Professor İlham Rəhimlinin yeni kitablarının təqdimatı keçirilib

Tarix:21-05-2019, 19:59 Baxış Sayı:80

Professor İlham Rəhimlinin yeni kitablarının  təqdimatı keçirilib


21 may 2019-cu il tarixində saat 12.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpsunda yerləşən Elmi Şura otağında sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin kitablarının təqdimatı keçirilib.

Universitetin professor-müəllim heyətinin, tələbələrin və media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan teatrının canlı ensiklopediyası İlham Rəhimlinin 5 cildlik “Azərbaycan teatr tarixi”, 3 cildlik “Səhnə fədailəri”, 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”, “Gəncə teatrı”, “Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında” kitabları, həmçinin “Abbas Mirzə Şərifzadə”, “Ağasadıq Gəraybəyli”, “Mustafa Mərdanov”, “Kazım Ziya”, “İbrahim Həmzəyev”, “Həsənağa Turabov”, “Məmmədrza Şeyxzamanov”, “Mehdi Məmmədov”, “Mərziyə Davudova”, “Nəsibə Zeynalova”, “Fatma Qədri”, “Barat Şəkinskaya”, “Rza Təhmasib”, “Hökümə Qurbanova” və “Habil Əliyev” monoqrafiyaları təqdim olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bütün həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr etmiş tanınmış teatrşünas İlham Rəhimlinin Azərbaycan mədəniyyəti və elmi üçün böyük xidmətləri olduğunu qeyd edib. “İlham Rəhimli 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”nı, 5 cildlik “Azərbaycan teatr tarixi”ni yazmaqla böyük bir elmi kollektivin işini təkbaşına görüb. Arxivlərdə işləyən adamlar bilirlər ki, bu necə böyük bir zəmətdir. Arxivlərdə saralmış vərəqlər arasında illərlə tədqiqat apararaq, tarixi faktları toplamaq, sistemləşdirmək və teatr tarixinin dolğun mənzərəsini yaratmaq olduqca mürəkkəb və dəyərli bir işdir. Bu ağır zəhmətin altına girmək insandan böyük fədakarlıq və teatr sənətinə qarşı tükənməz sevgi tələb edir.
İlham Rəhimli təkcə teatr tarixini deyil, bütünlükdə Azərbaycan mədəniyyətini tarixini dərindən bilən bir alimdir.
Onun tələbələri çox xoşbəxtdir ki, belə bir ensiklopedik biliyə malik alimdən dərs alırlar. Çox arzulayardım ki, tələbələrimiz zəhmətsevərliyi və teatr sevgisini İlham müəllimdən nümunə götürsünlər.

Professor İlham Rəhimlinin yeni kitablarının  təqdimatı keçirilib
Sonra çıxış edən Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə tələbəlik dostu İlham Rəhimlinin arxivlərdə işləməkdən yorulmadığını, teatr tarixinə dair hər bir faktı həvəslə araşdırdığını və yazdığı kitablarla Azərbaycan teatr tarixinin qaranlıq məqamlarına işıq saldığını qeyd edib. “İlham Rəhimlinin tarixi tədqiqat əsərlərində, demək olar ki, milli teatr tarixinin yaranma dövründən müasir zamanadək olan böyük bir zaman kəsimi əhatə olunub. Onun qələmindən çıxmış dəyərli əsərlər, o cümlədən bu gün ictimaiyyətə təqdim olunan kitablar milli teatr sənətinin yaranma və inkişaf tarixinin, müxtəlif mövcudluq mərhələlərinin mənzərəsini daha aydın şəkildə rəsm etməyə imkan verir. Təqdirəlayiq haldır ki, İlham Rəhimli öz yaradıcılığında ölkəmizin hüdudlarından kənarda mövcud olmuş Azərbaycan teatrlarının fəaliyyətini də diqqətdən kənarda qoymur. Teatrşünas-alimin istər “Aşqabad Azərbaycan teatrı”, “Tiflis Azərbaycan teatı”, “Təbriz Azərbaycan Teatrı” kimi monoqrafiyalarında, istərsə də milli teatr sənətinin tarixinə həsr olunmuş digər tədqiqat əsərlərində ölkəmizdən kənarda yaranmış teatr truppalarının fəaliyyəti də ətraflı şəkildə işıqlandırılır. İlham Rəhimlinin teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunmuş tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür və mülahizələrlə yanaşı, teatr hərəkatı və sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri və sair haqqında qiymətli məlumat əldə etmək olar”. Məryəm xanım onu da qeyd edib ki, bugünkü tələbələrin əlində milli teatr tariximizə dair istənilən qədər material var və onlar Azərbaycan teatrının tarixini fərqli aspektlərdən araşdırmaqda çətinlik çəkməyəcəklər. “Teatrşünaslıq” kafedrasının müdiri professor Aydın Talıbzadə də İlham müəllimin müəllifi olduğu monoqrafiyaları, o cümlədən “Azərbaycan teatr ensiklopediyası”nı yüksək qiymətləndirib. Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov vurğulayıb ki, İlham Rəhimlinin uzun illərin zəhməti hesabına ərsəyə gətirilən əsərləri əsasında milli teatr tariximiz ən dərin qatlarına qədər araşdırılıb. Teatr tarixinin istənilən dövründə baş vermiş hər hansı bir sənət olayı, tamaşa, teatr və s. haqqında tam, dolğun və səhih informasiya əldə etmək üçün, ilk növbədə, İlham Rəhimlinin əsərlərinə nəzər salırıq. Çünki İlham Rəhimlinin tədqiqat əsərləri, demək olar ki, səhnə sənətimizin bütün tarixi dövrlərini, bütün problemlərini əhatə edir. Buna görə də İlham Rəhimlinin adı çəkilən və çəkilməyən onlarla kitabı, monoqrafiyası sonrakı teatrşünas nəsli üçün mənbə rolunu oynayacaq. Rektorun humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev, yazıçı-dramaturq Əli Əmirli, İlham Rəhimlinin bir neçə kitabının redaktoru olmuş teatrşünas Atababa Hacıbabayev, universitetin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru proefssor Gülşən Əliyeva, elmi katib Fatimat Məmmədova və Teatr sənəti fakültəsinin 2-ci kurs tələbəsi Elvin Nuri İlham Rəhimlinin kitablarını yüksək qiymətləndirərək, böyük zəhmətlə və yüksək peşəkarlıqla ərsəyə gətirdiyi Azərbaycan teatrının tarixinə həsr olunmuş tədqiqat əsərlərinin milli teatr tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Çıxış edənlər İlham Rəhimliyə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda İlham Rəhimli əsərlərinin təqdimat mərasiminin təşkil olunmasına görə başda rektor olmaqla ADMİU-un rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkür edib və kitablarının bir neçə komplektini Universitetin kitabxanasına bağışlayıb.
Professor İlham Rəhimlinin yeni kitablarının  təqdimatı keçirilib


Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ