Hindistanda Azərbaycan multikulturalizmi dərslərinə başlanılıb

Tarix:27-02-2018, 16:42 Baxış Sayı:358

Hindistanda Azərbaycan multikulturalizmi dərslərinə başlanılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.

Bu yaxınlarda bu sıraya daha bir xarici universitet də əlavə olunub. Hindistanın Sri Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Sri Sri Universiteti 2017-ci ilin dekabr ayında əldə edilən razılaşması əsasında baş tutub. Fənni Sri Sri Universitetində Kənan Məmmədov tədris edir. Tədrisə hazırlıqlar 2017-ci ilin noyabr ayından start verilib və universitetin düşərgəsində eyni zamanda elektron ünvanında dərslərlə bağlı elanlar paylaşılıb.

20 fevralda baş tutan açılış dərsində Universitetin Prezidenti Rajit Kulkarni, Universitetin rektoru Dr. Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Dr. Pratima Sarangi və dərsin dinləyicisi olan tələbələr çıxış ediblər.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən hindistanlı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Hindistan universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu yaxınlarda işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ