atırsınız, çünki hakimiyyəti ələ alanda, onda azadlıq da özü gələcək”.

Və Artur Şopenhauer yazır: "Biri özünü azad insan hesab edir. Günlərin birin-də işdən çıxır və öz-özünə fikirləşir: "Mən indi bu an istədiyimi eləyə bilərəm. İstəsəm, şəhər kənarına gəzməyə, istəsəm, kral sarayında düzənlənən bala gedə bilərəm, istəsəm, hətta bir daha geri dönməmək şərtiylə, ümumiyyətlə, bu şə-hərdən çıxaram. Ancaq mən bu yolların heç birini seçmirəm və evə - ailəmin yanına gedirəm...".

- Cəmiyyətdə köləlik sindromundan Nitsşe də danışırdı. İndi bizim gənc yazarlar da bir çox mənəvi və mental şeyləri bununla izah edirlər. Sizcə köləlik sindromu var bizdə də?

- Bizim cəmiyyət mentalitetinə və düşüncə tərzinə görə, Şərq cəmiyyətidir və özünü belə rahat hiss edir. Bir kişi bu dəqiqə bura şortikdə içəri girsin, sırqa taxsın, özü bilər. Mentalitet hər xalqın ümumi düçüncə tərzidir. Mənim üçün milli dəyər, məsələn, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyovdur. Onlara da dəymək olmaz...

- Həm fikir, həm də ədəbiyyat tarixində şəxslərin avtoritetləşdirilməsi yaradıcı azadlığa zidd deyilmi?

- O, fərdi məsələdir. Mən düşünürəm ki, Şah İsmayıl Xətaiyə dəymək olmaz. Dostumuz, millət vəkili Fazil Mustafa isə Xətaiyə də, Babəkə də tənqidi yanaşır, amma mənə görə, olmaz. Ancaq əlimdə səlahiyyət olsa, dəyərlərə söz deyən insanları həbs elətdirərdim bəlkə də. Dövlət dəyərlərlə qorunmalıdır, onlara toxunmaq olmaz. Qərbdə bu daha geniş yayılıb. Şərq sadəcə göz qabağındadır, tez görünür. Dövlət və millət hər şeydən üstündür. Şəxsimi, yaradıcılığımı tənqid eləməkdən söhbət getmir. Özümü qatı dövlətçi sayıram sadəcə. Böyük zəkalar böyük və güclü dövlətlərin, cəmiyyətlərin əsasını qoyublar. Buddanı, Konfutsini xatırlayaq...

- Makiavellini də sevirsiz. Yazmısız bu barədə də...

- Makiavellini çox sevirəm. Dövləti qorumaq önəmlidir, Makiavelli də bunu deyirdi, nə qədər yanlış şərhlər olsa da.

- Jurnalistikanın durumundan razısızmı?


- Elə də yox, səbəblərini siz də bilirsiniz...

- Sənədli filmlər çəkirdiz, maraqla da qarşılanırdı. Nə vaxt davam edəcəksiz?

- Təəsüf ki, hər şey məndən asılı deyil.

- Publisistik yazılarınız da gözə dəymir artıq.

- Tural, yorulmuşam artıq. Çünki, elə bilirəm, çox yazdım. Ancaq nəsə içimi tərpədən bir şey olanda dayanmıram, yazıram...

- Hüseyn Cavidi çox sevirsiz.


- Hüseyn Cavid sözün əsl mənasında, əfəndi idi, milli fikir tariximizin oturuşmuş simasıdır. Cavid böyük turançı idi. Eləcə də Axundovu çox sevirəm, o da xurafatla savaşırdı. Yaxud Üzeyir bəy, Cəfər Cabbarlı... Onlarsız Azərbaycanı təsəvvür eləmirəm...

- İnsanlar risk etməyi bacarmalıdırmı?
- Risk etmək gələcəyə bağlıdır, sabahı düşünürsənsə, risk qaçılmazır. Bu gün səninlə danışmağım da risk ola bilər, çünki ən böyük risklər sözlə edilir...

- Azərbaycan ədəbiyyatından kimləri oxuyursuz?

- Açığı, yeniləri çox oxumuram. Amma İsa Hüseynovu çox sevirəm və oxuyuram. Eləcə də Ramiz Rövşən mənim üçün böyük şairdir. Dostumuz Ayxan Ayvaz sizə açıqlamasında ona haqsızlıq etmişdi. Rəhmətlik Eyvazla dost idik, amma Aqşin Evrən necə Ramiz Rövşəndən böyük şair ola bilər ki? Ramiz Rövşəni hər kəs oxumalıdır. Rəhmətlik atası Ayxanla razılaşmazdı heç vaxt. Yaxud Seyran Səxavətin yaradıcılığını sevirəm, Xanəmir Telmanoğlunun, Şərifin dili gözəldir.

- Bəs nəzmdə kimin yaradıcılığını bəyənirsiz?

- Aqşin Yenisey. Salam Sarvanı bəyənirəm, amma Aqşin mənə daha yaxındır, doğmadır. Aqşin Yenisey aydın, işıqlı, ziyalı insandır. Yazdıqları da özü kimidir. Qisməti dostlarımız da bəyənir, oxumuşam xoş gəlib. İlqar Rəsulun qısa hekayələrinin vurğunuyam.

- Gənclərin yazdığını heç oxumursuz?

- Qarşıma çıxanda oxuyuram.

- Əgər sizin kimi publisist və telejurnalist gəncləri oxumursa, cəmiyyəti qınaya bilərikmi ki, onlar gəncləri niyə oxumurlar?

- Nə deyim, vallah... Bu da bir seçimdir. Ümumiyyətlə, mən heç vaxt cəmiyyət barədə “oxumurlar” fikrini işlətmirəm. Mütaliə fərdi işdir.

- Nə zamansa əsər yazmaq istəyirsiz?

- İstəyirəm, amma düşünürəm, hazır deyiləm.

- İxtisasınızı sevirsizmi? Niyə fəlsəfəyə aid yazılar yazmırsız?

- Sevirəm, əvvəllər bir xeyli yazı da yazmışam. İndi çörək vaxtımızı yeyir...

- Azərbaycan fəlsəfəsində sizə doğma olan isimlər varmı?

- Var, hətta sənə də dərs deyib, Tural. Mərhum professor Cəmil Əhmədli. Əlisa Nicatın da adını qeyd edim. Niyazi Mehdi fəlsəfəsi ilə isə tanış deyiləm, Rəhman Bədəlovu da qiyabi tanıyıram.

- - Cəmil müəllimin sevdiyi bir mövzudan sual verim. Zərurət yoxsa azadlıq?

- Dünyada azadlıq yoxdur əslində, ancaq zərurət var. Şopenhauer də nisbi azadlıqdan danışırdı. Bayaq dediyim məsələdi. Evdə ailəmiz bizi gözləyirsə, harasa gedə bilmərik. Mən təsadüfə inanıram, fatalizmə inanıram, amma determinizmə yox, katarsisə yox.

- İnsan alışqanlıqlarından vaz keçə bilirmi? Siz hansısa alışqanlığınızdan vaz keçmisiz?

- Deyirlər, üzr istəyirəm, ifadəyə görə, öyrənmiş qudurmuşdan pisdir. Ancaq hansısa alışqanlıq mənim üçün keçilməz deyil.

- Sizin sevilən şeiriniz də var. Deməli arada yazmısız.

- 22 yaşımda yazmışdım, o vaxtlar Nitsşenin təsiri ilə yazırdım (gülür)

Həqiqət yolunun tənha yolçusu,
Nədir gözlərində, bu qəm, bu kədər?
Unutma, qəlbinin heç bir arzusu
Sevinc verməz sənə həqiqət qədər.

Dostlar tərk eləmiş sizləri
Ancaq qəm-kədər sıxmasın ürəyinizi.
Vəfalı ölümdür, tək o qalacaq
Hamı unutsa da, atsa da sizi...


- Dostunuz olan şairlər var. Bəxtiyar Əlirzayevin şeirlərini bəyənirsiz?

- Bir neçə şeirini bəyənmişəm. O, həm də yaxşı redaktordur, yaxşı yazardır.

- Fəlsəfə məzunu olan yazarlardan danışaq. Qan Turalı və Nərmin Kamal haqqında...

- Düşünürəm, Qan Turalı gözəl publisist və fəlsəfə bilicisidir. Nərmin Kamal ciddi tənqidçidir, hətta deyərdim, Azərbaycanın ən yaxşı tənqidçilərindəndir.

- Fəlsəfə dərsi demək istərdiz?

- Təklif gəlsə, məmnuniyyətlə dərs keçərdim gənclərə. Fəlsəfənin tədrisi sahəsində boşluqlar var. Fəlsəfəni könhə metodla tədris eləmək olmaz. Məsələn, Kantı oxumayan hanısısa fəlsəfə məzunu təsəvvür eləmirəm. Ancaq kimdəsə ilişib qalmaq olmaq. Məsələn, son zamanlar Erix Frommu çox sevməyə başlamışam. Nitsşe Şopenhauerə ata deyirdi, sonra Vaqneri sevdi, ondan da imtina etdi. Bax, fəlsəfə budur.

- Kantdan danışırıqsa, onun sevimli əxlaq mövzusundan yan keçməyək. Əxlaq nədir?

- Əxlaq sənin vicdanından yan keçməyən şeylərdir.

- Şərq fəlsəfəsindən kimin adını çəkərsiz?

- Sun Szı və onun “Hərb Haqqında Traktat”ını...

- İlkin yaradıcı nədir?

- Çətin sualdır...

- Babəki də sevirsiz, niyə onu tənqid edirlər arada?

- Babəki tənqid etmək yaxşı iş deyil...

- Gənc yazarların özündən öncəki nəsli tənqidinə necə yanaşırsız?

- Kampaniya xarakteri daşımamalıdı bu hücumlar.

- Varlığından güc aldığınız yaşayan şair, yazarlar kimlərdir?

- Camal Yusifzadə, Ramiz Rövşən, Musa Yaqub, Vaqif Bayatlı, Rüstəm Behrudi, Aqşin Yenisey... Ədəbiyyatımızda adı olan hər kəsi sevirəm (gülür).

- Gənclərə məsləhət görəcəyiniz 5 əsər hansılardır?

- Kant - “Xalis Zəkanın Tənqidi”, Şopenhauer - “Dünya İradə Və Təsəvvür Kimi”, Kafka - “Çevrilmə”, İsa Hüseynov- “Məhşər”, Dostoyevski – “Şeytanlar”...

- Öləndə nə istəyəcəksiz?

- Yeyib-içmək və sevgi... (gülür)

Hazırladı:
Tural İsmayılov,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ