Oxunub : 2566 | Tarix : 28-10-2015, 16:09 | Bölmə: Musahibe

"Şeirdən kənarda həyatım yoxdur" - Aqşin Yenisey | MANERA.AZ
Manera.az-ın bu dəfəki müsahibi tanınmış şair Aqşin Yeniseydir.

-Aqşin bəy, bildiyimə görə, ilk kitabınız 2000-ci ildə “Unutmaq sözünün şəkli” kitabı olub. Necə qarşılandı ilk addımınız?

- İlk kitabı çap eləmək təklifi Murad Köhnəqaladan gəlmişdi. Yazdığım şeirləri məclislərdə lağa qoysa da, bir gün dedi ki, gəl nəşriyyatla danışım, kitabını çap edək. O vaxt mənim cəmi 15-20 şeirim çap olunmuşdu. Çap olunmayan şeirləri də yığıb sayı 40-a çatdırdım və kitab “Adiloğlu” nəşriyyatında çapxərci yarınəğd, yarınisyə ödənilmək şərti ilə çap olundu. Həmin yarınisyə hissəsini hələ də verməmişəm. O vaxt pul olmadı, indi isə utanıram qaytarmağa. İndi sizə müsahibə verməyimin səbəbkarı da elə o şeirlərdi. Əgər ilk kitabım oxunmasaydı, yəqin ki, başqa işlə məşğul olacaqdım. Qırsaqqız olmağı bacarmıram.

Artıq Azərbaycan Ədəbiyyatının tanınmış və ən çox oxunan şairlərindən birisiniz. 22 yaşınızda ilk kitabınızı nəşr etdirəndə nə vaxtsa bu qədər irəli gedə biləcəyinizi düşünürdünüzmü?

- Mən heç vaxt yazılarımın, şeirlərimin məndən kənardakı taleyinə şərik olmuram, eləcə də onların uğur və uğursuzluqlarını özümə yük etmirəm. Yaradıcılığını öz ətrafında təsəvvür edən, ətrafdan gələn impulslardan yaradıcı stimul alan, “həyat və yaradıcılıq” bölgüsündə özünü “və” şəkilçisinin yerinə qoyanlardan min ağac uzağam. Yəni mən özümü şerə və şairə bölmürəm. Bəzən buna görə dostlarla da, evdəkilərlə də konfliktlərim olur, çünki hiss edirəm ki, mən onlara şair kimi lazımam, şeir kimi yox. Kafkanın sözü olmasın, “ədəbiyyata dəxli olmayan hər şey məndə ikrah doğurur”. Hətta özümə ayaqqabı da alanda onda poetik bir cizgi axtarırım. Demək, istədiyim odur ki, mənim şeirdən kənarda həyatım yoxdur ki, onun nə qədər irəli getdiyinə görə qürrələnim, yaxud geri qaldığına əsəbiləşim. Yazılarıma olan kənar reaksiyalar məni qəti maraqlandırmır. Ona görə də bu gün ədəbiyyatımızda tənqidçilərə, mükafat paylayan təşkilatlara yaltaqlanmayan iki-üç yazardan biriyəm. Əksinə, çox vaxt özüm onları tənqid edirəm ki, məndən uzaq olsunlar.

Keçən il qaraciyər serrozundan əziyyət çəkməyinizlə bağlı xəbərlər yayılmışdı. İndi səhhətiniz necədir?

- Dəyirmanın o başından diri çıxdıq. Sənət təcrübəsi göstərir ki, çox zaman yaradıcılığın taleyini müəllifin taleyi həll edir. İnsan öz adi halında yaşayıb, qeyri-adi heç nə yarada bilməz. Bu fikrin izahı budur ki, yaradıcı adam gərək özünə əvvəlcə tale yazmağı bacarsın, özünə tale yazmaqdan qorxmasın. Bunu bacarsa, əsər öz-özünə yaranacaq. Yəni yaradıcı adamın müxaliflik anlayışını mən bu cür izah edirəm. Çoxları isə yaradıcı müxalifliyi siyasi-ictimai müxalifətliklə qarışdırır. Serroz mənim özümə yazdığım müxalif taleyin nəticəsi idi. Mən o uçruma özümü atmışdım, heç vaxt üz-üzə gəlmədiyim naməlum dostlar dibinə düşməyə qoymadılar. Yaradıcı müxalifliyim məğlubiyyətə uğradı, həyat qalib gəldi, üstəlik, indi mənim bu xalqa daha bir borcum da var - can borcu.

Bəzi şairlər içki içmədən yaza bilmədiklərini iddia edirlər. Sizcə, içki yazmağa kömək edir?

- Doğrudur. Bəzi ümumi qaydalara zidd təmrinlər var ki, onlar insanı təbii halından uzaqlaşdırır. Beyinin gündəlik məişət, dolanışıq qatından daha əngin qatlara aparır. Dünyanın ən böyük sənət əsərləri müəllifin trans halında, tamamilə şüuraltının təsiri altında olduğu vaxtlarda yaranır. Bu intibah dövründə də belə olub, indi də belədir. İnsan yalnız öz şüur qatını, şüur ozonunu fəth edərək yaradıcı kosmosa çıxa bilər. Bunun da ən asan yolu psixotrop təmrinlərdir. Sözsüz ki, dediklərimin hamısı istedadın tələbatlarıdır. Kimsə istedadlı olmaq üçün içirsə, o, dahi yox, sadəcə, alkaş olacaq. İçki istedadı şiddətləndirir, istedadsızı isə məhv edir. İçki içməyən insan beyinlə, düşüncə ilə deyil, daha çox instinktlərlə yaşayır. İçki isə bu instinktlərə düşüncə, fikir kosmosu, hüdudsuzluğu əlavə edir. Yaradıcılıq xaosla başa çatmalıdır, “Fəxri xiyaban”la yox.

Bir neçə gün əvvəl “147 dənə sən” kitabınızdan eyni adlı şeirinizi oxudum. Niyə məhz 147? Hər hansı bir sirri var yoxsa sadəcə təsadüfdür?

- Əslində mən o kitabın adını “Yalqızlığın renessans dövrü” qoymuşdum, Şahbaz Xuduoğlu irad tutdu ki, oxucular bu adla kitabı həndəvərlərinə belə buraxmayacaqlar. Mən də təklif etdim ki, onda öz oxucularına uyğun bir ad seç. O da bu şerin adını seçib kitaba qoydu. Onu da deyim ki, bu kitabımın adından heç xoşum gəlmir. Ad mənim üçün çağırışdır, səsləməkdir. Elə adamlar olur ki, onların pasport adı ilə həyatdakı adı fərqlənir. “147 dənə sən” bu kitabın pasport adıdır, mənim üçün o, “Yalqızlığın renessans dövrü”dür.

Azərbaycan şairlərindən kimləri oxuyursuz?

- Hamısını.

Sizcə, şeir yazmanın formulu nədir?

- Belə bir formul yoxdur, olsaydı, tədris proqramına salardılar və hər il universitetlər dövlətə, xalqa lazım olan qədər şair, yazıçı yetişdirərdi. Ədəbiyyat aləmində də bu qədər təsadüfi adam olmazdı. Şerin, şairin unikallığı da elə gözlənilməzliyindədir, necəgəldiliyindədir.

Hər kəsin bir qorxusu olur. Fikrimcə, şairlər daha həssasdır bu mövzuda. Bəs sizin qorxularınız nədir?

- İnsanı qorxuları idarə edir, məni də. Həyata bulaşdıqca bu qorxular daha da çoxalır, ailənin yerinə qorxursan, vətənin yerinə qorxu hissi keçirirsən və s. Həyat qarşısında heç bir mənəvi qorxuları olmayan insanlar, sadəcə, məişət tərbiyəsizlərdir. Qorxu mövzusuda çox şeirlər yazmışam, məsələn, hələ 19-20 yaşımda belə bir şeir yazmışdım:

Demə, insan görkəmində,
Özümüzə qorxuymuşuq.
Biz ən böyük qorxumuzun
Adını Allah qoymuşuq.

Birimizin ömrü gödək,
Birimizin bəxti qırıq.
Biz Allahdan qorxa-qorxa,
Qorxumuza sığınırıq.

Elə ki tək qalır insan,
Ömür, gün düyünə düşür.
Hamı Allahın altında,
Allahın üstünə düşür.

Sonuncu dəfə nə vaxt şeir yazmısınız? Son şeirinizin bir misrasını bizimlə paylaşın.

- Demək olar ki, hər gün yazıram, amma yaşlandıqca şeri yazmaqdan daha çox, yaşamaq istəyirəm. Bir şeri bəzən bir həftə özümlə gəzdirirəm, istəmirəm o ovqatı kağıza köçürüb dirilikdən məhrum edim. Amma həqiqət budur ki, söz yalnız ölümündən sonra əbədilik hüququ qazanır. Sonuncu şeirə gəlincə, yadımda qalan bir bəndini oxuya bilərəm:

… Ölüm hökmü oxuyublar, amma öldürməyiblər,
Kiminsə umrunda deyil, varlığınla, yoxluğun.
Hətta günahkar kimi də daha gərək deyilsən,
Heç səni də düşündürmür,
İnancı təhqir olunmuş saxsı budda olduğun.


Vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.

- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Kamal Aken
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər