“O səhifələri yazanda kefli olmuşam” - Azad Qaradərəli ilə SÖHBƏT _MANERA

Tarix:19-02-2016, 12:59 Baxış Sayı:1096

“O səhifələri yazanda kefli olmuşam” - Azad Qaradərəli ilə  SÖHBƏT  _MANERA


MANERA.AZ-ın “Oxucu sualı” layihəsinin bu dəfəki qonağı yazıçı Azad Qaradərəlidir.

Müəllifə ünvanlanan suallar yazıçının bu yaxınlarda çap olunmuş “Kuma-Manıç çökəkliyi” romanı əsasında hazırlanmışdır.

Azad Qaradərəli ilə söhbəti təqdim edirik:

-Azad müəllim, yeni romanınızı oxuyub böyük zövq aldım. Və dərhal da təəssüratlarımı bölüşməyə ehtiyac duydum. Təbii ki, bu barədə ən yaxşı müsahib sizsiniz. Romanınızın bir çox özəllikləri vardır. Bu haqda Qismət bəy də gözəl araşdırma apararaq ÖN SÖZ yazıb. Məsələn, romanın mərkəzi məsələsi. Oxucu Dursunu əsas qəhrəman hesab edə bilərmi? Axı kitab onun doğulması ilə başlanıb, çölə üz qoyması ilə qurtarır. Həm də sonda Dursun müdrik kişilər kimi fikirlər deyir Maypara arvada: «Hələ altmış dövlətimiz durur cağbacağ».

- Təbii ki, romanın mərkəzi Dursun və onun düşdüyü ağır mühit – müharibə və onun qəhrəmanları ola bilərdi. Fəqət, nə dursunların bu müharibədə oynadığı rol, nə bu müharibənin ümumxalq müharibəsinə çevrilməməsi, nə də son nəticə - torpaq itkisi buna imkan vermir. Ən əsası isə mən, əsərin müəllifi olaraq qarşıma bir müharibə romanı yazmaq kimi bir məqsəd qoymamışdım. Ona görə də Dursunun yerini asanlıqla Xosrov tutur. Bu, tarixən də belə olub axı. Romanın mərkəzi surəti olan Yapon Səməd və onun yaratdığı maarifçilik işığı sonrakı dövrlərə də gəlib çıxa bilir. Yapon Səməd əsərdə bir şimşək kimi çaxır və yox olur. Amma “yox olmur” axı! Onun yerini Mirzə Haşım tutur, Hafiz müəllim davam etdirir. Hətta Sovet hökümətinin ən ağır illərində belə, bu adamlar əyilməzlik, sınmazlıq nümunəsi göstərirlər. Bilirsiniz, sevənlərə dayaq olan Yapon Səməd özündən sonra bir kənd salıb getmişdi - əsərdə bu “Lallar kəndi” kimi keçir. Amma bunun ikinci adı da var ki, onu oxucu özü tapmalıdır. Bu ad məncə elə “Sevgi kəndi”dir. Yəni gənc dostum Qismətin də ön sözdə yazdığı kimi, bütün ağırlıq mərkəzi elə burdan keçir.

- «Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə» baş verən bu hadisələrin yozumundakı bir şifrə kimi anlaşılır bu 2300 rəqəmi. Müəllif həmin qəhrəmanların başqalarından bir az fərqli, əlçatmaz, hardasa göylərdə yaşayan adamlar olduğuna inandığı üçünmü bunu həm əvvəldə, həm də sonda qeyd edir. Eşitdiyimə görə, sovet vaxtı 2300m yüksəklikdə yaşayan adamların maaşına 25% əlavə edirdilər. Deyəsən, Şükrataz, Kummuca … camaatı doğrudan da qeyri-adi, ilahi şəxsiyyətlər olub…
“O səhifələri yazanda kefli olmuşam” - Azad Qaradərəli ilə  SÖHBƏT  _MANERA

- Yaxşı tutmusan, bu yeri. Yadındamı, mən sizə dərs keçəndə deyirdim ki, əsl yazıçı təkcə yazdıqları ilə tanınan deyil, yazmadıqlarını da oxucusuna anladandır. Mən dediyin o 2300 rəqəmini şərti işlətmişəm. Yəni, bu 3500 də ola bilərdi. İş burasındadır ki, o Şükrataz, yəni mənim qəhrəmanlarımın yaşadığı və uğrunda döyüşdüyü dağlar həqiqətən dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşirdi. Sənin dediyin kimi “göylərdə yaşayan” yox, “göylərə yaxın yerlərdə” yaşayan adamlardılar. Bu tip adamlar şax gəzir, əyilmək nə olduğunu bilmir, gec qocalır, tutqulu olur… Burda “mən səni sevirəm” demirlər, amma Fərhadla Fatma kimi, Xosrovla Səkinə kimi sevirlər. Və burda nifrət də sevginin bir addımlığındadır – Zərişin Əbdürrəhmana olan nifrəti kimi…
O ki qaldı bu adamların ilahi adamlar olmağına, ilahi-zad deyillər, bizim kimi adicə adamlardı. Sadəcə, bunlar doğrudan adamdılar. Burda ya Əbdürrəhman kimi nacins olurlar, ya da Haşım kimi pak, təmiz və ədalətli.

- Azad müəllim, istərdim ki, Hafiz müəllim haqqında bir az da danışaq. O qədər doğmadır ki… Şəxsi faciələrinə baxmayaraq səmtini, müvazinətini itirmir, Haşım kişi ilə sona qədər bir yerdə olur. Torpaqlar veriləndən sonra isə «elə Vətənin günündə olan» Zərişlə evlənsə də, daha böyük bədbəxtliyə düçar olur. Bazarda «bakuş» satan Hafiz müəllim axşamlar bir «çubuş» içir, Zərişlə bir-birinin dədələrini qəbirdən çıxarırlar. Azad müəllim, nədir Hafiz müəllimi Haşım bəyin qəbrinə söydürən səbəb? Doğrudanmı torpaq itkisi bütün müqəddəs dəyərlərimizə son qoydu?

- Hafiz müəllim mənim romanda sevə-sevə işlədiyim obrazdır. Bir neçə müəllimimin obrazlarını onda birləşdirmişəm. Hətta özüm də varam o obrazda – axı mən də gəncliyimdə müəllim, məktəb direktoru olmuşam. Hafiz müəllimin coğrafiya müəllimi olması da koddur. Yəni, bizim ən çox əziyyət çəkdiyimiz sahə coğrafiyadır. Hafiz müəllim bilir ki, babaları – baharlı tayfaları zaman-zaman Qaraqoyunlu kimi imperiya qurublar, hətta gedib Hindistanda dövlət qurublar, Tac-Mahal tikiblər, amma özləri heç vaxt hakimiyyətdə olmayıblar. Eynən İrandakı kimi. Və bu gün də Azərbaycan türkünün ən çox əziyyət çəkdiyi sahə coğrafiyadır – dünyanın düz vaxtında belə, ərazimizin yeddidə birini itirmişik… Hafiz müəllim bunları yaxşı bilir və buna görə də şagirdlərinə döyə-döyə də olsa bildiyini öyrətməyə çalışır.

Hafiz müəllim böyük Şər impriyasının – SSRİ-nin xüsusi xidmət orqanlarının qarşısında dim-dik dayana bilir, hətta ən yaxın qohumunu – Qırışı belə onun üzünə durğuzdursalar belə. Nədən bunu edə bilir? Yapon Səməddən gələn işıq və Mirzə Haşımdan axan azadlıq havası ona güc verir. O ki qaldı romanın sonunda Hafiz müəllimin o kökə düşməsinə… Mən bu yerləri ağlaya-ağlaya yazmışam – tələbəm olmusan, səmimiyyətimə inanarsan – insan torpağını itirəndə hər şeyini itirir. Təəssüf ki, Hafiz müəllim də bu sindromdan çıxa bilmir.

Amma bir şeyə diqqət etdinmi? Bir çoxları kimi Bakıya gəlmir, Əli Bayramlıda – indiki Şirvanda qalır.

- Oralardan öz torpaqlarının havasın almaq istəyir…

- Əlbəttə.

- Azad müəllim, əsərdə qəhrəmanlar bir-bir harasa yollanırlar, gələcək taleləri də naməlum qalır. Dursun biyabana üz tutur, Xosrov cəbhəyə gedir… Səkinə Xosrovun tale yazısıymış, elə olmasaydı o qədər həyat burulğanlarından sonra onlar qovuşmazdılar. Amma göz açıb yumunca Xosrov da gedir. Elə getməli idi. Bəs onların sonrakı taleyini necə görürsünüz? Oxucu bununla da onların dastanının bitdiyini və gələcək övladlarının timsalında həyatın davam etdiyini düşünməkdə haqlıdırmı?

- Bilirsən, Şəhla, bu sualı mənə çox veriblər. Axı roman dörd il əvvəl yazılıb, “Yazı” dərgisində hissə-hissə çap olunub və bir çox oxucular da ordan oxumuşdular. Mənə yazır, zəng edir və soruşurdular ki, bəs nə oldu bu qəhrəmanların taleyi?

Sən axı kitabın təqdimatında vardın, ordakı bir çox adamlar mənim qəhrəmanlarımın ya özləri, ya da yaxınları idilər. Yəni, müəyyən bir zaman keçib və o adamların taleyini indi mən daha yaxşı bilirəm. Hətta Zirəddindən də “xəbər” tuta bilirəm – uzaq Almaniyada yaşamasına baxmayaraq. Bilmirəm, Şəhla, deyəsən, içi sən qarışıq, oxucular məni yeni romana təhrik edirlər.

Düzü, hələ bunun vaxtı gəlməyib. Amma uzaqlarda xəyalat kimi görünən, Orxan Pamukun sözü olmasın,“başımda tuhaf” şeylər dolaşır…

- Romanı oxuduqca həm də görürük ki, Eylasın elədiyi qəbahətə görə özü yox, Zəriş daha çox günahkardır. Əsərdə dönə-dönə Zərişin soyuq, quru rəftarından söz açılır. Xosrovun yuxusuna girəndə Eylas bir çox mətləbləri ona xırdalayır, peşmanlığını bildirir. Bəlkə Əbdürrəhmanın odlu sevgisini rədd etdiyi üçün Zərişin başına bu iş gəlir? Ona «yox» deməsəydi, Zəriş onunla xoşbəxt ola bilərdimi? Heç Əbdürrəhman da belə zalımlaşmazdı. Eylas da sakitcə Qorxmazın qızı Asya ilə evlənərdi…

- Zəriş mənə çox doğma obrazdır. Onun o quruluğu, soyuqluğu taleyinə də sərt izlər qoyub. Sevgidən imtina, sevmədiyin adamla ailə qurmaq Zəriş kimilərə aid deyil. Zahirən soyuq adam olmağına baxma, Zəriş bir baxışla oğlunun qəlbinə düşən közü görür. Onu qınayır ki, evli qadına niyə bənd olmusan? Amma fikir verirsənmi, çox dərinə getmir, ayağını dirəyib oğlunu Səkinədən aralamır – bunu tale, qəzövü-qədər kimi qəbul edir.

Eylas Zərişin səhvi idi. Ömrü boyu çəkəcəyi əziyyətin, əzabın bünövrəsi ona qoşulub getdiyi gün qoyulur. Məsələ burasındadır ki, Zərişin ən böyük bədbəxtliyi kasıb birisinə qoşulub getməyi deyildi, həm də onu tanımamağı idi! O bilməyib ki, bu köntöy gədənin qəlbinin dərinliyində sevgi varmış. Hətta Zəriş kimi adlı-sanlı nəsildən olan bir qızla evlənməyi də onun ürəyindəki sevgi közünü söndürə bilməyib. Ən dəhşətlisi isə budur ki, bu zalım oğlu zalım Eylas özünü belə tanımır, başa düşmür ki, o Zərişlə evlənməməlidir. Onun içindəki sevgidən özünün də xəbəri yoxdur. Romanda onun bir “şeiri” var, yadındadı o misralar?

- Bı can sənnən ötrü belə ıııııı səfil oldu,
Belə bı xata, dədəm balası, ıııııı qəfil oldu…


- Hə. O misralardan da Eylasın xəbəri yoxdur…

Həqiqətən, xəta idi Zərişin yeni sevdası. Həm Əbdürrəhmanı bədbəxt elədi, həm özü bədbəxt oldu, həm Eylası bədbəxt elədi, həm də Asyanı… Hələ dayısını, o ürəyi pilə kimi meşəbəyini demirəm…

Zatıqırıq, əsli-nəsli bilinmədiyi üçün ömrü boyu gözü kölgəli gəzən Xosrova birdən-birə aydın olur ki, Qaçaq İsrafilin nəslindəndir, podpolkovnik Hüseynin əmisi oğludur. Və onun xarakterindəki müsbət cəhətlər, sanki əsil səbəbini tapır. Doğrudanmı, əsil-nəsəb həlledici amildir? Bəlkə kökü o qədər də təqdirəlayiq olmayan birisi əcdadlarının hansısa bir gözəl xüsusiyyətini inkişaf etdirərək nümunəvi adam ola bilər? Məsələn, mən çox istərdim ki, ədəbiyyatda belə nümunələr olsun.

Bu, elmi əsası olan, elmdə, pedoqogikada, fəlsəfədə böyük mübahisələrə yol açan bir məsələdir. Con Lokkun “ağ lövhə” nəzəriyyəsi vardı və o nəzəriyyədə deyilirdi ki, insan dünyaya “ağ lövhə” kimi gəlir, gen yaddaşıyla heç nə gətirmir. Doğulduqdan sonra bu “ağ lövhə”yə nə istəsən, yaza bilərsən. Yəni, isriyyət, gen, kod məsələsi danılırdı. Lakin Darvinin məşhur irsiyyət nəzəriyyəsi Con Lokkun fikirlərini alt-üst etdi.

Sovet alimləri bəy, xan, hökmdar övladlarının, aristokratiyaya mənsub nəsillərin davamçılarını inkar edir, sosialist insanının yeni quruluşda yaranacağını deyirdilər.
Əlbəttə, irsiyyət də, mühit də vacib amillərdir. Amma insanın öz geni ilə özü də bilmədən çox mühüm nəsnələri daşıdığı şəksizdir. Əsərdə Qaçaq Fərzalının, Qaçaq İsrafilin övladlarının ermənilərlə döyüşdə uduzmaları o gen daşıyıcılarının, nəsillərarası körpünün, əlaqənin itməsinin nəticəsidir.
Bu romanda mən insanın itmiş yaddaşına işıq tutmağa çalışmışam. Sən BUSAN, fəqət səni sənə BAŞQA cür tanıdıblar. ÖZÜNÜTANIMAQ anlayışı var burda. Bir nəsildən Eylas da çıxıb, Qaçaq İsrafil də...

- Atlas, Qırış… Maraqlı obrazlardır. KQB-nin imkanları adamı üşəndirir. Amma Hafiz müəllim, Haşım kişi, Mədinə, Zəriş ondan daha yüksəkdə durur. «İdeal» romanında Sultan Əmirli Stalindən «prekratite bezobraziya» əmrini gətirənə qədər KQB onu nə qədər incitmişdisə, elə Qromıkonun «ne mojet bıt takoy bespredel» deməsinə qədər Hafiz müəllimin də başı çox bəlalar çəkir. Amma çox keçmir ki, Qırış Atlasın məlumatlarını yuxarılara çatdırır və Hafiz müəllimin axırına çıxırlar. Bu nə deməkdir, doğrudanmı, indiki KQB Stalin dövründəki simasından uzaqlaşıb? Bu yaxınlardakı KQB rəhbərliyi barədə respublika rəhbərliyinin tədbirləri barədə yazıçı uzaqgörənliyinin mətnaltı mənalarıdır bəlkə?

- Bunu mənə bir dostum da yazmışdı. Ki sən bu hadisələri neçə il qabaq yazmısan. Düzü, nə deyim, mən daha xoş olan şeylərin çin çıxmasını istərdim, nəinki bu “KQB” məsələsinin. Əvvəldə sualın vardı e, Hafiz müəllimin əsərin sonunda o kökə düşməsi haqda. Bax, adamın başına hava gələ bilər! Sən, özünü üstünə yıxan bir azyaşlı ilə evlənmək məcburiyyətində qal, ona etibar etmədiyinə görə evin hasarını qaldır, onu evdən bayıra buraxma… Sonda anla ki, evinin içində ilan bəsləmisən – arvadın agentmiş…

Yəqin bilirsən ki, dünyanın əksər görkəmli yazıçıları sol düşüncəyə malik olublar. Mən də 1990-cı ilin 20 yanvarınacan o cür düşünürdüm. Amma xalqımıza atılan güllələrdən sonra o kommunist biletindən imtina etdim… Amma hələ də düşünürəm ki, dünyanı sol düşüncə, sol təfəkkür xilas edəcək – Rusiyanın faşist çuxasına bürünmüş kommunistləri deyil təbii ki!

Əsərdə Qromıko obrazı, bu ehtiyacdan yaranıb. Həm də mən Qromıkonun həqiqi bir kommunist olduğu haqda, böyük düşüncə sahibi olduğu haqda çoxlu materiallar da oxumuşam. Əslində, o, yəni, Qromıko obrazı Mirzə Haşımın gücünü artırmaq üçün yaradılmışdı.

- Azad müəllim, Haşım babanın sandığı mənim yadıma İsa Muğannanın «İdeal»ındakı Əmirlilərin qoruduğu qədim əlyazmalarını xatırlatdı. Hər iki əsərdə gizli mətləblər açıldıqca oxucu hiss edir ki, hələ müəllifin demədiyi çox şeylər var orada. Sanki beynimizdə beş-altı romanlıq materialı nədənsə bir əsərə yığmısınız. Təki yaradıcılığınızda da İsa zirvəsini fəth edəsiniz. Yeri gəlmişkən, Haşım kişini sirli deyimləri ilə Muğannaya bənzətməkdə haqlıyammı?

-Mən, açığı İsa Hüseynovu daha çox sevirəm, nəinki İsa Muğannanı. (Bu haqda ayrıca bir yazım var, “Renessans həsrəti” kitabımda gedib. Ona görə təkrarçılıq etmək istəmirəm.) İsa Hüseynov nəsrimizdə yeni dönəmin başlanğıcıdır. Özündən sonra o kişi nəsrimizə yeni nəfəs gətirdi. Düzünü bilmək istəsən, mən Sabir Əhmədli nəsrini özümə daha yaxın bilirəm. İsa Hüseynovdan da, Əkrəm Əylislidən də nələrsə götürmüşəm. Amma mənim nasir kimi formalaşmağımda Sabir Əhmədlinin yaradıcılığı və şəxsiyyəti daha mühüm rol oynayıb. Romanda ustadımın obrazının yaradılması da o roldan qaynaqlanır.
O ki qaldı sirlərə… Biz, bizi əhatə edən aləm başdan-başa sirdir. Sizə bir sirr də qoy burda mən açım: 74-cü il idi. Ağdaşda pambıq yığırdıq tələbə yoldaşlarımızla. Axşam tərəfi bir qaraçı qarşımı kəsib tələbə yoldaşlarımın yanında dedi ki, ay oğlan gəl sənin falına baxacam. (O tələbə yoldaşlarım şahiddirlər) Dedim axı pulum yoxdur. Dedi, pulsuz baxacam. Başladı, nə başladı: tanınmış adam olassan, 5 uşağın olacaq, bir gündə hər şeyini itirəcəksən, Bakıda yaşamalı olcaqsan…
Bilirsən ki, yazı-pozu adamı kimi, tanınıram az-çox, beş uşaq atasıyam, bir gündə rayonumuz işğal olundu, var-yoxumu itirdim və zorən bakılı oldum… O qaraçı qadının dediklərini 20 il səksəkə içində gözləməli oldum. Oldu belə. Olmayaydı kaş!
Əsərdə Mirzə Haşımın öncəgörmələri var. Bu da “Qarabağnamə”lərdən tanıdığımız Mirzə Haşımın babası Mirzə Vəli Baharlıdan gəlir… Biz babalarımızın bildiyi sirlərin heç onda birinə də vaqif deyilik.

O ki qaldı sandıqlara… Onlar kitabxanalarda və torpaqdadır. Bizim torpaqdan təkcə neft çıxmır, yazılı küplər də çıxır…

- Və nədən danışırıqsa, danışaq, hərlənib Lallar kəndinə qayıtmasaq, romanın qayəsinə xəyanət etmiş olarıq. Fatma-Fərhad hekayəti gözəl bir dastandır, uğurlu, nadir bir tapıntıdır. Öz sevgiləri naminə insanlıqdan qaçan cütün dili ilə Fatma sonda da bütün cəmiyyəti ittiham edir. Həmin adamların timsalındakı günahlarımızın müqabilindəmi Qarabağı itirdik? Siz lalların Xosrovu yolasalma mərasimində onları Amerika hindularına bənzədirsiniz. Axırımız öz əzəli torpaqlarını əbədi itirən hindular kimi olmasın barı!

- Mən o səhifələri yazanda kefli kimi olmuşam. Yox, içkili deyil, havalı, kefli kimi... Çünki həqiqətən belə bir “kənd” görmüşdüm dağların arxasında. Ermənilərlə sərhəddə bir kənd vardı, xaraba kənd, Pirdavdan adında. Mən bir çox tarixi mənbələrdən oxumuşdum ki, o əslində Pirdavdan deyil, Pir Cavidandır. Yəni xürrəmilərin başçısı Cavidanın adına olan kənd və onun pir olan qəbiri. Mərhum Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkül tarixindən” adlı maraqlı kitabında da bu barədə vardı. Nəysə, bələdçi dostumla gedib o kəndi axtaranda (bu barədə indi üzərində işlədiyim Şüşə ev” romanında yazmışam) həmin o LALLAR KƏNDİNİN adamlarıyla qarşılaşmışdıq. Yəni mənim fantaziyamla gördüklərim birləşib o səhifələri əmələ gətirmişdi. Və o səhifələrdən qırmızı xətt kimi bir ad keçir: Yapon Səməd! Məncə romanın baş qərəmanı bu adamdır. Hər şey o adamın içindən keçir. Mənə bəlkə də bu əsəri yazdıran da Yapon Səməd olub.

- Azad müəllim, roman haqda ətraflı söhbət üçün təşəkkür edirəm!

-Çox sağ ol, Şəhla!

Söbətləşdi: Şəhla Aslan
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ